Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-468/2025 14.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 aprel 2023-cü il tarixli S1005/23 nömrəli təchizat müqaviləsi üzrə 909,65 (doqquz yüz doqquz manat, altmış beş qəpik) manat məbləğində əsas borc, 1263,5 (min iki yüz altmış üç manat, əlli qəpik) manat məbləğində dəbbə pulu və 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2215,15 (iki min iki yüz on beş manat, on beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 28 aprel 2023-cü il tarixli S1005/23 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh elektron qaimə-fakturalara əsasən ƏDV daxil olmaqla hesablanmış 909,65 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq iddiaçıya ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının qanuni təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, texniki səhvlik olduğuna görə müştərinin adı bir çox sənədlərdə Şəkər Həsənov kimi qeyd edilmişdir. İş materiallarında mövcud olan təhviltəslim aktı ilə malların cavabdehə təhvil verildiyini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsi həqiqətə uyğun deyildir. Cavabdehlə müqavilə bağlanması üçün sənədlərini şirkətə təqdim etmiş və malların da çıxışına görə avans almışdır. İddiaçı təşkilat heç vaxt müqaviləyə görə avans verməmişdir, bu halda saysız müqavilə mövcud olardı və sui-istifadəyə gətirib çıxara bilərdi. Ola bilər ki, malların bir qismi sonra geri qaytarılmışdır. Halbuki cavabdeh, ümumiyyətlə iddiaçıdan mal almadığını, hər hansı obyektinin olmadığını bildirmişdir. Görünür ki, cavabdeh müvafiq malları hər hansı başqa yerə yerləşdimiş, geri qalan malları da qaytarmamış və ya əvəzini ödəməmişdir. İddiaçının qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçınn nümayəndəsi məhkəmənin 12 mart 2025-ci il tarixində keçirilmiş iclasında bildirmişdir ki, cavabdehlə müqavilə bağlayan şəxs iddiaçı təşkilatın keçmiş satış təmsilçisi Şahid olmuşdur və həmin şəxsin məhkəmə iclasında şahid kimi dindirilməsi məqsədəmüvafiqdir. Məhkəmənin 24 fevral 2025-ci il, 12 mart 2025-ci il və 09 aprel 2025-ci il tarixlərində keçirilmiş iclaslarında iştirak etmiş cavabdeh izahatlarında iddianı qəbul etmədiyini, iddiaçı təşkilatdan hər hər hansı mal təhvil almadığını, “Mübariz” və “Ozan” adlı kafelərlə əlaqəsinin olmadığını, təhvil-təslim aktlarını imzalamadığını, mövcud imzaların da ona məxsus olmadığını, alqı-satqı müqaviləsində olan imzanın isə onun imzasına oxşar olduğun bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan 28 aprel 2023-cü il tarixli S1005/23 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh) mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan Əlavələrdə əks olunur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malların satışı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə Əlavələr və onun ayrılmaz hissəsi olan spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, mallar satıcı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski alıcının üzərinə düşür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, mallara mülkiyyət hüququ tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən mallar üzrə qaimə sənədlərinin imzaladığı andan satıcıdan alıcıya keçir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, tərəflər razılığa gəldilər ki, malların qəbulu və təhvil-təslimi zamanı keyfiyyətə dair heç bir pretenziya olmadığı təqdirdə, qaimələrin imzalanması malların keyfiyyətinə əsasdır və malların təhvil-təslimi üzrə sənədlər imzalandıqdan sonra onun keyfiyyəti ilə bağlı pretenziya qəbul olunmur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-sindən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı satıcıya təqdim etməyi öhdəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan mallar olduğu halda belə satıcı qarşısında mallar üçün tam tam ödəniş öhdəliyi yaradır. Bununla belə, təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı satıcı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0,3 faiz dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə penya hesablanır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarında olan iddiaçının möhürü və nümayəndəsinin imzası ilə təsdiqlənmiş 02 avqust 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında Cavabdeh 909,65 manat məbləğində borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan iddiaçının möhürü və nümayəndəsinin imzası ilə təsdiqlənmiş 02 dekabr 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında Cavabdeh 909,65 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Həmin üzləşmə aktına cavabdeh 18 dekabr 2024-cü il tarixdə “Göstərilən borcla razı deyiləm. Mənim məlumatım yoxdu, sizlə heç əlaqəm olmayıb. Çox xahiş edirəm, bunu ciddi şəkildə araşdırın, məni narahat etdiyinizə görə şəxsən özüm də bu məsələni araşdıracağam” məzmunlu qeydlər etmişdir. İş materiallarında olan iddiaçının möhürü və nümayəndəsinin imzası ilə təsdiqlənmiş 21 fevral 2025-ci il tarixli qarşılıqlı üzləşmə aktında Cavabdeh 909,65 manat məbləğində borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli 0000-000166 nömrəli malların təhvilqəbul aktında 483,72 manat, 04 sentyabr 2023-cü il tarixli 0000-000531 nömrəli malların təhvil-qəbul aktında 331,09 manat, 25 sentyabr 2023-cü il tarixli 0000-000717 nömrəli malların təhvil-qəbul aktında 737,38 manat və 25 sentyabr 2023-cü il tarixli 0000-000716 nömrəli malların təhvil-qəbul aktında 2670 manat dəyərində malların təhvil verildiyi qeyd edilmişdir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli 413439 nömrəli və 29 sentyabr 2023cü il tarixli 430427 nömrəli kassa mədaxil orderlərinin “Kimdən” qrafasının qarşısında “Şəkər Həsənov” qeyd edilmiş, yalnız iddiaçı təşkilatın möhürünün və “Kassir” qrafasının qarşısında imzanın olduğu həmin sənədlərə əsasən, cəmi 385 manat məbləğində ödəniş həyata keçirildiyi müəyyən edilir. İş materiallarına 07 avqust 2023-cü il tarixli EBDL seriyalı 481496 nömrəli, 12 sentyabr 2023-cü il tarixli EBDO seriyalı 129880 nömrəli, 26 iyul 2023-cü il tarixli EBDK seriyalı 742706 nömrəli, 10 iyul 2023-cü il tarixli EBDJ seriyalı 561684 nömrəli, 08 iyun 2023-cü il tarixli EBDH seriyalı 462129 nömrəli və 01 iyun 2023-cü il tarixli EBDG seriyalı 868774 nömrəli elektron qaimə-fakturalar əlavə edilmişdir. İş materiallarına “Kimə” qrafasında Mubariz Kafe ("Hesenov Seker") qeyd edilən 06 iyun 2023-cü il tarixli 0000-004785 nömrəli, 24 iyul 2023-cü il tarixli 0000-006153 nömrəli və 06 sentyabr 2023-cü il tarixli 0000-007043 nömrəli, həmçinin “Kimə” qrafasında Ozan Restorani (Necefov Seker) qeyd edilən 30 may 2023-cü il tarixli 0000-004600 nömrəli və 31 iyul 2023-cü il tarixli 0000-006343 nömrəli qaimə-fakturalar əlavə edilmişdir. İş materiallarında olan 19 dekabr 2024-cü il tarixli 46/24 nömrəli maliyyə arayışından görünür ki, 28 aprel 2023-cü il tarixli S1005/23 nömrəli alqı-satqı müqaviləsi üzrə yazılan qaimələrin məbləği 5986,84 manat, ödənilən məbləğ (qaytarılan malların dəyəri) 5077,19 manat məbləğində təşkil edir və 19 dekabr 2024-cü il tarixə cavabdehin “Mübariz Kafe” iaşə obyekti üzrə iddiaçıya 2173,15 manat məbləğində qalıq borcu vardır. İş materiallarına, həmçinin satış üçün təqdim olunan malların geri qaytarılması aktları əlavə edilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 2023-cü ilin aprel ayında iddiaçı təşkilatda satış təmsilçisi vəzifəsində işləmişdir. Cavabdeh başqa şirkətdə işləyəndən bəri tanıyır. O, cavabdehə iddiaçı təşkilatda işləyərkən deyil, başqa şirkətdə - X1 işləyərkən mal vermişdir. O, iddiaçı təşkilatda işlədiyi vaxt şirkətdə belə bir tendensiya mövcud idi ki, daha çox müqavilə gətirən şəxsə avans verilirdi. Buna görə də ola bilər ki, cavabdehlə müqavilə bağlanılmış, lakin ona mal verilməmişdir. İddiaçı şirkətdə işlədiyi müddətdə Ozan adlı obyektə mal vermiş, lakin geri qaytarma da edilmişdir. Mübariz adlı obyektə isə işlədiyi müddət ərzində mal verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 28 aprel 2023cü il tarixli S1005/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 909,65 manat məbləğində əsas borc, 1263,5 manat məbləğində dəbbə pulu və 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2215,15 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı alqı-satqı müqaviləsinin predmeti olan malların cavabdehə təhvil verilməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış 28 aprel 2023-cü il tarixli S1005/23 nömrəli alqısatqı müqaviləsinin 2.4-cü bəndinə əsasən, malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski alıcının üzərinə düşür. Yəni tərəflər müqavilə ilə malların mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi anını “malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı an” olaraq razılaşdırmışlar. Müqavilənin istinad edilən bəndini və digər sübutları məcmu halda qiymətləndirərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini təsdiq edən sənədlər kimi iş materiallarına əlavə edilmiş təhvil-qəbul aktları və cavabdehin 909,65 manat məbləğində borcu olduğu qeyd edilən 02 avqust 2024-cü il tarixli, 02 dekabr 2024cü il tarixli və 21 fevral 2025-ci il tarixli qarşılıqlı üzləşmə aktları hazırkı mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, təhvil-qəbul aktları və qarşılıqlı üzləşmə aktları cavabdeh tərəfindən imzalanmamış, həmçinin 02 dekabr 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına cavabdeh etiraz edərək 18 dekabr 2024-cü il tarixdə “Göstərilən borcla razı deyiləm. Mənim məlumatım yoxdu, sizlə heç əlaqəm olmayıb. Çox xahiş edirəm, bunu ciddi şəkildə araşdırın, məni narahat etdiyinizə görə şəxsən özüm də bu məsələni araşdıracam.” məzmunlu qeydlər etmişdir. Bundan başqa, iddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş vaxtilə həmin təşkilatda satış təmsilçisi vəzifəsində çalışmış Şahid ifadəsində ididaçı təşkilatda işlədiyi dövrdə cavabdehə hər hansı mal vermədiyini bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-468/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-468/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver