Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-39/2020 08.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü İldırımzadə Rəşad Baris oğlunun, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsənov Əbülfət Şafahat oğlunun iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2019cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya yazılmış 5911,3 (beş min doqquz yüz on bir manat 30 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, (iddia ərizəsinin iddia tələbinin əsaslandırıldığı hissə olduğu kimi, yəni heç bir dəyişiklik aparılmadan qeyd olunur)“ “Hadra İmport-Export LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınmış və fəaliyyətini qanuni əsaslarla həyata keçirən hüquqi şəxsdir. Mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 6-cı KM ünvanında yerləşən qeyri-yaşayış obyekti vardır. Həmin obyektin su ilə təchiz olunması üçün Cavabdeh ASC ilə xx xxxxxx 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklərimiz vaxtlı-vaxtında yerinə yetirilmiş və istehlak olunmuş suyun dəyəri ödənilmişdir. Lakin bizdə olan məlumata əsasən guya “Hadra İmport-Export LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 5911,3 manat məbləğində borcu yaranmışdır. Araşdırma nəticəsində bizə məlum oldu ki, sudan qanunsuz istifadəyə görə iki dəfə akt tərtib olunmuşdur. Lakin həmin akt bizim iştirakımız olmadan keçirilmişdir. Hesab edirəm ki, həmin akt əsassız və qanunsuz tərtib olunduğu üçün ləğv edilməli, həmin aktlar əsasında hesablanmış borc silinməlidir”. Məhkəmə iclaslarında iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahatlar verərək, iddianın təmin edilməsi və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “Hadra İmport-Export LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 5911,3 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfin tərtib etdiyi aktlar əsassızdır. Həmin aktların hüquqi qüvvəsi yoxdur. X4 qeydə alınmadan keçirilən yoxlamalar əsasında yazılmışdır. Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunlar bunu qadağan edir. İddiaçı borcun necə yarandığını bilmir və iddiaçının internet vasitəsi ilə borcdan xəbəri olub. Ona görə də 2 aktla birlikdə yazılan borc məbləğinin 5911,30 manat məbləğində olması barədə məlumatı yoxdur. Abonent saldosunu əldə edə bilməmişdir. Çünki pretenziya qaydasına əməl edən zaman ona bu barədə heç nə bildirilməmişdir. İddiaçının mülkiyyətində bir bina var, paltar satışı ilə məşğul olur, istehsalla məşğul deyil və icarə obyektlərindən gələn gəlirlə kifayətlənir. Məhkəmə iclaslarında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatlarında göstərdi ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış obyektində müqavilə əsasında sudan istifadə olunur. Lakin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri əraziyə baxış keçirən zaman sudan qeyri-qanuni istifadə hallarını aşkarlayaraq, bununla bağlı iki dəfə akt tərtib edib, qarşı tərəfə göndərmişlər. Belə ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında müxtəlif illərdə su təchizatı ilə bağlı müqavilələr bağlanılmışdır. Bu müqavilələr əsasında obyekt su ilə təmin olunmuşdur. Lakin, sudan sayğacdan kənar istifadə olunma halları olmuşdur. Bu barədə iddiaçıya iki dəfə xəbərdarlıq olunmuşdur, üçüncü dəfə isə akt yazılmışdır. İddiaçıya 2 inventar akt tərtib edilmişdir. Həmin aktlar xx xxxxxx 2016-cı il tarixdə və xx xxxx 2017-ci il tarixdə yazılmışdır. İddiaçının akt yazılmasından məlumatı olmuşdu. Cərimə yazılan kimi surəti qarşı tərəfə göndərilir. Obyekt barədə akt tərtib olunarkən MMC-nin sahibi və işçiləri orda olmuşlar. İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 cavab olaraq bildirdi ki, iddiaçının sudan istifadə qaydalarını pozması ilə əlaqədar iki akt tərtib edilmişdir. Birinci akt xx xxxxxx 2016-cı ildə iddiaçı MMC-nin işçisi Cəfərov Fəxrinin iştirakı ilə tərtib olunub. İkinci akt isə xx xxxx 2017-ci ildə iddiaçı MMC-nin işçisi Ələsgərov Qurbanın iştirakı ilə tərtib olunub. xx xxxxxx 2016-cı il tarixli 1-ci akta əsasən hesablanmış borc 3444,67 manat məbləğindədir. xx xxxx 2017-ci il tarixli 2-ci akta əsasən hesablanmış borc isə 1094 manat məbləğindədir. İddiaçı həmişə istifadə etdiyi suyun pulunu az miqdarlarda ödəmişdir. Ona görə də, iddiaçının xx xxxxxx 2019-cu il tarixə 6193,30 manat məbləğində borcu olmuşdur. Həmin borca məlum Aktlara görə hesablanmış borclar da daxildir. Borcla əlaqədar iddiaçıya hər ay bildiriş göndərilmişdir və borcla əlaqədar xəbərdarlıqlar da hər ay göndərilən həmin bildirişlərdə göstərilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin reyestrdən çıxarış olmadan da su təchizatı ilə əlaqədar müqavilə bağladığı obyektə baxış keçirmək hüququ vardır. Bu tərəflər arasında bağlanmış müqavilədə də öz əksini tapmışdır. Hər iki akt əlavə qoşulan xəttə görə yazılıb. Aktların tərtib edildiyi zaman çəkilmiş videolardan da görünür ki, birinci dəfə iddiaçı sayğacdan kənar xətdən istifadə etmiş, ikinci dəfə isə qurunt suyunu əlavə xətlə qonşunun kanalizasiya xəttinə qoşmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 6-cı KM ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su təchizatı xx xxxxxxx 2006-cı ildən etibarən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə hər il üçün nəzərdə tutularaq bağlanmış “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” Müqavilələr (Müqavilə nömrəsi: 130346) əsasında həyata keçirilmiş və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələbləri nəzərə alınmaqla tərtib edilmiş həmin Müqavilələrdə müvafiq olaraq tərəflərin, yəni “istehlakçı” (abonent) olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin və“müəssisə” (təchizatçı) olaraq Cavabdeh ASC-nin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. Məhkəmə baxışı zamanı Cavabdeh ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixli 01/2/01-2/1/931 nömrəli məktubla məhkəməyə xx xxxxxx 2016-cı il tarixli MXD-4718 nömrəli İnventar Aktının, xx xxxx 2017-ci il tarixli MXD-08406 nömrəli İnventar Aktının və digər sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri və həmin Aktlar tərtib edilərkən çəkilmiş video görüntülərin əks olunduğu elektron daşıyıcılar (disklər) təqdim olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli MXD-4718 nömrəli İnventar Aktının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx xxxxxx 2016-cı ildə Bakı-Sumqayıt yolunda yerləşən istehlakçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus obyektin “su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilmiş və baxış zamanı “obyektin su sayğacından kənar evin su xəttindən d=20 mm-lik qeyri-qanuni rezin boru vasitəsilə sudan istifadə olunduğu aşkar edilmiş və həmin rezin boru ləğv edilmişdir. Aktda “obyektin nümayəndəsi” kimi göstərilmiş Fəxri Cəfərovun həmin İnventar Aktını imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur (həmin baxış zamanı çəkilmiş video görüntülərlə əlaqədar elektron daşıyıcı cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında həmin daşıyıcı nümayiş etdirilmişdir). İş materiallarında olan, xx xxxxxx 2016-cı il tarixli MXD-4718 nömrəli İnventar Aktına əsasən tərtib edilmiş “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su Hesabatı” ilə müəyyən olunur ki, xx xxxxxx 2016-cı il tarixli MXD-4718 nömrəli İnventar Aktı ilə aşkar olunmuş sudan qeyri-qanuni istifadə etməklə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2052 m3 miqdarında olmaqla 3444,67 (üç min dörd yüz qırx dörd manat 67 qəpik) manat dəyərində su itkisinə yol verilmişdir. Əlavə sərfiyyat “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən hesablanmışdır. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli MXD-08406 nömrəli İnventar Aktının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx xxxx 2017-ci ildə Bakı-Sumqayıt yolunda yerləşən istehlakçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus obyektin “su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilmiş və baxış zamanı d=20 mm olan rezin boru vasitəsilə qeyriqanuni qurunt suyunun kanalizasiya şəbəkəsinə axıdıldığı aşkar edilmişdir. Aktda “obyektin nümayəndəsi” kimi göstərilmiş Qurban Ələsgərov həmin İnventar Aktını imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur (həmin baxış zamanı çəkilmiş video görüntülərlə əlaqədar elektron daşıyıcı cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında həmin daşıyıcı nümayiş etdirilmişdir). İş materiallarında olan, xx xxxx 2017-ci il tarixli MXD-08406 nömrəli İnventar Aktına əsasən tərtib edilmiş “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su Hesabatı” ilə müəyyən olunur ki, xx xxxx 2017-ci il tarixli MXD-08406 nömrəli İnventar Aktı ilə aşkar olunmuş “tullantı suların axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə” “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC1094 m3 miqdarında 1094 (min doxsan dörd) manat dəyərində Cavabdeh ASC-yə ziyan vurmuşdur. Əlavə sərfiyyat “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən hesablanmışdır. Beləliklə də, Cavabdeh ASC tərəfindən hər iki İnventar Aktına əsasən sudan istifadə qaydalarının pozulması ilə əlaqədar əlavə sərfiyyat kimi cəmi 4538,67 (dörd min beş yüz otuz səkkiz manat 67 qəpik) manat məbləğində borc hesablanmışdır (3444,67 manat + 1094 manat = 4538,67 manat). Cavabdeh ASC tərəfindən təqdim edilmiş Abonent haqqında Məlumatdan (xx xxxxxx 2020-ci ildə çap edilmişdir) görünür ki, xx xxxxxxx 2006-cı ildən qeyri-əhali qrupu üçün nəzərdə tutulan müqavilə əsasında (Müqavilə nömrəsi: 130346) su təchizatı ilə təmin edilmiş istehlakçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ayrı-ayrı vaxtlarda mütəmadi olaraq müəyyən məbləğlərdə ödənişlər aparılmış olsa da, hazırkı Məlumatın çap olunduğu tarixə, yəni xx xxxxxx 2020-ci il tarixə 6334,30 (altı min üç yüz otuz dörd manat 30 qəpik) manat məbləğində qalıq borcu olmuşdur. Göründüyü kimi, Cavabdeh ASC tərəfindən yuxarıda qeyd olunan hər iki İnventar Akta əsasən sudan istifadə qaydalarının pozulması ilə əlaqədar əlavə sərfiyyat kimi cəmi 4538,67 (dörd min beş yüz otuz səkkiz manat 67 qəpik) manat məbləğində borc hesablanmışdır. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “5911,3 (beş min doqquz yüz on bir manat 30 qəpik) manat məbləğində borcu” mübahisələndirərək, iddia ərizəsini “Müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməsi və istehlak olunmuş suyun dəyərinin ödənilməsi” ilə əsaslandırmışdır. Qeyd etmək lazımdır ki, Cavabdeh ASC tərəfindən 4538,67 manat məbləğində borc sudan istifadə qaydalarının pozulması ilə əlaqədar əlavə sərfiyyat kimi hesablansa da, 1795,63 manat borc sayğacın göstəricilərinə əsasən (6334,30-4538,67=1795,63) hesablanmışdır. Bu halda iddiaçı “5911,3 manat məbləğində borcun silinməsini” tələb etdiyi üçün məlum İnventar Aktlarını mübahisləndirməklə yanaşı, silinməsini tələb etdiyi sayğacın göstəricilərinə əsasən hesablanmış məbləğin onun tərəfindən ödənilməsi barədə sübutları məhkəməyə təqdim etməli və yaxud, sayğacın göstəricilərinin əsassızlığını mübahisələndirməli idi (Cavabdeh tərəfin təqdim etdiyi Abonent haqqında Məlumatda sayğac göstəriciləri, məlum Aktlar əsasında hesablanmış pul vəsaitləri və iddiaçının ödənişləri öz əksini tapmışdır. Lakin, həmin məlumatlar iddiaçı tərəfin tələbini və mövqeyini təsdiq etmir). «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.3-cü və 2.1.5-ci bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) vəzifəsidir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə (bundan sonra – STTSAS) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM-in hüququ var ki, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etsin. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qaydaların 8.6-cı bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Beləliklə də, təsvir olunanlarla müəyyən olunur ki, hazırkı mübahisə üzrə iddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasında həmin tərəflər ("istehlakçı" və "təchizatçı" olaraq) arasında “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” bağlanmış Müqavilədə (Müqavilə nömrəsi: 130346) nəzərdə tutulan şərtlər dayanır və məlum İnventar Aktları da həmin Müqavilədə nəzərdə tutulan «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələblərinin pozulması ilə əlaqədar tərtib edilərək, hər iki Akt üzrə əlavə sərfiyyat kimi cəmi 4538,67 (dörd min beş yüz otuz səkkiz manat 67 qəpik) manat məbləğində pul vəsaiti hesablanmışdır. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, məlum Müqavilə üzrə istehlakçı olan iddiaçı su təchizatı ilə əlaqədar hesablanan borclarını müvafiq qaydada, yəni məlum xidmətlərlə əlaqədar dövri olaraq hesablanan borcları lazımi məbləğlərdə ödəməyərək, Aktlarla hesablanmış borcun daha da artmasına səbəb olmuş və məhkəməyə müraciət edərək, “5911,3 (beş min doqquz yüz on bir manat 30 qəpik) manat məbləğində borcun silnməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də, işin konkret hallarına və yuxarıda təsvir olunan hallara əsasən müəyyən olunur ki, cavabdeh (təchizatçı) iddiaçı (istehlakçı) ilə göstərdiyi xidmətlərin qaydaları və şərtlərinə dair bağlanmış Müqavilə şərtlərinə uyğun olaraq sonuncunu su ilə təchiz edir və bu Müqavilə ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya (istehlakçıya) məxsus qeyriyaşayış sahəsinə quraşdırılmış sayğac əsasında göstərilən xidmətlərin (suyun verilməsi, tullantı və qurunt sularının kanalizasiyaya axıdılması) vəziyyətini hesabat üçün quraşdırılmış sayğac olan ərazidə yoxlayarkən iki dəfə sayğacdan kənar qoşulma, yəni xx xxxxxx 2016-cı ildə “obyektin su sayğacından kənar evin su xəttindən d=20 mm-lik qeyriqanuni rezin boru vasitəsilə sudan istifadə olunduğu” və xx xxxx 2017-ci ildə isə “obyektdə d=20 mm olan rezin boru vasitəsilə qeyri-qanuni qurunt suyunun kanalizasiya şəbəkəsinə axıdıldığı” aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı xx xxxxxx 2016-cı il tarixli MXD-4718 nömrəli İnventar Aktı üzrə və xx xxxx 2017-ci il tarixli MXD-08406 nömrəli İnventar Aktı üzrə müəyyən edilmiş sudan istifadə qaydalarının pozulması hallarının olması öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh “Sudan istifadə Qaydaları”na əsasən iddiaçıya hər ay ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab (sərfiyyatı və digər zəruri məlumatların əks olunduğu bildirişlər) təqdim etmiş olduğundan, xx xxxxxx 2016-cı il tarixli MXD-4718 nömrəli İnventar Aktına əsasən hesablanmış əlavə sərfiyyat üzrə 3444,67 manat və eləcə də, xx xxxx 2017-ci il tarixli MXD-08406 nömrəli İnventar Aktına əsasən hesablanmış əlavə sərfiyyat üzrə 1094 manat məbləğində pul vəsaitləri də müvafiq olaraq həmin dövrlərdə məlum hesabatlara daxil edilmiş və iddiaçı (istehlakçı) təqdim edilmiş hesabatlar əsasında mütəmadi olaraq ödənişlər apararaq, həmin aktlar əsasında hesablanmış əlavə sərfiyyat məbləğlərini 2019-cu ilin son rübünədək mübahisələndirməmişdir. Həmçinin, təsvir olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh ASC “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” bağlanmış Müqavilənin tərəfi olaraq, həmin Müqavilənin digər tərəfi olan iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsində Müqavilə şərtlərinin yerinə yetirilməsi vəziyyətini yoxlayarkən, sonuncu tərəfindən həmin Müqavilənin şərtlərinin pozulması faktlarını aşkar etmiş və bununla bağlı məlum İnventar Aktlarını tərtib edərək, həmin sahəni nizamlayan normativ sənədlərin tələblərinə uyğun olaraq əlavə sərfiyyatla bağlı hesabatlar aparmışdır. Bu fəaliyyət isə iddiaçının hər hansı bir formada sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qəbul edilə bilməz. Çünki, tədqiq olunan şəraitdə cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti sahəsində deyil, müqavilə tərəfi olaraq təqdim etdiyi xidmətin icra olunması və hesabatını aparılması vəziyyətini yoxlamışdır ki, bu xidmət iddiaçı və cavabdeh üçün eyni dərəcədə əhəmiyyət daşıyır. Bunun əksini tələb etmək, yəni müqavilə tərəflərindən birinin digər tərəfin müqavilə şərtlərinə riayət etməsinin yoxlanması imkanlarını məhdudlaşdırması, eləcə də müqavilə tərəflərindən birinə öz hüquqları həddində müqavilə şərtlərinin icrasına nəzarət etməsinə maneələr yaradılması – müqavilə tərəflərindən birinin hüquqlarının əsassız yerə məhdudlaşması ilə nəticələnə bilər. Bu baxımdan məlum Aktların tərtibi ilə nəticələnmiş hərəkətləri həyata keçirərkən cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun məqsədləri üzrə yoxlayıcı orqan hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinin tələblərinə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məlum müqavilələr üzrə alqı-satqını həyata keçirən hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektidir və bu subyektlərdən biri müqavilə tərəfi olaraq digər tərəfin müqavilə şərtlərini yerinə yetirməsi hallarını müəyyən etmək üçün istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək barədə qanunla nəzərdə tutlmuş vəzifəsini həyata keçirməli və həmin müqavilə üzrə hesabatı aparan ölçü cihazının mövcud vəziyyətini yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda təsvir olunanlara əsasən təsdiq olunur ki, məhkəmə araşdırması zamanı "Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 5911,3 (beş min doqquz yüz on bir manat 30 qəpik) manat məbləğində borcun silinməsi” barədə iddia tələbinin əsaslılığı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbi, yəni “Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 5911,3 (beş min doqquz yüz on bir manat 30 qəpik) manat məbləğində borcun silinməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-39/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-39/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver