Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-54/2020 12.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli 006696 saylı akta əsasən İddiaçınə əsassız olaraq hesablanmış 14826,24 manat cərimənin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz rayonu Yergüc kəndində yerləşən soyuducu anbarını işıqla təmin etmək üçün işıq sayğacı quraşdırılmış və bununla bağlı müvafiq müqavilə bağlanılmışdır. Cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu ildə Xaçmaz rayonu Yergüc kəndində yerləşən İddiaçı MMC-nin soyuducu anbarlarında qanunsuz olaraq yoxlama aparılmış və yoxlama nəticəsində xx xxxxxx 2019-cu il tarixli 006696 saylı akt tərtib edilmişdir. Aktda sayğacın elektrik enerjisini düzgün qeyd etmədiyi, gərginliklərin düzgün işləməməsi qeyd olunmuş və həmin Akta əsasən İddiaçı MMC-yə 14,826.24 AZN məbləğində cərimə hesablanmışdır. Birincisi, həmin yoxlama qanunsuz olaraq keçirilmişdir. Çünki, müvafiq qanunvericiliyə əsasən yoxlama keçirilməsi üçün reyestrdə qeydiyyat aparılmamışdır. Bundan başqa, "xxxx" ASC X5 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən həmin baxış keçirilərkən qayda pozuntusu deyil, texniki uyğunsuzluq aşkar edilmişdir. Soyuducu anbarın işlədiyi dövrdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən vaxtaşırı elektrik cihazları olan sahədə yoxlamalar keçirilmişdir. Bu yoxlamaların heç birində sayğacla əlaqədar təklif və irad bildirilməmişdir. Akt tərtib olunarkən sayğacın transformatorlarına və digər bağlantılarına iddiaçının əməkdaşları tərəfindən baxılması mümkün olmamışdır. Yüksək gərginlik altında bir neçə insanın sərbəst işləməsi qeyrimümkündür və iddiaçının əməkdaşı fərqli peşə sahibi olduğundan, həmin Akta qeyri-ixtiyari olaraq qol çəkmişdir. Akt tərtib olunduqdan sonra sayğacın transformatorlarının dəyişdirilməsi cavabdehin əməkdaşları tərəfindən təklif olunmuşdur. Bu təkliflə əlaqədar zəruri ehtiyat hissələri iddiaçının hesabına əldə olunmuş və "xxxx" ASC əməkdaşları tərəfindən quraşdırılaraq, yoxlanılmış və plomblanmışdır. İddiaçı tərəfin "xxxx" ASC X5 Nəzarət İdarəsinə xx xxxxxx 2019-cu il tarixli şifahi müraciəti əsasında yeni quraşdırılmadan sonra sərfiyyatı ölçmək üçün sayğacdan sərfiyyat götürülmüş və "xxxx" ASC tərəfindən xx xxxxxx 2019-cu ildə götürülən sərfiyyatla fərqləndirilmişdir. Sayğacın 4 günlük sərfiyyat rejimi iddiaçının əməkdaşları tərəfindən izlənilərək çıxarılan nəticəyə əsasən məlum olur ki, iddiaçıya aid sayğacın sərfiyyat rejimi əvvəlki haldakı sərfiyyat rejimindən heç də fərqlənmir. Bunu nəzərə alaraq, açılan sayğac transformatorları yoxlanılmaq üçün "xxxx" ASC-nin gərginlik transformatorları laboratoriyada sınaqdan keçirilmiş və sınaq nəticəsində mütəxəssislər transformatorların hər üçünün normal rejimdə işlədiyini müəyyən edərək, rəsmi olaraq protokollaşdırmışlar. 6 illik təhlil cədvəli də "xxxx" ASC X5 Nəzarət İdarəsinə təqdim edilmişdir. Çünki, qeydiyyatsız sərfiyyatı üzə çıxarmaqdan ötrü çoxillik sərfiyyat rəqəmlərini ilbəil bir-biri ilə müqayisə etmək daha məqsədəuyğundur. xx xxxxxx 2019-cu il tarixli 006696 saylı akta əsasən hesablanmış cərimənin silinməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən “yoxlamaların vahid məlumat” reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İş materiallarında olan və nəticəsi mübahisələndirilən Aktdan görünür ki, cavabdeh məlum yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş və cavabdeh tərəfindən aparılan yoxlama “yoxlamaların vahid məlumat” reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu ildə iddiaçıya məxsus soyuducu anbara quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman sayğacın “C” fazasında gərginliyin olmaması, “A” və “B” fazalarında isə gərginliyin nominaldan kiçik olması, bu səbəbdən elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi halı aşkar edilmişdir. Bununla əlaqədar xətdən axan yük ampermaşa ilə ölçülmüş və elektrik hesabat sayğacının naqildən keçən yükü düzgün qeyd etməməsi təsdiqlənmişdir. Yəni, faktiki xətdən axan yükün 219 kvt olmasına baxmayaraq (Pfaktiki=219 kvt), sayğacın qeydə aldığı yük 106 kvt (Psayğac=106kvt) olmuş və ölçmə zamanı sayğacın 51% xəta ilə işləməsi halı bir daha təsdiqlənmişdir. Qeyd olunan faktlarla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra - EEİQ) pozulması haqqında xx xxxxxx 2019-cu il tarixli NDQ 006696 saylı akt tərtib edilmişdir. Həmin Akt iddiaçının nümayəndəsi Alovşah Abdulmanafovun iştirakı ilə tərtib edilmiş və o, aktı imzalayaraq aşkar olunmuş halları təsdiqləmişdir. EEİQ-nin 8.16-cı bəndinə əsasən istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Eyni zamanda, iddiaçının xx xxxxxx 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə 11826,18 manat məbləğində borcu yaranmışdır. İddiaçı isə iddia ərizəsində 14826,24 manat borcu olduğunu qeyd edərək, həmin məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin onun faktiki borcuna hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Yuxarıda sadalananlara əsasən iddiaçının EEİQ-nin tələblərini açıq-aşkar pozduğu, onun öz vəzifələrini yerinə yetirməyərək, hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsi - məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin, iddiaçı iddia ərizəsində yoxlamanın vahid məlumat reyesterində qeydə alınmadığını əsas göstərərək, aktın bu əsasla ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsada, cavabdehin apardığı yoxlama onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış və cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və EEİQ-nə riayət olunub-olunmaması vəziyyətinə baxış keçirmişdir. Həmçinin, “xxxx” ASC-nə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə, sayğaca hər-hansı kənar müdaxilənin olunub - olunmamasına nəzarət etmək - yoxlama hesab olunmamalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Hazırkı halda “xxxx” ASC yoxlayıcı orqan hesab olunmadığına görə iddiaçının həmin Qanuna əsaslanaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış borcun silinməsi barədə iddiası təmin olunmamalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçındə aparılan yoxlama qanunsuz olmuşdur. Çünki, müvafiq qanunvericilik aktlarına əsasən yoxlamalar keçirilərsə, bu yoxlamalar müəyyən müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır. Cavabdeh “xxxx” ASCnin əməkdaşları isə transformatoru yoxlayarkən heç bir açıqlama verməmişlər. Yəni, nə üçün belə bir yoxlama keçirdikləri barədə izahat təqdim etməmişlər. Həmçinin, transformator yüksək gərginlikli olduğu üçün ona hər hansı müdaxilədən söhbət gedə bilməz. Məhkəməyə təqdim edilmiş təhlillər barədə sənəddən də göründüyü kimi sərfiyyatlar arasında demək olar ki, heç bir fərqlənmə yoxdur. Bu da təsdiq edir ki, sayğaca müdaxilə olunması qeyri-mümkündür. Yoxlamanın nəticəsi kimi tərtib edilən protokolda da hər hansı müdaxilənin olmasına dair qeyd olmamışdır. Ona görə də, xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli akta əsasən İddiaçınə əsassız olaraq hesablanmış 14826,24 manat cərimənin silinməsi öhdəliyinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş etirazda yazılanlara uyğun izahat verərək göstərdi ki, cavabdehin əməkdaşlarının elektrik sayğacına keçirdikləri baxış iddiaçının obyektinə olan maliyyə-təsərrüfat və sahibkarlıq sahəsinə olan araşdırılma ilə bağlı olmamışdır. Həmin baxış zamanı iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisi uçotu və elektrik enerjisindən istifadə qaydalarına riayət olunub-olunmamasına dair vəziyyət yoxlanılmışdır. “xxxx” ASC-yə məxsus nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə, sayğaca hərhansı kənar müdaxilənin olunub-olunmamasına nəzarət etmək - yoxlama hesab olunmamalıdır. Cavabdehin işçiləri hər ay mənzillərin və ya digər obyektlərin sayğaclarına baxış keçirir, sayğacların göstəricilərini oxuyub, aylıq sərfiyyatları barədə abonentlərə bildiriş təqdim edirlər. Bu fəaliyyət yoxlama kimi qəbul olunsa, onda gərək həmin aylıq bildirişlər ləğv olunsun ki, bu yoxlamalar reyestrdə qeydiyyatdan keçirilməyib. Cavabdeh “xxxx” ASC yoxlayıcı orqan deyil və sadəcə enerji təchizatı müəssisəsidir. Bundan əlavə, xx xxxxxx 2019-cu ildə “xxxx” ASC tərəfindən iddiaçının obyektində olan elektrik hesabat sayğacına baxış keçirilən zaman elektrik hesabat sayğacında “C” fazasında gərginliyin olmaması, “A” və “B” fazalarında isə gərginliyin nominaldan kiçik olması və bu səbəbdən də elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi halı aşkar edilmişdir. Xətdən axan elektrik enerjisi ölçülərkən elektrik hesabat sayğacının naqildən keçən yükü düzgün qeyd etməməsi təsdiq olunmuşdur. Belə ki, xətdən axan yük 219 kvt olmasına baxmayaraq, sayğacın qeydə aldığı yük 106 kvt olmuşdur. Bununla da, ölçmə zamanı sayğacın 51 % xəta ilə işləməsi halı təsdiqlənmiş və iddiaçının nümayəndəsi Alovşah Abdulmanafovun özü də iştirakı ilə tərtib olunan həmin Aktı imzalayaraq, aşkar olunan halı təsdiq etmişdir. Həmin Aktla bağlı hesablaşma isə sadəcə itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə olmuşdur və məlum Akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə aparılan hesablama tamamilə düzgündür. Buna görə də, xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli akta əsasən hesablanmış 14826,24 manat borcun silinməsinə dair iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlu suallara cavab olaraq bildirdi ki, iddiaçıya aid sayğac 10000 voltluq transformatorun daxilində quraşdırılmışdır. Aktda qeyd olunan qüsur yerindəcə müəyyən olunmuşdur. Qüsur sayğacın fazalarındadır və həmin qüsura görə naqillərdə olan problemə görə sayğac axan yükü tam həcmdə qeydə almayıb. Həmin qüsura görə də sayğac istifadə olunan elektrik enerjisinin 49%-ni hesablamışdır. Həmin qüsurlar adi gözlə görülən qüsurlar deyil və onlar yalnız cavabdehin mütəxəssisləri tərəfindən aşkar oluna bilər. Nəzarətçi hər ay iddiaçıya məxsus obyektə gedərək baxış keçirir və sayğac göstəricilərini qeyd edir. Lakin, nəzarətçinin qüsurları aşkar etmək kimi vəzifə təlimatı yoxdur. Bunun üçün “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən 5-6 aydan bir sayğaclara baxış keçirilir. xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli akta əsasən 14826,24 manat məbləğində borc xx xxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019cu ilə qədər olan müddətə hesablanmışdır. Həmin dövr ərzində sərfiyyatda ara-sıra azalmalar müşahidə olunmuşdur. Həmin qüsur müdaxilədən deyil, həddən artıq yüklənmədən yarana bilər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahid ifadələrini dinləyib, iddia ərizəsini, iddia tələbinə etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, İddiaçı icraçı direktorudur. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 2019-cu ilin noyabr ayında ona transformatorun işləməməsini bildirərək, transformatorun yerləşdiyi yerə dəvət edib, transformatora baxış keçirərək akt tərtib etmişlər. Həmin vaxt ona transformatorda çat olduğunu və bir fazasının qeydə almadığını bildirmişlər. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 bildirdi ki, o, İddiaçı icarəyə götürmüşdür və onların “xxxx” ASC ilə heç vaxt problemləri olmamışdır. Məlum yoxlamadan 1-2 ay əvvəl transformatorda paslanmış hissələri rəngləmək qərarına gəlsə də, həmin transformator yüksək gərginlikli avadanlıq olduğu üçün buna icazə verilməmişdi. 2019-cu ilin noyabr ayında “xxxx” ASC-nin nümayəndələri sayğacı yoxlamağa gəldikdən sonra hesab təqdim ediləndə, bununla razılaşmamış və beş illik işıq sərfiyyatının çıxarışını alandan sonra sərfiyyatda fərqin olmadığını başa düşmüşdü. Çünki, elə zaman kəsiyi olub ki, bir ay ərzində müəssisədə kompressorlar işlək olmayıb və elektrikdən yalnız ətrafı işıqlandırmaqdan ötrü istifadə olunubdur. Onlara transformatorların yandığını bildirdikdən sonra həmin avadanlıqları “xxxx” ASC-nin Labaratoriyasında yoxlatdırmış və həmin yoxlama zamanı nəticə etibarı ilə ona transformatorların üçünün də işlək vəziyyətdə olduqlarını bildirmişlər. Məhkəmə iclasında şahid X1 cavab olaraq bildirdi ki, sayğacın transformatorları dəyişdirildikdən sonra sərfiyyatda artım olmamışdır. Sayğac və transformatorlar dəmir qutunun içindədir, qutunun açarı isə cavabdeh tərəfin işçilərində olur və onlar transfarmatorları yoxlamaya 6 aydan bir gəlirlər. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X6 aparıcı mühəndis vəzifəsində işləyir. xx xxxxxx 2019-cu ildə Xaçmaz rayonunun Yergüc kəndində soyuducu anbar kimi fəaliyyət göstərən İddiaçınə məxsus obyektdə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman sərf olunan elektrik enerjisinin düzgün qeydə alınmadığı aşkar edilmişdir. Elektrik sayğacı yüksək gərginliklə quraşdırıldığından ölçü transformatorları vasitəsi ilə şəbəkəyə qoşulur və ölçü transformatorları ölçü cihazların həddini artırır, yüksək gərginlikdən məsafəni saxlayır. Elektrik sayğacın həcmi isə kiçik olur və bunun nəticəsində əmsal alınır. Sayğacın yazdığı kvt 1000 əmsalına vurulur. Ölçü transformatorları da iki cür olur: cərəyan transformatorları və gərginlik transformatorları. Cərəyan transformatorları qidalandırıcı xəttə ardıcıl qoşulur. Gərginlik transformatorları şəbəkəyə qoruyucu vasitə ilə qoşulur. Bu qoruyuculardan hər hansısa biri sıradan çıxdıqda, cərəyan transformatorların çıxış gərginliyində olur və xətt gərginliyi 100 kvt təşkil edir. Həmin baxış zamanı məlum olmuşdu ki, C fazasında gərginlik olmadığından gərginlik 58 kvt yox, 48 kvt-a düşmüşdür. Bu səbəbdən də sayğac sərf olunan elektrik enerjisini düzgün qeydə almamışdır. Faktiki xətdən axan elektrik yükü 219 kvt olmasına baxmayaraq, sayğacın qeydə aldığı yük 106 kvt olmuşdur. Buna görə də, xx xxxxxx 2019-cu il tarixli qüsur aktı tərtib edilmişdir. Məhkəmə iclasında şahid X3 cavab olaraq bildirdi ki, sayğac və transformator iddiaçıya məxsus obyektin daxilindədir və onlar sadəcə xəttin üstündəki şəbəkələri yoxlayırlar. Məlum yoxlama zamanı transformatorun C fazasında gərginlik olmadığı müəyyən olunmuşdu. Səbəb isə qoruyucunun birinin yanması olmuşdur. Akt tərtib olunan zaman sayğacın ekranı göstərirdi. Sayğacın qutusunu ancaq elektrik aça bilər. İstehlakçı qoruyucunun yandığını bilməyə də bilərdi. Akt tərtib olunan zaman transformator aparılmamışdır. Gərginlik qismən itmişdir və sayğac az hesabat aparmışdır. Kənar qoşulma olmamışdır və istehlakçı sərfiyyatın azalmasını hiss edə bilərdi. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə “abonent” İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 005414 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsinə əsasən sonuncunun Xaçmaz rayonunun Yergüc kəndində yerləşən qeyri-yaşayış sahəsi elektrik enerjisi ilə təchiz edilmiş və həmin ünvana **********4 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli aktdan görünür ki, Xaçmaz rayonunun Yergüc kəndində yerləşən istehlakçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus soyuducu anbara quraşdırılmış elektrik hesabat sayğacına “paylayıcı” «xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu ildə baxış keçirilərkən sayğacın quraşdırıldığı transformatorun “C” fazasında gərginliyin olmaması, “A” və “B” fazalarında isə gərginliyin nominaldan kiçik olması, bu səbəbdən də elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi halı aşkar edilmişdir. Yəni, faktiki xətdən axan yükün 219 kvt olmasına (Pfaktiki=219 kvt) baxmayaraq, sayğacın qeydə aldığı yük 106 kvt (Psayğac=106kvt) olmuş və sayğacın 51,5 % xəta ilə işləməsi halı müəyyən edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçınə (abonent kodu: **********4) aid Abunə haqqında Məlumata və digər sənədlərə əsasən müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli akta əsasən istehlakçı İddiaçınə 14826,24 (on dörd min səkkiz yüz iyirmi altı manat 24 qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin İzolyasiya Test və Kabel Xidmətinin xx xxxxxx 2019-cu il tarixli 5683 saylı bir fazalı gərginlik transformatorun sınağına dair protokolundan görünür ki, soyuducu anbarın gərginlik transformatorları sınaqdan keçirilmiş, onların transformasiya əmsalının pasport göstəricilərinə uyğun olması və sınağın nəticələrinin norma daxilində olması müəyyən edilmişdir. Yalnız 120044 və 120052 nömrəli gərginlik transformatorında mexaniki zədələnmə (çat) olduğundan dəyişməsi tövsiyə olunmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Xaçmaz rayonunun Yergüc kəndində yerləşən istehlakçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus soyuducu anbara quraşdırılmış elektrik hesabat sayğacına xx xxxxxx 2019-cu ildə baxış keçirilən zaman sayğacın quraşdırıldığı transformatorun “C” fazasında gərginliyin olmaması, “A” və “B” fazalarında isə gərginliyin nominaldan kiçik olması, bu səbəbdən də elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi halı aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli akta əsasən istehlakçıya 14826,24 manat məbləğində borc hesablanmışdır. Lakin, həmin transformator kənar şəxslərin müdaxilə etməsini aradan qaldıran müvafiq qaydada quraşdırılmış və onun mütəmadi olaraq yoxlanılması və nəzarət edilməsi cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərinin səlahiyyətində olmuşdur. Eyni zamanda, sayğaca və həmin transormatora hər hansı bir kənar müdaxilənin olması halı müəyyən olunmamış və məlum Aktda qeyd olunan “C” fazasında gərginliyin olmaması iddiaçının iradəsindən asılı olmayan texniki səbəblərə görə yaranmışdır. Hətta, həmin transformatorun qoşulmuş olduğu elektrik hesabat sayğacı da işlək vəziyyətdə olmuş və elektrik sərfiyyatının qeydiyyatını aparmışdır. Lakin, araşdırma zamanı sərfiyyatda olan fərqlərin məlum Aktda qeyd olunan məhz həmin qüsura görə və yaxud, soyuducu anbarların fasilələrlə təyinatı üzrə istifadə olunmamasına görə yaranması müəyyən edilməmişdir. Cavabdehin nümyəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən istehlak edilən elektrik enerjisinin sərfiyyatında fərqlərin olmasına istinad etsə də, iddiaçı tərəf bu fərqin soyuducu anbarın mövsümü işləməsi ilə izah etmişdir. Bununla belə, cavabdeh tərəf həmin fərqin soyuducu anbarların fasilələrlə təyinatı üzrə istifadə olunmamasına görə deyil, məhz məlum Aktda qeyd olunan qüsura görə yaranmasını sübuta yetirə bilməmişdir. Eyni zamanda, məhkəmə iclasında cavabdehin nümayəndəsi xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli akta əsasən müəyyən olunmuş qüsura görə 14826,24 manat məbləğində borcun “xx xxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək olan müddətə” hesablandığını bildirmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, elektrik hesabat sayğacının qoşulduğu məlum transformatorun texniki vəziyyətinin nəzarətdə saxlanması və yoxlanılması cavabdeh «xxxx” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərinin müstəsna səlahiyyətində olduğuna görə, həmin mütəxəssislər tərəfindən vaxtında aşkar olunmayan hər hansı bir qüsura görə istehlakçıya bir neçə ayı əhatə edən dövrə (təxminən 7 aya) görə əlavə sərfiyyatın hesablanmasının əsaslılığı və qanuniliyi sonuncu tərəfindən sübut edilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli 006696 №-li Akt əsasında iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 14826,24 manat məbləğində borcun hesablanmasının əsaslılığı sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli Akt əsasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə (abonent kodu: **********4) hesablanmış 14826,24 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli Akt əsasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə (abonent kodu: **********4) hesablanmış 14826,24 (on dörd min səkkiz yüz iyirmi altı manat 24 qəpik) manat məbləğində borc silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-54/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-54/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver