Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-372/2023 03.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus sahibkarlıq obyektinə (abonent kodu: **********00020) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 iyul 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 486,50 manat məbləğində borcun silinməsi və mediasiya ilə əlaqədar ödənilmiş 51 manat məbləğində mediasiya xərcinin Cavabdehndən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən 25 iyul 2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçıya 486,50 manat borc hesablanmışdır. İddiaçı borcla razı olmadığına görə həmin borcun silinməsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş, cavabdeh ilkin mediasiya prosesində iştirak etmədiyinə görə mediasiya prosesi baş tutmamışdır. İddia ərizəsinə əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd olunmuşdur ki, sayğacın klapanı açılmır, ekranda açıq işarəsi var, sayağaca ümumi baxış keçirildi, kənar təsir aşkar edilmədi, minimal sərfiyatda membran işləmir, sayğacın arxiv yaddaş proqramı oxundu və “Alarım-1” rejimi qeydə alınmayıb. Göründüyü kimi, sayğacdakı yaranmış problem istehlakçının təqsiri ucbatından yaranmamış və belə olan halda cavadeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 iyul 2022-ci il tarixli ******* nömrəli akt əsasında iddiaçıya hesablanmış 486,50 manat borc əsassızdır. Cavabdeh nümayəndəsi 12 aprel 2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, yerində ******* saylı 25 iyul 2022-ci il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan ’’Dövlət yoxlamasına göndərilmiş G4 markalı 1202AQ**********4 nömrəli sayğac rəyə görə minimal sərfiyyatda menbran işləmir, “Alarm 1” rejimi qeydə alınmayıb” yazılmışdır. Belə ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış və xx.xx.2022-ci il tarixli Metrologiya Departamentinin rəyinə, ******* saylı xx.xx.2022-ci il tarixli Akta və Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən qaz sayğacının xəta normaları – 49,12 və 91, 10 qəbul edilməklə 486,50 manat itirilmiş qazın bərpası hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilsə də, hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu onu göstərir ki, iddiaçı X3 qaz sayğacını öz vəsaiti hesabına almışdır və həmin sayğacın qorunub saxlanılmasına özü cavabdehlik daşımalıdır. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Cavabdeh tərəfindən təlimata uyğun olaraq təbii qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmiş və dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə halı baş verdiyi üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd olunan qaydalara əsasən təbii qaz sayğacına müdaxilə halı baş verdiyi səbəbindən sözügedən obyektin təbii qaz cihazlarının hesabatı aparılmış və itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 iyul 2022-ci il tarixli ******* nömrəli aktda qeyd olunur ki, X2 məxsus kafeyə baxış keçirilən zaman ’’Dövlət yoxlamasına göndərilmiş “G4” markalı 1202AQ**********4 nömrəli sayğac rəyə görə minimal sərfiyyatda menbran işləmir. “Alarm 1” rejimi qeydə alınmayıb” kimi nöqsan aşkar olunmuşdur. İş materiallarında olan “Qeyri-əhali qaz sayağacının yoxlanılması haqqında” 15 iyul 2022-ci il tarixli MSK-29/1640-01204-11 nömrəli Aktdan görünür ki, Sumqayıt Qaz İstismar Sahəsindən dövlət yoxlamasına gətirilmiş G4 markalı smart-kart tipli qaz sayğacına 25 iyun 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi kimi “Sayğacın klapanı açıqdır. Ekranda açıq işarəsi var. Sayğaca ümumi baxış keçirildi, kənar təsir izi aşkar edilmədi. Minimal sərfiyyatda menbran işləmir. Sayğacın arxiv yaddaş proqramı oxundu. “Alarm 1” rejimi qeydə alınmayıb” qeyd olunmuşdur. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, qaz sayğacının xəta normaları - 49, 12 və -91, 10 qəbul edilməklə itirilmiş qazın miqdarı 1946 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2022-ci ilin iyul ayında akt əsasında X2 məxsus abonent hesabına 486,50 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus G4 markalı smart-kart tipli qaz sayğacı dövlət yoxlamasına aparılmış, sayğaca 25 iyun 2022-ci il tarixdə baxış keçirilmiş və yoxlamanın nəticəsində “Sayğacın klapanı açıqdır. Ekranda açıq işarəsi var. Sayğaca ümumi baxış keçirildi, kənar təsir izi aşkar edilmədi. Minimal sərfiyyatda menbran işləmir. Sayğacın arxiv yaddaş proqramı oxundu. “Alarm 1” rejimi qeydə alınmayıb” kimi nöqsanlar aşkar olunaraq 15 iyul 2022-ci il tarixli MSK-29/1640-01204-11 nömrəli Akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla 25 iyul 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktı tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 486,50 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, X2 məxsus məxsus sahibkarlıq obyektinə (kafeyə) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 iyul 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 486,50 manat məbləğində borc silinməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 51 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhəməyə təqdim olunmuş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, X3 tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdehndən iddiaçının xeyrinə 50 (əlli) manat məbləğində mediasiya xərci tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh tərəfindən X2 məxsus (VÖEN **********) məxsus sahibkarlıq obyektinə (abonent kodu: **********00020) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 iyul 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 486,50 (dörd yüz səksən altı manat 50 qəpik) manat məbləğində borc silinməlidir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq iddiaçı X2 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı Cavabdehndən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X2 məxsus (VÖEN **********) məxsus sahibkarlıq obyektinə (abonent kodu: **********00020) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 iyul 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 486,50 (dörd yüz səksən altı manat 50 qəpik) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-372/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-372/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver