Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-680/2020 03.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi (direktoru) X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “xxxx” ASC iddia ərizəsində göstərmişdir ki, Cəmiyyət istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********6 olan “xxxx” MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 42 368,83 (qırx iki min üç yüz altmış səkkiz manat səksən üç qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh “xxxx” MTK-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 42.368,83 manat borcu bu günə qədər ödəməyərək «xxxx» ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay “xxxx” MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdeh “xxxx” MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 42.368,83 (qırx iki min üç yüz altmış səkkiz manat səksən üç qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” MTK-dan iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi (direktoru) Ə.H.Məmmədhəsənov borcu etiraf edərək, iddiaçı tərəfin MTK-da sayğacların qoyulmasına köməklik göstərməsini istədiklərini bildirdi. O, keçən il də eyni halın baş verdiyini vurğulayaraq, sayğaclar qoyulmadığı təqdirdə bu halın təkrarlanacağını qeyd etdi. Ə.H.Məmmədhəsənov MTK-nın “xxxx” ASC-yə olan borcunun 10.000 manatını birdəfəyə, qalan hissəsini isə aybaay ödəmək istədiyini bildirdi. Məhkəmə gəlmiş tərəfləri dinləyib, Ə.H.Məmmədhəsənovun etirafını, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə “xxxx” MTK arasında bağlanmış elektrik enerjisinin alqı-satqsı müqaviləsindən görünür ki, “xxxx” MTK elektrik enerjisi ilə təchiz edilmiş və MTK-ya **********6 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Abonentə illik buraxılacaq təxmini elektrik enerjisinin miqdarı 530000 kVt/saat, dəyəri 47.700 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan xx-xx/2020 №-li, xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 42 368,83 manat məbləğində borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” ASC ilə “xxxx” MTK arasında bağlanmış elektrik enerjisinin alqı-satqsı müqaviləsinə əsasən “xxxx” MTK elektrik enerjisi ilə təchiz olunmuşdur. Müqavilə öhdəliyi üzrə “xxxx” MTK-nın iddiaçıya 42.368,83 manat məbləğində borcu yaranmışdır. Lakin, cavabdeh “xxxx” ASC-yə olan borcunu ödəməmişdir. Bu hal iş materialları və cavabdehin nümayəndəsinin məhkəmədə etirafı ilə öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, “xxxx” MTK-dan 42.368,83 manat məbləğində pul tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx» ASC-nin cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “xxxx” MTK-dan istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 42.368,83 (qırx iki min üç yüz altmış səkkiz manat səksən üç qəpik) manat məbləğində borc tutularaq, iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-680/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-680/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver