Məhkəmə qərarları › İş №e-2-2(119)-616/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-616/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-616/2021 02.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Vahid oğlunun iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti 28 aprel 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil-Tikinti Kooperativindən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 13181,98 (on üç min yüz səksən bir manat 98 qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə təsis edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu **********8 olan Cavabdeh MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı 13 aprel 2021-ci il tarixinə iddiaçı “xxxx” ASC-yə cəmi 13181,98 (on üç min yüz səksən bir manat 98 qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh MTK-ya dəfələrlə müraciət olunsa da, cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 13181,98 manat borcu ödəməyərək, “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin nümayəndəsinin istehlakçı Cavabdeh MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə, ona borcu haqqında bildiriş-xəbərdarlıq (hesab-faktura) təqdim etməsini - tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi isə onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-cı il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İş üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh Mənzil-Tikinti Kooperativi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə istehlakçı (abonent) Cavabdeh Mənzil-Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış qeyri-əhali üçün nəzərdə tutulan “Elektrik enerjisinin alqısatqısına dair” Müqavilə əsasında sonuncuya məxsus obyekt (abonent kodu: **********8) elektrik enerjisi ilə təchiz edilmiş və istifadə olunan elektrik enerjisinin hesabatı Abonent üçün quraşdırılmış sayğac vasitəsi ilə aparılaraq, aylar üzrə istifadə olunan elektrik enerjisinin hesabatları tərtib edilmiş və həmin hesabatlar üzrə Abonent tərəfindən mütəmadi olaraq müxtəlif məbləğlərdə ödənişlər aparılmışdır. Lakin, sayğac göstəricilərinə uyğun ödənişlər aparılmadığından istehlakçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin 13 aprel 2021-ci il tarixinə cəmi 13181,98 (on üç min yüz səksən bir manat 98 qəpik) manat borcu yaranmışdır. Buna görə də, həmin borcun tutulması üçün iddiaçı “xxxx” ASC 28 aprel 2021-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia ərizəsinə məhkəmədə baxılarkən Cavabdeh MTK tərəfindən müəyyən məbləğlərdə ödənişlər aparıldığından ondan tələb olunan borc məbləği azalmış və 02 iyul 2021-ci il tarixinə Cavabdeh MTK-nın sayğac üzrə hesablanmış cəmi 10569,07 (on min beş yüz altmış doqquz manat 07 qəpik) manat məbləğində borcu qalmışdır (təsvir olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş istehlakçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə aid Abunə haqqında Məlumatlar, Borc haqqında Arayış və digər sənədlərlə təsdiq olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara görə qeyd etmək lazımdır ki, istehlak olunan elektrik enerjisinə görə iddiaçı (enerjitəchizatı müəssisəsi) “xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh (istehlakçı) Cavabdeh Mənzil-Tikinti Kooperativinin 13 aprel 2021-ci il tarixinə ödənilməmiş 13181,98 (on üç min yüz səksən bir manat 98 qəpik) manat məbləğində borcuna görə 28 aprel 2021-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən 13181,98 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Lakin, 02 iyul 2021-ci ildə keçirilən məhkəmə iclasında iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra tələb olunan 13181,98 manat məbləğində borcdan müəyyən məbləğdə ödəniş edildiyi üçün Cavabdeh MTK-nın 02 iyul 2021-ci il tarixinə 10569,07 (on min beş yüz altmış doqquz manat 07 qəpik) manat məbləğində ödənilməmiş borcunun qaldığını təsdiq edən 02 iyul 2021-ci ildə çap edilmiş istehlakçı Cavabdeh MTK-ya aid Abunə haqqında Hesabatı məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, Cavabdeh MTK-nın (abonent kodu **********8) 02 iyul 2021-ci il tarixinə 10569,07 manat məbləğində ödənilməmiş borcu qaldığına görə, hazırkı iddia ərizəsi üzrə Cavabdeh MTK-dən istehlak olunan elektrik enerjisinə görə tələb olunan 13181,98 manat məbləğində borc deyil, həmin borcun ödənilməmiş hissəsi, yəni 02 iyul 2021-ci il tarixinə ödənilməmiş 10569,07 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdeh Cavabdeh Mənzil- Tikinti Kooperativindən (abonent kodu **********8) istehlak olunan elektrik enerjisinə görə 02 iyul 2021-ci il tarixinə olan 10569,07 manat məbləğində borc iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativindən (abonent kodu **********8) istehlak olunan elektrik enerjisinə görə 02 iyul 2021-ci il tarixinə olan 10569,07 (on min beş yüz altmış doqquz manat 07 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10599,07 (on min beş yüz doxsan doqquz manat 07 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar