Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-504/2020 29.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə Şirzahid oğlunun, cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə qeyri-qanuni hesablanmış 11219,26 manat borc və 2019,47 manat borcun ƏDV-si olmaqla, ümumilikdə 13238,73 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Sumqayıt şəhərinin Sumqayıt stansiyası ərazisində qida məhsullarının istehsalı (dəyirman) ilə məşğul olur və elektrik enerjisindən qanunvericiliyin tələblərinə uyğun olaraq sayğac vasitəsilə istifadə edir. xx xxxx 2020-ci ildə cavabdeh təşkilatın Şimal RETS idarəsinin işçiləri müəssisənin ərazisinə gəlib, orada yerləşən yüksək gərginlikli tranformatora və sayğaca baxış keçirərək, xx.xx.2020-ci il tarixli R 031369 saylı akt tərtib etmişlər. Həmin Aktda qeyd olunur ki, elektrik sayğacına baxış keçirilən zaman EEİQ-nın 9.21-ci bəndi pozulduğu müəyyən edilmişdir. Belə ki, kondensatr qurğusu quraşdırılmadığı üçün göstərici – 0,62, Pfak-393 kvt, Psay= 268 kvt. EEİQ-na uyğun olaraq yenidən hesablama aparılsın və obyektə kondensator qurğusu quraşdırılsın. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci maddəsi müəyyən edir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.21-ci maddəsi müəyyən edir ki, İstehlakçının təqsirindən enerjitəchizatı müəssisəsi ilə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsi hallarında istehlakçı onun qidalandığı elektrik qurğusuna hesablaşma dövründə buraxılmış elektrik enerjisinin keyfiyyəti aşağı düşmüş hissəsinin dəyərinin 25 faizi miqdarında enerjitəchizatı müəssisəsinə ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən enerjitəchizatı müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.) istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Lakin, Cavabdeh təşkilat qanunverciliyin bu tələbinin İddiaçıya hansı qaydada tətbiq olunmasını izah etməmiş və aktdan sonra dərhal ********* nömrəli hesab ödəniş qaiməsini göndərərək 11219,26 manat cərimə və 2019,47 manat həmin cəriməyə hesablanmış ƏDV müəyyən edərək, ümumilikdə iddiaçıdan istehlak olunmamış elektrik enerjisinə görə 13238,73 manat pul tələb edir. İddiaçı Cavabdehin bu tələbini qanunsuz və əsassız hesab edir. Çünki, yüksək gərginlikli elektrik enerjisi üç tərəfli razılaşdırılmış qaydada dəmiryol xəttindən götürülür və müəssisənin ərazisində yerləşən transformatora daxil olur. Müəssisənin hesabat eletkrik sayğacı da transformatorun yerləşdiyi binada qoyulmuşdur. Tranformatora yüksək gərginliklik xətt daxil olduğundan transformator binasına yalnız cavabdeh təşkilatın icazəsi əsasında mütəxəsislər daxil ola bilərlər. İddiaçının həmin binaya daxil olmağına hər hansı bir icazəsi yoxdur. Bu baxımdan transformatorlardan çıxan gərginlik xəttinə kondensatrın qoyulması iddiaçı tərəfindən deyil, cavabdeh təşkilat və yaxud, onların razılığı əsasında podratçı təşkilat tərəfindən qoyulmalı idi. İddiaçının həmin xəttə kondensatrın qoyulub-qoyulmaması barədə məlumatı olmamışdır. EEİQ-nın 9.1-ci maddəsi müəyyən edir ki, İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin maddəyə əsasən, keyfiyyətli enerji təminatı haqqında X1 Agentliyinin nümayəndələrinin tələbnaməsi olmalı, tələbnamədə göstərilmiş hallar aradan qaldırılmadıqda itirilmiş enerjinin bərpası həyata keçirilməli idi. Həmin Qaydaların 10.7-ci maddəsi müəyyən edir ki, enerjitəchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur. Həmin Qaydaların 10.9-cu maddəsi müəyyən edir ki, enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Həmin Qaydaların 10.11-ci maddəsi müəyyən edir ki, enerjitəchizatı müəssisəsinin təqsirindən istehlakçıya aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxıldıqda, enerjitəchizatı müəssisəsi, buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinin dəyərinin 25 faizi məbləğində istehlakçıya ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.12-ci maddəsi müəyyən edir ki, elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisi ilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri enerjitəchizatı müəssisəsinin, X1 Agentliyinin, istehlakçının, yaxud dövlət elektroenergetika müəssisəsinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir. Qanunvericiliyin bu tələblərindən görünür ki, keyfiyyətli enerjinin verilməsi və buna nəzarətin keçirilməsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun akt tərtib etməmişdir. Həmin Aktı cavabdeh təşkilatın iştirakı ilə X2 Agentliyi tərtib etməli idi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunverciliyin bu tələbləri də cavabdeh təşkilat tərəfindən kobud surətdə pozulmuşdur. Ümumiyyətlə inhisarçı təşkilatlar hesab edirlər ki, qanunvericiliyin tələbləri onlara aid deyil. Onlar sahibkarla bağlı istənilən hərəkətlərə yol verə bilərlər. Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə iddiaçıya məxsus obyektə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman EEİQ-nın 9.21-ci bəndinin pozulduğu, kondensator qurğusu quraşdırılmadığı üçün Cos f-nin 0,62 həddə olduğu aşkar edilmişdir. Qeyd olunan faktlarla əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra EEİQ) pozulması haqqında xx.xx.2020-ci il tarixli R 031369 saylı akt tərtib edilmişdir. Akt iddiaçının nümayəndəsi Faiq Əhmədovun iştirakı ilə tərtib edilmiş, lakin o, aktı imzalamaqdan imtina etmişdir. Bu barədə aktda müvafiq qeydlər aparılmışdır. EEİQ-nın 9.21-ci bəndinə əsasən istehlakçının təqsirindən enerjitəchizatı müəssisəsi ilə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsi hallarında istehlakçı onun qidalandığı elektrik qurğusuna hesablaşma dövründə buraxılmış elektrik enerjisinin keyfiyyəti aşağı düşmüş hissəsinin dəyərinin 25 faizi miqdarında enerjitəchizatı müəssisəsinə ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən enerjitəchizatı müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Kondensator müxtəlif elektron qurğularında lazım olan elektrik yüklərini və uyğun enerji tutumlarının əldə edilməsi üçün tətbiq olunan qurğudur. Kondensator passiv elektron qurğusudur. Adətən, həmin qurğu lövhə şəklində olan iki elektroddan və onların arasında qalınlığı elektroda nisbətətən kiçik olan dielektrikdən ibarətdir. Boş olan kondensatoru elektrik şəbəkəsinə qoşduqda elektrodun biri müsbət, digəri isə mənfi yüklənir. Kondensator şəbəkədən ayrıldıqda elektrik yükü qalır. Onu başqa cərəyansız naqilə birləşdirdikdə isə kondensator boşalır. Yaddaşda olan yükün miqdarı elektrodlar arasındakı gərginliklə mütənasibdir. Bu mütənasiblik sabiti kondensatorun gücü adlanır. Güc artdıqca kondensator daha çox elektrik yükü saxlaya bilir. İddiaçı MMC-də cos f-nin həddi 0,92 müəyyən edilmişdir. İstehlakçı isə kondensator qurğusunu quraşdırmadığı üçün cos f 0,62 həddə enmişdir ki, bu halda reaktiv enerjinin çoxalmasına, enerji itkisinə və aktiv enerjinin keyfiyyətinin aşağı düşməsinə yol verilir. EEİQ-nin 9.22-ci bəndinə əsasən elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisi ilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti «Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər»ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri enerjitəchizatı müəssisəsinin, istehlakçının və «Dövlət Enerjinəzarət» İdarəsinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir. Həmin Qaydaların 10.13-cü bəndinə əsasən istehlakçı reaktiv gücün optimal göstəricilərinə, o cümlədən reaktiv gücün kompensasiya qurğularının iş rejimlərinə əməl etmədiyi, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricisini aşdığı, enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı və ya qəza vəziyyəti ilə əlaqədar tətbiq edilən məhdudiyyət və birbaşa açılma qrafiklərinə əməl etmədiyi hallarda, enerjitəchizatı müəssisəsi istehlakçı qarşısında buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinə və ya bununla əlaqədər dəymiş ziyana görə maddi məsuliyyət daşımır. Həmçinin EEİQ-nin 10.14-cü bəndinə əsasən istehlakçının təqsirindən enerjitəchizatı müəssisəsinin başqa istehlakçılarına aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxıldıqda, təqsirkar istehlakçı buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinə və ya bununla əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında sonuncunun başqa istehlakçılara ödədiyi ödəniş dəyərində maddi məsuliyyət daşıyır. Qeyd olunanlar nəzərə alınsa, iddiaçının iddia tələbinin qanunauyğun olmadığı bir daha öz təsdiqini tapır. Yuxarıda sadalananlara əsasən iddiaçının “EEİQ”-nin tələblərinin açıq aşkar pozduğunu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq, iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Eləcə də, iddiaçı iddia ərizəsində yoxlamanın vahid məlumat resterində qeydə alınmadığını əsas göstərərək, aktın bu əsasla ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar bildirilir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və EEİQ-na riayət olunub-olunmaması vəziyyətinə baxış keçirmişdir. Həmçinin, “xxxxxxxx” ASC-nə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə və sayğaca hər-hansı kənar müdaxilənin olunub-olunmamasına nəzarət etmək - yoxlama hesab olunmamalıdır. Həmçinin, iddiaçıya qarşı EEİQ-nin pozulması ilə tərtib edilmiş aktın məğzi - itirilmiş elektrik enerjisinin müəyyən edilməsi və enerji keyfiyyətinin artırılmasından ibarətdir. Qeyd olunanlarla yanaşı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. “xxxxxxxx” ASC isə yoxlayıcı orqan hesab olunmadığına görə, iddiaçının həmin qanuna, həmin maddəyə əsaslanaraq “tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış borcun silinməsi” barədə iddiası təmin olunmamalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə qeyri-qanuni hesablanmış 11219,26 manat borc və 2019,47 manat borcun ƏDV-si olmaqla, ümumilikdə 13238,73 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, əsassız olduğu üçün İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş hazırkı iddia ərizəsində mübahisələndirilərək silinməsi tələb olunan “11219,26 manat borc və 2019,47 manat borcun ƏDV-si olmaqla, ümumilikdə 13238,73 manat borc” cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli R 031369 nömrəli Akta (həmin Aktda müəyyən edilmiş qüsurlara görə) əsasən hesablanmış əlavə sərfiyyatla bağlı (ƏDV daxil) borcdur. Həmin Aktın məzmunu ilə müəyyən olunur ki, xx xxxx 2020-ci ildə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən İstehlakçı - abonent kodu **********9 olan və məlum Aktda “fiziki şəxs Hüseynov N” kimi göstərilmiş Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin elektrik təchizatının vəziyyəti yoxlanılmış və həmin yoxlama zamanı aşkar edilmiş qüsurlar qeyd olunmuşdur. Həmin xx xxxx 2020-ci il tarixli R 031369 nömrəli Aktda qeyd olunan qüsurlara görə əlavə sərfiyyatın hesablanması ilə əlaqədar tərtib edilmiş Hesabat sənədində də Abonentin (İstehlakçının) adı “fiziki şəxs Hüseynov N” və abonent kodu **********9 göstərilməklə hazırkı iddia tələbində “silinməsi tələb olunan cəmi 13238,73 manat məbləğində (ƏDV daxil)” borc hesablanmışdır. İş materiallarında olan “xxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli ********* nömrəli Hesab Ödəniş Vərəqindən görünür ki, xx xxxx 2020-ci il tarixli R 031369 nömrəli Akta əsasən hesablanmış 11219,26 manat məbləğində sərfiyyat üzrə borc və həmin borca hesablanmış 2019,47 manat məbləğində X4maqla, cəmi 13238,73 manat məbləğində borcun xx xxxx 2020-ci il tarixinədək ödənilməsi istehlakçı olaraq abonent kodu **********9 olan fiziki şəxs Əli Həsənovdan tələb edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxxxxxx 2007-ci ildən **********9 nömrəli abunə kodu ilə istahlakçı (abonent) olaraq fiziki şəxs Əli Həsənov qeydiyyata alınaraq, istehlakçı Əli Həsənova məxsus Sumqayıt şəhərinin Sumqayıt stansiyası ərazisində yerləşən qeyri-yaşayış sahəsi təchizatçı “xxxxxxxx” ASC tərəfindən elektrik enerjisi ilə təchiz olunur və xx xxxx 2020-ci il tarixli R 031369 nömrəli Akta əsasən hesablanmış cəmi 13238,73 manat məbləğində borc da xx xxxx 2020-ci ildə abonent (istehlakçı) olaraq fiziki şəxs Əli Həsənovun abunə hesabına daxil edilmişdir. Göründüyü kimi, yuxarıda təsvir olunan sənədlərlə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən hazırkı iddia ərizəsi üzrə mübahisələndirilən “xx xxxx 2020-ci il tarixli R 031369 nömrəli Akta əsasən hesablanmış cəmi 13238,73 manat məbləğində borc” istehlakçı (abonent) olaraq fiziki şəxs Əli Həsənova hesablanmış borcdur və eyni zamanda, həmin borcun ödənilməsi də iddiaçıdan, yəni İddiaçı MMC-dən deyil, məlum elektrik təchizatı üzrə istehlakçı (abonent) olaraq fiziki şəxs Əli Həsənovdan tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə mübahisələndirilən və silinməsi tələb olunan borc məbləği iddiaçı «İddiaçı” MMC-yə deyil, abonent olaraq fiziki şəxs Əli Həsənova hesablanmış borcdur və cavabdeh “xxxxxxxx” ASC tərəfindən ödənilməsi tələb olunan həmin borc məbləği İddiaçı MMC-nin hüquq və öhdəlikləri ilə əlaqədar deyildir. Yəni, hazırkı iddia ərizəsi ilə mübahisələndirilərək, silinməsi tələb olunan borc məbləği «İddiaçı” MMC-yə hesablanmamışdır. Buna görə də, məhkəmə araşdırması zamanı iddiaçı «İddiaçı” MMC-nin nümayəndəsinə Mülki- Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə hüququ izah edilərək müvafiq təklif verilsə də, iddiaçının nümayəndəsi bu hüquqdan istifadə etməmiş və hazırkı mübahisəyə İddiaçı iştirakı ilə baxılmalı olmasını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı «İddiaçı” MMC cavabdeh “xxxxxxxx” ASC tərəfindən xx xxxx 2020-ci il tarixli R 031369 nömrəli Akta əsasən hesablanmış “11219,26 manat məbləğində sərfiyyat üzrə borc və həmin borca hesablanmış 2019,47 manat məbləğində ƏDV olmaqla, cəmi 13238,73 manat məbləğində borcun silinməsi” üzrə verilmiş tələblə əlaqədar müvafiq subyektiv hüquqa, yəni mübahisəli borc məbləğinin silinməsini tələb etmək hüququna malik şəxs (subyekt) kimi qəbul edilə bilməz. İddiaçının vermiş olduğu tələb üzrə subyektiv hüququ mövcud olmadığı halda, tələbin tam və yaxud qismən təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların yaradılması nəticəsini doğura bilər. Ona görə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən cavabdeh “xxxxxxxx” ASC-nə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “xxxxxxxx” ASC-nə qarşı “borcun silinməsi” barədə iddia tələbi, yəni “cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə qeyri-qanuni hesablanmış 11219,26 manat borc və 2019,47 manat borcun ƏDV-si olmaqla, ümumilikdə 13238,73 manat borcun silinməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-504/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-504/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver