Məhkəmə qərarları › İş №e-2-2(119)-56/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-56/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-56/2021 23.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İsmayılov Farı̇ z Eldar oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı borcun silinməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" ASC tərəfindən elektrik enerjisinin istehlakı ilə bağlı hesablanmış 8009,32 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmayılov Farı̇ z Eldar oğlu vergi orqanında qeydiyyata alınmaqla (VÖEN №**********) Sumqayıt şəhəri Bulvar ərazisində mənzil tikintisi fəaliyyəti ilə məşğul olur. İddia ərizəsində göstərilir ki, xx.xx.2019-cı il tarixində obyektə quraşdırılmış sayğac qısaqapanma yolu ilə sıradan çıxdığından “xxxx” ASC-nin nümayəndələri əraziyə gələrək sayğacın sıradan çıxaması barədə 029389 nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, yoxlama zamanı məlum oldu ki, obyektə məxsus elektrik sayğacı qısaqapanma nəticəsində yanaraq istismara yararsız hala düşmüşdür (54.9 kvt), EEİQ uyğun olaraq, elektrik sayğacı yenisi ilə əvəz edilsin. xx.xx.2019-cu il tarixdə yeni sayğac quraşdırılmış və bununla əlaqədar olaraq 124 manat pul ödənilmişdir. Bir müddət keçdikdən sonra cavabdeh təşkilatın nümayəndələrinin sayğacı düzgün quraşdırmaması nəticəsində sayğac sıradan çıxmış, xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri 029395 nömrəli akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, “yoxlama zamanı məlum oldu ki, obyektə məxus elektrik sayğacı qısa-qapanma nəticəsində yanaraq istismara yararsız hala düşmüşdür. (58 kvt) E.E.İ.Q-na uyğun olaraq elektrik sayğacı yenisi ilə əvəz edilsin”. İddiaçı daha sonra göstərir ki, sayğacların sıradan çıxmasında onun heç bir günahı olmamış, cavabdehin nümayəndələrinin düzgün quraşdırmaması nəticəsində sayğaclar sıradan çıxmış, ikinci sayğac sıradan çıxdıqdan sonra istehlak olunmuş elektrik enerjisinin pulunu metodik hesablama yolu ilə cavabdehin nümayəndələrinin təqdim etdikləri hesab faktura əsasında ödəmişdir. Daha sonra “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə 007243 nömrəli akt tərtib edilmiş və həmin aktda qeyd olunmuşdur ki, “sayğac yerində yoxdur, sayğac quraşdırılsın və qarşılıqlı hesablaşmalar mövcud yükə əsasən aparılsın (69.2 kvt – yük)”. xx.xx.2020-ci il tarixdə isə obyektə yeni sayğac quraşdırılmış və istehlak olunmuş elektrik enerjisi həmin sayğaca əsasən ödənilməyə başlamışdır. Lakin, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixdə tərtib olunmuş akta əsasən iddiaçıya EEİQ-nin pozulmasına görə 8009.37 manat cərimə yazılmışdır. İddiaçı hesab edir ki, həmin məbləğ qanunsuz olduğundan silinməlidir. İddia tələbi onunla əsaslandırmışdır ki, elektrik sayğaclarının hər ikisi qısa-qapanma nəticəsində sıradan çıxmış, sayğacların sıradan çıxmasına iddiaçı tərəfindən təsir göstərilməmiş, müvafiq dövr üzrə istehlak olunmuş elektrik enerjisinin dəyəri metodik hesablama yolu ilə təqdim olunmuş hesab faktura əsasında ödənilmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisinin istifadə qaydalarının” 7.5, 8.2 və 8.4-cü bəndlərinə, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 17.3, 20.1 və 2.3-cü maddələrinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.6 və 7.1-ci bənlərinə istinad edilməklə borcun silinməli olduğu göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Əhmədov iddia tələbini qəbul etməmiş və etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə obyektə quraşdırılmış elektrik hesab sayğacının yerində mövcud olmaması halı aşkar edilmiş və bunula əlaqədar olaraq NDQ 007243 nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunan zaman xətlərdən axan yük ampermaşa ilə ölçülmüş bu zaman faktiki olaraq xətdən axan yükün 69,2 kvt olması müəyyən edilmiş, aşkar olunmuş faktlarla əlaqədar EEİQ-7.1-ci bəndinin tələblərinə uyğun olaraq tərtib edilmiş akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə xətdən axan yük (69 kvt) obyektin 24 saat ərzində elektrik enerjisindən istifadə etdiyini nəzərə alınaraq 111 gün üçün 8009,37 manat məbləğində yenidən hesablaşma aparılmışdır. İddiaçının xx.xx.2020-ci il tarixə 7775,13 manat borcu vardır, lakin buna baxmayaraq hüquqdan sui-istifadə edərək obyektin 8009,32 manat borcu olduğunu iddia edərək onun silinməsini xahiş edir. İddiaçının silinməsini tələb etdiyi məbləğin onun faktiki borcuna uyğunluğu yoxdur. Etirazda daha sonra Mülki Məcəllənin 430.1 və 560.3.2-ci maddələrinə istinad edilməklə iddiaçının elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsindən əsassız imtina edərək məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqlardan sui-istifadə hesab edilməsi qeyd olunmuşdur. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. İş materiallarından və tərəflərin nümayəndələrinin izahatından məlum olur ki, tərəflər arasında elektrik enerjisinin alğısatqısına dair müqavilə bağlanılmasa da, cavabdeh tərəfindən iddiaçının tikinti sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən obyektin elektrik enerjisi ilə təchiz edilməsi və həmin ünvana **********3 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılması, işin mübahisəsiz hallarıdır. Bundan əlavə tərəflərin nümayəndələrinin izahatlarından və iş materiallarında olan xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, həmin obyektə quraşdırılmış sayğaclar qısa-qapanma nəticəsində yanaraq istismara yararsız hala düşmüşdür. İddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli, saat 12:00-da tərtib olunmuş NDQ 007243 nömrəli aktda göstərilir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən “EEİQ-na uyğun olaraq obyektə məxsus elektrik təsərrüfatına baxış keçirilən zaman müəyyən olundu ki, obyektə məxsus 63405371 nömrəli elektrik sayğacı yerində yoxdur. Axan yüklü tərəfimizdən ölçüldü. Axan yük P=69,2 kvt. Qayıdış gücü obyekti qidalandıran kabelin en kəsiyi A=VQ 3 x 120, 1 x 70mm təşkil edir”. Tələb: Obtektə elektrik sayğacı quraşdırılsın və qarşılıqlı hesablaşmalar mövud yükə uyğun aparılsın”. Həmin akt “xxxx” ASC-nin 3 nümayəndəsi və abonentin nümayəndəsi kimi Quliyev Fuad tərəfindən imzalanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında tərtib olunmuş, xx.xx.2020-ci il tarixli “İcra vərəqi” adlanan sənəddə satış sahəsi üzrə tələblərə dair qərarda (69kvt x (0,7) x 24 saat x 111 gün)-39678 kvts=88993 kvts qeyd olunmuşdur. İddiaçı tərəfindən, habelə cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş, iddiaçıya məxsus **********3 nömrəli abonent kodu üzrə “Abunə haqqında” məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdə 007243 nömrəli akta əsasən iddiaçıya 8.009,37 manat məbləğində elektrik enerjisinin istifadəsinə görə borc hesablanmışdır. İddiaçı qeyd edilən aktı yuxarıda göstərilən dəlillər gətirməklə mübahisələndirir və həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi izahatında iddiaçının dəlillərini qəbul etmir və iddianın təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx.xx.2019-cu il tarixli Qərarında göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı halda, iddiaçı cavabdeh tərəfindən akt əsasında hesablanmış borcun ödənilməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəzifəsidir. Cavabdehin etirazda istinad etdiyi, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Bununla yanaşı, həmin qaydaların 8.16-cı bəndinin tələblərinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İşin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdehə məxsus obyekt uçot cihazı (sayğac) ilə təmin olunmuş, lakin iyirmi gün ərzində iki dəfə qısa-qapanma nəticəsində yanaraq istismara yararsız hala düşmüşdür. Bu hal "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş müvafiq aktlarla da öz təsdiqini tapır. İddiaçı sonuncu sayğacın yararsız hala düşdüyü xx.xx.2020-ci il tarixdən mübahisələndirilən xx.xx.2020-ci il tarixli aktın tərtib edilməsinə qədər olan iki aydan az dövr ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cavabdehin əməkdaşları tərəfindən metodik hesablama yolu ilə təqdim olunmuş hesab faktura əsasında ödədiyini bildirmişdir. Yuxarıda istinad edilən “abunə haqqında” məlumatdan görünür ki, həmin dövrlər ərzində həqiqətən də iddiaçı tərəfindən müvafiq ödənişlər edilmişdir. Belə olan halda cavabdehin əməkdaşları tərəfindən yenidən xx.xx.2020-ci il tarixli 007243 nömrəli akta əsasən iddiaçıya 8.009,37 manat məbləğində elektrik enerjisinin istifadəsinə görə borc hesablanması “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olmamaqla əsassız olmuşdur. Bundan əlavə məhkəmə iddiaçının irəli sürdüyü digər dəlilə - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına münasibət bildirməklə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə baxış keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etmədən baxış keçirilməklə qeyd edilən qanunla yanaşı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin və “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinin də tələblərini də pozmuşdur. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş diskdə olan videoyazıda iddiaçı “xxxx” ASC-nin əməkdaşı tərəfindən cavabdehə məxsus obyektə elektrik enerjisinin verilməsinə baxış keçirildiyi və xəttdən axan yükün ölçüldüyü əks olunmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən normativ aktlar bütün növ yoxlamaların, o cümlədən də elektrik enerjisinin təchizatı sahəsində təbii inhisarçı olan “xxxx” ASC tərəfindən keçirilən baxışın xx.xx.2011-ci il tarixli Fərmanla təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasının təmin edilməli olduğunu göstərir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdehin hazırkı iddia tələbinin iddiaçının hüquqdan sui-istifadəsi hesab edilməli olması barədə dəlilinə gəldikdə isə məhkəmə işin yuxarıda qeyd edilən halları və Mülki Məcəllənin 560-cı maddəsinin məzmunu baxımdan həmin dəlillərlə razılaşmır. Belə ki, iddiaçının öz vəzifələrini kobudcasına pozması faktı iş materialları ilə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı İsmayılov Farı̇ z Eldar oğluna (abonent kodu **********3) hesablanmış 8009,32 (səkkiz min doqquz manat otuz iki qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı İsmayılov Farı̇ z Eldar oğluna ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar