Məhkəmə qərarları › İş №e-2-2(119)-583/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-583/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-583/2025 25.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi və mövcud olmadığına dair sənəd təqdim edilməsi, mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun silinməsi və mövcud olmadığına dair sənəd təqdim edilməsi, mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanan 717,02 (yeddi yüz on yeddi manat, iki qəpik) manat məbləğində borcun silinməsi, ödənişlərin cavabdeh tərəfindən qəbul edildiyinin və borcun mövcud olmadığının təsdiq edilməsi üçün müvafiq sənəd təqdim olunmasının, cavabdeh tərəfindən əsassız borc yazılması səbəbindən mənəvi zərərin vurulduğunu nəzərə alaraq, məhkəmənin mülahizəsinə uyğun şəkildə iddiaçıya kompensasiya ödənilməsinin və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əsasən, iddia tələbinin məzmunu əsassız hesablanan 717,02 manat məbləğində borcun silinməsindən, borcun mövcud olmadığının təsdiq edilməsi üçün müvafiq sənəd təqdim olunmasının, cavabdeh tərəfindən əsassız borc yazılması səbəbindən mənəvi zərər vurulduğuna görə məhkəmənin mülahizəsinə uyğun şəkildə iddiaçıya kompensasiya ödənilməsinin və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasının təmin edilməsindən ibarətdir. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat institununun hüquqi təbiəti ilə uzlaşmır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Bununla yanaşı diqqətə çatdırılır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdehlərə çatdırılmasını təsdiq edən sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “borcun silinməsi, mənəvi zərərin ödənilməsi, borcun mövcud olmadığını təsdiq edən sənədin təqdim edilməsi” tələbi barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyil və ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmin Məcəllənin 284-4.3-cü naddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-cü, 264-cü, 266cı, 284-1-ci və 284-4-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi və mövcud olmadığına dair sənəd təqdim edilməsi, mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar