Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-678/2023 20.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Abdulla oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 15 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Müəssisə üzrə debitor və kreditor hesablaşmaların qarşılıqlı üzləşməsi haqqında” 560078 saylı Aktına əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 2133,48 manat məbləğində borcun İddiaçı abonent hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 348,1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi və 0,2422 ha torpaq sahəsi özəlləşdirilərək, xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarış alınmışdır və İddiaçı MMC bu ünvanda fəaliyyət göstərir. Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin “Müəssisə üzrə debitor və kreditor hesablaşmaların qarşılıqlı üzləşməsi haqqında” 560078 saylı Aktına əsasən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə İddiaçı MMC-in yerləşdiyi ünvana 2133,48 manat borc hesablanmışdır. Əslində bu borc əvvəllər həmin ünvanda yerləşmiş və büdcədən maliyyələşən Bakı Sənaye Pedoqoji X4 üçün hesablanmışdır. İddiaçı isə yuxarıda qeyd olunan aktla və hesablanmış borcla razılaşmır və hesab edir ki, tərtib edilmiş 560078 saylı Akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 825 saylı qərarına əsasən 01 iyul 2017-ci il tarixinə büdcə təşkilatlarının Cavabdeh ASC-yə içməli su təhcizatı və kanalizasiya xidmətlərinə görə olan borcları ödənilmiş hesab edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən, nazirliyin tabeliyində olan müəssisə, idarə və təşkilatların rəhbərlərinə, o cümlədən Bakı Sənaye Pedoqoji X3 xx.xx.2017-ci il tarixli tapşırıq məktubu göndərilmiş və həmin borc silinmişdir. Ona görə də, cavabdehin bu borcu İddiaçı MMC-dən tələb etməsi əsassızdır. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Müəssisə üzrə debitor və kreditor hesablaşmaların qarşılıqlı üzləşməsi haqqında” 560078 saylı Aktına əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 2133,48 manat məbləğində borcun İddiaçı abonent hesabından silinməsi barədə qətnamə qəbul olunmasın xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğuna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, hazırki işdə iddiaçı olan İddiaçı MMC əvvəllər Bakı Sənaye Pedoqoji X1 binası olmuş qeyri-yaşayış sahəsində yerləşir. Həmin tikili Təhsil Nazirliyinin balansında olduğu dövrdə Cavabdeh ASC ilə sudan istifadə üzrə bağlanmış müqavilə əsasında Bakı Sənaye Pedoqoji X4 su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etmişdir. Kollecin direktoru 2013-cü ildə Bakı Sənaye Pedoqoji X1 yerləşdiyi inzibati binanı özəlləşdirmiş və hal-hazırda həmin binada hüquqi şəxs İddiaçı fəaliyyət göstərir. Lakin, qeyd olunan tikilinin su təchizatı ilə bağlı müqavilə hal-hazırkı mülkiyyətçinin adına dəyişdirilməmiş və hal-hazırda da həmin tikilinin abunə kodu Təhsil Nazirliyinin adındadır. Çünki, dövlət əmlakının özəlləşdirilməsi qaydalarına uyğun olaraq məlum tikili özəlləşdirilərkən iddiaçı tərəfindən müvafiq qaydada sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilərək, dövlət büdcəsindən maliyyələşdiyi dövrdə həmin əmlakın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə üzrə yaranmış borcun silinməsi üçün lazımi tədbirlər görülməmişdir. Belə ki, özəlləşmə zamanı zəruri sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə lazımi qaydada göndərilsəydi, Əmlak Məsələləri Dövlət Komitəsi də həmin sənədlər əsasında tikilinin dövlət büdcəsindən maliyyələşdiyi dövrdə yaranmış borcun silinməsi üçün Cavabdeh ASC-yə müraciət edəcəkdi. Lakin, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilmə bağlı sənədlər təqdim edilməklə müraciət olunmadığı üçün Cavabdeh ASC tərəfindən də məlum binaya yazılmış borcun silinməsi mümkün olmamışdır. Yəni, məlum binanı özəlləşdirmiş şəxs sənədləşdirmə işlərini düzgün aparmadığı üçün Əmlak Məsələləri Dövlət Komitəsi də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə borcların silinməsi barədə müvafiq müraciəti etməmişdir. Çünki, hazırkı iddia ərizəsində iddiaçının silinməsini tələb etdiyi Bakı Sənaye Pedoqoji X1 sudan istifadəyə görə yaranmış borcu Əmlak Məsələləri Dövlət Komitəsi vasitəsi ilə silinməlidir. Ona görə də, hazırki işdə iddiaçı olan İddiaçı MMC tərəfindən həmin borcun mübahisələndirilməsi qanuna zidd və əsassızdır. Binası özəlləşdirilmiş dövlət təşkilatına aid borcun silinməsi üçün özəlləşdirmə ilə əmlakı əldə etmiş şəxs Dövlət Əmlaklarının özəlləşdirilməsi qaydalarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Quba şəhəri, Fətəlixan küçəsi, 41A ünvanında yerləşən qeyri-yaşayış binası (ümumi sahəsi 348,1 m2) X2 xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi–**********51-06301; Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 22 may 2013-cü il). İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 1 nömrəli Regional Sukanal İdarəsi tərəfindən tərtib edilmiş ”Müəssisə üzrə debitor və kreditor hesablaşmalarin qarşılıqlı üzləşməsi” haqqinda 24 oktyabr 2022-ci il tarixli 560078 nömrəli Aktda göstərilir ki, “Pedoqoji Texnikum” kimi qeydə alınmış abonentin sudan istifadəyə və kanalizasiya xidmətinə görə 01 oktyabr 2022-ci il tarixinə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 2233,48 (iki min iki yüz otuz üç manat 48 qəpik) manat məbləğində borcu vardır (həmin akt abonent “Pedoqoji Texnikum” tərəfindən imzalanmamışdır). “Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin “Qaydalar”ın 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisəsinin (STKM-in) vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, 2013-cü ildə özəlləşdirilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Bakı Sənaye Pedoqoji X1 Quba şəhəri, Fətəlixan küçəsi, 41A ünvanında yerləşən qeyri-yaşayış binası (ümumi sahəsi 348,1 m2) hal-hazırda X2 xüsusi mülkiyyətində olsa da, həmin qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya xidmətləri hələ də Təhsil Nazirliyinin tabeliyində olan “Pedoqoji Texnikum” kimi qeydə alınmış abonentlə bağlanmış müqavilə əsasında aparılır və abunə kodu da sonuncunun adına rəsmiləşdirilmişdir. Yəni, məlum qeyri-yaşayış sahəsi 2013-cü ildə özəlləşdirilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirildiyi dövrdə həmin tikilinin su təchizatı və kanalizasiya xidmətləri üzrə yaranmış borcun silinməsi aidiyyəti inzibati orqanlar tərəfindən təmin olunmamışdır. Yəni, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və özəlləşdirmə ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramlarının tələblərinə uyğun olaraq məlum dövlət əmlakı X5 tərəfindən özəlləşdirilərkən, onun həmin əmlakın su təchizatı və kanalizasiya xidmətləri ilə əlaqədar mövcud borclarının silinməsi üçün aidiyyəti dövlət orqanı Əmlak Məsələləri Dövlət Xidmətinə, sonuncunun isə öz növbəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələblərinin müvafiq qaydada yerinə yetirilməməsi və bu imkanın itirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə aidiyyəti üzrə müvafiq məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-678/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-678/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver