Məhkəmə qərarları › İş №e-2-2(119)-49/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-49/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-49/2021 01.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı "İddiaçı" İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İlk iddia üzrə iddiaçı "İddiaçı" İB-nin ilk iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı" İB-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AMX-5781/19 №-li müqavilə əsasında “xxxx” MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Lakin, tərəflər arasında bağlanmış qazın alğı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, həmin bəndə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə, cavabdehin İddiaçı İB-nə xx.xx.2020-ci il tarixə 237.227,30 (iki yüz otuz yeddi min iki yüz iyirmi yeddi manat, otuz qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli məktubla pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq heç bir cavab alınmamışdır. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən cavabdeh “xxxx” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 237.227,30 (iki yüz otuz yeddi min iki yüz iyirmi yeddi manat, otuz qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq, İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iş üzrə cavabdeh “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" İB tərəfindən “xxxx” MMC-yə artıq hesablanmış 241.236,90 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən Məhkəmənin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-49/2021 №-li qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, “xxxx” MMC ilə barışıq sazişi bağlanıb. Lakin qarşı tərəf sazişin şərtlərinə əməl etməyərək, hələ də borcunu ödəməyib. Bu borc sayğac göstəricisinə əsasən yazılmış borcdur və ödənilməlidir. Qarşı tərəf barışıq sazişini imzalamaqla, "İddiaçı" İB-nin iddia ərizəsində qeyd olunan 237.227,30 manat məbləğdə borcunu etiraf edib. Lakin saziş müddəti bitdiyinə və 7-ci bəndində göstərildiyi kimi məhkəmə tərəfindən təsdiq olunmadığına görə qüvvəyə minməyib. Sonda o, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh “xxxx” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilk iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "İddiaçı” İB ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX-5781/19 №-li “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” haqqında müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan abonentin saldosundan görünür ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixə İddiaçı İB-yə 237.227,30 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin direktoru Q.M.Balayev ilkin iddia üzrə isə iddiaçıya təbii qazdan istifadəyə görə yaranmış 237.227,30 manat məbləğdə borcu qəbul etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 766/2020 №-li iş üzrə qarşılıqlı iddia tələbindən imtina etməyi və həmin borcun 2.625,20 manat hissəsini saziş imzalananadək, qalan 234.602,10 manat hissəsini isə 4 ay müddətinə hər ayın 20-dək, ayda 58.650,53 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin sazişin 7-ci bəndinə görə saziş məhkəmə tərəfindən təsdiq olunduğu vaxtdan qüvvəyə minir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh “xxxx” MMCdən 237.227,30 manat məbləğində borcunun ödənilməsi iddiaçı tərəfindən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, "İddiaçı" İB-nin istehlakçı ilə arasında bağlanmış müqaviləyə əsasən “xxxx” MMC-yə məxsus obyekt (istixana) təbii qazla təchiz olunmuşdur. Müqavilə üzrə “xxxx” MMC-nin "İddiaçı" İB-yə 237.227,30 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında mübahisənin həlli ilə bağlı barışıq sazişi imzalanmış, ilk iddia üzrə cavabdeh “xxxx” MMC-nin direktoru "İddiaçı" İB-yə 237.227,30 manat məbləğdə borcu olduğunu etiraf etmiş, qarşılıqlı iddia tələbindən imtina etməyi və həmin borcun bir hissəsini saziş imzalananadək, qalan hissəsini isə 4 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh sazişin şərtlərinə əməl etməmiş və "İddiaçı" İB-yə olan borcunu ödəməmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, “xxxx” MMC-dən 237.227,30 manat məbləğində pul tutularaq "İddiaçı" İBnin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı "İddiaçı" İB-nin ilk iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 237.227,30 manat məbləğində pul tutularaq, İddiaçı İBnin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) hesabına ödənilsin. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehə aid edilsin. İlk iddia üzrə cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, ilk iddia üzrə iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar