Məhkəmə qərarları › İş №e-2-2(119)-670/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-670/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-670/2020 17.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Möhdəd oğlunun iştirakı ilə iddiaçı X2 Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt və tələbnamə əsasında hesablanmış 2332 (iki min üç yüz otuz iki) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilr ki, iddiaçı Siyəzən rayon Beşdam kəndində xx.xx.2013-cü ildən mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasında quşçuluq fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə Siyəzən rayon Qaz İdarəsinin əməkdaşları quşçuluq sexinə qaz sayğaclarını yoxlama məqsədi ilə daxil olsalar da, bununla bağlı iddiaçıya hər-hansı bir rəsmi sənəd təqdim etməmişlər. Həmin dövrdə Cavabdeh İB-yə istehlak olunmuş qaza görə borcları olduğundan müəssisəyə verilən qaz dayandırılmışdır. Həmin dövrdə quşçuluq sexində quş olmamışdı. Sayğaclar açılıb yoxlanılaraq, xx.xx.2019-cu il tarixində ******* nömrəli akt tərtib olunmuşdu. Həmin aktdan görünür ki, sayğacda hərhansı bir qüsur yoxdur. Lakin, itirilmiş qazın bərpası barədə xx.xx.2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünürki, G6 markalı 28098812 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda istismar edilən işlədicilərin ümumi saatlıq qaz sərfi 20.8 m3/saat olduğu aşkar edilmişdir. Yəni, mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil. Faktiki sərfiyyat 20.8 m3-dir. Normadan 10.8 m3 artıqdır. Buna görə də, bərpa olunmalı qazın miqdarı 10.8 m3-dir. Bununla da cavabdeh hesab etmişdir ki, iddiaçı 4665.6 manat məbləğində ziyan vurmuşdur. Həmin məbləğin yarısı sonradan cavabdeh təşkilat tərəfindən müəyyən şikayətlərdən sonra silinmişdir. Hal-hazırda mübahisə edilən məbləğ 2332 manat təşkil edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən akt və tələbamə tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanlmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələbi əsas götürülmüşdür. Qeyd edilməlidir ki, yalnız iddiaçının təqsiri cavabdeh tərəfindən sübut olunduqda yuxarıda göstərilən halda uyğun ziyan ödənilməlidir. Cavabdeh nümayəndələri qeyd edirlər ki, G-6 markalı sayğacların maksimal buraxılış həddi ilə müəssisədə yerləşən qaz avadanlıqlarının maksimum istehlakları arasıda fərq yaranıb. Cavabdehin fikirlərində məntiq yoxdur. Əvvəla, maksimum həddə qaz sayğacı və qaz avadanlıqları işlədildikdə sayğacdan keçən qaz hansı avadanlığa çatmasa, həmin avadanlıq fəaliyyətsiz qalacaq. Bu halda da iddiaçı yalnız sayğacdan keçən qazın dəyərini cavabdehə ödəməlidir. Cavabdeh təşkilatın nümayəndələri qanunsuz hərəkətlərə yol verərək, iddiaçıya istifadə etmədiyi qaza görə hesab təqdim etmişlər. Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, həmin yoxlamanın hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya hesablanmış əsassız 2332 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanları təsdiq etmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” (yazılı) təqdim edilərək, iddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçı Siyəzən rayonunun Beşdam kəndində yerləşən 0,20 ha torpaq sahəsində yerləşən quşçuluq sexini işlədir. Həmin obyektdə quşçuluq məhsulları istehsal etmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Beləki, xx.xx.2019-cu il tarixdə “Cavabdeh“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan sexdə quraşdırılmış G-6 markalı, 28098812 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfiyyatının 20,8 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 10.8 m3/saat qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 23328 m3 və ya 4665,60 manat hesablanmışdır. Bundan sonra iddiaçı abonent kimi Cavabdeh İB-nə müraciət etmiş və onun obyektinin həmin vaxt işləmədiyini, maliyyə cəhətdən müxtəlif səbəblərdən zəif olduğunu və s. halları nəzərə alaraq Cavabdeh İB-də fəaliyyət göstərən komissiya 2019-cu ilin sentyabr ayında abonent üçün hesablanmış itirilmiş qazın ziyanının 50 %-ni azaltmışdır. Yəni faktiki olaraq onun hesabından müraciətinə əsasən 2332.80 manat silinmişdir. İddiaçı quşçuluq sexində qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tululan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istismar etməklə qazdan istifadə qaydalarını təqsirli şəkildə pozmuşdur. Odur ki, qeyd olunanlara əsasən iddiaçının iddia tələbi əsassız hesab edilərək rədd olunmalıdır. Cavabdehin nümayəndəsi B.Seyfullayev məhkəmə iclasında etiraza uyğun izahat erərək iddianın təmin edilməməsini xahiş etdi. Nümayəndə həmçinn izahatında bildirdi ki, aktın tərtib olunma səbəbi layihədə nəzərdə tutulmayan əlavə quraşdırılmış istilik sistemlərinə verilən qazla bağlı olmuşdur. Layihədə nəzərdə tutulmayan əlavə quraşdırılmış cihazlara görə sayğac düzgün işləmir və artıq istehlak olunan qazı sayğac qeydə ala bilmir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı X4 xx xxxxxx 2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, cavabdeh, iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zamanı istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 20,8 m3, sərfiyyatı normadan 10,8 m3 artıq keçməsi aşkar olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktdan görünür ki, sayğaca kamera vasitəsilə baxış keçirilmişdir, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyat 20,8 m3, normadan 10,8 m3 artıqdır. xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı cəmi 23328 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zamanı sayğaca kamera vasitəsilə baxış keçirilmiş, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyatın 20,8 m3, normadan 10,8 m3 artıq keçməsi aşkar olunaraq xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” və xx xxxxxx 2019-cu il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktlar tərtib edilmiş və xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə ilə iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı cəmi 23328 m3 (23328 x 0,20 (1 m3 qazın dəyəri) = 4665,6 manat) müəyyən edilmişdir. Bundan sonra iddiaçı Cavabdeh İB-nə müraciət etmiş, Cavabdeh İBdə fəaliyyət göstərən komissiya 2019-cu ilin sentyabr ayında abonent üçün hesablanmış itirilmiş qazın ziyanının 50 %-ni azaltmışdır. Yəni faktiki olaraq onun hesabından müraciətinə əsasən 2332.80 manat silinmişdir. İddiaçı məhkəmədən qalan 2332 manat borcun silinməsini xahiş edir. Cavabdehin etirazında qeyd edir ki, iddiaçı quşçuluq sexində qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tululan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istismar etməklə qazdan istifadə qaydalarını təqsirli şəkildə pozmuşdur. Lakin, cavabdeh məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında X3 hesablanmış 2332 (iki min üç yüz otuz iki) manat məbləğində borc silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı X3 ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar