Məhkəmə qərarları › İş №e-2-2(119)-380/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-380/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-380/2022 13.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı X6, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı X6 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdehnə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən kiçik ictimai iaşə obyektində (çayxana) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 3 saylı Ərazi Vergilər İdarəsindən ********** nömrəli VÖEN almışdır. Qeyd edilən çayxananın təbii qazdan istifadəyə görə ödənişlərlə bağlı olan abonent hesabı da onun adınadır. 07 iyul 2020-ci il tarixdə Cavabdeh əməkdaşları qeyd edilən çayxanaya gələrək qaz sayğacına baxış keçirmişlər. Bu zaman “Elester” markalı, G4T nömrəli ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi adı ilə çıxarılmış və “Elester” markalı, G4T markalı, ******* nömrəli sayğac quraşdırılmışdır. Bu hadisələrdən təxminən bir il keçdikdən sonra 30 sentyabr 2021-ci il tarixdə Cavabdeh İB-nin Əməkdaşları yenidən sahibkarın fəaliyyət göstərdiyi ictimai iaşə obyektinə gələrək ******* saylı akt tərtib etmişlər. Həmin akta əsasən guya sayğacın plastmas qapağı alt hissədən deşici alətlə deşilmiş, hesablama mexanizminin rəqəmlərinin üzərində əzik-cızıq izləri var və xətalar normaya uyğun deyildir, ona görə də sayğacın dəyəri və dəymiş ziyan hesablanıb, ödənilməlidir. İddiaçı həmin aktla razılaşmadığı üçün imza etməkdən imtina etmişdir. Buna baxmayaraq, həmin akt əsasında ona 864 manat məbləğində borc hesablanmışdır. İddiaçı yazılmış borcu əsassız və qanunsuz hesab etdiyi üçün ödəməmişdir. Belə ki, o, istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və heç bir zaman təşkilatla aralarında qaz borcu ilə bağlı problemləri olmamışdır. Onun sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşilməsində, hesablama mexanizminin rəqəmlərinin üzərində əzik-cızıq izlərinin olmasında hər hansı təqsiri yoxdur, hətta qeyd edilən xətaların sayğac üzərində həqiqətən mövcud olması da şübhə doğurur. Çünki istehlakçı olaraq sayğac dövlət yoxlamasına göndərilərək baxış keçirilərkən onun iştirakı təşkil olunmamış, bununla bağlı ona ümumiyyətlə məlumat verilməmiş, həmin yoxlama 07 oktyabr 2020-ci il tarixdə həyata keçirilsə də, təxminən bir ildən sonra, yəni 30 sentyabr 2021-ci il tarixdə akt tərtib edilmişdir. Hal hazırda borcun ödənilməməsi səbəbindən Cavabdeh İB tərəfindən ona borcun ödənilmədiyi halda obyektə verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Çayxanaya verilən təbii qazın kəsilməsi onu bir sahibkar kimi ziyana sala bilər. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət edənə qədər isə qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin iştirak etməməsi səbəbindən ona mediator tərəfindən müvafiq arayış verilmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 30 dekabr 2020-ci il tarixli Dəymiş ziyanın Bərpasına dair Tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 864 manat məbləğində borcun silinməsi, mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödədiyi 40 (qırx) manat məbləğində pulun və hüquqi yardımla bağlı ödədiyi 30 (otuz) manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı X8 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 864 manat məbləğində borcun silinməsi, mediasiyada iştirakla bağlı xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun və hüquqi yardımla bağlı ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB A.Qafarovun iddiası ilə bağlı məhkəməyə etiraz təqdim edərək iddianın əsassız olduğunu bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X8 ilə ’’Azəriqaz” İB arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ***-**-** №-li xx.xx.2015-ci il tarixli Müqavilənin 7.3-cü bəndində qeyd olunur ki, istehlakçı bu Müqavilənin ləğv edilməsi barədə Müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu Müqavilə ilə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanması tələb olunmur. Abonent üçün Elster tipli G-4 markalı ******* №-li qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı xx.xx.2020-ci il tarixdə Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri tərəfindən xətdən açılaraq növbəti dövlət yoxlamasına göndərilmiş, qeyri-əhali qaz sayğaclarının yoxlanılması barədə MS-29/1710-02569-28 saylı xx.xx.2020-ci il tarixli akta əsasən “sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, hesablama mexanizminin rəqəmlərində əzik-cızıq izləri var, xətalar normaya uyğun deyil” rəyi verilmişdir ki, bu da qüsura görə nəticə cədvəlinə uyğun olaraq sayğacın hesablama mexanizminə müdaxilə edildiyini bildirir. Abonent bu müdaxilənin edilməsində onun təqsirinin olmadığını iddia tələbinin əsası kimi qoymuşdur. Lakin o bilməlidir ki, əhali abonentlərindən fərqli olaraq X8 ilə ’’Azəriqaz” İB-yi arasında “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 4.2-ci bəndinə uyğun olaraq məişət qaz qurğularının istifadəsiçi üçün qaz sayğacı qaz paylayıcınm vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsiçi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. X8 təbii qazdan öz məişət ehtiyaclarını ödəmək üçün istifadə edən abonent deyil, o çayxanada müəyyən gəlir əldə etmək üçün təbii qazdan istifadə edir. Buna görə də qaz sayğacının qorunmasına və işlək vəziyyətdə saxlanmasına görə X4 özü məsuliyyət daşıyır. X2 fəaliyyəti ilə məşğul olur. Rəsmi qaydada VÖEN-nə malikdir. Çayxanada qazandığı gəlirdən vergi ödəyir. Qaydaların 2.12-ci bəndində göstərilir ki, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında“ Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyərdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Qaydaların 4.8-ci bəndində qeyd olunur ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Qaydaların bu bəndlərindən belə bir nəticə çıxır ki, yuxarıda göstərilən sayğaca müdaxilə olunması halı subut edilirsə, müdaxilənin kimin tərəfindən edildiyindən asılı olmayaraq abonent məsuliyyət daşıyır. Buna görə də qaz sayğacına edilmiş müdaxilə ilə əlaqədar X8 barəsində Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri tərəfindən “Qazdan istifadə Qaydaları”nm pozulması haqqında ******* saylı xx.xx.2021-ci il tarixli akt tərtib edilərək Müqavilənin 3.3 bəndinə uyğun olaraq istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu Müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq 4.320 m3 və ya 864 manat dəymiş ziyan hesablanmışdır. X4 müdaxilə olunduğunu mübahisələndirdiyi Elster tipli G-4 markalı №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs” X8 qeyd edilmişdir. Həmin aktı X8 heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəlik götürmüşdür. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikridir. Yuxarıda göstərilənlərə görə iddiaçı X6 iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmədə iddiaçı X8 çıxış edərək bildirmişdir ki, cavabdehin etirazında göstərilənlərlə razı deyil. Çünki, Quba qeyri-əhali sayğaclarına nəzarət idarəsindən 3 nəfər gələrək və sayğacı onun yanında sökmüş və sayğaca müdaxilə olunmaması ilə bağlı sənəd tərtib etmişlər. O sənəd də məhkəməyə təqdim olunmuşdur. Heç bir vaxt elə borc məbləği yaranmayıb ki, onu gizlətsinlər və ya müdaxilə etsinlər. Həmin obyekt yeməkxanadır, adi bir kənd çayçısıdır. Orada sayğaca müdaxilə etməyə ehtiyac da yoxdur. Həm də sayğaca cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilib. Əgər orada kiçik bir müdaxilə olsaydı, sayğaca müdaxilə olunmaması ilə bağlı sənəd tərtib etməzdilər. Cavabdeh təşkilat sayğacı yoxlamaq üçün aparıb, lakin ona məlumat verilmədən, iştirakı təmin olunmadan sayğac açılmış və bir ilə yaxın müddətdə ona sayğacın yoxlanılması barədə məlumat verilməmişdir. Yoxlanışdan sonra isə sayğaca müdaxilə olunduğu bildirilmişdir. Bundan da başqa hesablaşma aparılarkən istifadə edilən cihazların sərfiyyatından artıq hesablanıb. Göstərilənləri nəzərə alaraq o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh İB-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, sayğaclar əhalidən yığılaraq cəm halda yoxlamaya göndərilir. Buna görə də, uzun müddət keçir. Sayğac yoxlamaya göndərildikdən sonra abonent özü maraqlanmalı idi. Həmçinin abonent hüquqi şəxs olmasa da, qazın alqı-satqı müqaviləsi bağlanan zaman qeyri-əhali qrupu kimi qeydiyyatdan keçmişdir və qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına özü cavabdehdir. İddiaçı cavabdeh təşkilatla qazın alqı-satqısına dair müqavilə bağlayarkən istifadə edəcəyi cihazları qeyd etmişdir. Hesablaşma həmin cihazların texniki göstəriciləri nəzərə alınmaqla aparılmışdır. Əgər abonent həmin cihazları istifadə etmirdisə, ərizə ilə Cavabdehnə müraciət etməli idi. Abonent özü birbaşa sayğacın çıxarılamasında iştirak etmişdir. Sayğac yoxlamaya göndərildikdən sonra abonent özü təşkilatla əlaqə saxlayaraq sayğacın açılması tarixini öyrənməli idi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB ilə X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* №-li “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Və qaz sayğacı abonentə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 29/1710-02569-28 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktdan görünür ki, Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G4 markalı mexanika tipli qaz sayğacına xx.xx.2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi, hesablama mexanizminin rəqəmləri üzərində cızıq izləri olduğu və xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ARDNŞ-nin Azəriqaz İB-nin qeyriəhali qaz sayğaclarının yoxlanılması haqqında akt M-M5-29/1710-02569-28 saylı rəyinə əsasən sayğacın plasmast qapağı alt hissədən deşici alətlə deşildiyi, hesablama mexanizminin rəqəmlərinin üzərində əzik-cızıq izləri olduğu, xətaların normaya uyğun olmadığı müyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə "Azəriqaz" İB arasında bağlanmış xx.xx.2015-ci il tarixli qazın alqı-satqısı müqaviləsinə əsasən Quba rayonu Zərdabi qəsəbəsində yerləşən kiçik iaşə obyektinə (çayxana) sayğac quraşdırılmış, xx.xx.2020-ci il tarixli, ******* №-li “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında “Elester” markalı, G4T nömrəli ******* nömrəli qaz sayğacı dəyişdirilərək digər sayğacla əvəz olunmuş və köhnə sayğac yoxlamaya göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən sayğaca baxış keçirilmiş və həmin tarixdə 29/1710-02569-28 nömrəli akt tərtib olunmuş, aktda sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi, hesablama mexanizminin rəqəmləri üzərində cızıq izləri olduğu və xətaların normaya uyğun olmadığı qeyd edilmişdir. Təxminən bir ilə yaxın vaxt keçdikdən sonra bununla bağlı xx.xx.2021-ci il tarixli, ******* №-li akt tərtib olunmuş, akta əsasən iddiaçı X7 864 manat cərimə hesablanmışdır. Lakin, iş materiallarından görünür ki, mübahisələndirilən aktın tərtib edildiyi yoxlamanın aparılması üçün reyestrdə qeydiyyatı barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh İB tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan başqa, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yoxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin olunmalı, Cavabdeh İB tərəfindən Quba rayonu, Zərdabi qəsəbəsində olan kiçik ictimai iaşə obyektində (çayxana) təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs X8 (VÖEN **********) barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 864 manat məbləğində borc silinməlidir. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X8 tərəfindən 40 manat məbləğində mediatora ödənilmiş xidmət haqqı və iddiaçının hüquqi yardımla əlaqədar ödəmiş olduğu 30 manat məbləğində xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdeh İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və hazırki iş üzrə iddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 cavabdeh "Azəriqaz" İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB tərəfindən Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən kiçik ictimai iaşə obyektində (çayxana) təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs X6 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 864 manat məbləğində borc silinsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 40 manat, hüquqi yardım göstərilməsinə görə ödənilmiş 30 manat məbləğində pul cavabdehə aid edilsin. Cavabdehdən mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş xərcin əvəzi olaraq 40 manat, hüquqi yardım göstərilməsinə görə ödənilmiş 30 manat məbləğində pul tutularaq, iddiaçıya ödənilsin. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar