Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-589/2025 26.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsi hüquqi şəxs olmadığından, kommersiya mübahisəsi üzrə icraatda tərəf kimi, yəni cavabdeh qismində çıxış edə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsi öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-589/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-589/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver