Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-69/2021 09.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və sayğacın obyektin yanına qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən kommersiya köşkünün işıq sayğacı xx xxxx 2019-cu ildə qeyri-müəyyən səbəbdən yanaraq kül olmuş, tərtib edilmiş 029257 nömrəli aktla sayğacın qısaqapanma nəticəsində yandığı təsdiqlənmişdir. İddiaçının müraciəti əsasında 8 gün sonra yəni, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 171953 nömrəli akt əsasında obyektə yenidən sayğac quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC isə obyektdə sayğacın olmadığı bu 8 günün əvəzinə, 42 günlük hesablaşma apararaq iddiaçıya artıq borc hesablamışdır. Bu isə qeyri-qanunidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən “xxxx” ASC tərəfindən ona yazılmış 85,62 manat borcun silinməsi, sayğacın obyektin yanına qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxx 2021-ci il tarixli, e-2-2(119)-69/2021 №-li qərardadı ilə “sayğacın obyektin yanına qoyulması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə İddiaçı iddianın məzmununa uyğun izahat verərək bildirdi ki, “xxxx” ASC-yə heç bir borcu yoxdur. Obyektdə quraşdırılmış sayğac xx xxxx 2019-cu il tarixdə yanaraq yararsız hala düşüb, xx.xx.2019-cu il tarixdə isə yeni sayğac quraşdırılıb. Sayğacın olmadığı 8 gün üçün cavabdeh təşkilat heç bir əsas olmadan 128 manat borc hesablayıb. Sayğac "xxxx" ASC-nin əməkdaşları tərəfindən vaxında- yəni, 9 iyun tarixində oxunsaydı, ona artıq borc yazılmazdı. Sonda o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, qarşı tərəf 42 günlük müddəti düzgün başa düşməyib. Belə ki, sayğac "xxxx" ASC-nin əməkdaşları tərəfindən sonuncu dəfə 9 may tarixində oxunub. Bundan sonra 11 iyunda “xxxx” ASC-nin əməkdaşları aylıq sərfiyyat məbləğini müəyyənləşdirmək üçün köşkə gəldikdə sayğacın qısa qapanmadan yandığını görüb. Bununla bağlı iddiaçının iştirakı ilə aktlaşdırma aparılıb, İddiaçı özü aktı imzalayıb. xx.xx.2019-cu il tarixdə isə sayğac yenisi ilə əvəz olunub. Yanmış sayğacın parametrlərini, yəni göstəricilərini oxumaq mümkün olmadığı üçün “Elektrik enerjisindən istifadə qaydaları”na görə itirilmiş enerjinin bərpası məqsədi ilə əvvəlki ayın orta gündəlik elektrik enerjisi sərfiyyatına əsasən yanmış sayğacın son oxunma tarixindən yeni sayğac quraşdırılan tarixədək (42 gün x 34,1 kVts =1432 kVts) hesablaşma aparılmışdır. Sərfiyyatın dəyəri 1432 kVts x 0,09 manat=128,88 manat təşkil etmişdir. İddia tələbinə gəldikdə isə, o, qeyd etdi ki, İddiaçı məhkəməyə müraciət etdiyi vaxt xx.xx.2019-cu il tarixli, 029257 nömrəli akt üzrə hesablanmış borcu ödədiyi üçün onun elektrik enerjisindən istifadəyə görə həmin akt üzrə borcu olmamışdır. İddiaçıya əsassız olaraq borc yazılmayıb. Buna görə də o, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 029257 nömrəli aktdan görünür ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən abunə kodu **********2 olan obyektin sayğac uçot dəstinə baxış keçirilərkən sayğacın qısa qapanma nəticəsində yanaraq istismara yararsız hala düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə iddiaçıya elektrik enerjisindən istifadəyə görə 89,01manat məbləğdə borc qeydə alınmışdır. İş materiallarında olan “xxxx” ASC X3 Təchizatı və Satışı İdarəsinin İddiaçı müraciətinə cavab olaraq göndərdiyi məktubdan görünür ki, İddiaçı məxsus köşkün sayğacı yanaraq istismara yararsız hala düşdükdən sonra “Elektrik enerjisindən istifadə qaydaları”na görə itirilmiş enerjinin bərpası məqsədi ilə əvvəlki ayın orta gündəlik elektrik enerjisi sərfiyyatına əsasən (989 kVt/s/29 gün=34,1 kVts/s) yanmış sayğacın son oxunma tarixindən yeni sayğac quraşdırılan tarixədək (42 gün x 34,1 kVts =1432 kVts) hesablaşma aparılmışdır. Sərfiyyatın dəyəri 1432 kVts x 0,09 manat=128,88 manat təşkil etmişdir. xx.xx.2019-cu il tarixdə yeni sayğac quraşdırıldıqdan sonra orta günlük sərfiyyat 1167kVts/ 24 gün= 48 kVts olmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli, 134 №-li Sərəncamından görünür ki, Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində İddiaçı məxsus mövcud ticarət obyektinin 120 (yüz iyirmi) kv.m. sahədə yenidən qurulmasının layihələndirilməsinə icazə verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı məktubdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən kommersiya köşkündə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək xx.xx.2019-cu il tarixli, 029257 nömrəli akta əsasən aparılmış 128,88 manat hesablaşma da daxil olmaqla 2184,21 manat dəyərində elektrik enerjisindən istifadə olunmuşdur. İddiaçı isə 2143 manat ödəniş etmişdir. Həmin dövrdə iddiaçının elektrik enerjisindən istifadəyə görə 41,21 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus Sumqayıt şəhəri 48-ci məhəllədə yerləşən köşkə quraşdırılmış sayğac xx xxxx 2019-cu ildə qeyri-müəyyən səbəbdən yanaraq yararsız hala düşmüşdür. Həmin vaxt tərtib edilmiş 029257 nömrəli aktla sayğacın qısaqapanma nəticəsində yandığı təsdiqlənmiş, iddiaçı şəxsən həmin aktı imzalamışdır. xx.xx.2019-cu il tarixdə obyektə yenidən sayğac quraşdırılmışdır. Sayğac yanmazdan əvvəl cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğacın göstəricisi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə oxunmuş, xx.xx.2019-cu il tarixdə isə onlar yenidən köşkə gəldikdə sayğacın yandığı məlum olmuşdur. Sayğac yararsız hala düşdüyündən həmin vaxt göstəricisini oxumaq mümkün olmamışdır. Buna görə də, “Elektrik enerjisindən istifadə qaydaları”na görə itirilmiş enerjinin bərpası məqsədi ilə əvvəlki ayın orta gündəlik elektrik enerjisi sərfiyyatına əsasən yanmış sayğacın son oxunma tarixindən yeni sayğac quraşdırılan tarixədək (42 gün x 34,1 kVts =1432 kVts) hesablaşma aparılmışdır. Sərfiyyatın dəyəri 1432 kVts x 0,09 manat=128,88 manat təşkil etmişdir. İş materiallarından görünür ki, sərfiyyat hesablanarkən cavabdeh tərəfindən əvvəlki ayın orta gündəlik elektrik enerjisi sərfiyyatı əsas götürülmüş və əvvəlki aylarda olan sərfiyyata uyğun hesablanmışdır. Məhkəmədə bu hal təsdiq olunduqdan sonra İddiaçı Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamına istinad edərək həmin dövr ərzində obyektin yenidən qurulması ilə bağlı fəaliyyət göstərmədiyini, buna görə də elektrik enerjisindən istifadə olunmadığını bildirsə də, buna dair mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi, həmin sərəncam xx xxxx 2019-cu il tarixdə verilmişdi, akt əsasında sayğacın sonuncu oxunuşundan-yəni, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində elektrik enerjisindən istifadə olunması ilə bağlı hesablanmış sərfiyyat isə sərəncamın qəbul edilməsindən əvvəlki dövrə aiddir. Beləliklə, iddiaçının bu xüsusatla bağlı istinad etdiyi hal da məhkəmədə sübuta yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə istinad etdiyi halları sübuta yetirə bilmədiyinə görə hazırkı iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-69/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-69/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver