Məhkəmə qərarları › İş №e-2-2(119)-619/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-619/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-619/2025 07.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Sumqayıt şəhəri S.Vurğun küçəsi, Nəsimi parkı ərazisində yerləşən abonent kodu (**********0) olan elektrik hesabat sayğacına əsassız hesablanmış 3893 (üç min səkkiz yüz doxsan üç) manat məbləğində borcun silinməsi və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri S.Vurğun küçəsi, Nəsimi parkı ərazisində yerləşən elektrik hesabat sayğacına baxış keçirilmişdir. Sayğac qısa qapanmadan yanaraq yararsız vəziyyətə düşmüşdür. İddiaçı yanmış sayğac barədə tədbir görülməsi üçün "xxxx" ASC-nin əməkdaşlarını çağırmışdır. Onlar yanmış sayğacı çıxarıb yenisi ilə əvəz etmiş, sayğacın yanması ilə əlaqədar əməkdaşları özü dəvət etdiyi üçün iddiaçıya heç bir hesabat aparılmayacağını bildirmişlər. Lakin 6 ay sonra iddiaçıya 3893 (üç min səkkiz yüz doxsan üç) manatlıq hesabat apardıldığı məlum olmuşdur. Qeyd edilən məbləğlə bağlı iddiaçı "xxxx" ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinə müraciət etmiş, lakin 2 il keçsə də, müsbət bir nəticə əldə edə bilməmişdir. İddiaçının istifadəsində olan obyektə quraşdırılmış sayğac çöldə yerləşir. Buna görə də o, sayğaca nəzarət olunması barədə öhdəlik daşımır. Bu barədə iddiaçı "xxxx" ASC-nin əməkdaşları ilə dəfələrlə maraqlanmış, onlar sayğacın yanmasının iddiaçı ilə heç bir əlaqəsinin olmadığını, sayğacın qısaqapanma nəticəsində yandığını, həmçinin həmin aktın da, o səbəbdən tərtib olunduğunu bildirmişlər.

3. 17 mart 2025-ci il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək İddiaçı hazırkı iddia tələbi əssasız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 21 iyun 2021-ci il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin uçot dəstinə baxış keçirilən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı qısa-qapanma nəticəsində yanaraq istismara yararsız olmuşdur. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) pozulması haqqında 22 iyun 2021-ci il tarixli, AKT R 041406 saylı akt tərtib edilmiş və itirilmiş elektrik enerjsinin dəyərinə uyğun olaraq 3893 manat məbləğində akt üzrə hesabat aparılmışdır. Həmçinin iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir.

4. 07 aprel 2025-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, həmçinin suallara cavab olaraq iddiaçının istifadəsinə olan sahibkarlıq obyektində aparılmış yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir.

6. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

7. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri S.Vurğun küçəsi, Nəsimi parkı ərazisində yerləşən 431,6 kv.m olan qeyriyaşayış binası xüsusi mülkiyyət kimi X1 mülkiyyətindədir.

8. İş materiallarında olan icarəyə verən X2 ilə icarəçi İddiaçı arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Sumqayıt şəhəri S.Vurğun küçəsi, Nəsimi parkı ərazisində yerləşən 431,6 kv.m olan qeyri-yaşayış binasını İddiaçı icarəyə vermişdir. Həmin müqavilənin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi(lər) tərəfindən ödənilir.

9. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 22 iyun 2021-ci il tarixli, 041406 nömrəli aktda qeyd olunur ki, yoxlama zamanı müəyyən olunmuşdur ki, T.M-də quraşdırılmış obyektə məxsus elektrik sayğacı qısa-qapanma nəticəsində yanaraq istismara yararsız hala düşmüşdür. Aktda “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın yenisi ilə əvəz edilməsi tələb olunmuşdur.

10. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, abunə kodu **********0 olan qeyri-yaşayış sahəsinə 041406 nömrəli akt əsasında 05 noyabr 2021-ci il tarixə 3893,22 (üç min səkkiz yüz doxsan üç manat iyirmi iki qəpik) manat borc hesablanmışdır.

11. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçı istifadəsində olan sahibkarlıq obyektinə (kafe) (abunə kodu **********0) baxış keçirilmiş və yoxlamanın nəticəsidə obyektə məxsus elektrik sayğacının qısa-qapanma nəticəsində yanaraq istismara yararsız hala düşdüyü müəyyən olunmuşdur. Bu barədə 22 iyun 2021-ci il tarixli 041406 nömrəli akt tərtib olunmuş və həmin akt əsasında yenidən hesabaşma aparılaraq 3893,22 (üç min səkkiz yüz doxsan üç manat iyirmi iki qəpik) manat borc hesablanmışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

13. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

14. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

15. İş materialları və cavabdehin nümayəndəsinin izahatı əsasında müəyyən olunur ki, cavabdeh iddiaçının istifadəsində olan sahibkarlıq obyekti barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri S.Vurğun küçəsi, Nəsimi parkı ərazisində yerləşən qeyri-yaşayış sahəsinə (kafe) (abonent kodu **********0) 22 iyun 2021-ci il tarixli, 041406 saylı akta əsasən hesablanmış 3893 (üç min səkkiz yüz doxsan üç) manat məbləğində borc silinməlidir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 58,93 (əlli səkkiz manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

25. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri S.Vurğun küçəsi, Nəsimi parkı ərazisində yerləşən qeyri-yaşayış sahəsinə (kafe) (abonent kodu **********0) 22 iyun 2021ci il tarixli, 041406 saylı akta əsasən hesablanmış 3893 (üç min səkkiz yüz doxsan üç) manat məbləğində borc silinməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 58,93 (əlli səkkiz manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri S.Vurğun küçəsi, Nəsimi parkı ərazisində yerləşən qeyri-yaşayış sahəsinə (kafe) (abonent kodu **********0) 22 iyun 2021-ci il tarixli, R 041406 saylı akta əsasən hesablanmış 3893 (üç min səkkiz yüz doxsan üç) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 58,93 (əlli səkkiz manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar