Məhkəmə qərarları › İş №e-2-2(119)-383/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-383/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-383/2021 02.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X8 qızının katibliyi, iddiaçı X3 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı X3 Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 xx xxxxxx 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ******* nömrəli akta əsasən hesabladığı 1814,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 rayon Beşdam kəndində quşçuluq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu ildə Siyəzən rayon Qaz İdarəsinin əməkdaşları quşçuluq sexinə qaz sayğaclarını yoxlamaq məqsədi ilə daxil olmuşlar. Lakin, bununla bağlı iddiaçıya hər hansı bir rəsmi sənəd təqdim etməmişlər. Qazın istehlakı ilə bağlı hər hansı bir nöqsan olmadığı və sayğac əsasında istehlak olunmuş qazın dəyəri vaxtında ödənildiyinə görə həmin şəxslər istehsal sahəsinə buraxılmişlar. Həmin yoxlama zamanı sayğaclar açılıb yoxlanılmış və bununla bağlı ******* və ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli aktlar tərtib olunmuşdu. Tərtib olunmuş aktlardan məlum olur ki, G-6 markalı mexaniki sayğaclarda hər hansı bir qüsur müəyyən edilməmişdir. Lakin, ******* nömrəli aktda göstərilir ki, “Sayğaca kamera vasitəsilə baxış keçirildi, nöqsan aşkar edilmədi. Faktiki sərfiyyat 18,2 m3. Normadan 8,2 m3 artıqdır” qeyd edilmişdir. Bununla bağlı iddiaçıya ******* saylı akta əsasən 1814,40 manat qeyri-qanuni borc hesablanmış və həmin hesablamada Cavabdeh tərəfindən xx xxxxxxxx 2016-cı il tarixli ***-**-** nömrəli Qaz təchizatı haqqında Müqavilənin 2.2.5-ci bəndinə istinad edilmişdir. Həmin bənd müəyyən edir ki, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ var. ******* saylı Akta dair dəymiş ziyanın bərpasına dair Tələbnamədə maksimal sərfiyyat saatda 14,2 kubmetr göstərilmişdir. Yəni, Tələbnamədə Aktda göstərilən məksimal sərfiyytdan fərqli bir sərfiyyat yazılmışdır. İddiaçı Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək “Qaz sayğacının çıxarılması, quraşdırlması və istismara qəbulu haqqında” ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli akta əsasən hesablanmış 1814,40 manat borcun silinməsini xahiş etmişdir. Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli e-2-2(085)- 390/2019 saylı qətnaməsi ilə həmin iddia tələbi təmin olunmuşdu. Birinci instansiya məhkəməsinin qətnaməsində iddia təmin edilərkən cavabdeh təşkilatın sahibkarlıq subyektlərində yoxlamanın aparılması barədə Qanunun tələblərinin pozulması əsas götürülmüşdür. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Apelyasiya məhkəməsinin qətnaməsində məhkəmə kollegiyası hesab etmişdir ki, əvvəlki iddia ərizəsində mübahisələndirilən ******* nömrəli akt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” aktıdır və həmin Akta əsasən borc hesablanmamışdır. Mübahisələndirilən borc xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən hesablanmışdır. Göstərilən akt isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, hazırkı iddia ərizəsində ******* nömrəli aktı mübahisələndirib, həmin akt əsasında hesablanmış 1814,40 manat borcun silinməsi xahiş edilir. Cavabdeh tərəfin mövqeyinə görə G-6 markalı sayğacların maksimal buraxılış həddi ilə müəssisədə yerləşən qaz avadanlıqlarının maksimum istehlakları arasında fərq yaranıb. Yəni, maksimum həddə qaz avadanlıqlarından istifadə edilsə, o halda sayğac lazım olan miqdarda qaz buraxmayacaq. Cavabdehin fikirlərində məntiq yoxdur. Əvvala maksimum həddə qaz sayğacı və qaz avadanlıqları işlədildikdə sayğacdan keçən qaz hansı avadanlığa çatmasa həmin avadanlıq fəaliyyətsiz qalacaq. Bu halda da, iddiaçı yalnız sayğacdan keçən qazın dəyərini cavabdehə ödəməlidir. Lakin, quşçuluq sexində quşlar kiçik olduqda 18 dərəcə, böyükdükcə isə 16 və 17 dərəcədə istilik lazım olur. Bu istiliyin alınması üçün qaz avadanlıqlarının maksimum həddə işləməsinə ehtiyacı yoxdur. Bu baxımdan da cavabdehin arqumentləri əsassızdır. Quşçuluq fəaliyyəti ilə məşğul olan şəxslər 40 gün saxladıqları quşların xərclərini dəqiq müəyyən edirlər. Tərtib olunmuş smetadan hər-hansı kənara çıxma, nəticə etibarı ilə gələcəkdə mənfəətin azalması və ya tam itməsi deməkdir. Bu hala da yol vermək olmaz. Əks halda iddiaçının fəaliyyətinin mənası olmayacaq. Sahibkar qazanc əldə etməlidir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanunun xx xxx 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə müəyyən edilir ki, Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır (4.1); Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2); Qaz sayğacları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir (4.3); Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir (4.4); Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (4.5); İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda (6.1.1); Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə (6.1.4); Qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda (6.1.5); Məhkəmənin qərarı ilə (6.1.6); İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir (6.2). “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftislər, nəzarətlar, xronometraklar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Cavabdeh təşkilatın nümayəndələri qanunvericiliyin bu tələbini də kobud şəkildə pozmuşdur. Yalnız elə bu hal da onların tərtib etdiyi aktın ləğv olunması üçün əsasdır. Qeyd olunanlara əsasən cavabdehin xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən hesabladığı borc əsassızdır və məhkəmə tərəfindən silinməlidir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən iddiaçı X4 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə hesablanmış 1814,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, cavabdehin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Siyəzən rayonunun Beşdam kəndində yerləşən quşçuluq sexi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 (VÖEN **********) məxsusdur. “Paylayıcı” Cavabdeh ilə bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli ***-**-** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən X4 məxsus qeyriyaşayış sahəsi olan Siyəzən rayonunun Beşdam kəndində yerləşən quşçuluq sexi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada G-6 markalı “smart-kart” tipli sayğac quraşdırılmışdır (Sayğacın quraşdırılma tarixi: - xx xxx 2015-ci il). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, xx xxxxxx 2019-cu ildə saat 1220-də istehlakçı X4 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexində (abonent kodu: **********00000) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılan zaman “Radiator”, “PQ məişət” və “farsunka QSQ” tipli qaz cihazlar aşkar edilmiş və “istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı - 18,2 m3, sərfiyyatı 8,2 m3 keçir” qeydi aparılmışdır. İş materiallarında olan Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, 05 fevral 2019-cu il tarixli ******* nömrəli aktda göstərilən “G-6 markalı 28254228 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 14,2 m3/saat olduğu aşkar edilmişdir. 05 fevral 2019-cu il tarixli ******* nömrəli aktla müəyyən edilən “Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil” qüsuruna görə qaz işlədicilərinin saatlıq qaz sərfi 14,2 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın cəmi miqdarı 9072 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı X3 adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı X4 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinin hesabına 2019-cu ilin fevral ayında bir dəfəyə 1814,40 (min səkkiz yüz on dörd manat 40 qəpik) manat məbləğində borc hesablanmışdır. Eyni zamanda, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2015-2019-cu illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı X4 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinin təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış sayğacdan sonra istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı - 18,2 m3, sərfiyyatı 8,2 m3 keçir” nöqsanına görə paylayıcı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 0178121 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı “9072 m3” həcmində müəyyən edilərək, 1814,40 (min səkkiz yüz on dörd manat 40 qəpik) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) X5 paylayıcı (cavabdeh) Cavabdeh xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir və dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsana görə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-6 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər subutlar əsasında müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Buna görə də, həmin Akt əsasında 180 günlük 9072 m3 həcmində əlavə qaz sərfiyyatının müəyyən edilməsi və buna müvafiq olaraq birdəfəlik 1814,40 (min səkkiz yüz on dörd manat 40 qəpik) manat məbləğində borcun hesablanması mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə də, məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən iddiaçı X4 məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə 1814,40 manat məbləğində borcun hesablanmasının əsaslılığı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən iddiaçı X4 (VÖEN **********) məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə (abonent kodu: **********00000) hesablanmış 1814,40 manat məbləğində borc silinməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən iddiaçı X4 (VÖEN **********) məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə (abonent kodu: **********00000) hesablanmış 1814,40 (min səkkiz yüz on dörd manat 40 qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdehndən tutularaq, iddiaçı X4 ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar