Məhkəmə qərarları › İş №e-2-2(119)-687/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-687/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-687/2020 17.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, NDQ 007970 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat borcun qanunsuz və əsassız hesab edilərək **********8 saylı abonent kodundan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh “xxxx” ASC tərəfindən xx.xx.2020ci il tarixli NDQ 007970 nömrəli akta əsasən hesablanmış 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək **********8 saylı abonent hesabından silinməsinin “xxxx” ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vergi orqanında qeydiyyata alınmaqla (VÖEN №**********) Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində kiçik həcmli quşçuluq kəsim sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddia ərizəsində göstərilir ki, qeyd edilən obyekt enerji təchizatı müəssisəsi tərəfindən quraşdırılmış elektrik qurğuları, o cümlədən, 160 kvt güc transformatoru vasitəsi ilə elektrik enerjisi ilə təchiz olunmuş və sərf olunan elektrik enerjisinin həcmi qeyd olunan transformator məntəqəsində quraşdırılmış sayğac vasitəsi ilə qeydə alınır, hər ay enerji təchizatı müəssisəsinin əməkdaşları həmin elektrik quruğuları əsasında qeydə alınmış elektrik enerjisi sərfiyyatına dair bildiriş təqdim etdikdən sonra dəyəri ödənilmişdir. İddiaçı göstərir ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin bir qrup əməkdaşı tərəfindən obyektə xidmət göstərən sayğaca baxış keçirilərək, 1566 manat həcmində elektrik enerjisi sərfiyyatının qeydə alınması barədə bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. xx.xx.2020-ci il tarixdə isə iddiaçıya yeni hesab ödəniş sənədi təqdim edilmiş, müəssisəyə 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat cərimə yazıldığı bildirilərək, həmin məbləğin dərhal ödənilməsi tələb olunmuş və obyektin elektrik enejisi təchizatı dayandırılmışdır. Bununla əlaqədar olaraq iddiaçı “xxxx” ASC-nin X3 Təchizatı və Satışı İdarəsinə gedərək həmin cərimənin hansı əsasla yazıldığı barədə izahat tələb edərkən, orada ona xx.xx.2020-ci il tarixli 007970 nömrəli aktın kserosurəti təqdim edilərək cərimənin həmin akta əsasən hesablandığı bildirilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılıb və boltlar parıltılı vəziyyətdədir. Sayğacın yaddaşı kompüterlə xüsusi proqram vasitəsilə oxunmuş və hər üç fazada uzun müddətli yüklərin 0-a düşdüyü məlum olmuşdur. İddiaçı həmin aktda qeyd olunanların tamamilə böhtan olduğunu, orada göstərilən məlumatların həqiqəti əks etdirmədiyini cavabdehin əməkdaşlarına bildirərək cərimənin silinməsini və obyektin enerji təchizatının bərpa olunmasını tələb etsə də enerjitəchizatı müəssisəsinin rəhbərliyi qeyd olunanlara heç bir əhəmiyyət vermədən təqdim olunan cərimə məbləğinin ödənilməsini tələb edərək, həmin məbləğin ödənilməyəcəyi təqdidə obyektin elektrik enerjisinin bərpa olunmayacağını bildirmişlər. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə edilməmiş, həmin qurğular enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən quraşdırılmış və mütəmadi olaraq elektrik şəbəkəsinin əməkdaşları tərəfindən nəzarət olunmuş, sonuncu dəfə həmin sayğaca aktın tərtib olunması tarixindən 36 gün əvvəl baxış keçirmişdir. İddiaçı göstərir ki, əgər həmin sayğacda və onun cərəyan transformatorunda həqiqətən belə bir uyğunsuzluq olsaydı ona baxış keçirən həmin əməkdaşlar bunu müəyyən etmiş olardılar. Lakin, abunə haqqında çıxarışdan görünür ki, sonuncu tarixdə sayğaca baxış kecirən elektrik şəbəkəsinin əməkdaşı hər hansı qüsur olmadığından həmin sayğacla qeydə alınmış sərfiyyata dair müvafiq bildiriş və hesab ödəniş sənədi təqdim etmişdir. İddia ərizəsində daha sonra “Elektrik enerjisindən istifadə qaydalarının” 1.3, 8.2, 8.34-cü bəndlərinə istinad ediləmklə müəssisə ilə enerjitəchizatı müəssisəsi arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktının tərtib edilmədiyini və buna görə də sayğacda yaranmış hər hansı qüsura görə cavabdeh tərəfindən müəssisənin üzərinə hər hansı bir öhdəlik qoyulmasının heç bir hüquqi əsası olmadığı, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməklə onun tələblərinin də ciddi şəkildə pozulduğu, buna görə də hesablanmış borcun silinməli olduğu göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında bildirmişdir ki, tərəflər arasında elektrik enerjisinin alğı-satqısına dair müqavilə bağlanılmasa da, faktiki müqavilə münasibətlərində olmuşlar. Məhkəmənin sualına cavab olaraq nümayəndə qeyd edilən obyektin yerləşdiyi ərazidə elektrik enerjisinin verilməsində mütəmadi olaraq fasilələrin yarandığını, müəyyən dövrlərdə uçot komplektinə quraşdırılan hər üç fazada uzunmüddətli yüklərin "0”-a düşməsinin də bu cür fasilələrlə əlaqədar olmasını bildirmişdir. Bundan əlavə, nümayəndə qeyd edilən aktda xətdən axan yükün faktiki olaraq 36 kvt olması göstərilsə də, hesablamanın 96,5 kvt əsasında aparılmasının da qanunsuz olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nəsir Əhmədov iddia tələbini qəbul etməmiş və etiraz təqdim edrək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” ASCnin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus sexdə 0,4 kv-luq tərəfdə quraşdırılmış uçot komplektinə baxış keçirilən zaman məlum olmuşdur ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının hər ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılılb və boltlar parıltılı vəziyyətdədir. Bundan əlavə daha da obyektiv araşdırma aparılması məqsədi ilə sayğacın yaddaşı kompüterlə xüsusi proqram təminatı ilə oxunmuş, bu zaman həqiqətən hər üç fazada uzunmüddətli yüklərin "0”-a düşdüyü məlum olmuşdur. Həmçinin ampermaşa vasitəsi ilə xətdən axan yüklər ölçülən zaman faktiki olaraq xətdən axan yükün 36 kvt (Pfaktiki=36 kvt) olması müəyyən edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq “Elektrik enerjisindən istifadə qaydaları” 8.17-ci bəndinin tələblərinin pozulması haqqında xx.xx.2020-ci il tarixli NQD 007970 saylı akt tərtib edilmişdir. Abonentə məxsus 160 kva gücündə güc transformatoru obyektin daxilində iddiaçının sərəncamında quraşdırılmışdır. Etirazda daha sonra Mülki Məcəllənin 560.3.2-ci maddəsinə istinad etdilməklə iddia tələbinin iddiaçının hüquqdan sui-istifadəsi hesab edilməli olması, habelə “xxxx” ASC-nin yoxlayıcı orqan olmadığı və yalnız iddiaçının fəaliyyət göstərdiyi obyektdə elektrik enerjisinin uçotu və EEİQ-na riayət olunub-olunmaması vəziyyətinə baxış keçirildiyi göstərilmişdir. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi obyektin yerləşdiyi ərazidə elektrik enerjisinin verilməsində fasilələrin yaranıb-yaranmaması barədə onda hər-hansı məlumatın olmadığını bildirmiş, iddiaçının nümayəndəsinin bu barədə dəlillərini təkzib edən hər-hansı sübut təqdim etməmiş, akt əsasında hesablamanın nəyə görə sərfiyyatın 96,5 kvt götürülməklə aparılmasını izah edə bilməmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. İş materiallarından və tərəflərin nümayəndələrinin izahatından məlum olur ki, tərəfər arasında elektrik enerjisinin alğısatqısına dair müqavilə bağlanılmasa da, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən obyektin elektrik enerjisi ilə təchiz edilməsi və həmin ünvana **********8 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılması işin mübahisəsiz hallarıdır. İddiaçının mübahisələndirdiyi, cavabdeh tərəfindən təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, saat 19:30-da tərtib olunmuş NDQ 007970 nömrəli aktda göstərilir ki, “EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman müəyyən olundu ki, abonentə məxsus 160 kvt gücündə güc transformatoru var və transformator obyektin daxilində yerləşir. Uçot komplekti 0,4 kv-luq tərəfdə quraşdırılıb. Baxış keçirilən zaman məlum oldu ki, uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzəri açılılb və boltlar parıltılı vəziyyətdədir. Sayğacın yaddaşı kompüterlə xüsusi proqram vasitəsi ilə oxundu, hər üç fazada uzun müddətli yüklərin "0”-a düşdüyü məlum oldu. Ölçmə zamanı xətdən axan yüklər P=36 kvt. qoyulmuş yük yük transformatorunun yük normalarına əsasən götürülüb. Tələb: Uçot EEİQ-na uyğun olaraq bərpa edilsin”. Həmin akt “xxxx” ASC-nin 3 nümayəndəsi tərəfindən imzalanmış, akta abonentin nümayəndəsi kimi İddiaçı göstərilərək “imtina etdi” qeyd olunmuş, həmçinin qeyd hissəsində baxışın iş saatında aparılmadığı göstərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə aktda göstərilən sayğacın yaddaşının oxunduğu xüsusi proqramdan çıxarış kimi təqdim edilmiş 4 vərəqdən ibarət sənəddə 2020.07.17, 2020.07.11, 2020.08.16 və 2020.09.12 tarixlərədə müxtəlif saatlarda yüklərin 0-a düşməsi əksini tapmışdır. Həmin akt əsasında tərtib olunmuş, xx.xx.2020-ci il tarixli “İcra vərəqi” adlanan sənəddə aktda göstərilmiş nöqsanlara istinad olunaraq (96,5kvt x (0,7) x 24 saat x 173 gün)-59960 kvts=220508 kvts. Tarif (0,09 man) – 220508 kvts x 0,09=19845 manat hesablama aparılmışdır. İddiaçı qeyd edilən aktı yuxarıda göstərilən dəlillər gətirməklə mübahisələndirir və həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi yazılı izahatında aktın düzgün tərtib edildiyini göstərməklə iddiaçının dəlillərini qəbul etmir və iddianın təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx.xx.2019-cu il tarixli Qərarında göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən akt əsasında hesablanmış borcun ödənilməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəzifəsidir. Cavabdehin etirazda istinad etdiyi, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17ci bəndinə əsasən istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının işləmə saatlarına görə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Cavabdehin mövqeyinə əsasən iddiaçı uçot cihazlarının qoşulma sxemlərini pozmuş, uçot cihazlarından kənar özbaşına yük qoşulmuşdur. Cavabdeh bu halları təsdiq edən sübut kimi xx.xx.2020-ci il tarixli, NDQ 007970 nömrəli akta istinad edir, iddiaçı isə həmin aktı mübahisələndirməklə aktda qeyd edilən halların mövcudluğunu təkzib edir. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndində istehlakçının sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıması göstərilməsinə baxmayaraq tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı mövcud olmadığından aktda qeyd edilən, konkret halda iddiaçıya məxsus obyektin “uçot komplektinə quraşdırılan hər üç faza cərəyan transformatorlarının ikinci tərəf çıxışının komutasiya kabelinin bağlandığı bolt birləşməsinin üzərinin açılmasının” məhz iddiaçı tərəfindən və ya onun təqsirindən yol verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı qəti olaraq bu hallara yol vermədiyini bildirir, cavabdeh isə bunun məhz iddaçı tərəfindən edildiyini mötəbər sübutlarla təsdiq edə bilmir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir, 81-ci maddəsinə əsasən isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, cavabdehin mövqeyinə əsasən onun nümayəndələri həmin aktı iş vaxtından kənar vaxtda, sat 19:30-da obyektə baxış keçirməklə tərtib etmişlər. İddiaçının dəlillərinə əsasən isə aktın tərtib edildiyi xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndələri yalnız sayğaca baxış keçirərək 1566 manatlıq bildirişi müəssisənin nümayəndəsinə təqdim edib getmişlər. Hər iki tərəfin nümayəndəsinin təqdim etdiyi **********8 saylı abunə haqqında çıxarışda həqiqətən qeyd edilən tarixə 1566 manat hesablamanın aparıldığı göstərilmişdir. Belə olan halda, cavabdehin etirazının əsasını təşkil edən xx.xx.2020-ci il tarixli, NDQ 007970 nömrəli akt mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Bundan əlavə, qeyd edilən obyektdə hər üç fazada uzun müddətli yüklərin 0-a düşməsinin ərazidə elektrik enerjisinin verilməsində mütəmadi olaraq fasilələrin yaranması səbəbindən baş verməsi də istisna olunmur. Digər tərəfdən akt əsasında hesablamanın nəyə əsasən obyektin sərfiyyatının 96,5kvt götürülməklə aparılması da cavabdeh tərəfindən izah edilməmiş qalmışdır. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə iddiaçının irəli sürdüyü, cavabdehin isə razılaşmadığı digər dəlilə - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına münasibət bildirməklə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 19:30-da iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə daxil olmaqla baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etmədən baxış keçirilməklə qeyd edilən qanunla yanaşı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin və “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinin də tələblərini də pozmuşdur. Belə ki, cavabdehin razılaşmamasına baxmayaraq qeyd edilən normativ aktlar bütün növ yoxlamaların, o cümlədən də elektrik enerjisinin təchizatı sahəsində təbii inhisarçı olan “xxxx” ASC tərəfindən keçirilən baxışın xx.xx.2011-ci il tarixli Fərmanla təqsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasının təmin edilməli olduğunu göstərir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdehin hazırkı iddia tələbinin iddiaçının hüquqdan sui-istifadəsi hesab edilməli olması barədə dəlilinə gəldikdə isə məhkəmə işin yuxarıda qeyd edilən halları və Mülki Məcəllənin 560-cı maddəsinin məzmunu baxımdan həmin dəlillərlə razılaşmır. Belə ki, iddiaçının öz vəzifələrini kobudcasına pozması faktı iş materialları ilə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, NDQ 007970 nömrəli akt əsasında İddiaçı (abonent kodu: **********8) hesablanmış 19845,72 (on doqquz min səkkiz yüz qırx beş manat yetmiş iki qəpik) manat məbləğində borcun silinməsi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar