Məhkəmə qərarları › İş №e-2-2(119)-46/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-46/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-46/2024 29.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Firmasından təbii qazdan istifadəyə görə yaranmış 65599,38 (altmış beş min beş yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 sentyabr 2019-cu il tarixli, AMX- 6041/19 nömrəli müqavilə əsasında “Şəhriyar 99“ Firmasını təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə cavabdehin 01 dekabr 2022-ci il tarixə 65599,38 (altmış beş min beş yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə2 Əliəkbər oğlu 11 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi əsası ilə İddiaçı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 20 sentyabr 2019-cu il tarixli AMX-6041/19saylı müqavilə üzrə "xxxx" Firmasının 01 dekabr 2022-ci il tarixə 65599,38 manat borcu yarandığını iddia edir. İddiaçının 20 sentyabr 2019-cu il tarixli AMX-6041/19 saylı müqavilə üzrə mübahisələndirdiyi 65599,38 manat borcun 60022,27 manatı 14 aprel 2014-cü il tarixli 1097-04-14 saylı müqavilə üzrə hesablanmış qeyri-qanuni borcdur. Belə ki, iddaçı sayğacdan kənar olaraq 2019-cu il mart ayı üçün cavabdehə 31506 manat, 2019-cu il aprel ayı üçün isə 28515,83 manat qanunsuz borc hesablanmışdır. Bu fakt iddiaçının 16 avqust 2019-cu il tarixli bildirişində də öz əksini tapmışdır. Həmin borcun silinməsinə dair "xxxx" Firması İddiaçınə qarşı 2 saylı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və sonradan cavahdeh mübahisəni məhkəmədən kənar həll etməyi, yəni birtərəfli qaydada borcun silinməsini öhdəsinə götürdüyündən iddia ərizəsi baxılmamış saxlanılmışdır. 13 sentyabr 2019-cu il tarixindən bu günə kimi iddiaçı borcu mübahisələndirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, 29 mart 2019-cu il tarixli 000011 nömrəli akta əsasən hesablanmış 15558 manat borcun sayğacın düzgün işləməməsinə görə hesablandığını bildirmişdir. Uyğunsuzluq müəyyən edildiyi 15558 manat 2019-cü ilin aprel ayında borcdan çıxılmış, lakin həmin ay üçün sərfiyyat üzrə hesablanmış borca əlavə edilmiş və nəticə etibarı ilə borcdan çıxılmamışdır. 2017-ci ilin yanvar ayında qalıq və aktlar qrafasında qeyd olunmuş 5636,10 manat isə 2016-cı ilin dekabr ayından tarif fərqinə görə yaranmış borcla bağlıdır. Belə ki, 1 m3 qazın dəyəri 2016-cı ilin dekabr ayından 0,20 manatdan hesablanmışdır. Göstərici səhv işləndiyinə görə daxili yazışma əsasında sərf olunan qaz həcminin dəyəri yeni tarifə uyğun olaraq qalıq və aktlar bölməsinə yenidən işlənmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Firmasının nümayəndəsi Nümayəndə2 Əliəkbər oğlu iddianı qəbul etməyərək iddia müddətinin tətbiq olunması barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, mübahisələndirilən borc məbləği 2019-cu ilin birinci, ikinci rübünə aid olan borc məbləğidir. Həmin borc məbləğinin ödənilməsi ilə bağlı İddiaçı "xxxx" Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin sonradan həmin iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Bununla da iddiaçı tərəfin borcun ödənilməsinə marağı itmişdir. 16 avqust 2019-cu il tarixdə "xxxx" Firmasına ünvanlanmış məktubda borcun 60022,27 manat olduğu göstərilmişdir. Hazırkı iddia ərizəsində də həmin məbləğ tələb edilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Paylayıcı İddiaçı ilə istehlakçı "xxxx" Firması arasında bağlanmış 14 aprel 2014-cü il tarixli 1097-04-14 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusunda istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. - Paylayıcı İddiaçı ilə istehlakçı "xxxx" Firması arasında bağlanmış 20 sentyabr 2019cu il tarixli AMX 6041/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. - 29 fevral 2024-cü il tarixli abonentin saldosu ilə müəyyən olunur ki, "xxxx" Firmasına məxsus **********00200 nömrəli abonent hesabına 2014-cü ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək istifadə olunan təbii qaza görə sərfiyyat üzrə 1020632,05 manat, akt əsasında 2017-ci ilin yanvar ayında 5636,10 manat borc hesablanmış, həmin məbləğdən 962522,61 manat ödəniş edilmiş, nəticədə son borc 63745,54 manat qalmışdır (2019-cu ilin mart ayında akt əsasında 15558 manat borc hesablanmış, növbəti ay həmin məbləğ akt üzrə yazılmış borclar qrafasından silinmiş, lakin aprel ayı üzrə sərfiyat məbləğinə əlavə edilmişdir). - “Sayğacın arxiv məlumatlarının araşdırılması və itirilmiş qazın hesablanması haqqında” 29 mart 2019-cu il tarixli 000011 nömrəli aktdan (istehlakçının hesab kodu **********00200) göstərilir ki, G-1600 markalı 10516022 nömrəli sayğacın arxivinin araşdırılması nəticəsində pasport göstəricilərinə əsasən minimal həddən aşağı sərfiyyatda keçən qazın həcminin tam qeydə alınmadığı aşkar olunmuşdur. Arxivə əsasən Qmin (mexaniki) həddən aşağı sərfiyyata görə hesablamalar aparılmış, 01 oktyabr 2018-ci il tarixindən 27 mart 2019-cu il tarixinədək işləmə saatı 1222, faktiki qaz həcmi 74960 m3, Qmin-da müvafiq vaxtda qaz həcmi 152750 m3, müvafiq vaxtda Qmin-da və Qmin-dan aşağı sərfiyyatda hesablanan qaz həcminin fərqi 77790 m3 müəyyən edilmişdir. - “Sayğacın istismara yararlığı haqqında” 22 aprel 2019-cu il tarixli 29/1640-00844/1 nömrəli arayışdan görünür ki, G1600 markalı, 10519511 nömrəli nömrəli sayğacın yararlı olduğu müəyyən edilmişdir. - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 may 2019-cu il tarixli ******* və ******* nömrəli aktlardan görünür ki, G1600 markalı 10516022 nömrəli sayğac çıxarılaraq əvəzinə müvəqqəti olaraq G1600 markalı markalı 10519511 nömrəli sayğac quraşdırılmışdır. - “Sayğacın istismara yararlığı haqqında” 24 may 2019-cu il tarixli 29/1640-01180 nömrəli arayışdan görünür ki, G1600 markalı, 10516022 nömrəli sayğacın yararlı olduğu müəyyən edilmişdir. - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 27 may 2019-cu il tarixli ******* və ******* nömrəli aktlardan görünür ki, müvəqqəti quraşdırılmış G1600 markalı markalı 10519511 nömrəli müvəqqəti quraşdırılmış sayğac çıxarılmış, G1600 markalı 10516022 nömrəli sayğac yerinə quraşdırılmışdır. - “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktlarından görünür ki, "xxxx" Firmasının 30 aprel 2020-ci il tarixə 87092,62 manat, 30 iyun 2020-ci il tarixə 81000,45 manat, 30 iyun 2022-ci il tarixə 73409,06 manat məbləğində qalıq borcu müəyyən edilmişdir. - 23 yanvar 2019-cu il tarixli HX serialı, 039378 nömrəli elektron vergi hesabfakturasından görünür ki, "xxxx" Firmasına 2018-ci ilin dekabr ayı üzrə göstərilmiş xidmətlər üçün məbləğ 19308 manat müəyyən edilmişdir. - 18 fevral 2019-cu il tarixli HX serialı, 814801 nömrəli elektron vergi hesabfakturasından görünür ki, "xxxx" Firmasına 2019-cu ilin yanvar ayı üzrə göstərilmiş xidmətlər üçün məbləğ 15612 manat müəyyən edilmişdir. - 13 mart 2019-cu il tarixli HY serialı, 762619 nömrəli elektron vergi hesabfakturasından görünür ki, "xxxx" Firmasına 2019-cu ilin fevral ayı üzrə göstərilmiş xidmətlər üçün məbləğ 20080,80 manat müəyyən edilmişdir. - 22 aprel 2019-cu il tarixli İA serialı, 141415 nömrəli elektron vergi hesabfakturasından görünür ki, "xxxx" Firmasına 2019-cu ilin mart ayı üzrə göstərilmiş xidmətlər üçün məbləğ 41970 manat müəyyən edilmişdir. - 20 may 2019-cu il tarixli İB serialı, 188339 nömrəli elektron vergi hesabfakturasından görünür ki, "xxxx" Firmasına 2019-cu ilin aprel ayı üzrə göstərilmiş xidmətlər üçün məbləğ 54276,80 manat müəyyən edilmişdir. - 16 iyul 2019-cu il tarixli İD serialı, 325951 nömrəli elektron vergi hesab-fakturasından görünür ki, "xxxx" Firmasına 2019-cu ilin iyun ayı üzrə göstərilmiş xidmətlər üçün məbləğ 12796,40 manat müəyyən edilmişdir. - 14 avqust 2019-cu il tarixli İE serialı, 287403 nömrəli elektron vergi hesabfakturasından görünür ki, "xxxx" Firmasına 2019-cu ilin iyul ayı üzrə göstərilmiş xidmətlər üçün məbləğ 8867,40 manat müəyyən edilmişdir. - 01 mart 2019-cu il tarixli 206 nömrəli hesab fakturadan görünür ki, 28 fevral 2019-cu il tarixə "xxxx" Firmasının borcu 19011,34 manat müəyyən edilmişdir. - 08 aprel 2019-cu il tarixli 296 nömrəli hesab fakturadan görünür ki, 31 mart 2019-cu il tarixə "xxxx" Firmasının borcu 57918,17 manat müəyyən edilmişdir. - 01 iyul 2019-cu il tarixli hesab fakturadan görünür ki, 30 iyun 2019-cu il tarixə "xxxx" Firmasının borcu 95422,25 manat müəyyən edilmişdir. - 31 iyul 2019-cu il tarixli 196 nömrəli hesab fakturadan görünür ki, 31 iyul 2019-cu il tarixə "xxxx" Firmasının borcu 68889,65 manat borc müəyyən edilmişdir. - “Qaz təchizatının dayandırılması haqqında” 16 avqust 2019-cu il tarixli bildirişdən görünür ki, 60022 manat borc ödənilmədiyi üçün 20 avqust 2019-cu il tarixdə müəssisənin qaz təchizatının əlavə məlumat verilmədən dayandırılacağı barədə "xxxx" firmasına xəbərdarlıq edilmişdir. - İddiaçı X1 satılan qaza nəzarət şöbəsinin rəisi Malik Muradzadə tərəfindən İddiaçı Baş direktorun satış və istismar üzrə müavini cənab Ruslan Əliyevə ünvanlanmış “Hesabatda düzəliş olunması barədə” xx.xx.2017-ci il tarixli Xidməti məlumat məktubunda qeyd olunmuşdur ki, Birliyin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Bakı RQSD-nin Abşeron xidmət sahəsinin ərazisində fəaliyyət göstərən "xxxx" Firmasının G- 1600 markalı 10516022 №-li qaz sayğacına xx.xx.2016-cı il tarixində baxış keçirilən zaman faktiki sayğac göstəricilərinin abonentin hesab koduna (**********00200) işlənmiş göstəricilərlə uzlaşmaması aşkar edilmişdir. Belə ki, Bakı RQSD-nin mütəxəssisləri tərəfindən sayğac göstəriciləri artıq yazılaraq xx.xx.2016-cı ildə abonentin hesab koduna mexaniki 316558 m3, elektron 680568 m3 işlənmişdir. Sayğacın yaddaş arxivi araşdırılan zaman müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixi saat 24:00-da elektron göstərici 624207 m3 olmuşdur, bu da hesab kodunda (abonentin saldosunda) elektron göstəricinin 56361 (əlli altı min üç yüz altmış bir) m3 artıq yazılmasına (yüklənməsinə) səbəb yaratmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə qeyriəhali istehlakçı qrupu üzrə təbii qazın dəyəri 01 dekabr 2016-cı il tarixindən etibarən hər min kubmetr üçün 200 (iki yüz) manat səviyyəsində təsdiq edildiyini nəzərə alaraq 2016-cı ilin noyabr ayında artıq yazılmış (yüklənmiş) 56361 (əlli altı min üç yüz altmış bir) m3 qaz həcminin yeni tarifə əsasən faktiki dəyəri 11272,2 (on bir min iki yüz yetmiş iki manat iyirmi qəpik) manat olduğu halda, saldoda 5636,1 (beş min altı yüz otuz altı manat on qəpik) manat məbləğində qiymətləndirilmişdir ki, bu da öz növbəsində qazın faktiki dəyərdən 5636,1 (beş min altı yüz otuz altı manat on qəpik) manat azdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə məktubda 5636,1 (beş min altı yüz otuz altı manat on qəpik) manat dəyərində əlavə 28180,5 m3 qaz həcminin abonentin saldosunun akt hissəsində işlənməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ilə cavabdeh "xxxx" Firması arasında qazın alqı-satqısından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı cavabdeh "xxxx" Firmasının öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi əsası ilə "xxxx" Firmasına məxsus **********00200 nömrəli abonent hesabı üzrə istifadə olunan təbii qaza görə yaranmış 65599,38 (altmış beş min beş yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində 65599,38 (altmış beş min beş yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat borcun tutulması xahiş olunsa da, məhkəməyə təqdim olunmuş 29 fevral 2024-cü il tarixli abonentin saldosunda "xxxx" Firmasının həmin tarixə 63745,54 manat borcu olduğu göstərilir. Həmin borcun 42551,44 (qırx iki min beş yüz əlli bir manat qırx dörd qəpik) manatın istifadə olunmuş təbii qaza görə sayğac göstəriciləri əsasında, 21194,10 (iyirmi bir min yüz doxsan dörd manat on qəpik) manatın isə müvafiq aktlar əsasında hesablandığı görünür. Abonent saldosunda qalıq və aktlar qrafasında qeyd olunmuş 21194,10 (iyirmi bir min yüz doxsan dörd manat on qəpik) manat borcla bağlı bir sıra məqamları məhkəmə qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən abonent saldosuna 2017-ci ilin yanvar ayında qalıq və aktlar qrafasında qeyd edilmiş 5636,10 manat məbləğində borcla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan İddiaçı X1 satılan qaza nəzarət şöbəsinin rəisi Malik Muradzadə tərəfindən İddiaçı Baş direktorun satış və istismar üzrə müavini cənab Ruslan Əliyevə ünvanlanmış “Hesabatda düzəliş olunması barədə” xx.xx.2017-ci il tarixli Xidməti məlumat məktubdan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, qaz sayğacına 12 dekabr 2016-cı il tarixində baxış keçirilən zaman faktiki sayğac göstəricilərinin abonentin hesab koduna işlənmiş göstəricilərlə uzlaşmaması aşkar edilmiş və uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə 5636,1 (beş min altı yüz otuz altı manat on qəpik) manat dəyərində əlavə 28180,5 m3 qaz həcmi abonentin saldosunun akt hissəsində işlənmişdir. Həmin borc məbləği ilə bağlı məhkəmə qeyd edir ki, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əməkdaşları tərəfindən cavabdeh "xxxx" Firmasına baxış keçirilərək 29 mart 2019-cu il tarixli 000011 nömrəli akt tərtib edilmiş, həmin akta əsasən "xxxx" Firmasına məxsus **********00200 nömrəli abonent hesabına 15558 (on beş min beş yüz əlli səkkiz) manat məbləğində borc hesablanmış, lakin iddiaçı tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İş materiallarında olan abonentin saldosunda 2019-cu ilin mart ayında akt əsasında hesablanmış 15558 (on beş min beş yüz əlli səkkiz) manat borcun növbəti ay akt üzrə yazılmış borclar qrafasından silinməsi qeyd edilsə də, abonentin saldosu və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat əsasında müəyyən olunmuşdur ki, 15558 (on beş min beş yüz əlli səkkiz) manat borc məbləği aprel ayı üzrə sərfiyyat məbləğinə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh “Şəhriyar 99“ Firmasından sayğac göstəricilərinə əsasən istifadə olunan təbii qaza görə yaranmış 42551,44 (qırx iki min beş yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X2 ödənilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 27 fevral 2023-cü il tarixli MŞB/16-00225 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” arayışdan görünür ki, cavabdeh “Şəhriyar 99“ Firmasının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş və mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı “X3 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Cavabdeh “Şəhriyar 99“ Firması tərəfindən məhkəməyə təqdim olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən həmin ərizənin əsaslılığı və hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh “Şəhriyar 99“ Firmasından təbii qazdan istifadəyə görə yaranmış 42551,44 (qırx iki min beş yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 42951,44 (qırx iki min doqquz yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 217,65 (iki yüz on yeddi manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu da cavabdeh “Şəhriyar 99“ Firmasından dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Şəhriyar 99“ Firmasından təbii qazdan istifadəyə görə yaranmış 42551,44 (qırx iki min beş yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 42951,44 (qırx iki min doqquz yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “Şəhriyar 99“ Firmasından dövlət nəfinə 217,65 (iki yüz on yeddi manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar