Məhkəmə qərarları › İş №e-2-2(119)-386/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-386/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-386/2023 11.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “tələbnamənin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 06 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “tələbnamənin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X6 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi, həmin tələbnamə əsasında əsassız hesablanmış 360 (üç yüz altmış) manat məbləğində borcun silinməsi və mediasiya ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, 10 iyun 2022-ci ildə Xaçmaz X6 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən Qusar şəhəri Azər Xanmətov küçəsində yerləşən, İddiaçı məxsus mağazaya quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacı çıxarılaraq növbəti Dövlət yoxlamasına göndərilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Bir müddət keçdikdən sonra bildirmişlər ki, guya iddiaçı sayğaca müdaxilə etmişdir. Metrologiya Departamentinin Sayğacların müayinəsi Laboratoriyasının 30 iyun 2022-ci il tarixli 29/1640-01490-101 №-li Aktında qeyd olunmuşdur ki, yoxlanılan G-4 markalı ******* №-li sayğacın gövdəsi təzyiq nəticəsində şişmiş, membranı hərəkətə gətirən qollar işləmir və keçən qazın sərfini qeyd etmir, plastmas qapaq zədələnmiş və təbii qaz itkisi yaranmışdır”. Bundan sonra isə Qusar XS-nin əməkdaşları obyektə gələrək iddiaçıya “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təqdim olunmuşdur. Həmin tələbnaməyə əsasən istifadədə olan qaz cihazların sayına görə iddiaçıya itirilmiş qazın həcmi 1443 m³ müəyyən edilərək, 360 (üç yüz altmış) manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçı əsassız hesablanmış 360 (üç yüz altmış) manat məbləğində dəymiş ziyanla qətiyyən razı deyildir. Sayğac istismara yararlı vəziyyətdə çıxarılmışdır və iddiaçı sayğaca heç bir müdaxilə etməmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, sayğac küçədə quraşdırılmışdır, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş və qutuya yerləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə hüquqi şəxslərin özləri daşıyır. İddiaçı sahibkarlıqla məşğul olan fiziki şəxsdir və ona görə də sayğacın işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. İddiaçı bu borcun silinməsi üçün cavabdeh təşkilata və mediasiya təşkilatına müraciət etsə də, mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamış və 30 iyun 2022-ci il tarixli Akt əsasında hesablanmış 360 manat məbləğində borc silinməmişdir. Cavabdeh nümayəndəsi tərəfindən 12 aprel 2023-cü ildə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “tələbnamənin etibarsız hesab edilməsi və borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, “Azəriqaz" X2 RQİİ-də qeyri-əhali abonenti kimi qeydiyyatda olan qeyri-yaşayış obyektinin sahibi İddiaçı Qusar şəhərinin Azər Xanmətov küçəsində yerləşən mağazanı işlədir. Həmin obyektdə müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. 2022-ci ildə növbəti dəfə obyektdəki qaz sayğacının göstəricilərini oxuyarkən sayğacın ekranının sol tərəfinə müdaxilə edildiyinə görə xətdən açılaraq laboratoriyaya göndərilmiş və mağazaya əvəzedici sayğac quraşdırılmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı haqqında Müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən İstehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı mağazanın qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi üçün keçən qazın qeydə almaması səbəbindən abonentin hesabına itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan məbləği işlənilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin, abonent İddiaçı obyektində hər hansı yoxlama aparılmamışdır. Mağazadan kənarda yerləşən sayğac növbəti oxunuş zamanı xətdən açılaraq laboratoriyaya göndərilmiş və həmin sayğac laboratoriyada yoxlanıldıqdan sonra tərtib olunan rəyə əsasən iddiaçı barəsində 30 iyun 2022-ci il tarixli ******* “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında Akt tərtib edilmişdir. Bu aktın tərtib edilməsi üçün sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. İddiaçı Cavabdehnə qarşı “tələbnamənin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı və Cavabdeh nümayəndəsi iştirak edərək, sübutlarını məhkəməyə təqdim edib, iddia tələbinə münasibətlərini bildirmiş olsalar da, iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “tələbnamənin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Qusar şəhəri ərazisində yerləşən sahibkarlıq obyekti – "mağaza" təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00003 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli sayğac quraşdırılmışdır (müqaviləyə və abonent saldosuna əsasən “mağaza”da bir ədəd “qaz plitəsi PQ-2”) avadanlığı quraşdırılmışdır). İş materiallarında olan Cavabdeh X1 Departamenti tərəfindən 30 iyun 2022-ci ildə təsdiq edilmiş “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS - 29/1640-01490-101 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 16 iyun 2022-ci il tarixli SOCAR**********31791640X01490 saylı məktubuna əsasən 16 iyun 2022-ci ildə Xaçmaz X5 İdarəsindən Dövlət yoxlamasına gətirilmiş G-4 markalı mexanika tipli qaz sayğacına 29 iyun 2022-ci il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “Sayğacın gövdəsi təzyiq nəticəsində şişib. Membranı hərəkətə gətirən qollar işləmir, keçən qazın sərfini qeyd etmir” (sayğacın zavod nömrəsi – 8135890, mexaniki göstəricisi – 03090 m3, qeyd – yararsız, qüsura görə nəticə - qaz itkisi araşdırılsın), (Aktda istehlakçının həmin yoxlamada iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 30 iyun 2022-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: Qusar şəhəri, Xanmətov küçəsi”, “Fəaliyyət növü:- qeyri-əhali”, “abonent kodu: **********00003” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 30 iyun 2022-ci ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00003 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “"Azəriqaz" İB-nin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında AKT MS - 29/1640-01490-101 saylı rəyinə əsasən ******* sayğacın "Sayğacın gövdəsi təzyiq nəticəsində şişib. Membranı hərəkətə gətirən qollar işləmir, keçən qazın sərfini qeyd etmir”- qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunur ki, yoxlama zamanı obyektdə bir ədəd qaz sobasının (RP) olduğu müəyyən edilmişdir (Aktda məlum yoxlamanın (baxışın) - X3 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib və təsdiq edilmiş 30 iyun 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Qusar şəhəri Xanmətov küçəsi”, “abonent kodu: **********00003” qeyd edilməklə göstərilir ki, “Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması 30 iyun 2022-ci il tarixli 29/1640-01490-101 №-li Aktına əsasən G-4 markalı ******* №-li sayğac “Sayğacın gövdəsi təzyiq nəticəsində şişib. Membranı hərəkətə gətirən qollar işləmir, keçən qazın sərfini qeyd etmir. Plastmas qapağ zədələnib. Təbii qaz itkisi yaranmışdır” qüsuruna görə - G-4 markalı sayğacın qaz işlədicilərindən “Qaz sayğacının nominal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün - qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 1440 m3 həcmində müəyyən edilmişdir (əsas: - 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00003) ilə müəyyən olunur ki, 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Qusar şəhəri Xanmətov küçəsində yerləşən sahibkarlıq obyektinin (mağazanın) hesabına 2022-ci ilin iyun ayında bir dəfəyə 360 (üç yüz altmış) manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Qusar şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin – “mağazanın”nın (abonent kodu **********00003) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış və dövlət yoxlamasına aparılması üçün götürülmüş qaz sayğacına baxış keçirilməsi ilə əlaqədar tərtib edilərək 30 iyun 2022-ci ildə təsdiq olunmuş MS - 29/1640-01490-101 nömrəli Aktdan görünür ki, 16 iyun 2022-ci il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G-4 markalı mexanika tipli qaz sayğacına 29 iyun 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi olaraq “Sayğacın gövdəsi təzyiq nəticəsində şişib. Membranı hərəkətə gətirən qollar işləmir, keçən qazın sərfini qeyd etmir” qeydi aparılmışdır. Bundan sonra isə 30 iyun 2022-ci ildə təsdiq olunmuş MS - 29/1640-01490-101 №-li Aktda qeyd olunan qüsur üzrə 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında tərtib edilən 30 iyun 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə məlum qüsurlara görə G-4 markalı qaz sayğacına qoşulmuş qaz cihazının maksimal nominal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün - qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 1440 m3 həcmində müəyyən edilərək, 360 (üç yüz altmış) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 30 iyun 2022-ci il tarixli ******* nömrəli Aktı əsasında hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, həmin borcun silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, həmin mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora müraciət edilmişdir (Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiayasında iştirak etməmiş və mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 20 manat məbləğində xidmət haqqı ödənilmişdir). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X3 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X3 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X3 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X3 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Qusar şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00003) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı 1440 m3 həcmində müəyyən edilərək, 360 (üç yüz altmış) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı qaz paylayıcısı (cavabdeh) Cavabdeh 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq hesablanmış 360 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, 30 iyun 2022-ci il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 360 (üç yüz altmış) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 30 iyun 2022-ci ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00003) quraşdırılmış qaz sayğacına və sayğacdan sonra sahibkarlıq obyektində - mağazada quraşdırılmış və obyektin daxilində yerləşən qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri - X3 Reyestrində qeydə alınmadan, aparılaraq aktlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X3 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eləcə də, 30 iyun 2022-ci ildə təsdiq olunmuş MS - 29/1640-01490-101 №li Aktın tərtib edilməsi ilə nəticələnən məlum qaz sayğacına 29 iyun 2022-ci ildə keçirilən baxışda da istehlakçı (abonent) iştirak etməmiş və onun həmin baxışa dəvət edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, məhkəmə - Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “iddia tələbinə qarşı yazılı “Etiraz”da “...Bu aktın tərtib edilməsi üçün sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmamışdır” mövqeyi ilə əlaqədar qeyd etməyi lazım bilir ki, iddia ərizəsində silinməsi tələb olunan “360 manat məbləğində dəymiş zərər” hesablanarkən istinad olunan 30 iyun 2022-ci il tarixli ******* nömrəli Aktda iddiaçıya məxsus sahibkarlıq obyekti olan mağazada qaz işlədici cihaz olaraq “Qaz sobası (RP)” olduğu da qeyd olunmuşdur ki, bu xüsusatın müvafiq yoxlama hərəkətləri aparılmadan müəyyən edilməsi mümkün deyildi. Halbuki, yuxarıda qeyd olunan Müqavilədə və Abonent Saldosunda “mağaza”da bir ədəd “qaz plitəsi - PQ-2” avadanlığının quraşdırıldığı qeyd olunmuşdur. Yəni, mağazaya baxış keçirilmədən və yoxlama aparılmadan – mağazada faktiki olaraq hansı “qaz işlədici cihazın” olduğunu müəyyən etmək və məlum Aktda qeyd etmək mümkün olmazdı. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X3 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 30 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Qusar şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə - mağazaya (abonent kodu: **********00003) itirilmiş qaz sərfiyyatına görə 360 manat məbləğində borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Ona görə də, iddia tələbi Cavabdeh tərəfindən 30 iyun 2022-ci il tarixli ******* nömrəli Akt əsasında dəymiş ziyan (əlavə sərfiyyat) olaraq “hesablanmış 360 (üç yüz altmış) manat məbləğində borcun silinməsi” hissəsində əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Lakin, iddia tələbi "Cavabdeh Xaçmaz X6 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi” hissəsində əsaslı olmadığına görə təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, cavabdehin əməkdaşlarının müvafiq hərəkətlərin rəsmiləşdirilməsi ilə əlaqədar tərtib olunmuş həmin sənədlərin özü deyil, həmin sənədlərin əsasında tətbiq edilən tədbirlər (müəyyən məbləğdə borcun hesablanması və s.) iddiaçı üçün hüquqi nəticələr yaradır və hazırkı iddianın predmeti də həmin nəticə ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və 30 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Qusar şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00003) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 360 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün mediasiya ilə əlaqədar iddiaçı tərəfindən mediatora ödənilmiş 20 (iyirmi) manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Qusar şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00003) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 360 (üç yüz altmış) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində xidmət haqqı Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar