Məhkəmə qərarları › İş №e-2-2(119)-451/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-451/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-451/2021 21.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 03 mart 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya məxsus olan Sumqayıt şəhəri “Tuq-zavod” ərazisində yerləşən tikinti materialları mağazasına (abunə kodu: **********8) əsassız hesablanmış 1611 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Tuq-zavod qəsəbəsində yerləşən tikinti materialları mağazası ona məxsusdur. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ona məxsus mağazaya gələrək, həmin mağazanın işıq sayğacına baxış keçirmiş və bu barədə 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Akt tərtib etmişlər. Həmin Aktda qeyd edilmişdir ki, sayğacın alt qapaq möhürü yoxdur, sayğac axan yükün həcmini qeyd etmir və sayğac xətayla işləyir. Həmçinin, cavabdeh orqanın əməkdaşları bildirmişlər ki, sayğaca müdaxilə olunmuşdur. Halbuki, sayğaca onun tərəfindən hər hansı bir müdaxilə olunmamışdır. Əgər sayğaca onun tərəfindən müdaxilə olsa belə, cavabdeh orqan bunu sübut etməlidir. Bundan sonra cavabdeh orqanın əməkdaşları ona məxsus olan mağazaya 1611 manat məbləğində cərimə hesablamışlar. Hesab edir ki, həmin akt tam olaraq əsassız və qanunsuzdur. Ona görə də, “xxxx” ASC tərəfindən 1611 manat məbləğində borcun ondan tələb edilməsi qanunsuzdur. Çünki, mağazaya quraşdırılmış işıq sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdeh orqan cavabdehlik daşıyır. Həmin yer ictimai yer hesab olunduğundan, işıq sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, elektrik sayğacına müdaxilənin onun tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, onun tərəfindən elektrik sayğacına müdaxilə olunmasına dair ortada heç bir sübut yoxdur və hesablanmış cərimənin hüquqi əsası yoxdur. Bundan başqa, təhlükəsiz şəraitdə saxlanması üçün işıq sayğacı cavabdeh orqan tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni istisna etmir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən 17 oktyabr 2019-cu ildə iddiaçıya məxsus obyektin daxilində quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman sayğacın alt qapaq möhürünün olmaması halı aşkar edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinin pozulması haqqında 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Akt tərtib edilmişdir. EEİQ-nın 7.15-ci bəndinə əsasən hesablaşma elektrik sayğaclarının örtük qutularında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin plombu olmalıdır. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasında hesablaşma elektrik sayğacının sıxaclar kolodkasının qapağında, onu qidalandıran cərəyan və gərginlik transformatorlarının ayrıcılarının intiqallarında, həmçinin uçot cihazına qoşulan naqillərin yığma sığaclarında enerjitəchizatı müəssisəsinin plombu olmalıdır. İtirilmiş elektrik enerjisinin bərpası məqsədi - enerji haqlarının yığımının 100%-ə çatdırılması barədə “xxxx” ASC qarşısında qoyulmuş tapşırıqların icrası ilə əlaqədar olmuşdur. Tərtib edilmiş həmin Akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə əlavə sərfiyyat olaraq 1448,73 manat məbləğində hesablaşma aparılmışdır. İddiaçı isə həmin Akt əsasında 1611,61 manat hesablaşma aparıldığını iddia edərək, həmin məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin, akta əsasən ona hesablanmış məbləğlə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Yuxarıda sadalananlara əsasən iddiaçının EEİQ-nin tələblərinin açıq aşkar pozduğunu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq, iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Həmçinin, iddia ərizəsi hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Ona görə də, 1611,61 manat məbləğində borcun silinməsinə dair iddia tələbi hüquqdan sui-istifadə olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya məxsus olan Sumqayıt şəhəri “Tuq-zavod” ərazisində yerləşən tikinti materialları mağazasına 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Akta əsasən hesablanmış 1611 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı suallara cavab olaraq bildirdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və tikinti materialları mağazası işlədir. Hər ay nəzarətçi mağazaya gəlib, elektrik sayğacının göstəricilərinə əsasən hesablanmış borcla əlaqədar bildiriş təqdim edir və o, həmin bildiriş əsasında işıq pulunu ödəyir. Obyektin elektrik enerjisinin kəsiləcəyini bildirdikləri vaxt məlumatı olmadan yazılmış 17 oktyabr 2019-cu il tarixli Aktdan xəbər tutmuşdur. Bundan sonra o, Akta görə yazılmış cərimənin silinməsi ilə bağlı dəfələrlə müvafiq qurumlara şikayət etmişdir. 17 oktyabr 2019-cu il tarixli Akta əsasən hesablanan borcun silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, həmin Akta əsasən hesablanmış cərimənin 431,01 manat məbləği “xxxx” Açıq Səhmdar Cəmiyyətinin özü tərəfindən silinmişdir. Lakin, həmin Akt əsassız olduğu üçün onun əsasında hesablanmış bütün borc silinməlidir. Məhkəmə iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlu suallara cavab olaraq bildirdi ki, təxminən 25-30 gündən bir elektrik sayğacına nəzarətçi tərəfindən baxış keçirilir. Sayğacın alt qapaq möhürü elə yerdədir ki, yoxlama aparılmadan onun mövcudluğunu müəyyən etmək mümkün deyildir. Vəzifə təlimatında nəzarətçinin bunu aşkarlamaq vəzifəsi yoxdur. Ona görə də, nəzarətçi sayğacdakı qüsuru aşkar edə bilməyib. Cərimə 17 oktyabr 2019-cu il tarixli akta əsasən yazılıb. Həmin Aktda qeyd olunub ki, “elektrik hesabat sayğacı obyektin daxilində yerləşir, alt qapaq möhürü yoxdur”. Obyektin 12 saat fəaliyyət göstərməsi nəzərə alınmaqla, həmin Aktda göstərilən nöqsana görə 125 günə hesablaşma aparılıb. Hesablaşma EEİQ-nin 8.17-ci bəndinə uyğun olaraq iddia müddəti daxilində aparılıb. İddiaçı qeyri-əhali abonenti olduğu və möhürə müdaxilə olunduğu üçün bu qaydada hesablaşma aparılıb. Akt əsasında hesablanmış əlavə sərfiyyat məbləğindən Protokola görə 431,01 manat məbləğində borc silinib. Böyük ehtimalla 431,01 manat həmin Akta görə yazılmış cərimənin azaldılmasıdır. Sayğacdakı qüsuru 11 oktyabr 2019-cu ildə sayğacın göstəricilərini oxuyan nəzarətçi müəyyən edə bilməzdi. Sayğacdakı qüsuru digər əməkdaşlar 17 oktyabr 2019-cu ildə müəyyən ediblər və abonentin işçisi X4 imzalamaqdan imtina edib. Sayğacdakı qüsuru müəyyənləşdirən şəxslər “xxxx” ASC-nin tərkibində olan Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin əməkdaşlarıdır. Onlar sayğacı yoxlamaq üçün gediblər. “xxxx” ASC yoxlayıcı orqan hesab olunmamalıdır. Həmin Akt tərtib olunarkən yoxlama reyestrində qeydiyyat aparılmayıb. Sayğaca hər ay baxan nəzarətçi isə “xxxx” ASC Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkənin əməkdaşıdır. Məlum Akt tərtib edilərkən olan sayğac obyektin daxilində idi, indiki sayğac obyektin xaricindədir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri “Tuq-zavod” ərazisində yerləşən tikinti materialları mağazası (abonent kodu: **********8) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat 05 aprel 2010-cu il tarixindən quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır. İş materiallarında olan 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri “Tuq-zavod” ərazisində yerləşən tikinti materialları mağazasının (abonent kodu: **********8) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına 17 oktyabr 2019-cu il saat 1710 radələrində baxış keçirilmiş və baxış zamanı “obyektin daxilində yerləşən elektrik sayğacının alt qapaq möhürünün olmaması” halı aşkar edilmişdir. Baxış zamanı xətdən axan yük ampermaşa ilə ölçülmüşdür. Aktda “sayğacın elektron tipli sayğac ilə əvəz olunması və obyektin girişində quraşdırılması” tələb kimi qeyd edilmişdir (baxış zamanı istehlakçı İddiaçı iştirak etməmişdir və Akt “İstehlakçı” tərəfindən imzalanmamışdır). İş materiallarında olan istehlakçı İddiaçı (abonent kodu: **********8) aid Abunə haqqında Hesabata və digər sənədlərə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın 8.17-ci bəndinin tələblərinə əsasən istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına müdaxiləyə görə tərtib edilmiş 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Aktda qeyd olunan nöqsana görə, yəni “sayğacın alt qapaq möhürünün olmamasına” görə 125 gün müddətinə yenidən hesablama aparılmış və həmin hesabatla 1448,73 (min dörd yüz qırx səkkiz manat 73 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, İstehlakçının hesabına daxil edilmişdir (17,45 kvt x 12 saat x 125 gün – 10083 kvts = 16097 kvts x 0,09 manat = 1448,73 manat). İş materiallarına əsasən müəyyən olunur ki, 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Aktda qeyd olunan qüsura görə 125 gün üçün əlavə sərfiyyat hesablansa da, həmin Akt tərtib edilməmişdən əvvəl sonuncu dəfə 11 oktyabr 2019-cu il tarixində məlum elektrik sayğacının göstəriciləri oxunmuşdur. Lakin, həmin vaxt sayğacın alt qapaq möhürünün olmaması, cihazlarının qoşulma sxemlərinin pozulması və ya uçot cihazlarından kənar özbaşına yük qoşulması barədə hər hansı bir məlumat verilməmiş və yaxud, akt tərtib edilməmişdir. İş materiallarında olan, 22 fevral 2021-ci ildə çap edilmiş istehlakçı İddiaçı aid Abunə haqqında Hesabatla (abonent kodu **********8) müəyyən olunur ki, 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri “Tuq-zavod” ərazisində yerləşən tikinti materialları mağazasının hesabına 19 noyabr 2019-cu ildə birdəfəlik 1448,73 (min dörd yüz qırx səkkiz manat 73 qəpik) manat məbləğində borc hesablanmışdır. Lakin, həmin İstehlakçıya aid 21 may 2021-ci ildə çap edilmiş Abunə haqqında Hesabatla müəyyən olunur ki, 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri “Tuq-zavod” ərazisində yerləşən tikinti materialları mağazasına hesablanmış əlavə sərfiyyat məbləğindən 16 mart 2021-ci il tarixli Protokola əsasən 431,01 (dörd yüz otuz bir manat 01 qəpik) manat məbləğində borc silinmişdir. İş materiallarında olan Abunə haqqında Hesabatlara əsasən müəyyən olunur ki, 2015-2021-ci illər ərzində “İstehlakçı” tərəfindən istifadə edilən elektrik enerjisinin hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər aparılmışdır. Yəni, elektrik sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə elektrik sərfiyyatına görə ödənişlər aparılmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri “Tuq-zavod” ərazisində yerləşən istehlakçı İddiaçı məxsus tikinti materialları mağazasına quraşdırılmış elektrik hesabat sayğacına 17 oktyabr 2019-cu ildə baxış keçirilən zaman “mağazanın daxilində quraşdırılmış sayğacın alt qapaq möhürünün olmaması” nöqsanı aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Akta əsasən “xxxx” ASC tərəfindən İstehlakçıya 19 noyabr 2019-cu ildə 1448,73 manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanmışdır. Lakin, 16 mart 2021-ci il tarixli Protokola əsasən “xxxx” ASC tərəfindən həmin əlavə sərfiyyat məbləğinin 431,01 (dörd yüz otuz bir manat 01 qəpik) manat hissəsi silinmişdir. Bu halda isə müəyyən olunur ki, 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Akt üzrə mübahisələndirilən əlavə sərfiyyat məbləği iddia tələbində qeyd olunan “1611 manat məbləğində” və yaxud, 19 noyabr 2019-cu ildə aparılmış hesabatda qeyd olunan “1448,73 manat məbləğində” deyil, cəmi 1017,72 (min on yeddi manat 72 qəpik) manat məbləğindədir (1448,73 manat - 431,01 manat = 1017,72 manat). Bununla belə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 17 oktyabr 2019-cu ildə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri Yoxlamaların vahid məlumat Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir və dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Aktda qeyd olunan nöqsana görə yekun olaraq 1017,72 manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq olunmamışdır (həmin Akta görə 19 noyabr 2019-cu ildə aparılan hesabat əsasında əlavə sərfiyyatın məbləği 1448,73 manat miqdarında müəyyən edilmiş olsa da, 16 mart 2021-ci il tarixli Protokol əsasında həmin məbləğ 431,01 manat miqdarında azaldılmışdır). Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi cavabdeh “xxxx” ASC-nin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Akt əsasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri “Tuq-zavod” ərazisində yerləşən tikinti materialları mağazasına (abonent kodu: **********8) əlavə sərfiyyat olaraq hesablanmış 1017,72 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17 oktyabr 2019-cu il tarixli SQUN 000071 nömrəli Akt əsasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri “Tuq-zavod” ərazisində yerləşən tikinti materialları mağazasına (abonent kodu: **********8) əlavə sərfiyyat olaraq hesablanmış 1017,72 (min on yeddi manat 72 qəpik) manat məbləğində borc silinsin. Məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar