Məhkəmə qərarları › İş №e-2-2(119)-66/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-66/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-66/2021 30.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı borcun silinməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 11219.26 manat borc, 2019,47 manat borcun ƏDV-si, ümumilikdə 13238,73 (on üç min iki yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vergi orqanında qeydiyyata alınmaqla (VÖEN №**********) Sumqayıt şəhəri Sumqayıt stansiyası ərazisində qida məhsullarının istehsalı ilə məşğul olur. Qeyri-yaşayış obyekti elektrik enerjisindən qanunvericiliyin tələblərinə uyğun olaraq sayğac vasitəsi ilə istifadə edir. İddia ərizəsində göstərilir ki, xx.xx.2020-ci tarixdə cavadeh təşkilatın Şimal RETS idarəsinin işciləri qeyri-yaşayış obyekti ərazisinə gələrək orada yerləşən yüksək gərginlikli tranformatora, sayğaca baxış keçirmiş və 031369 saylı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunur ki, “elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, EEİQ-nın 9.21-ci bəndi pozulmuşdur. Belə ki, kondensatr qurğusu quraşdırılmadığı üçün göstərici - 0.62, Pfak-393 kvt, Psay=268 kvt EEİQ-na uyğun olaraq yenidən hesablama aparılsın və obyektə kondensatr qurğusu quraşdırılsın. İddia ərizəsində “Elekrik enerjisindən istifadə qaydaları”nın 8.2, 9.21-ci bəndlərinə istinad edilərək cavabdeh təşkilatın qanunvericiliyin tələbinin hansı qaydada tətbiq olunmasını izah etmədiyini, aktdan sonra dərhal ********* nömrəli hesab ödəniş qaiməsini göndərərək 11219,26 manat cərimə və 2019,47 manat cəriməyə hesablanmış ƏDV müəyyən edərək ümumilikdə cavabdehdən istehlak olunmamış elektrik enerjisinə görə 13238,73 manat pul tələb etmişdir. İddiaçı cavabdehin tələbinin qanunsuz və əsassız hesab etdiyini bildirərək göstərir ki, yüksək gərginlikli elektrik enerjisi üç tərəfli razılaşdırılmış qaydada dəmiryol xəttindən götürülür və müəssisənin ərazisində yerləşən transformatora daxil olur. Müəssisənin hesabat eletkrik sayğacı da transformatorun yerləşdiyi binada qoyulmuşdur. Tranformatora yüksək gərginliklik xətt daxil olduğundan transformator binasına yalnız cavabdeh təşkilatın icazəsi əsasında mütəxəsislər daxil ola bilərlər. İddiaçının həmin binaya daxil olmağına hər hansı bir icazəsi yoxdur. Bu baxımdan transformatorlardan çıxan gərginlik xəttinə kondensatrın qoyulması iddiaçı tərəfindən deyil, cavabdeh təşkilat və yaxud onların razılığı əsasında podratçı təşkilat tərəfindən qoyulmalı idi. İddiaçının həmin xəttə kondensatrın qoyulub-qoyulmaması barədə məlumatı olmamışdır. İddia ərizəsində daha sonra “Elekrik enerjisindən istifadə qaydaları”nın 9.1, 10.7, 10.9, 10.11 və 10.12-ci bəndlərinə istinad edilərək göstərilir ki, keyfiyyətli enerji təminatı haqqında X1 Agentliyinin nümayəndələrinin tələbnaməsi olmalı, tələbnamədə göstərilmiş hallar aradan qaldırılmadıqda itirilmiş enerjinin bərpası həyata keçirilməli idi. Keyfiyyətli enerjinin verilməsi və buna nəzarətin keçirilməsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun akt tərtib etməmişdir. Həmin Aktı cavabdeh təşkilatın iştirakı ilə X2 Agentliyi tərtib etməli idi. İddia ərizəsində daha sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 2.1 və 17.3-cü maddələrinə istinad edilməklə göstərilir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Ümumiyyətlə inhisarçı təşkilatlar hesab edirlər ki, qanunvericiliyin tələbləri onlara aid deyil. Onlar sahibkarla bağlı istənilən hərəkətlərə yol verə bilərlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin, işin məhkəmə icraatında olduğu müddət ərzində “xxxx”QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı şöbəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli 116/4 saylı texniki şərtin kserosurətini əldə etdiyini, həmin kserosurəti, habelə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli xx/xx-5075 nömrəli istismara buraxılış aktının kserosurətini məhkəməyə təqdim edərək qeyd edilən sənədlərdə də, iddiaçının kondensatr qurğusu quraşdırmalı olması barədə hər-hansı şərtin olmadığını bildrimişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Əhmədov iddia tələbini qəbul etməmiş və etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus obyektə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman EEİQ-nın 9.21-ci bəndinin pozulduğu, kondensator qurğusu quraşdırılmadığı üçün COS f-nin 0.62 həddə olduğu aşkar edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalar”nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, R 031369 saylı akt tərtib edilmişdir. Akt iddiaçının nümayəndəsi Faiq Əhmədovun iştirakı ilə tərtib edilmişdir, lakin o aktı imzalamaqdan imtina etmişdir. Bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Etirazda daha sonra “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.21, 9.22, 10.13 və 10.14-cü bəndlərinə istinad edilməklə göstırilir ki, kondensator müxtəlif elektron qurğularında lazım olan elektrik yüklərini və uyğun enerji tutumlarının əldə edilməsi üçün tətbiq olunan qurğudur. Kondensator passiv elektron qurğusudur. Adətən, həmin qurğu lövhə şəklində olan iki elektroddan və onların arasında qalınlığı elektroda nisbətətən kiçik olan dielektrikdən ibarətdir. Boş olan kondensatoru elektrik şəbəkəsinə qoşduqda elektrodun biri müsbət, digəri isə mənfi yüklənir. Kondensator şəbəkədən ayrıldıqda elektrik yükü qalır. Onu başqa cərəyansız naqilə birləşdirdikdə isə kondensator boşalır. Yaddaşda olan yükün miqdarı elektrodlar arasındakı gərginliklə mütənasibdir. Bu mütənasiblik sabiti kondensatorun gücü adlanır. Güc artdıqca kondensator daha çox elektrik yükü saxlaya bilir. “xxxx” MMC-də cos f-nin həddi 0,92 müəyyən edilmişdir. İstehlakçı isə kondensator qurğusunu quraşdırmadığı üçün cos f 0,62 həddə enmişdir ki, bu halda reaktiv enerjinin çoxalmasına, enerji itkisinə və aktiv enerjinin keyfiyyətinin aşağı düşməsinə yol verilir. Qeyd olunanlar nəzərə alınsa, iddiaçının iddia tələbinin qanunauyğun olmadığı bir daha öz təsdiqini tapır. Etirazda qeyd olunanlara əsasən iddiaçının “EEİQ”-nin tələblərini açıqaşkar pozduğu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq, Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə istinad edilməklə iddiaçının iddia tələbinin hüquqdan sui-istifadə hesab edilməli olduğu göstərilmiş, habelə cavabdehin apardığı yoxlamanın iddiaçının maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmadığını, cavabdehin iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və EEİQ-na riayət olunub-olunmaması vəziyyətinə baxış keçirdiyi, “xxxx” ASC-nə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə və sayğaca hərhansı kənar müdaxilənin olunub-olunmamasına nəzarət etmənin yoxlama hesab olunmamalı olduğu göstərilmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. İş materiallarından və tərəflərin nümayəndələrinin izahatından məlum olur ki, tərəfər arasında elektrik enerjisinin alğısatqısına dair müqavilə bağlanılmasa da, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Sumqayıt stansiyası ərazisində yerləşən obyektin elektrik enerjisi ilə təchiz edilməsi və həmin ünvana **********9 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılması işin mübahisəsiz hallarıdır. İddiaçının mübahisələndirdiyi, məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixdə tərtib olunmuş R 031369 nömrəli aktda göstərilir ki, “Elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, EEİQ-nin 9.21 bənd pozulmuşdur. Belə ki, kondensatr qurğusu quraşdırılmadığı üçün Cos f-0.62 göstərir. Pfak-393 kvt, Psay=268 kvt, Cos f-0.62. Tələb: EEİQ-na uyğun olaraq yenidən hesablama aparılsın və obyektə kondensatr qurğusu quraşdırılsın. Həmin akt “xxxx” ASC-nin 3 nümayəndəsi tərəfindən imzalanmış, akta abonentin nümayəndəsi kimi Faiq Əhmədov göstərilərək “imtina etdi” qeyd olunmuşdur. Həmin aktda qeyd olunan qüsurlara görə əlavə sərfiyyatın hesablanması ilə əlaqədar tərtib edilmiş hesabat sənədində iddiaçıya məxsus olan **********9 nömrəli abonent kodu göstərilməklə cəmi 13238,7 manat borc hesablanmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli ********* nömrəli X4 görünür ki, xx xxxx 2020-ci il tarixli R 031369 nömrəli Akta əsasən hesablanmış 11219,26 manat məbləğində sərfiyyat üzrə borc və həmin borca hesablanmış 2019,47 manat məbləğində X5maqla, cəmi 13238,73 manat məbləğində borcun xx xxxx 2020-ci il tarixinədək ödənilməsi iddiaçıdan tələb edilmişdir. Eyni zamanda, iddiaçıya məxsus “Abunə haqqında” məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdən **********9 nömrəli abunə kodu ilə istahlakçı (abonent) olaraq fiziki şəxs İddiaçı qeydiyyata alınaraq, ona məxsus Sumqayıt şəhərinin Sumqayıt stansiyası ərazisində yerləşən qeyriyaşayış sahəsi təchizatçı “xxxx” ASC tərəfindən elektrik enerjisi ilə təchiz olunur və xx.xx.2020-ci il tarixli R 031369 nömrəli Akta əsasən hesablanmış cəmi 13238,73 manat məbləğində borc da xx.xx.2020-ci ildə abonent (istehlakçı) olaraq fiziki şəxs İddiaçı abunə hesabına daxil edilmişdir. İddiaçı qeyd edilən aktı yuxarıda göstərilən dəlillər gətirməklə mübahisələndirir və həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi yazılı etirazında aktın düzgün tərtib edildiyini göstərməklə iddiaçının dəlillərini qəbul etmir və iddianın təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx.xx.2019-cu il tarixli Qərarında göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflərin istinad etdiyi, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.21-ci bəndinə əsasən istehlakçının təqsirindən enerjitəchizatı müəssisəsi ilə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsi hallarında istehlakçı onun qidalandığı elektrik qurğusuna hesablaşma dövründə buraxılmış elektrik enerjisinin keyfiyyəti aşağı düşmüş hissəsinin dəyərinin 25 faizi miqdarında enerjitəchizatı müəssisəsinə ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən enerjitəchizatı müəssisəsinə ziyan dəymişdirsə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.) istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisə-si qarşısında maddi məsuliyyət daşıyır. Həmin qaydaların 9.22-ci bəndinə əsasən isə elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisi ilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri enerjitəchizatı müəssisəsinin, istehlakçının və X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş alktda iddiaçı tərəfindən yuxarıda qeyd edilən 9.21 bəndin tələblərinin pozuntusu kimi “kondensatr qurğusunun quraşdırılmaması” göstərilmiş, eyni zamanda cavabdehin nümayəndəsi etirazında istehlakçının kondensator qurğusunu quraşdırmadığı üçün enerji itkisinə və aktiv enerjinin keyfiyyətinin aşağı düşməsinə yol verildiyini bildirmişdir. İddiaçı isə, ümumiyyətlə nə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.21-ci bəndində, nə də hər-hansı bir digər sənəddə iddiaçı tərəfindən kondensatr qurğusunun quraşdırılmalı olması barədə birbaşa göstərişin olmadmasına, habelə xx.xx.2020-ci il tarixli aktın X1 Agentliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilməməsinə istinad etməklə həmin aktın əsassız olduğunu bildirir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının qeyd edilən dəlillərini təkzib edən – yəni onun tərəfindən kondensatr qurğusunun quraşdırılmalı olması və aktın X1 Agentliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilməsi ilə bağlı hər-hansı mötəbər sübut təqdim etmədiyindən qeyd edilən akt və onun əsasında hesablanmış borcun əsaslılığı məsələsinin məhkəmə qaydasında araşdırılması burada bitmiş hesab edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh onun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli R 031369 nömrəli Aktın əsaslılığını sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə iddiaçının irəli sürdüyü, cavabdehin isə razılaşmadığı digər dəlilə - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına münasibət bildirməklə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etmədən baxış keçirilməklə qeyd edilən qanunla yanaşı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin və “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinin də tələblərini də pozmuşdur. Belə ki, qeyd edilən normativ aktlar bütün növ yoxlamaların, o cümlədən də elektrik enerjisinin təchizatı sahəsində təbii inhisarçı olan “xxxx” ASC tərəfindən keçirilən baxışın xx.xx.2011-ci il tarixli Fərmanla təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasının təmin edilməli olduğunu göstərir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdehin hazırkı iddia tələbinin iddiaçının hüquqdan sui-istifadəsi hesab edilməli olması barədə dəlilinə gəldikdə isə məhkəmə işin yuxarıda qeyd edilən halları və Mülki Məcəllənin 560-cı maddəsinin məzmunu baxımdan həmin dəlillərlə razılaşmır. Belə ki, iddiaçının öz vəzifələrini kobudcasına pozması faktı iş materialları ilə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abonent kodu **********9) hesablanmış 13238,73 (on üç min iki yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar