Məhkəmə qərarları › İş №e-2-2(119)-699/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-699/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-699/2022 16.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi X5 oğlunun, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 Tofiq oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 18 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin işçiləri tərəfindən tərtib olunmuş 10 dekabr 2021-ci il tarixli NDQ 010781 saylı Akt üzrə 15 dekabr 2021-ci il tarixdə hesablanmış 3539,97 (üç min beş yüz otuz doqquz manat 97 qəpik) manat və 16 dekabr 2021-ci il tarixdə hesablanmış 9100,30 (doqquz min yüz manat 30 qəpik) manat olmaqla, ümumilikdə 12640,27 (on iki min altı yüz qırx manat 27 qəpik) manat məbləğində borcun silinməsi və ödənilmiş 200 manat mediasiya xərcinin və 126 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və Azərişıq ASC-nin Quba Elektrik şəbəkəsi tərəfindən iddiaçının mülkiyyətində olan Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində yerləşən soyuducu anbarda guya elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə 10 dekabr 2021-ci il tarixli NDQ 010781 saylı akt tərtib olunmuş və Quba Rayon Elektrik şəbəkəsi tərəfindən 22 dekabr 2021-ci il tarixdə həmin Aktla bağlı soyuducunun elektrik enerjisi təchizatının dayandırılacağı bildirilmişdir. Lakin, yuxarıda göstərilən akt düzgün tərtib olunmamışdır. Belə ki, aktda cərəyan transformatorları yuvasında naqillərin üstünün izolyasiya lenti vasitəsi ilə sarınması göstərilməklə, bu elektrik enerjisindən istifadə qaydalarının pozulması kimi qiymətləndirilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı 2021-ci ilin sentyabr ayında həmin cərəyan transformatorunda baş vermiş nasazlıqla bağlı Quba Elektrik şəbəkəsinə müraciət etmişdir. X3 işçiləri baş mühəndis Kamran adlı şəxsin rəhbərliyi ilə həmin yuvanın qapılarını açıb, naqillərin elektrik şininə dəyərək, yapışdığını görmüşlər. Bundan sonra onlar həmin naqilləri şinlərdən ayıraraq izolyasiya lenti vasitəsilə sarımışlar və həmin yuvanın qapılarını yenidən plomblayaraq bağlamışlar. Göründüyü kimi, X3 məsul işçilərinin öz işlərinə səhlənkar yanaşmaları nəticəsində hazırkı mübahisə yaranmışdır. Məlum Aktdan da görünür ki, cərəyan transformatorları yuvasının plombunun tamlığı pozulmamışdır. Ona görə də, iddiaçı bu Akt düzgün tərtib olunmadığından Aktın ləğv olunması xahişi ilə "xxxx" ASC-yə müraciət etmişdir. Abonent Saldosundan da görünür ki, həmin Akta əsasən 15 dekabr 2021-ci il tarixdə 3539,97 manat və 15 dekabr 2021-ci il tarixdə isə 9100,30 manat məbləğində pul hesablanmışdır. Göründüyü kimi, olmayan bir xətaya görə qərəzli olaraq iki dəfə cərimə tətbiq olunmuşdur. Elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktın tərtib olunması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndi ilə tənzimlənir. Bu bənddə göstərilir ki, “İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır”. Göründüyü kimi, burada hesablaşma uçot cihazlarının zədələnməsi (plombun qoparılması, baxış şüşəsinin sındırılması və s.), uçot cihazlarının qoşulma sxemlərinin pozulması, uçot cihazlarından kənar özbaşına yük qoşulması elektrik enerjisindən istifadə qaydalarının pozulması kimi göstərilir və məlum Aktın tərtib edildiyi halda isə bunların heç biri yoxdur. Yəni, "xxxx" ASC tərəfindən akt tərtib olunarkən “Qaydalar”ın 8.17-ci bəndi pozulmuşdur və yuxarıda göstərilənlər aktın düzgün tərtib olunmadığını sübut edir. Bundan əlavə aktda özləri də göstərmişlər ki, cərəyan transformatorları yuvasının plombunun tamlığı pozulmamışdır. Bundan əvvəlki sonuncu yoxlama 2021-ci ilin sentyabr ayında olmuş və 2021-ci ilin sentyabr, oktyabr, noyabr aylarında iddiaçı tərəfindən "xxxx" ASC-yə üç ay üzrə elektrik enerjisindən istifadəyə görə 45000 manata yaxın pul ödənmişdir. Akt tərtib olunduqdan sonra göstərilən məsələnin araşdırılması ilə əlaqədar dəfələrlə "xxxx" ASC-yə müraciət olunsa da, bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də həmin mübahisənin həll edilməsi mümkün olmamışdır (bundan sonra iddia ərizəsində "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi” sahəsində qəbul edilmiş qanunvericilik normlarına istinad olunmuşdur). Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, aşağıda sadalananlara əsasən iddiaçının “Azərişıq" ASC-yə qarşı hazırki iddia tələbi əsassız və hüquqdan sui-istifadə olduğu üçün təmin olunmamalıdır. Belə ki, "xxxx" ASC-nin əməkdaşları və iddiaçının nümayəndəsi Rüstəm Dadaşov tərəfindən 10 dekabr 2021-ci ildə iddiaçıya məxsus uçot komplektinə baxış keçirilən zaman məlum olmuşdu ki, cərəyan transformatorlarından sayğacın cərəyan dolaqlarına gələn komutasiya naqilinə müdaxilə olunmuşdur. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) tələblərinin pozulması haqqında 10 dekabr 2021-ci il tarixli NDQ 010781 saylı akt tərtib edilmişdir. Eyni gündə “Sayğac sxemlərinin yoxlanışı quraşdırılması və dəyişdirilməsi” üzrə 228900 nömrəli akt tərtib edilərək 010781 nömrəli akta əsasən obyektə quraşdırılmış sayğac və cərəyan kabeli yenisi ilə əvəz olunmuşdur. Hər iki akt iddiaçının nümayəndəsinin iştirakı ilə tərtib edilmiş və o, aktları imzlayaraq aşkar olunmuş faktları təsdiqləmişdir. Olunmuş müdaxilə ilə əlaqədar ortaya çıxmış qüsurlar barədə görüləcək işlər aktda öz əksini tapmışdır. Bundan əlavə, daha obyektiv və dəqiq yoxlama aparmaq məqsədi ilə çıxarılmış sayğaca və komutasiya kabelinə laboratoriya şəraitində qiymət verilməsi üçün onlar paketə qoyularaq möhürlənərək (möhür №1918209), ixtisaslaşmış və müasir avadanlıqlarla təchiz olunmuş "xxxx" ASC-nin Laboratoriya Mərkəzinə göndərilmişdir. Laboratoriyanın 13 dekabr 2021-ci il tarixli 000082 nömrəli akt-protokolu ilə akt üzrə aşkar olunmuş faktlar bir daha öz əksini tapmış, bununla yanaşı laboratoriya əməkdaşları tərəfindən proqram əlavəsi oxunan zaman müəyyən edilmişdir ki, obyektdə müxtəlif vaxtlarda qısa müddətli cərəyan və gərginlik kəsilmələri olmuşdur. Sözügedən akt-protokol laboratoriya əməkdaşları və iddiaçının iştirakı ilə tərtib edilmiş və onlar aktprotokolu imzalayaraq onun düzgünlüyünü təsdiq etmişlər. Həmçinin, iddiaçı X4 Resterində qeydə alınmadığını əsas göstərərək, aktın bu əsasla ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Lakin yoxlama 10 dekabr 2021-ci il tarixdə Sahibkarlıq sahəsində aparılan X2 Reyesterindən qeydiyyatdan keçmişdir. Bununla əlaqədar yoxlama kodu KY211698113 olan çıxarış məhkəməyə təqdim edilir. Göründüyü kimi, həmin sayğaca və komutasiya naqilinə elektrik enerji sərfiyyatının azaldılması məqsədi ilə olunacaq hər-hansı kənar müdaxilə iddiaçıdan başqa heç kəsin marağında ola bilməz. Aşkar olunmuş müdaxilə hər-hansı bəsit- sayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələr deyil. Cərəyan transformatorlarından sayğacın cərəyan dolaqlarına gələn komutasiya naqilinə müdaxilə edilməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən obyektdə istifadə olunan enerji sərfıyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Yuxarıda sadalananlara əsasən iddiaçının "EEİQ"-nin tələblərinin açıq aşkar pozduğunu, onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq, iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi - hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Bundan başqa iddiaçı "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin elməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerji nəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-ci maddəsinə əsasən İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşuldlqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoşulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən tərtib olunmuş 10 dekabr 2021-ci il tarixli NDQ 010781 saylı Akt üzrə 15 dekabr 2021-ci il tarixdə hesablanmış 3539,97 manat və 16 dekabr 2021-ci il tarixdə hesablanmış 9100,30 manat olmaqla, ümumilikdə cəmi 12640,27 manat məbləğində borcun silinməsi və ödənilmiş 200 manat mediasiya xərcinin və 126 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Quba rayonu ərazisində yerləşən soyuducu anbar (abonent kodu: **********4) elektrik enerjisi ilə təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacı sonuncu dəfə 13 dekabr 2021-ci ildə quraşdırılmışdır. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus olan Quba rayonu ərazisində yerləşən soyuducu anbarın (abonent kodu: **********4) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına saat 1730-da baxış keçirilmiş və baxışla əlaqədar tərtib olunan həmin Aktda “EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman labaratoriya nümayəndəsi mühəndis Şahsuvarov Nazim dəvət olundu, Abonent nümayəndəsinin iştirakıyla gərginlik və cərəyan transformatoru yerləşən yuvanın möhürü (№ 1762685) açıldı və yuvaya baxış keçirildi. Məlum oldu ki, cərəyan transformatorlarından sayğacın cərəyan doloqlarına gələn kommutasiya kabeli calaqdır, bütöv deyil. Ölçmə zamanı sayğac dövrəsindən keçən yüklər: İ =1,8 A, Pfaktiki= 267,8 kvt” qeydləri də aparılmışdır (10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Aktda qeyd olunan halları əks etdirən videogörüntülər cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur və məhkəmə araşdırması zamanı həmin videogörüntülər nümayiş etdirilərək, tədqiq olunmuşdur). İş materiallarında olan 15 dekabr 2021-ci il tarixli "xxxx" ASC-nin Akt Komissiyasının Sədri tərəfindən təsdiq edilmiş texniki sahə üzrə tələblərə dair İcra Vərəqindən görünür ki, İddiaçı məxsus olan soyuducu anbara (abonent kodu: **********4) "cərəyan transformatorlarında sayğacın cərəyan dolaqlarına gələn kommutasiya kabeli calaqdır, bütöv deyil" qüsuruna görə 200000 : 30 gün x 80 gün - 411630 kvts =121703 kvts) Tarif (0,11 manat) - 82370 kvts * 0,11 manat = 9060,70 manat və Tarif (0,09 manat) – 39333 kvts * 0,09 manat = 3540 manat hesablanmaqla, ümumilikdə cəmi 12600 manat məbləğində birdəfəlik əlavə elektrik enerjisi sərfiyyatı hesablanmışdır (Abunə haqqında Hesabatda isə bu sərfiyyatlar müvafiq olaraq 9100,30 manat və 3539,97 manat məbləğlərində qeyd olunmuşdur). İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli KY211698113 nömrəli “Sahibkarlıq sahəsində X2 reyestrindən" Çıxarışdan görünür ki, 10 dekabr 2021-ci il tarixində yoxlayıcı orqan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yoxlanılan sahibkarlıq fəaliyyətinin subyekti olan İddiaçı məxsus soyuducu anbarda sayğac göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədilə keçirilən yoxlama Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan, 21 iyun 2022-ci ildə çap edilmiş istehlakçı İddiaçı məxsus soyuducu anbara aid Abunə haqqında Hesabatla (abonent kodu **********4) müəyyən olunur ki, 10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Quba rayonu ərazisində yerləşən soyuducu anbarının hesabına 15 dekabr 2021-ci ildə birdəfəlik 3539,97 (üç min beş yüz otuz doqquz manat 97 qəpik) manat məbləğində və 16 dekabr 2021-ci ildə isə birdəfəlik 9100,30 (doqquz min yüz manat 30 qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, 10 dekabr 2021-ci ildə baxış zamanı kənar qoşulmanın aşkar edildiyi “hesabat sayğacı” tərəfindən abonentin elektrik enerji sərfiyyatları 21 iyun 2021-ci ildə 3330 manat məbləğində (31 gün üçün), 22 iyul 2021-ci ildə 6210 manat məbləğində (31 gün üçün), 23 avqust 2021-ci ildə 7110 manat məbləğində (32 gün üçün), 21 sentyabr 2021-ci ildə 11160 manat məbləğində (29 gün üçün), 21 oktyabr 2021-ci ildə 14040 manat məbləğində (30 gün üçün), 01 noyabr 2021-ci ildə 7020 manat məbləğində (11 gün üçün), 21 noyabr 2021-ci ildə 9900 manat məbləğində (20 gün üçün) olmuşdur. 10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Akt tərtib edildikdən sonra, yəni həmin qeyri-yaşayış sahəsində istifadə olunan elektrik enerjisinin yeni sayğac vasitəsi ilə hesabatının aparılması 13 dekabr 2021-ci ildə bərpa edildikdən sonra 21 dekabr 2021-ci ildə 3630 manat məbləğində (7 gün üçün), 21 yanvar 2022-ci ildə 10670 manat məbləğində (31 gün üçün), 18 fevral 2022-ci ildə 8580 manat məbləğində (28 gün üçün) və 23 mart 2022-ci ildə 8250 manat məbləğində (33 gün üçün) elektrik enerjisi sərfiyyatı olmuşdur. İş materiallarında olan istehlakçı İddiaçı məxsus olan soyuducu anbara (abonent kodu: **********4) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus olan Quba rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (soyucudu anbarın) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “cərəyan transformatorlarında sayğacın cərəyan dolaqlarına gələn kommutasiya kabeli calaqdır, bütöv deyil” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq 80 gün üçün yenidən hesablama aparılmış və həmin hesabatla 12640,27 (on iki min altı yüz qırx manat 27 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi istehlakçı İddiaçı hesabına daxil edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus soyuducu anbarın (abonent kodu: **********4) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacının göstəriciləri mütəmadi olaraq hər ay "xxxx" ASC-nin müvafiq səlahiyyətli əməkdaşı tərəfindən oxunaraq aylıq sərfiyyat borcları müəyyən edilməklə, İstehlakçıya müvafiq qaydada tərtib edilmiş X6 təqdim olunmuş və sonuncu tərəfindən də həmin X6 əsasında müvafiq qaydada ödənişlər aparılmışdır (10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Akt tərtib edilməmişdən əvvəl sonuncu dəfə 21 noyabr 2021-ci il tarixində məlum elektrik sayğacının göstəriciləri oxunmuşdur). Yəni, soyuducu anbarın elektrik sərfiyyatı aylar üzrə müvafiq qaydada elektrik hesabat sayğacı tərəfindən hesablanmış və həmin hesabatlar əsasında da mütəmadi olaraq aylar üzrə elektrik sərfiyyatına görə ödənişlər aparılmışdır. Lakin, hər ay elektrik hesabat sayğacının göstəriciləri oxunarkən sayğacın “cərəyan transformatorlarında sayğacın cərəyan dolaqlarına gələn kommutasiya kabeli calaq olması" barədə hər hansı bir məlumat verilməmiş və yaxud, akt tərtib edilməmişdir. İş materiallarından görünür ki, istehlakçıya məxsus soyuducu anbarda istifadə olunan elektrik enerjisinin hesabatı qutuda quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılır və 10 dekabr 2021-ci il tarixli Akt sayğac göstəricilərini oxuyan əməkdaş tərəfindən deyil, sayğaca baxış keçirilməsi üçün əraziyə gəlmiş "xxxx" ASC-nin digər əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində tərtib edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus olan Quba rayonu ərazisində yerləşən soyuducu anbara (abonent kodu **********4) quraşdırılmış elektrik hesabat sayğacına 10 dekabr 2021-ci ildə baxış keçirilən zaman “cərəyan transformatorlarında sayğacın cərəyan dolaqlarına gələn kommutasiya kabeli calaqdır, bütöv deyil” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Akta əsasən həmin istehlakçıya 12640,27 manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır (həmin Aktda “... gərginllik və cərəyan transformatoru yerləşən yuvanın möhürü (№ 1762685) açıldı və yuvaya baxış keçirildi...” qeydi aparılmışdır, yəni məlum Aktın məzmununa görə soyuducu anbarda yerləşən paylayıcı qurğunun içərisində quraşdırılmış cərəyan transformatorularının yuvasının möhürünün (plombunun) tamlığı pozulmamışdır). Lakin, iddiaçı tərəf məhkəmə araşdırması zamanı “soyuducuda quraşdırılmış cərəyan transformatorları yuvasının plombunun tamlığı pozulmadan, yuvanın daxilində yerləşən naqillərə müdaxilənin mümkün olub-olmamasını” müəyyən etmək üçün məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatət əsasında “İddiaçı məxsus Quba rayonu 2-ci Nügədi kəndində yerləşən soyuducu anbarda (abonent kodu: **********4) quraşdırılmış cərəyan transformatorları yuvasının möhürünün (plombunun) tamlığı pozulmadan, 10 dekabr 2021-ci il tarixli “NDQ № 010781” nömrəli Aktda qeyd olunmuş həmin yuvanın daxilində yerləşən naqillərə (kommutasiya kabellərinə və s.) müdaxilənin mümkün olub-olmamasının” müəyyən olunması üçün keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 10/5481 №-li Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus soyuducu anbarda yerləşən paylayıcı qurğunun içərisində quraşdırılmış cərəyan transformatorularının yuvasının möhürünün (plombunun) tamlığı pozulmadan, yəni həmin cərəyan transformatorları yerləşən qurğunun qapısının üzərindəki möhürü sökülmədən yuvanın daxilində yerləşən naqillərə müdaxilə etmək mümkün deyildir. Bununla yanaşı, paylayıcı qurğunun arxa hissəsindəki qapının açıq olmasına baxmayaraq, elektrik sayğacının qurşdırıldığı dəmir qutunun qapağının üzərində möhür olduğuna, eləcə də cərəyan transformatorlarının kabel və naqillərinə həmin hissədən əl ilə çatması mümkün olmadığına görə, qeyd olunmuş qurğunun həmin hissədəki kabel və naqillərinə müdaxilə etmək mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Həmin Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus olan Quba rayonu ərazisində yerləşən soyuducu anbara (abonent kodu **********4) quraşdırılmış elektrik hesabat sayğacına 10 dekabr 2021-ci ildə baxış keçirilən zaman “cərəyan transformatorlarında sayğacın cərəyan dolaqlarına gələn kommutasiya kabeli calaqdır, bütöv deyil” qüsuru aşkar edilmiş olsa da, paylayıcı qurğunun içərisində quraşdırılmış cərəyan transformatorularının yuvasının möhürünün (plombunun) tamlığı pozulmadan, yəni həmin cərəyan transformatorları yerləşən qurğunun qapısının üzərindəki möhürü sökülmədən yuvanın daxilində yerləşən naqillərə müdaxilə etmək mümkün olmadığna və eyni zamanda, paylayıcı qurğunun arxa hissəsindəki qapının açıq olmasına baxmayaraq, elektrik sayğacının qurşdırıldığı dəmir qutunun qapağının üzərində möhür olduğuna, eləcə də cərəyan transformatorlarının kabel və naqillərinə həmin hissədən əl ilə çatması mümkün olmadığına görə - qeyd olunmuş qurğunun həmin hissədəki kabel və naqillərinə müdaxilə etmək mümkün olmadığına və iddiaçı (istehlakçı) tərəfin möhürə (plomba) müdaxilə etmək və yaxud, qeyd olunan qurğuya daxil olmaq imkanları olmadığı üçün həmin qüsurlara görə onun təqsirli olması müəyyən edilmir. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Aktda qeyd olunan qüsura görə 12640,27 (on iki min altı yüz qırx manat 27 qəpik) manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və 10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba rayonu ərazisində yerləşən soyuducu anbara (abonent kodu: **********4) əlavə sərfiyyat olaraq ümumilikdə hesablanmış cəmi 12640,27 manat məbləğində borc silinməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu və mediasiya ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun qalığı kimi 1,27 (bir manat 27 qəpik) manat məbləğində pul vəsaiti isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 dekabr 2021-ci il tarixli NDQ № 010781 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba rayonu ərazisində yerləşən soyuducu anbara (abonent kodu: **********4) əlavə sərfiyyat olaraq ümumilikdə hesablanmış cəmi 12640,27 (on iki min altı yüz qırx manat 27 qəpik) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 1,27 (bir manat 27 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar