Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-48/2022 22.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Vahid oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Sumqayıt şəhəri 47-ci məhəllədə yerləşən ümumi sahəsi 25 m2 olan “Panarama” kafesinə elektrik sayğacına görə tərtib olunmuş 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Akt əsasında hesablanmış 789,84 (yeddi yüz səksən doqquz manat 84 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin 47-ci məhəlləsində yerləşən, ümumi sahəsi 25 m2 olan “Panarama kafesi” adlanan iaşə obyekti, yəni çay evi 14 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən onun istifadəsindədir. Həmin icarə müqaviləsi onunla obyektin sahibi Etibar İsmayılov arasında bağlanmışdır. İaşə obyektinə dair **********00030 nömrəli abonent kodu X1 adına qeydiyyata alınmışdır. Həmin obyekti işlətdiyi vaxtdan kommunal ödənişlərlə bağlı heç bir problem yaranmamışdır. 19 iyun 2021-ci il tarixdə isə "xxxx" ASCnin işçiləri iaşə obyektinə gələrək 19.06.2021-ci il tarixli 009760 № li akt tərtib etmişlər. Həmin aktda obyektə məxsus sayğac sxemdən kənarlaşdırılaraq elektrik enerjisindən istifadə olunması və sayğaca giriş “0” xətti şəbəkədən açılması, kənar mənbədən götürülən “0” xətti vasitəsi ilə sayğacın sxemdən kənarlaşdırlması qeyd edilmişdir. Bunun nəticəsi olaraq da, həmin akt əsasında sayğaca görə çay evinin hesabına 789,84 manat məbləğində borc yazılmışdır. Qeyd etmək lazımdır ki, ölkə ərazisində baş verən pandemiya ilə əlaqədar olaraq bir müddət obyektin fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən də 230 manat məbləğində elektrik borcu yaranmışdır. 2020-ci ilin yanvar ayında cavabdeh təşkilatın əməkdaşları tərfindən obyektə gələn enerji kəsilmişdir. Buna görə də o, elə həmin gün 230 manat məbləğində borcu ödəyib, çeki cavabdehin əmədaşlarına təqdim etdikdən sonra onların tərəfindən obyektə gələn elektrik naqilləri birləşdirilmişdir. O, bu sahədə məlumatlı olmadığına görə elektrik xətlərinin düz və ya səhv bağlandığına diqqət etməmişdir. Bir neçə ay sonra akt tərtib olunmuşdur. Halbuki, nə iddiaçı tərəfindən, nə də onun işçiləri tərəfindən sayğac və elektik xətlərinə heç bir müdaxilə olunmamışdır. Belə ki, sayğac obyektdən 100-200 metr aralıda yerləşir, həmçinin sayğacın yerləşdiyi yerdə elektrik naqilləri toplum şəkildə bir-birinə dolaşmışdır. Hansı obyektə hansı naqilin aid olmasını mümkün etmək belə olmur. Yaranmış bu borc qanunsuz və əsassız hesab edilməlidir. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin işinə səhlənkar yanaşması iddiaçının hüquqlarını tapdalayır və bu borc reallığı əks etdirmir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkan olmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 19 iyun 2021-ci ildə İddiaçı icarə əsasında işlətdiyi kafenin enerji təchizatı ilə əlaqədar uçot dəstinə baxış keçirən zaman obyektdə sayğacın sxemdən kənarlaşdırılaraq elektrik enerjisindən istifadə olunması halı aşkar edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) 8.17-ci bəndinin tələblərinin pozulması haqqında 19.06.2021-ci il tarixli 009760 nömrəli akt tərtib edilmişdir. Aktın tərtibatı zamanı həmçinin xətdən axan yük ampermaşa ilə ölçülmüşdür. Bu zaman faktiki olaraq xətdən 2 kv yük axmasına baxmayaraq, sayğacın qeydə aldığı yük 0 kv olmuşdur. Bütün bu faktlar aktda öz əksini tapmış, iddiaçı isə aktı imzalayaraq qeyd olunan faktların doğruluğunu təsdiqləmişdir. EEİQ-nın 7.15-ci bəndinə əsasən hesablaşma elektrik sayğaclarının örtük qutularında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin plombu olmalıdır. Enerjitəchizatı müəssisəsilə istehlakçı arasında hesablaşma elektrik sayğacının sıxaclar kolodkasının qapağında, onu qidalandıran cərəyan və gərginlik transformatorlarının ayrıcılarının intiqallarında, həmçinin uçot cihazına qoşulan naqillərin yığma sığaclarında enerjitəchizatı müəssisəsinin plombu olmalıdır. İtirilmiş elektrik enerjisinin bərpasının məqsədi enerji haqlarının yığımının 100%-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqların icrası ilə əlaqədar olmuşdur. Qeyd olunanlardan əlavə məhkəmənin nəzərinə çatdırılır ki, tərtib edilmiş Akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 761,40 (yeddi yüz altımış bir manat 40 qəpik) manat məbləğində hesablaşma aparılmışdır. Yuxarıda sadalananlara əsasən iddiaçının “EEİQ”-nin tələblərinin açıq aşkar pozduğunu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq, iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, hüquqdan sui-istifadə hesab edilməlidir və həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və istifadəsində olan Sumqayıt şəhəri 47-ci məhəllədə yerləşən ümumi sahəsi 25 m2 olan “Panarama” kafesi adlanan çay evinə elektrik sayğacına görə tərtib olunmuş 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Akt əsasında hesablanmış 789,84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Vahid oğlu suallara cavab olaraq bildirdi ki, 009760 nömrəli Akt 19 iyun 2021-ci ildə yazılmışdır. Həmin Aktı tərtib edənlər "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşları olmuşlar. Həmin sayğaca keçirilən və 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Aktın tərtib edilməsi ilə nəticələnən yoxlama reyestrdə qeydiyyata alınmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, İddiaçı 14 aprel 2021-ci il tarixli İcarə Müqaviləsinə əsasən icarəyəverən X2 məxsus Sumqayıt şəhərinin 47-ci məhəlləsində yerləşən və ümumi sahəsi 25 kv.metr olan sahibkarlıq obyektindən - “Panarama” kafesi adlanan çay evindən icarə əsasında istifadə və sahiblik edir. Enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) icarə müqaviləsi əsasında qanuni istifadəsində olan Sumqayıt şəhəri 47-ci məhəllədə yerləşən sahibkarlıq obyekti (“çay evi”) (abonent kodu: **********4) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır. Eyni zamanda, bununla əlaqədar enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə abonent (icarəçi) İddiaçı arasında 21 may 2020-ci il tarixli 111370 nömrəli “Elektrik enerjisinin alqı-satqısına dair” Müqavilə bağlanmışdır. İş materiallarında olan 19 iyun 2021-ci il tarixli NDQ № 009760 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan Sumqayıt şəhəri 47-ci məhəllədə yerləşən sahibkarlıq obyektinin (“çay evi”nin) (abonent kodu: **********4) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına saat 1300-da baxış keçirilmiş və baxışla əlaqədar tərtib olunan həmin Aktda “Sayğac sxemdən kənarlaşdırlaraq elektrik enerjisindən istifadə olunur. Belə ki, sayğaca giriş “0” xətti şəbəkədən açılmışdır, kənar mənbədən götürülən “0” xətti vasitəsi ilə sayğacın sxemdən kənarlaşdırılmışdır. Xətdən axan yük ölçülmüşdür: Pfak=2 kvt, Psay.= 0 kvt.” qeydi aparılmışdır. İş materiallarında olan istehlakçı İddiaçı istifadəsində olan çay evinə (abonent kodu: **********4) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı istifadəsində olan Sumqayıt şəhərinin 47-ci məhəlləsində yerləşən sahibkarlıq obyektinin (“çay evi”nin) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “faktiki olaraq xətdən 2 kv yük axmasına baxmayaraq, sayğacın qeydə aldığı yük 0 kv olması” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq 365 gün üçün yenidən hesablama aparılmış və həmin hesabatla 761,40 (yeddi yüz altmış bir manat 40 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi istehlakçı İddiaçı hesabına daxil edilmişdir. Yəni, 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Akta əsasən istehlakçı İddiaçı istifadəsində olan Sumqayıt şəhəri 47-ci məhəllədə yerləşən “çay evi”nin hesabına 22 iyun 2021-ci ildə iddia tələbində qeyd olunan “789,84 (yeddi yüz səksən doqquz manat 84 qəpik) manat məbləğində” deyil, birdəfəlik 761,40 (yeddi yüz altmış bir manat 40 qəpik) manat məbləğində borc hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri 47ci məhəllədə yerləşən “çay evi”nə (abonent kodu **********4) quraşdırılmış elektrik hesabat sayğacına 19 iyun 2021-ci ildə baxış keçirilən zaman “faktiki olaraq xətdən 2 kv yük axmasına baxmayaraq sayğacın qeydə aldığı yük 0 kv olması” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Akta əsasən istehlakçıya 761,40 manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Lakin, 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 761,40 manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 19 iyun 2021-ci ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X3 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X3 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X3 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Aktda qeyd olunan nöqsana görə 761,40 manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icarə müqaviləsi əsasında İddiaçı (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri 47ci məhəllədə yerləşən sahibkarlıq obyektinə (“çay evi”nə) (abonent kodu: **********4) əlavə sərfiyyat olaraq hesablanmış 761,40 (yeddi yüz altmış bir manat 40 qəpik) manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 40 (qırx) manat məbləğində xidmət haqqı və eyni zamanda, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu və mediasiya ilə əlaqədar mediatora ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 iyun 2021-ci il tarixli 009760 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icarə müqaviləsi əsasında İddiaçı (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri 47-ci məhəllədə yerləşən sahibkarlıq obyektinə (“çay evi”nə) (abonent kodu: **********4) əlavə sərfiyyat olaraq hesablanmış 761,40 (yeddi yüz altmış bir manat 40 qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqı və məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-48/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-48/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver