Məhkəmə qərarları › İş №e-2-2(119)-38/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-38/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-38/2021 09.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 20478.92 (iyirmi min dörd yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qararı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş borc barədə arayışdan va abunə haqqında bildirişdən görünür ki, abonent kodu **********6 olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı 20478,92 (iyirmi min dörd yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciat olunmuş, lakin cavabdeh yaranmış borcu ödəməmişdir. İddia ərizəsində göstərilir ki,“xxxx" ASC-nin əməkdaşlarının hər ay Sumqayıt Regional Mədəniyyət İdarəsinin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsində daha sonra “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə iddia tələbinin təmin edilməli olduğu göstərilir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdehin elektrik enerjisindən istifadəyə görə 19.212 (on doqquz min iki yüz on iki) manat borcunun qaldığnı və həmin borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş mülahizədə "xxxx" ASCnin tələb etdiyi 20478.92 manat borcun Abşeron Rayon Mədəniyyət və Turizm şöbəsinin fəaliyyəti zamanı yaranmış 2016-cı ilə qədər olan borc olduğu, xx.xx.2017-ci ildən Sumqayıt Regional Mədəniyyət İdarəsinin yaradıldığı və Abşeron rayonunun mədəniyyət müəssisələrinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibinə daxil edildiyi, keçmiş Abşeron Rayon Mədəniyyət və Turizm şöbəsi yerli büdcədən maliyyələşdirildiyi üçün həmin borcun yerli büdcədən ödənilməli olduğu, təhvil-təslim zamanı borc barəsində heç bir öhdəlik götürülmədiyi göstərilmişdir. Mülahizədə daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin mərkəzi büdcədən maliyyələşdiyi, keçmiş borcların ödənilməsi üçün büdcədən əlavə vəsait ayrılmadığı, regional idarənin yarandığı vaxdan hal-hazıradək "xxxx" ASC-ə heç bir borcun olmadığı göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Əhmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, işə baxılan müddətdə iddia ərizəsində göstərilən borc məbləğindən müəyyən ödənişlər edildiyini və abunə haqqında məlumata əsasən cavabdehin hazırkı tarixə 19.212 manat borcunun qaldığını bildirmiş iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Mehdiyev iddia tələbini qəbul etməyərək, idda ərizəsi ilə bağlı təqdim olunmuş mülahizəyə uyğun izahat vermiş və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, tərəflərin izahatlarından görünür ki, iddiaçı enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırda cavabdeh abonent Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Abşeron Rayon mədəniyyət və turizm şöbəsi elektrik enerjisi ilə təmin etmiş və bunun müqabilində cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdehin elektrik enerjisindən istifadəyə görə 19.212 (on doqquz min iki yüz on iki manat) manat məbləğində borcunun mövcudluğu iş materiallarına əlavə edilmiş abunə haqqında məlumat və “xxxx” ASC-nin xx.xx.2021-ci il tarixli 01-220/21 saylı maliyyə arayışı ilə öz təsdiqini tapır. Cavabdehin qeyd edilən borcun Abşeron Rayon Mədəniyyət və Turizm şöbəsinin 2016-cı ilə qədər olan borcu olması və buna görə də iddianın əsaslı olmaması barədə dəlillərinə gəldikdə isə, məhkəmə həmin dəlillərlə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. İş materiallarından da görünür ki, hazırkı iddia tələbində göstərilən borc məbləği məhz cavabdehə məxsus uçot ciahzlarının göstəricilərinə əsasən yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsi”ndə də əvvəllər mövcud olmuş və cavabdehə məxsus **********6 saylı abonent koduna istinad edilmişdir. Həmin sayğac üzrə hesablanmış borcun hər-hansı məbləğinin əvvəlki Abşeron Rayon Mədəniyyət və Turizm şöbəsinə aid olması isə cavabdehin həmin borcu ödəmək öhdəliyindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 932 nömrəli Sərəncamı ilə Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq olunmuş Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İdarə Sumqayıt şəhərində, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarında mədəniyyət, incəsənət və turizm sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Nazirliyin struktur qurumudur. Sonradan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Strukturunda regional mədəniyyət idarələri nəzərdə tutulmuş və buna uyğun olaraq da Mədəniyyət Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 5/1 nömrəli qərarı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir ki, həmin əsasnaməyə görə də İdarə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarında mədəniyyət, incəsənət sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Nazirliyin struktur qurumudur. Əsasnamənin 1.4-cü hissəsinə görə İdarə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına və s. malikdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Sərəncamının 4.4cü hissəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə cavabdeh Sumqayıt Regional Mədəniyyət İdarəsi digər qurumlarla yanaşı o cümlədən Abşeron rayon mədəniyyət və turizm şöbəsinin bazasında yaradılmış, elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış müvafiq borc məbləğnin mövcudluğu cavabdehə məlum olmuş, lakin qeyd edilən borc məbləği ötən dövr ərzində mübahisələndirilməmiş, əksinə müəyyən ödənişlər həyata keçirilmişdir. Belə olan halda cavabdehin təhvil-təslim zamanı qeyd edilən borc məbləği ilə bağlı hər-hansı öhdəlik götürülməməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilən, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara elektrik enerjisinin verilməsi elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd edilən qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İş materiallarından və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, hazırkı iş üzrə iddia ərizəsində cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 20478.92 (iyirmi min dörd yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borcun ödənilməsi tələb edilmiş, iş məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən həmin borc məbləğindən müəyyən ödənişlər edildiyindən, cavabdehin 19.212 (on doqquz min iki yüz on iki) manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 19.212 (on doqquz min iki yüz on iki manat) manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 19.212 (on doqquz min iki yüz on iki manat) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar