Məhkəmə qərarları › İş №e-2-2(119)-460/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-460/2022

28.06.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-460/2022 28.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş Vergilər İdarəsi tərəfindən sadələşdirilmiş icraat qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 aprel 2020-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna ödənilməyən 5094,03 (beş min doxsan dörd manat 03 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfi” ünvanında yerləşən “icarə obyekti” adlı təsərrüfat subyektində **********1 saylı Protokolla rəsmiləşdirilmiş daşınmaz əmlak olmaqla, ümumilikdə 990400 (doqquz yüz doxsan min dörd yüz) manat dəyərində olan siyahıya alınmış əmlakın satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş Vergilər İdarəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, hüquqi ünvanı ünvan 2cisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 04 aprel 2022-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5094,03 (beş min doxsan dörd manat 03 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus əmlakın satılması üçün siyahıya alınması barədə 04 aprel 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin Qərar əsasında həmin vergi ödəyicisinin ödənilməmiş yuxarıda qeyd olunan borcuna görə daşınmaz əmlakı siyahıya alınmış və bu barədə 21 fevral 2020ci il tarixli **********1 nömrəli Protokol, akt və digər sənədlər tərtib edilmişdir. Həmin sənədlər əsasında vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfi” ünvanında yerləşən “icarə obyekti” adlı təsərrüfat subyektində 21 fevral 2020-ci il tarixli **********1 nömrəli Protokolla rəsmiləşdirilmiş 990400 (doqquz yüz doxsan min dörd yüz) manat dəyərində daşınmaz əmlak siyahıya alınmışdır. Lakin, iddiaçı iddia tələbində 5094,03 (beş min doxsan dörd manat 03 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 990400 (doqquz yüz doxsan min dörd yüz) manat dəyərində daşınmaz əmlakın satılmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı ödənilməsi tələb olunan “5094,03 (beş min doxsan dörd manat 03 qəpik) manat” məbləğində borca görə vergi ödəyicisinin əsas istehsal və fəaliyyəti ilə əlaqədar olan 990400 (doqquz yüz doxsan min dörd yüz) manat dəyərində daşınmaz əmlakın satılmalı olmasının zəruriliyi müəyyən edilmədi. Halbuki, vergi ödəyicisinin yaranmış olan cəmi “5094,03 manat” məbləğində borcunun ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan digər üsul və təsir tədbirlərindən də istifadə etmək mümkündür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması barədə vergi orqanının müraciətlərinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş Vergilər İdarəsi tərəfindən sadələşdirilmiş icraat qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi, yəni “04 aprel 2020-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna ödənilməyən 5094,03 (beş min doxsan dörd manat 03 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfi” ünvanında yerləşən “icarə obyekti” adlı təsərrüfat subyektində **********1 saylı Protokolla rəsmiləşdirilmiş daşınmaz əmlak olmaqla, ümumilikdə 990400 (doqquz yüz doxsan min dörd yüz) manat dəyərində olan siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-230, 227, 233, 284-1 – 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş Vergilər İdarəsi tərəfindən sadələşdirilmiş icraat qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar