Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-616/2020 14.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu - İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 152.1 və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsinə dair sübutları tam təqdim etməmişdir. Belə ki, iddia ərizəsinə pretenziya məktubunun cavabdehə çatdırılmasına dair poçt bildirişinin xəbərnaməsi əlavə edilsə də, pretenziya məktubunun özü əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.7-ci maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddia ərizəsi dəqiq ifadə olunmamış, yəni “xxxx” ASC tərəfindən ona hansı akt əsasında hesablanmış hansı məbləğdə borcun silinməli olduğu göstərilməmiş, bununla da iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, İddiaçı iddia ərizəsinə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə etməmişdir. O, iddia ərizəsinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunundan çıxarış əlavə edərək, həmin Qanunun 9-cu maddəsinə istinad etməklə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduqlarını bildirmişdir. Hesab edirəm ki, hazırkı iddia ərizəsi ilə bağlı İddiaçı istehlakçı sayılmır və o, dövlət rüsumu ödəməlidir. Bu baxımdan iddiaçının - yəni “istehlakçının” qanunvericiliklə müəyyənləşdirilmiş anlayışı mühüm hüquqi əhəmiyyət kəsb edir. Belə ki, məhkəməyə müraciət edən şəxsin özü “istehlakçı” hüquqi statusunda olmalıdır ki, o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt imkanından yararlana bilsin. İş materiallarından göründüyü kimi, hazırkı işdə ünvan 1 ünvanında yaşayan iddiaçının Sumqayıt şəhəri 48-ci məhəllədə kommersiya köşkü var və həmin köşkdə kommersiya fəaliyyəti ilə məşğul olur. İddiaçı fiziki şəxs kimi 2 saylı Ərazi vergi departamentində vergi ödəyicisi kimi uçota alınıb (VÖEN **********). İddia ərizəsindən göründüyü kimi, İddiaçı fiziki şəxs kimi yaşadığı evə deyil, məhz vergi ödəyicisi kimi uçota alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kommersiya köşkünə cavabdeh tərəfindən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, AR MPM-nin 26.1-ci maddəsinin (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır) tələblərinə əsasən ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə aid olan bu iddia kommersiya mübahisəsi üzrə iddiadır. Kommersiya mübahisəsi dedikdə isə, iştirakçısı istər fərdi sahibkarlar, istərsə də dövlət olan, sahibkarlıq fəaliyyəti sahəsində yaranan hüquqi mübahisə başa düşülür. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə sahibkarlıq subyektləri arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, məhkəmə hazırkı kommersiya mübahisəsi üzrə İddiaçı sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsində nəzərdə tutulan “istehlakçı” kateqoriyasına aid edilib-edilməməsinin müəyyənləşdirilməsini zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqısatqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Bundan əlavə, qeyd olunan qanunun preambulasında həmin qanunun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənildiyi göstərilmişdir. BMT Baş Assambleyasının xx xxxxx 1985-ci il tarixli 39/248 saylı Qərarı ilə qəbul edilmiş həmin rəhbər prinsiplərin “tətbiq dairəsi” adlanan İİ hissəsinin 3-cü bəndində göstərilir ki, “bu rəhbər prinsiplərin məqsədi üçün “istehlakçı” termini üzv ölkələrin spesifik ehtiyaclar üçün digər anlayışlar da müəyyən etmək imkanını tanımaqla ümumi olaraq ilk növbədə şəxsi, ailə və məişət məqsədləri üçün hərəkət edən vətəndaşlığından asılı olmayaraq fiziki şəxsləri nəzərdə tutur. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər aktlarda da istehlakçıya oxşar anlayış verilmişdir. Məsələn, Azərbaycan Respublikasının xx xxxxxxx 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin istehlakçıların hüquqlarının qorunması sahəsində əməkdaşlığının əsas istiqamətləri haqqında 2000-ci il yanvarın 25də Moskva şəhərində imzalanmış Saziş”in 1-ci maddəsində istehlakçıya malları (işləri və xidmətləri) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan, müstəsna olaraq şəxsi (məişət) ehtiyacları üçün sifariş etmək və əldə etmək niyyəti olan, yaxud sifariş edən, alan və istifadə edən vətəndaş kimi anlayış verilmişdir. Göründüyü kimi, ölkə qanunvericiliyi “istehlakçı”ya “şəxsi tələbatını ödəmək məqsədi ilə” mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs kimi anlayış vermişdir. Bundan əlavə, qanunvericinin MPM-in 36.9-cu maddəsində iddiaçının “yaşadığı yer” ifadəsini işlətməsi də, həmin maddədə məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan “fiziki şəxs” olan istehlakçının nəzərdə tutulmasına dəlalət edən haldır. Qanunvericiliyə əsasən “fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir”. Mülki hüquq münasibətlərinin subyektlərini müəyyənləşdirən Mülki Məcəllənin 5.1-ci maddəsi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və məşğul olmayan fiziki şəxsləri bir-birindən fərqləndirir. Həmin maddəyə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, hazırkı işdə İddiaçı şəxsi tələbatını ödəmək məqsədi ilə deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kommersiya köşkünün fəaliyyəti üçün zəruri olan elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etdiyindən o, MPM-in 36.9-cu maddəsində nəzərdə tutulmuş “istehlakçı” kimi qiymətləndirilə bilməz və bu hal onun qeyd edilən maddəyə istinad etməklə dövlət rüsumunu ödəmədən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmək imkanını istisna edir. Cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilmədiyinə, pretenziya qaydasına əməl olunmadığına, qanunla müəyyən olunmuş məbləğdə və qaydada dövlət rüsumu ödənilmədiyinə, iddia tələbi dəqiq ifadə olunmadığına, bununla da iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-ProsessualMəcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-ProsessualMəcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- ProsessualMəcəlləsinin 151-152, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri ddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-616/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-616/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver