Məhkəmə qərarları › İş №e-2-2(119)-434/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-434/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-434/2024 01.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunu və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə bu mübahisənin iddiaçı “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəlməsi müəyyən olunmur və bu xüsusatla bağlı hər hansı bir əsaslanma aparılmadan hazırkı iddia ərizəsində mübahisə kommersiya mübahisəsi kimi qəbul edilərək Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələblərinə görə, kommersiya məhkəmələri mülki məhkəmə icraatı qaydasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə baxır. Lakin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda isə bu kimi ərizələrə ümumi (rayon, şəhər) məhkəmələrində baxıla bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 21-ci bəndində məhkəmələrə izah edilir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Həmin Qərarın 24-cü bəndində göstərilir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Göründüyü kimi, “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” barədə hazırkı iddia tələbinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasının müəyyən edilməsi üçün zəruri olan məlumatlar və hallar hazırkı iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğu halda, dövlət büdcəsinə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun tələblərinə uyğun müəyyən eduilmiş qaydada və məbləğdə dövlət rüsumü da ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə göndərilmiş bu iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmiş və ərizədə “məhkəmələrə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçıların dövlət rüsumundan azad olmaları” qeyd edilmişdir. Halbuki, qanunun qeyd olunan normasına istinad edilməklə hazırkı mübahisə üzrə dövlət rüsumundan azad olunmasını müəyyən etmək üçün ilk növbədə iddiaçının “istehlakçı” statusuna malik olması və tələbin “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar” olması halları müəyyən edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən isə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunvericilikdə “istehlakçı”ya “şəxsi tələbatını ödəmək məqsədi ilə” mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs kimi anlayış vermişdir. Həmin Qanunun 3-cü maddəsində isə istehlakçıların hüquqları sadalanmışdır. (malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə və s. dair hüquqlar). Qeyd edilən Qanunun “İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi” adlanan 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsində nəzərdə tutulmuş “istehlakçı” anlayışı məhz “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş “istehlakçı” anlayışını nəzərdə tutduğundan, mal, iş və xidmətlərdən (konkret halda sudan) şəxsi tələbatını ödəmək məqsədi ilə deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edən iddiaçı dövlət rüsumundan azad edilə bilməz. Ona görə də, bu mübahisə kommersiya mübahisəsi kimi qəbul olunduğu halda, iddia ərizəsi verilərkən müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsi də təmin olunmalıdır (ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərci nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3cü maddə). Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar