Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-566/2021 04.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, iddiaçı Azərişıq” X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehdən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 197083,97 (yüz doxsan yeddi min səksən üç manat doxsan yeddi qəpik) manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli Sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********9 olan "xxxx" MMC-nin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 197083,97 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh "xxxx" MMC-yə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 197083,97 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının hər ay "xxxx" MMC-nin ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsində daha sonra göstərilir ki, "xxxx" ASC mülki hüquq subyekti olduğu üçün digər hüquqi şəxs tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 385.1, 425.1, 425.2, 427.3, 442, 445.1-ci maddələrinə istinad etməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 04.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdeh "xxxx" MMC-nin 03.08.2021-ci il tarixə 155819,21 manat borcunun qaldığını, həmin borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 borcun düzgün hesablanmadığını, iddiaçı tərəfindən 22.06.2020-ci il tarixindən əvvəlki dövrə aid müqavilələrin təqdim edilmədiyini, buna görə də iddianı qismən qəbul etdiklərini və iddia müddəti tətbiq edilməklə 2019-cu ildən sonra istifadə edilmiş elektrik enerjisi üzrə borc məbləğindən edilmiş ödənişlər çıxılmaqla borc məbləğinin müəyyən edilərək ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, iddiaçı enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti abonent kodu **********9 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini elektrik enerjisi ilə təmin etmiş, cavabdehin istifadə edilmiş elektrik enerjisinə görə borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış elektrik enerjisinin alğı-satqısı haqqında 22.06.2020-ci il tarixli birtipli müqavilədə də **********9 saylı abonent koduna istinad edilmişdir. Hazırda iddiaçı cavabdehdən həmin abonent kodu üzrə istifadə edilmiş elektrik enerjisinə görə 155819,21 manat borcun ödənilməsini tələb edir. Abonent kodu **********9 olan cavabdeh "xxxx" MMC-yə aid abuna haqqında məlumatda cavabdehin 03.08.2021-ci il tarixə 155819,21 manat borcunun olması öz təsdiqini tapır. Bundan əlavə, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ödənişlər barədə arayışdan və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ödəniş sənədlərinin surətlərindən görünür ki, cavabdeh tərəfindən 05.07.2021-ci il tarixdən 23.07.2021-ci il tarixə olan dövr aralıqlarında müəyyən ödənişlər də edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsinin təqdim etdiyi "xxxx" ASC-nin Xırdalan ETSİ ilə cavabdehin nümayəndələri arasında bağlanılmış 21.07.2020-ci il tarixli 23 saylı və 22.07.2020-ci il tarixli 23 saylı razılaşma protokollarından görünür ki, cavabdeh **********9 saylı abonent kodu üzrə qeyd edilən borc məbləğinin ödənilməsi ilə əlaqədar iddiaçı təşkilatın strukturuna daxil olan qurumla müvafiq razılaşmalar əldə etmişlər. Belə ki, 21.07.2020-ci il tarixli 23 saylı razılaşma protokolunda cavabdehin digər abonent kodu ilə birgə **********9 saylı abonent kodu üzrə 01.07.2020-ci il tarixə kimi istifadə edilmiş elektrik enerjisinin 30837,69 manat dəyərindən əlavə olaraq qalıq debitor borcundan 5162,32 manat məbləğini 31.07.2020-ci il tarixədək ödəyəcəyi tərəflər arasında razılaşdırılmışdır. Cavabdehin nümayəndəsi qeyd edilən razılaşma protokollarını məhkəmə qaydasında mübahisələndidiklərini bildirsə də bununla bağlı hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd edilən qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin nümayəndəsinin çıxışında qeyd etdiyi iddia müddətinin tətbiqi ilə bağlı dəlillərə gəldikdə isə məhkəmə qeyd edir ki, nümayəndə 2019-cu ildən əvvəlki dövrə aid borclara münasibətdə iddia müddətinin tətbiq olunmalı olduğunu bildirsə də, işdə olan abunə haqqında məlumatdan, yuxarıda qeyd edilən razılaşma protokollarından və iddiaçının nümayəndəsinin iddia tələbinin azaldılması barədə ərizəsindən görünür ki, cavabdeh tələb olunan borcu etiraf etmiş və borc üzrə mütəmadi ödənişlər etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən isə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 155819,21 manat borc tutularaq İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə, Mülki-Prosessual Məcəllənın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (abonent kodu **********9) istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 155819,21 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 155849,21 (yüz əlli beş min səkkiz yüz qırx doqquz manat iyirmi bir qəpik) tutularaq iddiaçı "xxxx" X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-566/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-566/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver