Məhkəmə qərarları › İş №e-2-2(119)-591/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-591/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-591/2021 17.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "Cavabdeh" İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində qazdan istifadə olunur və hər ay təbii qazın dəyəri ödənilir. Təbii qazla bağlı ödənişlərdə heç bir problem olmamışdır. 30 Aprel 2019-cu il tarixiə obyektdə təmir işləri gedən zaman Cavabdeh İB-nin işçiləri “Qızıldaş” ailəvi istirahət mərkəzinə gələrək obyektdə istifadə olunan cihazları yoxlamışlar. İddiaçı aparılan yoxlamanın səbəbini soruşduqda, onlar heç bir problem olmadığını demişlər. X6 İdarəsindən gəlib sözügedən obyektin qaz təchizatını dayandırdıqda iddiaçıya aldadıldığı məlum olub. Hər ay Şamaxı Qaz İdarəsinin əməkdaşı obyektə gələrək bildiriş verdiyindən iddiaçı bu dəfə də Cavabdeh İB-nin əməkdaşlarının eyni məqsədlə gəldiyini güman etmiş, obyektin qaz təchizatı barədə yoxlama aparıldığını başa düşməmişdir. İddiaçı Şamaxı Qaz İdarəsinə müraciət etdikdən sonra aparılmış yoxlama nəticəsində tərtib olunmuş aktı əldə etmiş, bundan sonra ona məlum olmuşdur ki, ******* nömrəli, 30.04.2019-cu il tarixli akta əsasən iddiaçıya 5734 manat cərimə hesablanıb. İddiaçı hesab edir ki, obyektdə qeyri-qanuni qoşulmaya aid heç bir fakt aşkar olunmadığından həmin akt əsassız tərtib olunmuşdur. Obyektdə quraşdırımış sayğac 12 aprel 2019-cu il tarixdə açılıb yerinə yeni qaz sayğacı qoyulub. ”Cavabdeh” İB-nin nümayəndələri ******* nömrəli 30 aprel 2019-cu il tarixli aktla guya Şamaxı rayonu, Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi İstirahət mərkəzinin 28256576 nömrəli sayğacını yoxlayıblar. Halbuki, həmin sayğac 12 aprel 2019-cu il tarixdə açılıb. Yerində olmayan sayğaca baxış keçirilə bilməzdi. Həmçinin, sayğaca heç bir əlavə cihaz quraşdırılmamışdır. Cavabdeh təşkilat Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqıqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması hallarının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlərin görülməsi haqqında qanunun tələblərini kobud şəkildə pozmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilin yanvar ayının 1-dək dayandırılmışdır. Həmin qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Eyni zamanda, iddiaçı ilə Cavabdeh İB-nin X7 İstismar İdarəsi arasında bağlanan müqavilənin də şərtləri pozulmuşdur. Belə ki, iddiaçı Şamaxı Qaz İdarəsinə şifahi olaraq müraciət etdikdə ona bildirilmişdir ki, iddiaçıya məxsus olan obyektə yoxlama apararkən müqavilənin 2.1.15-ci bəndinə əsasən qazlaşdırılmış ərazidə və ya yaşayış sahəsində olan qaz qurğusuna yoxlama keçiriləcəyi barədə istehlakçıya 3 gün əvvəl xəbərdarlıq edilməli idi. Lakin yoxlama aparılmazdan əvvəl iddiaçıya heç bir bildiriş göndərilməmişdir. Cavabeh tərəfindən yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmiş və yoxlama aktının tərkib hissəsi olan yoxlama suallarının siyahısından istifadə edilməmişdir. Yoxlama aparan işçilər obyektə ehtimal xarakterli fikirlərə əsaslanmışdırlar. Sözügedən aktda qeyd olunmuşdur ki, guya obyektdə əlavə cihazlar vardır. Lakin əlavə cihazlardan istifadə olunmamışdır. Bundan başqa, akt üzrə hesabat 3 ay müddətində aparılıb. Halbuki, cavabdehin nümayəndələri tərəfindən obyektin qaz sayğacına və cihazlarına hər ay ərzində 2 dəfə baxış keçirilmiş və bununla bağlı verilən bildiriş əsasında hesablanan məbləğ ödənilmişdir. Əgər obyektdə artıq cihaz olsaydı nümayəndə bunu mütləq şəkildə görməli idi. Ona görə də, 3 ay hesabat aparılması düzgün hesab edilə bilməz. Cavabdeh İB-nin işçiləri tərəfindən 12 aprel 2019-cu il tarixdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanmış, lakin iddiaçı tərəfindən X2 reyesterində qeydə alınmamışdır. “Sahibkarıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə o, cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə görə, bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyesterində qeydə alınmadan aparılan yoxlamaların gedişatında aşkar edilmiş sahibkarlıq fəliyyəyinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respubliksının qanularının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanan müddəalardan bəlli olur ki, xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum tərəfindən müəyyən edilmiş qaydada X2 reyeterində qeydiyyata alınmamaqla apardığı yoxlamalar nəticəsində hətta belə qanun pozuntusu müəyyən edilsə də, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Cavabdeh İB qanun müəddəalarının tələblərini pozmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli,2-2(102)-448/19 nömrəli qərarında daha geniş açıqlaması verilmişdir. Əgər Cavabdeh İB-nin əməkdaşları tərəfindən yuxarıda adı çəkilən obyektdə hər hansı bir kənarlaşma aşkar edilmişdirsə, aşkar edilmiş nöqsan və və digər qanun pozuntuları ilə bağlı müraciət müvafiq qaydada baxılması üçün aidiyyəti dövlət orqanlara göndərilməlidir. Lakin, yazılmış aktlarla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilməmişdir. Lakin belə bir hal baş verməmişdir. Hesablanmış cərimə məbləğinin hansı normativ akta istinad edilməsi aktda qeyd olunmamışdır. “Sahibkarlıq Sahəsində aparılma X2 Reyesteri”ndəki “Qızıldaş” ailəvi İstirahət mərkəzinin səhifəsindən çıxarışa baxılarsa, müəyyən olunur ki, yoxlama Ədliyyə Nazirliyində müvafiq qeydiyyata alınmamışdır. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmədən aparılan yoxlamalar əsassızdır. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh İB tərəfindən Şamaxı rayonu Avaxıl kəndində olan ”Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs İddiaçı (VÖEN **********) barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 5734( beş min yeddi yüz otuz dörd manat) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, "Cavabdeh" İB tərəfindən “Qızıldaş” ailəvi istirahət mərkəzi barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* №-li akt əsasında hesablanmış 5734 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh "Cavabdeh" İB-nin nümayəndəsi X4 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçıya məxsus olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzinin qaz xətlərinə, qaz sayğaclarına 30.04.2019cu il tarixdə baxış keçirilmiş, məlum olmuşdur ki, həmin obyektin qaz xətti üzərində quraşdırlmış G-6 markalı qaz sayğacının sərfiyyatı keçir. Obyektdə qaz işlədicilərindən restoran tipli PQ-4 maksimal qaz sərfi 6.18 m3/ saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal qaz sərfi 3.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, 40 KV -lik kombinin maksimal qaz sərfi 4.3 m3/ saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün, 24 KV-lik kombinin maksimal qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. SOCAR-ın Şurasının 14.03.2011 -ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilən “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və "Enerji resurslarından istifadə haqqında” Qanunlarına, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına əsaslanmaqla, qaz qurğuları və avadanlıqlarının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarına və bu sahəyə aid digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, əsas enerji daşıyıcılarından biri olan təbii qazdan istifadənin səmərəliliyinin artırılması, istehlakçılar tərəfindən sərf edilən təbii qazın uçotunun düzgün aparılmasını və dəqiqliklə ölçülməsinin təmin edilməsi, hesablanmış qazın, o cümlədən qanunsuz istifadə olunmuş qazın dəyərinin tam ödənilməsi və bununla əlaqədar yaranmış məsələlərin tənzimlənməsi məqsədilə hazırlanmış və qaz təchizatı sahəsinin fəaliyyətini tənzimləyən hər hansı bir normativ- hüquqi aktı əvəz etmir. Bu qaydalar yalnız və yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunan “X3’nda nəzərdə tutulmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulduğu hallarda və qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin bərpasının hesablanması məqsədilə tətbiq olunur. Məhkəmədə cavabdeh "Cavabdeh" İB-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, "Cavabdeh" İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilib və sayğacdan kənar qoşulma halı aşkar olunub. Hesablama SOCAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na uyğun aparılmışdır. İddiaçıya məxsus obyektdə yoxlama 30.04.2019-cu il tarixdə aparılıb, 2019cu ilin iyul ayında dövlət qeydiyyatından keçirilmişdir. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” haqqında müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.04.2019-cu il tarixli, ******* №-li aktdan görünür ki, həmin obyektin qaz xətti üzərində quraşdırlmış G-6 markalı qaz sayğacının sərfiyyatı keçir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə "Cavabdeh" İB arasında bağlanmış 13.10.2016-cı il tarixli qazın alqı-satqısı müqaviləsinə əsasən Şamaxı rayonu Avaxıl kəndində yerləşən olan “Qızıldaş” ailəvi istirahət mərkəzində sayğac quraşdırılmış, Ağsu Regional QİS-nin işçiləri tərəfindən obyektə baxış keçirilən zaman qazdan qeyriqanuni istifadə olunduğu aşkar edilərək, bununla bağlı 30.04.2019-cu il tarixli, ******* №-li akt tərtib olunmuşdur. Akta əsasən İddiaçı 5.734 manat cərimə hesablanmışdır. Lakin, iş materiallarından görünür ki, mübahisələndirilən aktın tərtib edildiyi yoxlamanın aparılması üçün reyestrdə qeydiyyatı barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh İB) tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı əsaslı olduğuna görə təmin olunmalı, Cavabdeh İB tərəfindən Şamaxı rayonu Avaxıl kəndində olan ”Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs İddiaçı (VÖEN **********) barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 5734 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB tərəfindən “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs İddiaçı barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* №-li akt əsasında hesablanmış 5734 manat məbləğində borc silinsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar