Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-42/2021 05.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh "xxxx" MMC-nin nümayəndələri X4 və X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu **********8 olan “xxxx” MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 69.342,97 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi üçün cavabdeh “xxxx” MTK-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 69.342,97 manat borcu bu günə qədər ödəməyərək, “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay "xxxx" MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə əməkdaşlarına borcu haqqında bildiriş (hesab-faktura) təqdim etmişlər. Cavabdeh tərəfindən müəyyən qədər ödənişlər olunmuş, lakin borc tam ödənilməmişdir. Vaxtaşırı ödənişlərin edilməsi cavabdehin öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdeh "xxxx" MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 69.342,97 (altmış üç min üç yüz qırx iki manat doxsan yeddi qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MTK-dan tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək iddia ərizəsində cavabdehin adının səhvən "xxxx" MTK kimi, tələb olunan məbləğin isə əslində 69.342,97 manat olmasına baxmayaraq, mötərizədə sözlərlə altmış üç min üç yüz qırx iki manat doxsan yeddi qəpik olaraq qeyd olunduğunu bildirmiş, bunları nəzərə alaraq, cavabdehin adının "xxxx" MTK deyil, "xxxx" MMC kimi oxunmasını, tələb olunan məbləğin isə 69.342,97 manat kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X6 izahat verərək bildirdi ki, 2016-cı ildən 2021ci ilədək olan hesab fakturalardan müəyyən olunur ki, cavabdehin borcları 2016-cı ildən yaranmağa başlayıb, yəni həmin ildən abonent kimi qeydə alınıb, elektrik enerjisindən istifadə etməyə başlayıb. İstifadə edilmiş elektrik enerjisi ilə bağlı cavabdeh tərəfindən ödənişlər olunub. Lakin ödənişləri az və ya çox etdiklərinə görə borclarda artmalarazalmalar olub. 2016-cı ildən elektrik enerjisindən istifadə edilib, ödənişi də həyata keçiriblər. Əgər borcla razı deyildilərsə, ödənişi həyata keçirməməli, “xxxx” ASC-yə etirazlarını bildirməli idilər. N.Əhmədov cavabdeh tərəfin bəzən əlavə ödənişlər etdiyini, məsələn, aylıq sərfiyyatları 8 min manat olduğu halda 10-12 min manat ödəniş etdiklərini dedi. Bunun özü cavabdeh tərəfin öhdəliyi qəbul etdiyini göstərir. Dövrü olaraq onlara hər il yeni müqavilələr təqdim olunsa da, "xxxx" MMC-nin əməkdaşı imzalamaqdan imtina edib. Buna görə də o, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh "xxxx" MMC-nin nümayəndələri X7 və X2 izahat verərək, "xxxx" MMC-yə aid olan çoxmənzilli binalarda yaşayan sakinlər çıxılmaz vəziyyətdə qalmasın deyə ödəniş həyata keçirildiyini bildirmişlər. Onlar qeyd etmişlər ki, "xxxx" MMCnin “xxxx” ASC-yə borcu var, lakin borc məbləğinin niyə bu qədər yüksək olmasının səbəbini bilmirlər. Bundan başqa, əgər müqavilə bağlanmasından imtina edilibsə, bu, aktlaşdırılmalı idi. İddiaçı tərəfin nümayəndəsi müqaviləni imzalamaqdan imtina edən şəxsin komendant olduğunu bildirib. Lakin komendantın müqaviləni imzalamaq və ya onu imzalamaqdan imtina etmək kimi bir səlahiyyəti yoxdur, ümumiyyətlə "xxxx" MMC-nin C.Fərəcov adlı əməkdaşı olmayıb. Bundan başqa, cavabdehin nümayəndələri iddiaçı tərəfin məhkəməyə 2020-ci ilə aid müqavilə təqdim etdiyini, lakin 2016-cı ildən yaranmış borcun tələb olunduğunu bildirmişlər. 2016-cı və sonrakı bir neçə ilə aid isə faktiki olaraq müqavilə yoxdur. Tələb olunan borcun hansı müqavilə əsasında yarandığı, hansı dövrləri əhatə etməsi məlum deyil. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmədə iddiaçının nümayəndəsi X6 əvvəlki illər üzrə borcun yaranması üçün əsas olmuş müqavilənin məhkəməyə təqdim olunmamasının səbəbi olaraq bildirdi ki, “xxxx” ASC ilə “xxxx” ASC arasında təhvil-təslim zamanı bir çox müqavilələr itdiyinə görə, bir neçə ilə aid müqavilələr yoxdur. Bundan başqa, o qeyd etdi ki, qarşı tərəfin nümayəndəsinin müqavilə olmadığı üçün həmin borcu qəbul etmədiklərini bildirməsi hüquqdan sui-istifadədir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə "xxxx" MMC arasında bağlanmış 13.06.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" MMC elektrik enerjisi ilə təchiz edilmiş və MMC-yə **********8 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Abonentə illik buraxılacaq təxmini elektrik enerjisinin miqdarı ******* kVt/saat, dəyəri 143.640 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan 01-86/20 №-li, 25.08.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 69.342,97 manat məbləğində borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01-87/20 №-li, 25.08.2020-ci il tarixli arayışdan görünür ki, həmin tarixə "xxxx" MMC-nin “xxxx” ASC-yə borcu 69.342,97 manat təşkil edir. İş materiallarında olan 2016-cı il tarixdən 2021-ci il tarixədək olan bildirişlərdən görünür ki, "xxxx" MMC-yə mütəmadi olaraq elektrik enerjisindən istifadəyə görə yaranmış borclar barədə xəbərdarlıq edilmişdir. Məhkəməyə təqdim olunmuş olan abunə haqqında arayışdan görünür ki, 10.02.2021-ci il tarixə cavabdeh "xxxx" MMC-nin “xxxx” ASC-yə qalıq borcu 105.458,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunmuş müqavilə 2020-ci ilə aid olsa da, iş materiallarından göründüyü kimi, “xxxx" MMC 2016-cı ildən abonent kodu verilərək elektrik enerjisi ilə təchiz olunmuş, "xxxx" ASC-nin abonenti kimi elektrik enerjisindən istifadə etmiş və buna görə aybaay "xxxx" ASC-yə ödənişlər olunmuşdur. “xxxx" MMC-nin elektrik enerjisindən istifadə etməsi və ödənişlər edilməsi iş materialları ilə yanaşı cavabdehin nümayəndələrinin izahatlarında da əksini tapır. Ona görə də, hazırda məhkəməyə əvvəlki illərə aid müqavilələrin təqdim olunmaması tərəflər arasında elektrik enerjisinin faktiki alğı-satqı münasibətlərinin olmasını istisna etmir. Bundan başqa, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə verilməsi də borcun olduğunu inkar etmədiklərini göstərir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə versə də, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 2016-cı ildən hazıradək mütəmadi ödənişlər olunmuş və cavabdeh tərəf məhkəmədə ödənişlərin olunmasını təsdiq etmiş, bununla belə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin iddia müddəti ilə bağlı normaları hazırkı halda tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, xxxx" MMC-dən 69.342,97 manat məbləğində pul tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, təqdim olunmuş olan abunə haqqında arayışda 10.02.2021-ci il tarixə cavabdeh "xxxx" MMC-nin “xxxx” ASC-yə qalıq borcu 105.458,40 manat təşkil etdiyi göstərilsə də, iddia tələbində 69 342,97 (altmış doqquz min üç yüz qırx iki manat doxsan yeddi qəpik) manat borcun tutulması xahiş olunduğuna görə iddia tələbi həmin həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 69 342,97 (altmış doqquz min üç yüz qırx iki manat doxsan yeddi qəpik) manat borc “xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-42/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-42/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver