Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-646/2021 27.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil, Cavabdehin Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh İB-nə qarşı aktın ləğvi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin qeydiyyatda olduğu ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək, heç bir problem müəyyən olunmadan yoxlama üçün sayğac laboratoriyaya göndərilmiş və iddiaçının iştirakı olmadan sayğacın plombunun qırılması və dövlətə ziyan dəyməsi ilə bağlı rəy verilmişdir. Həmin dəymiş ziyan hesablanaraq, 864 manat müəyyən edilib. İddiaçı hesab edir ki, borc düzgün hesablanmayıb. Ümumiyyətlə, sayğac obyektdən kənarda yerləşdiyi üçün onda yarana biləcək hər hansı nasazlığa görə İddiaçı MMC cavabdehlik daşımır, ona görə də ona borc hesablana bilməz. Pretenziya qaydasında borcun silinməsi tələb edilsə də, müraciət cavabsız qalıb. Buna görə də, cavabdehin cəmiyyət barədə tərtib etdiyi 31 may 2020-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt ləğv edilməli və onun əsasında hesablanmış 864 manat borc silinməlidir. Belə ki, əvvəla sayğac obyektdən kənarda yerləşir. Sayğaca müdaxilə olubsa belə onun iradəsi ziddində olması ehtimalı daha çoxdur. Bundan başqa, həmin obyektdə 2020-ci il yanvar ayından təhsil mərkəzi fəaliyyət göstərmişdir. Qeyd olunan obyekt 2020-ci ilin mart ayında pandemiya ilə bağlı olaraq təhsil fəaliyyətinə icazə verilmədiyindən işləməmişdir. Ona görə ortada ziyan olsa belə, dəymiş ziyan hesablanarkən bir illik hesablanması heç bir əsasa uyğun gəlmir. Sayğac dəyişdirilən zaman əgər problem var idisə yerində akt bağlanmalı, problem olduğu bildirilməli və ya foto şəkillər çəkilməli idi. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən cavabdehin Cəmiyyət barədə tərtib etdiyi 31 may 2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və onun əsasında hesablanmış 864 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh İB-nin İddiaçı MMC barədə tərtib etdiyi 31 may 2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 864 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, sayğac obyektdən kənarda yerləşdiyinə görə obyekt sahibinin sayğacın sökülüb aparılmasından xəbəri olmamış və sayğac yoxlamaya aparılarkən obyekt sahibi yoxlamada iştirak üçün çağırılmamışdır. Bundan əlavə, həmin yoxlamanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi ilə bağlı tərəfə reyestrdən çıxarış təqdim edilməmişdir. İş materiallarında olan abonent saldosundan göründüyü kimi obyektdə sərfiyyat olmadığı halda iddiaçıya cərimə yazılmışdır. 15 yanvar 2020-ci il tarixli “sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktı istehlakçının nümayəndəsi kimi imzalamış Əlimirzəyev Fərəc adlı şəxs İddiaçı MMC-də işləmir. Biz həmin şəxsi tanımırıq. Bu barədə İddiaçı MMC-nin direktoru tərəfindən verilmiş ərizə iş materiallarına əlavə edilməsi üçün təqdim edilmişdir. Sonda iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, Nazirlər Kabinetinin 80 nömrəli qərarının 4.8-ci bəndində əsasən hüquqi şəxslər sayğacı öz vəsaiti hesabına alır və sayğacın qorunması da onlara aiddir. Sayğac söküləndən sonra Dövlət Labarotoriya Xidmətinə aparılır. Məhz həmin qurumun rəyi alındıqdan sonra itirilmiş qazın bərpası üzrə obyektə 864 manat cərimə hesablanıb. 15 yanvar 2020-ci il tarixli “sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan göründüyü kimi sayğaca baxış keçirilməsi zamanı İddiaçı MMC-nin nümayəndəsi Əlimirzəyev Fərəc baxışda iştirak edərək, aktı imzalayıb. Sonda cavabdeh iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB ilə İddiaçı MMC arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” haqqında müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.01.2020-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı MMCyə məxsus smart kart tipli G-4 markalı sayğac növbəti dövlət yoxlaması nəticəsində çıxarılaraq, müvəqqəti başqa sayğacla əvəzlənmişdir. Həmin aktı istehlakçının nümayəndəsi kimi Əlimirzəyev Fərəc imzalamışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2020-ci il üzrə İddiaçı MMC-nin qalıq və aktlar üzrə 864 manat borcu vardır. İş materiallarında olan 31.05.2020-ci il tarixli, ******* №-li aktdan görünür ki, G-4 markalı, 1002AQ**********3 nömrəli sayğacın klapanı bağlıdır. Ekranda bağlı işarəsi var. OFF rejimindən çıxarıldı, klapan açıldı. Batereya yuvasının alt hissəsi çatlayıb. Xətalar normaya uyğundur. Sayğacın arxiv yaddaş proqramı oxundu. 26.09.2011-ci il tarixində Alarm-1 rejimi qeydə alınıb. Məhkəməyə təqdim olunmuş İddiaçı MMC-nin direktoru S.Həsənovun ərizəsindən görünür ki, İddiaçı MMC-də Əlimirzəyev Fərəc adlı şəxs işləməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 20.11.2019-cu il tarixli qazın alqı-satqısı müqaviləsinə əsasən ünvan 1 ünvanında İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. Sumqayıt QİS-in işçiləri tərəfindən obyektə baxış keçirilən zaman sayğacın batareya yuvasının alt hissəsinin çatlaması müəyyən olunaraq, bununla bağlı 31.05.2020-ci il tarixli, ******* №-li akt tərtib olunmuş və sayğac çıxarılaraq laboratoriyaya göndərilmişdir. Lakin iş materiallarından görünür ki, mübahisələndirilən aktın tərtib edildiyi yoxlamanın aparılması üçün Ədliyyə Nazirliyində reyestrdə qeydiyyatı barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Bundan əlavə, “Sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 15 yanvar 2020-ci il tarixli aktda istehlakçının nümayəndəsi kimi Əlimirzəyev Fərəc adlı şəxs göstərilsə də iddiaçının direktoru X2 tərəfindən məhkəməyə göndərilmiş ərizədə İddiaçı MMC-də Əlimirzəyev Fərəc adlı şəxsin işləmədiyi qeyd olunmuşdur. Bununla da, sayğac çıxarılarkən istehlakçının nümayındəsinin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh İB) tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə məxsus qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan başqa, iddiaçının direktoru X2 tərəfindən məhkəməyə göndərilmiş ərizəyə əsasən 15 yanvar 2020-ci il tarixli “sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt üzrə istehlakçının nümayəndəsi kimi göstərilmiş Əlimirzəyev Fərəc adlı şəxsin İddiaçı MMC-də işləmədiyi müəyyən olunmuşdur. Cavabdeh həmin şəxsin istehlakçının nümayəndəsi olduğunu sübuta yetirə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin olunmalı, Cavabdeh İB tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 31.05.2020ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 864 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "NDR” MMC-nin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 31 may 2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 864 (səkkiz yüz altmış dörd) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-646/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-646/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver