Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-585/2023 11.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrahimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya məxsus abonent hesabına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış qazın alqı-satqısına dair müqaviləyə əsasən iddiaçıya məxsus müəssisədə təbii qazdan istifadə edilir və istifadə edilən qazın dəyəri hər ay vaxtında ödənilir. Yay aylarında qaza olan tələbat azaldığından demək olar ki, qonaq otaqlarının isidilməsi həyata keçirilmir. İddiaçı texniki şərtə uyğun olaraq qazdan istifadə etmiş və Qaz İstismar İdarəsi ona hər hansı artıq sərfiyyatla əlaqədar irad bildirməmiş, rəsmi müraciət etməmişdir. 7 oktyabr 2022-ci il tarixdə iddiaçıya, guya, artıq sərfiyyata görə, 8586 manat borcunun olması barədə bildiriş gəlmişdir. Halbuki, onun qaz istehlakına görə heç bir borcu yoxdur. 3 oktyabr 2022-ci il tarixdə Qaz İstismar İdarəsinin əməkdaşları iddiaçıya məxsus qaz xətlərini kəsdikdən sonra ona xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixli akt təqdim olunmuşdur. Həmin aktda qeyd edilmişdir ki, guya, sayğac üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf etmə qabiliyyətinə uyğun deyildir. İddiaçı bununla əlaqədar Mediasiya Şurasına müraciət etmiş, Cavabdeh nümayəndələri mediasiya prosesində iştirak etməmişdir. Tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 26 avqust 2022-ci il tarixli aktdan məlum olur ki, akt tərtib olunarkən iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Beləliklə, Cavabdeh İB-in əməkdaşları onun abonent hesabına əsassız akt tərtib edərək əsassız borc hesablamışdır. Göstərilənlərə əsasən tərtib edilmiş akt əsasında hesablanmış borc silinməlidir. 05 may 2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Azəriqaz“ X3 RQİİ-nin Quba xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Səməd” istirahət zonası obyektinin sahibi İddiaçı qonaqların istirahətini təşkil etmək üçün ictimai-iaşə xidməti göstərmək məqsədi ilə müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan restoranda quraşdırılmış ELESTR tipli “G-4” markalı, **********0 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 m3/saat olduğu halda həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 37,8 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 31,8 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 34344 m3 və ya 8586 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı ona məxsus “Səməd” istirahət zonasının qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istrismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, layihə sənədlərində və müqavilədə 1 ədəd qaz plitəsi PQ-6 (restoran tipli), 1 ədəd kombi 28 KW nəzərdə tutulduğu halda, faktiki olaraq həmin istirahət zonasında layihədən əlavə saatda 31,8 m3 qaz sərf edən qaz işlədici cihazlar quraşdırılmışdır. Həmin Qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Yuxarıda göstərilənlərə əsassız iddiaçı abonent İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, “G4” markalı zenner-mexanika tipli, **********0 nömrəli qaz sayğacı çıxarılıb yoxlamaya göndərildikdən sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli Aktın tərtib olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli Aktın həmin tarixdə İddiaçı məxsus sahibkarlıq obyektində “G4” markalı zenner-mexanika tipli, **********0 nömrəli qaz sayğacına vizual baxış keçirilərkən tərtib olunduğunu, sayğacın sonradan dövlət yoxlamasına göndərildiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən “Səməd” istirahət zonasına baxış keçirilən zaman “obyektdə quraşdırılmış “G-4” markalı, **********0 nömrəli sayğac üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf etmə qabiliyyətinə uyğun deyil, 31,8 m3 sərfiyyatı keçir” kimi nöqsan aşkar olunmuşdur. İş materiallarında olan 28 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, qaz sayğacının maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 37,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 34344 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 30 avqust 2022-ci il tarixli MS-29/1640-01708-02 nömrəli aktdan görünür ki, 28 iyul 2022-ci il tarixdə X5 İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilmiş G4 markalı zenner-mexanika tipli qaz sayğacına 23 avqust 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi kimi “xətalar normaya uyğun deyil” qeyd olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, 2022-ci ilin avqsut ayında akt əsasında İddiaçı məxsus abonent hesabına 8586 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən “Səməd” istirahət zonasına baxış keçirilən zaman “obyektdə quraşdırılmış “G-4” markalı, **********0 nömrəli sayğac üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf etmə qabiliyyətinə uyğun deyil, 31,8 m3 sərfiyyatı keçir” kimi nöqsan aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmaqla Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli Akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borc hesablanmışdır. Bundan başqa 28 iyul 2022-ci il tarixdə X5 İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilmiş iddiaçıya məxsus “G4” markalı zenner-mexanika tipli, **********0 nömrəli qaz sayğacına 23 avqust 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində “xətalar normaya uyğun deyil” kimi nöqsan aşkar olunaraq 30 avqust 2022-ci il tarixli MS-29/1640-01708-02 nömrəli akt tərtib edilmişdir. Cavabdeh nümayəndəsi X2 izahatında mübahisələndirilən aktın 26 avqust 2022-ci il tarixdə İddiaçı məxsus sahibkarlıq obyektində “G4” markalı zenner-mexanika tipli, **********0 nömrəli qaz sayğacına vizual baxış keçirilərək tərtib olunduğunu, sayğacın sonradan dövlət yoxlamasına göndərildiyini bildirsə də, o, “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 30 avqust 2022-ci il tarixli MS-29/1640-01708-02 nömrəli aktda qeyd olunan həmin sayğacın 28 iyul 2022-ci il tarixdə X5 İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilməsi və sayğaca 23 avqust 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilməsi məsələsinə aydınlıq gətirə bilməmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektinə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh tərəfindən İddiaçı (VÖEN: **********) məxsus Quba şəhəri, Qəçrəş kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00002) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borc silinməlidir. Bundan başqa Cavabdehndən dövlət nəfinə 105,86 (yüz beş manat 86 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00002) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borc silinsin. Cavabdehndən dövlət nəfinə 105,86 (yüz beş manat 86 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-585/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-585/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver