Məhkəmə qərarları › İş №e-2-2(119)-542/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-542/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-542/2020 15.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Firmasının qanuni təmsilçisi Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Cəfərova Günay Fizuli qızının iştirakı ilə, İddiaçı Firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən su sayğacı quraşdırılması müqaviləsinin qanunsuz sayılması və qanunsuz hesablanmış 3097 manat məbləğində borcun silinməsi, qeyri-qanuni alınmış pula görə Su-Kanal İdarəsi əməkdaşının məsuliyyətə cəlb edilməsi, ona verilmiş 500 manat və bu vaxta qədər ödənilmiş 546 manat məbləğində pulun geri qaytarılması və ya həmin pulların digər artıq ödənişlər, su ödəniş kartına, onun təmiri və ya təzələnməsi üçün ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Firmasının qanuni təmsilçisi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhəri ərazisində qanuni təmsilçisi olduğu hüquqi şəxs İddiaçı Firmasına məxsus sahibkarlıq obyekti var və həmin sahibkarlıq obyekti kafedən və çoxlu meyvə ağacları olan torpaq sahəsindən ibarətdir. Kafedə, yəni yeməkxanada su təchizatı ilə bağlı sudan və kanalizasiya xidmətlərindən istifadə edilir və bunun üçün smart kart tipli müvafiq su sayğacı quraşdırılmışdır. Həmin sayğac vasitəsi ilə ödənilən pul məbləğlərinə uyğun olaraq kafedə sudan istifadə olunur. Meyvə ağaclarının olduğu torpaq sahəsində isə ağacları sulamaq üçün içməyə yarasız olan su quyusu vardır. Ağacların sulanmasında həmin quyudan çıxan sudan istifadə olunur və həmin quyu suyu kanalizasiyaya axıdılmır. Əvvəldən quyu suyunun içməli olmadığı bilinirdi və heç vaxt həmin suya görə kanalizasiya xidmətlərindən istifadə edilməyib. Yəni, quyudan çıxan su ilə yalnız ağaclar sulanıb və həmin su kanalizasiyaya axıdılmayıb. Bir neçə il əvvəl isə Sumqayıt şəhər X5 işçisi ərazidə olarkən su quyusu üçün də ayrıca olaraq təcili sayğac alıb-qoyulmasını tələb etmiş və bu işin həlli üçün 500 manat pul alaraq, həmin su quyusu üçün də əlavə bir su sayğacı quraşdırmışdır. Bir müddət sonra isə su quyusundan ağacların sulanmasında istifadə edilən su kanalizasiyaya axıdılmadığı halda pul ödənilməli olmadığını bilib, Sumqayıt şəhər X6 müraciət etmiş və əraziyə gəlib baxış keçirən əməkdaşlar həqiqətən də su quyusundan ağacların sulanmasında istifadə edildiyini və su quyusuna görə kanalizasiya xidmətlərindən istifadə edilmədiyini görmüş və buna görə də, ona quyu üçün quraşdırılmış həmin əlavə sayğaca ehtiyac olmadığını bildirmişlər. Buna görə də, o, həmin sayğacı çıxarmışdır. Lakin, ağacların sulanmasında istifadə etdiyi su quyusuna görə quraşdırılmış həmin sayğaca görə ona əsassız olaraq 3097 manat məbləğində borc hesablanmışdır. Ona görə də, iddianın təmin edilməsi və cavabdeh “Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus torpaq sahəsində olan su quyusu üçün su sayğacı quraşdırılması müqaviləsinin qanunsuz sayılması və qanunsuz hesablanmış 3097 manat məbləğində borcun silinməsi, qeyri-qanuni alınmış pula görə Su-Kanal İdarəsi əməkdaşının məsuliyyətə cəlb edilməsi, ona verilmiş 500 manat və bu vaxta qədər ödənilmiş 546 manat məbləğində pulun geri qaytarılması və ya həmin pulların digər artıq ödənişlər, su ödəniş kartına, onun təmiri və ya təzələnməsi üçün ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, iddiaçı "İddiaçı” Firmasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 cavab olaraq bildirdi ki, İddiaçı Firmasına məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektində Cavabdeh ASC tərəfindən təchiz edilən su və kanalizasiya xidmətlərindən istifadə olunur və bununla əlaqədar smartkart tipli su sayğacı quraşdırılaraq, sudan istifadə üçün ödənilən haqq hər kub metr üçün 2 manatdan hesablanır. Eyni zamanda, həmin ərazidə su quyusu vasitəsi ilə əldə olunan qrunt sularından da istifadə olunur. Bunun üçün də başqa bir sayğac quraşdırılmış və su quyusundan istifadə olunan suyun kanalizasiya sisteminə axıdılması ilə əlaqədar haqq hər kub metr üçün 1 manatdan hesablanır. Lakin, ona verilən məlumatlara görə həmin su quyusundan yalnız ağacların sulanmasında istifadə olunduğu və həmin qrunt suyuna görə kanalizasiya xidmətlərindən istifadə olunmadığına görə həmin sayğac abonentin özü tərəfindən çıxarılmışdır. Aparılmış hesabatla müəyyən olunmuşdur ki, İddiaçı Firmasına məxsus sahibkarlıq obyektində içməli sudan istifadə ilə əlaqədar cəmi 1884 manat məbləğində, su quyusundan əldə edilən qrunt suyunun kanalizasiyaya axıdılmasına görə isə cəmi 2370 manat olmaqla, ümumilikdə 4254 manat borc hesablanmış və həmin borcdan cəmi 1679 manat məbləğində ödəniş edildiyindən, xx xxxxxxx 2020-ci il tarixinə abonentin 2575 manat məbləğində borcu qalmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin su təchizatı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” Müqavilə (abonent kodu: 151481) əsasında həyata keçirilmiş və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələbləri nəzərə alınmaqla tərtib edilmiş həmin Müqavilədə müvafiq olaraq hüquqi şəxs olan tərəflərin, yəni “İstehlakçı” (abonent) olaraq İddiaçıxxxxxxxxxxxx“Müəssisə” (təchizatçı) olaraq Cavabdeh ASC-nin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. “İstehlakçı” İddiaçı Firmasına məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektində Cavabdeh ASC tərəfindən təchiz edilən su və kanalizasiya xidmətlərindən istifadə olunur və bununla əlaqədar smartkart tipli su sayğacı quraşdırılaraq, həmin sayğacla hesabatı aparılan su və kanalizasiya xidmətlərindən istifadə üçün hər kub metrə görə 2 manat olmaqla pul hesablanır. Eyni zamanda, “istehlakçı” İddiaçı Firmasına məxsus həmin sahibkarlıq obyektində su quyusu vasitəsi ilə əldə olunan qrunt sularından da istifadə olunur və bununla əlaqədar quraşdırılmış digər bir su sayğacı ilə hesabatı aparılan kanalizasiya xidmətlərindən istifadə üçün hər kub metrə görə 1 manat olmaqla pul hesablanır. Lakin, həmin su quyusundan əldə edilən sudan ağacların sulanmasında istifadə edildiyinə və həmin qrunt suyu kanalizasiya sisteminə axıdılmadığına görə həmin xidmət üçün quraşdırılmış su sayğacı abonent tərəfindən çıxarılmışdır. İş materiallarında olan, istehlakçı İddiaçı Firmasının su təchizatı ilə əlaqədar təchizatçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, abonent İddiaçı Firmasına məxsus Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: 151481) xx xxxx 2020-ci il tarixdə smart kart tipli 215381 nömrəli su sayğacı quraşdırlmışdır. Həmin sayğac quraşdırılan müddətə qədər abonentin borcu 1884 manat təşkil etmişdir. Borcun yaranma səbəbi xx xxxxxxxx 2012-ci il tarixdə obyektə quraşdırılmış smart kart tipli sayğacın çıxarılıb xx xxxx 2020-ci il tarixdən yeni sayğac quraşdırılan tarixinədək abonentin birbaşa qoşulma ilə sudan istifadə etməsi olmuşdur. Həmin müddət ərzində “Sudan istifadə qaydaları”nın 4 nömrəli bəndinə əsasən su və kanalizasiya xidməti müqabilində orta sərfiyyatla (942 m3) 1884 manat məbləğində hesabat aparılmışdır. İddiaçı Firmasına xx xxxx 2017-ci ildə qrunt suyunun axıdılmasına görə quraşdırılmış ******* nömrəli su sayğacı üzrə 1887 manat borc hesablanmışdır. 2020-ci ilin mart ayında qeyd olunan sayğac abonent tərəfindən özbaşına çıxarıldığından 483 manat dəyərində orta sərfiyyatla əlavə hesabat aparılmış və ona görə də, ümumilikdə qrunt suyuna gorə borc 2370 (iki min üç yüz yetmiş) manat təşkil edir. Bununla da, qrunt suyuna görə 2370 manat və smart sayğaca görə 1884 manat olmaqla Abonentin ümumi borcu 4254 manat məbləğində olmuş və hal-hazıradək həmin borcdan 1679 manat ödəniş edilmiş olduğundan, xx xxxxxxx 2020-ci il tarixə Abonentin borcu 2575 manat təşkil edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, hazırkı mübahisə üzrə iddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasında həmin tərəflər ("istehlakçı" və "təchizatçı" olaraq) arasında “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” bağlanmış Müqavilədə nəzərdə tutulan şərtlər dayanır və həmin Müqavilədə nəzərdə tutulan «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələblərinin pozulması halları “İstehlakçıya məxsus ərazidə yerləşən su quyusu vasitəsi ilə əldə edilən suyun kanalizasiya xidmətindən istifadə edilməklə axıdılması” hissəsində mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmin xidmətə görə, yəni su quyusu vasitəsi ilə əldə edilən qrunt suyunun kanalizasiya xidmətlərindən istifadə edilməklə axıdılması təsdiq olunmadığı üçün bu xidmətə (qrunt suyuna) görə hesablanmış 2370 (iki min üç yüz yetmiş) manat məbləğində borcun əsaslılığı müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə də, cavabdeh (təchizatçı) Cavabdeh ASC tərəfindən iddiaçı (abonent) İddiaçı Firmasına (abonent kodu: 151481) qrunt suyunun axıdılmasına görə 2370 manat məbləğində sərfiyyat və içməli su ilə təchizat üzrə quraşdırılmış smart sayğaca görə 1884 manat məbləğində sərfiyyat olmaqla, ümumilikdə cəmi 4254 manat məbləğində borc hesablanmış və hal-hazıradək həmin borcdan 1679 manat ödəniş edilmiş olduğundan, xx xxxxxxx 2020-ci il tarixə abonentin borcu 2575 manat təşkil edir. Lakin, məhkəmə araşdırması zamanı Abonentin su quyusu vasitəsi ilə əldə etdiyi qrunt sularının ağacların sulanmasında deyil, kanalizasiya vasitəsi ilə axıdılması öz təsdiqini tapmadığı üçün, bununla əlaqədar hesablanmış 2370 manat məbləğində borcun hesablanmasının əsaslılığı da müəyyən edilməmişdir. Buna görə də, iddiaçı tərəfindən iddia ərizəsində tələb edilən “3097 manat məbləğində borcun silinməsi” hissəsində iddia tələbi qismən təmin olunmalı və İddiaçı Firmasına qrunt suyunun axıdılmasına görə hesablanmış 2370 manat məbləğində borc əsaslılığı müəyyən edilmədiyi üçün silinməlidir. Eyni zamanda, iddia tələbi digər hissələrdə, yəni “su sayğacı quraşdırılması müqaviləsinin qanunsuz sayılması, qeyri-qanuni alınmış pula görə Su-Kanal İdarəsi əməkdaşının məsuliyyətə cəlb edilməsi, ona verilmiş 500 manat və bu vaxta qədər ödənilmiş 546 manat məbləğində pulun geri qaytarılması və ya həmin pulların digər artıq ödənişlər, su ödəniş kartına, onun təmiri və ya təzələnməsi üçün ödənilməsinin təmin edilməsi” hissələrində isə əsaslılığı təsdiq edilmədiyi üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Firmasına (abonent kodu: 151481) qrunt suyunun axıdılmasına görə hesablanmış 2370 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Firmasına (abonent kodu: 151481) qrunt suyunun axıdılmasına görə hesablanmış 2370 (iki min üç yüz yetmiş) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar