Məhkəmə qərarları › İş №e-2-2(119)-58/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-58/2020

14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-58/2020 14.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, iddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə əsassız olaraq hesablanmış 6696 (altı min altı yüz doxsan altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, qanuni təmsilçisi və rəhbəri olduğu iddiaçı "1-ci Sumqayıt Tikinti-Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin yerləşdiyi qeyri-yaşayış sahəsinə Cavabdeh ilə bağlanmış xx xxxxxxx 2016-cı il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə əsasında təbii qazın verilməsi təmin edilmişdir. Əvvəllər sayğac iddiaçının yerləşdiyi ərazi hüdudları daxilində quraşdırıldığı üçün onun tərəfindən sayğacın qorunmasına nəzarət edilmiş və istifadə olunan qazın dəyəri sayğac göstəricilərinə uyğun olaraq ödənmişdir. Lakin, bir müddət əvvəl cavabdehin işçiləri tərəfindən həmin qaz sayğac qoyulduğu yerdən sökülmüş və iddiaçı hüquqi şəxsin ərazi hüdudlarından təxminən 2 km aralıda yeni smart tipli sayğac quraşdırılmışdır. Bundan sonra o, sayğaca nəzarət edə bilməmiş və Cavabdeh tərəfindən verilmiş smart qaz kartına pul yükləməklə, yüklənilən pulun müqabilində qazdan istifadə edilmişdir. Lakin, 2019-cu ilin sonlarında ona məlum olmuşdur ki, xx xxxxxx 2019-cu ildə Cavabdeh işçiləri onun iştirakı olmadan ******* №-li akt tərtib edərək, sayğaca müdaxilə olunması əsası ilə iddiaçı hüquqi şəxsə 6696 manat cərimə hesablamışlar. Lakin, həmin sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə olunmamışdır. İddiaçıya məxsus ərazidə yalnız təbii qazla kombi və qaz peçindən istifadə olunur və qış mövsümündə hər ay 50-100 manat aralığında qazdan istifadəyə görə pul ödənilir. Bu halda qaz sayğacına hər hansı bir müdaxilə edilməsinə ehtiyac yoxdur. Qaz sayğacı iddiaçının ərazisi hüdudlarından təxminən 2 km aralıda yerləşdiyi üçün, həmin qaz sayğacına onun tərəfindən nəzarət edilə bilmir. Həmin cərimə ilə əlaqədar cavabdeh tərəfin işçiləri ilə söhbət apararkən ona məlum olmuşdur ki, sayğacın olduğu yerdə qaz borusunun qaynaq edilməsi zamanı sayğaca düşən xırda hissəcik sayğacın klapanını zədələmiş və buna görə sayğac işləməmişdir. Bunda isə hüquqi şəxsin heç bir təqsiri ola bilməz. İddiaçının ərazisindən kənarda quraşdırılmış sayğacda hər hansı bir texniki nasazlıq yaranmasında iddiaçı tərəfin heç bir təqsiri ola bilməz. Lakin, aidiyyəti üzrə müraciət etməsinə baxmayaraq, xx xxxxxx 2019-cu il tarixli akt üzrə əsassız olaraq 6696 manat məbləğində hesablanmış borcun silinməsindən imtina edilmişdir. Ona görə də, Cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli ******* №-li akt üzrə əsassız olaraq hesablanmış 6696 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, “paylayici” Cavabdeh ilə “istehlakçı” “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli 7703/17-10-16 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən sonuncunun yerləşdiyi qeyri-yaşayış sahəsi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin Müqavilədə istehlakçının “kombi” və “PQ-2” qaz qurğularından istifadə etdiyi qeyd olunmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx xxxxxx 2018-ci il tarixli ******* №-li Akt əsasında Cavabdeh tərəfindən “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid 1005AQ**********7 №-li qaz sayğacı “növbəti dövlət yoxlaması” səbəbinə əsasən çıxarılaraq yenisi ilə əvəz olunmuş və həmin Aktda “sayğac qazı buraxmır, klapan hərəkətsizdir” qeydi aparılmışdır. xx xxxxxx 2019-cu ildə Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li Aktda göstərilir ki, istehlakçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində xx xxxxxx 2019-cu ildə (həmin hərəkətin yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır) təbii qazın uçotu və TQİQ-nə riayət olunması yoxlanılmış və həmin Aktda yoxlamanın nəticəsi kimi “sayğac klapanı bağlıdır. Plombların rəngi plasmas qapağının rəngindən fərqlidir. Sayğaca hava verildi, hava keçir, hesablayıcı mexanizmi işləmir. Sayğacın elektron yaddaş proqramı oxundu, xx.xx.2018-ci ildə “alarm” rejimi qeydə alınmışdır” göstərilmişdir. xx xxxxxx 2019-cu ildə Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissyası tərəfindən tərtib və təsdiq edilmiş “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid 1005AQ**********7 №-li sayğacda “sayğacın plomblarının rəngi plasmas qapağının rəngindən fərqlidir, Sayğacın hesablayıcı mexanizmi işləmir” nöqsanlarının aşkar edildiyi göstərilmiş və həmin nöqsanlara görə itirilmiş qazın miqdarı 33480 m3 həcmində hesablanmışdır. İstehlakçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına tərtib edilmiş abonent kodu **********00000 olan Abonentin saldosu ilə müəyyən olunur ki, istehlakçı 1-ci Sumqayıt Tikinti-Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 2019-cu ilin yanvar ayında 6696 (altı min altı yüz doxsan altı) manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçı “1-ci Sumqayıt Tikinti- Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin təbii qazla təmin olunması ilə əlaqədar quraşdırılmış 1005AQ**********7 №-li sayğacda “sayğacın plomblarının rəngi plasmas qapağının rəngindən fərqlidir, Sayğacın hesablayıcı mexanizmi işləmir” nöqsanına görə Cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı “33480 m3” həcmində müəyyən edilərək, birdəfəlik 6696 (altı min altı yüz doxsan altı) manat məbləğində borc hesablanmışdır. İddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti isə Cavabdeh hesablamış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Təsvir olunanlar nəzərə alınmaqla məhkəmə qeyd edir ki, iddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin yerləşdiyi ərazidə deyil, həmin ərazidən kənarda quraşdırılmış qaz sayğacının zədələnməsinin məhz iddiaçının (istehlakçının) təqsiri üzündən baş verməsi məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Eyni zamanda, məlum Akt əsasında itirilmiş qazın miqdarının müəyyən edilməsi və dəymiş zərərin hesablanması ilə əlaqədar sayğacda qeyd olunan nöqsanın məhz iddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin (istehlakçının) təqsiri nəticəsində yaranması Cavabdeh (paylayıcının) əməkdaşları tərəfindən müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin (paylayicinın) üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə də, məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən iddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə 6696 (altı min altı yüz doxsan altı) manat məbləğində borcun hesablanmasının əsaslılığı müəyyən olnmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və xx xxxxxx 2019-cu il tarixli ******* №li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən iddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu: **********00000) hesablanmış 6696 (altı min altı yüz doxsan altı) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən iddiaçı “1-ci Sumqayıt Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu: **********00000) hesablanmış 6696 (altı min altı yüz doxsan altı) manat məbləğində borc silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən ZülfüqarSadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar