Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-700/2024 13.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Cəfərova Günay Fizuli qızının, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Rizvan oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 05 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən NDQ 013785 nömrəli akt əsasında hesablanmış 1962,07 manat məbləğində və RQ 053626 nömrəli akt əsasında hesablanmış 2137,93 manat məbləğində olmaqla, ümumilikdə cəmi 4100 manat məbləğində borcun silinməsi və ödənilmiş 61 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin Bulvar ərazisində yerləşən “Poseidon” qeyri-yaşayış sahəsində olan elektrik enerjisindən istifadəyə görə sayğaca baxış keçirilmiş və baxış zamanı sayğaca müdaxilə olduğu qeyd edilmişdir. Lakin, həmin sayğac çöldə yerləşir və iddiaçı tərəfindən sayğaca heç bir kənar müdaxilə edilməmişdir. Tərtib edimiş 17 noyabr 2022-ci il tarixli 1-ci aktda qeyd olunub ki, elektrik sayğacına gərginlik daxil olmur. Halbuki, 2022-ci ilin noyabr ayında sayğacın enerji sərfiyyatı göstəricisi 14283 kvt/saat olmuş və həmin göstəriciyə əsasən də 1993,2 manat ödənilmişdir. 25 may 2023-cü il tarixli 2-ci aktda isə qeyd olunmuşdur ki, obyektə məxsus elektrik ayğacının “C” fazasını qidalandıran C transformat naqili ərimişdir. Lakin, həmin may ayında yenə sayğac yoxlaması aparılır və bu dəfə sayğacın enerji sərfiyyatı göstəricisi may ayı üçün 16203 kvt/saat təşkil etmişdir. Bu göstəriciyə əsasən də iddiaçı 1933,8 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, hər iki aktdan əvvəl də, sonra da sayğac tərəfindən sərfiyyat hesablanmış və sayğac tərəfindən hesablanan sərfiyyatın dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Xətlərdə gərginlik artmasını, yaxud azalmasını yoxlamaq və tənzimləmək də iddiaçının vəzifəsi deyil. Bu hallara nəzarət etmək Enerji təchizatı təşkilatının səlahiyyətindədr. Həmçinin, qeyd olunmalıdır ki, mübahisələndirilən məlum Akların tərtib edilməsi ilə nəticələnmiş yoxlamalar aparılarkən, həmin yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların” vahid məlumat reysterlərindən qeydiyyatdan keçməmiş və həmin Aktlar əsasında qeyriqanuni olaraq əsassız hesabat aparılmışdır. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı” yazılı Etiraz təqdim edilərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 17 noyabr 2022-ci ildə Enerjitəchizatı Müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin uçot dəstinə baxış keçirilən zaman məlum olmuşdu ki, obyektə məxsus elektrik sayğacına gərginlik daxil olmur və sayğac “B" fazasından axan cərəyanı qeyd etmir. Bu faktla əlaqədar itirilmiş elektrik enerjisinin bərpasına dair 013785 saylı akt əsasında 1962,07 manat məbləğində hesabat aparılmışdır. 25 may 2023-cü il tarixdə isə Enerjitəchizatı Müəsisəsinin əməkdaşları tərəfindən yenidən sayğaca baxış keçirilən zaman obyektə məxsus elektrik sayğacın "C” fazasını qidalandıran C/trasnformatorunun əriməsi aşkar edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra EEİQ) pozulması haqqında 17 noyabr 2022-ci il tarixli NDQ 013785 saylı və 25 may 2023-cü il tarixdə isə 053626 saylı aktlar tərtib edilmişdir. İddiaçı isə akt əsasında 4100 manat hesablaşma aparıldığını iddia edərək, həmin məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçının silinınəsini tələb etdiyi məbləğin məlum aktlara əsasən hesablanmış məbləğlərə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Halbuki, iddaçının hal-hazırda eneıjitəchizatçı təşkilata 6306,22 manat borcu vardır. Hər iki Akt əsasında isə ümumilikdə 4031,69 manat məbləğində hesabat aparılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən “iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir". Həmçinin, iddiaçı müqavilə əsasında qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə, "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nin tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "X2" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən hesab olunur ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan suiistifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin, həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarım həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan, həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Həmçinin iddia ərizəsindən görünür ki, iddia ərizəsi yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" ASC tərəfindən 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli akt əsasında hesablanmış 1962,07 manat məbləğində və 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli akt əsasında hesablanmış 2137,93 manat məbləğində olmaqla, ümumilikdə 4100 manat məbləğində borcun silinməsi və ödənilmiş 61 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyekti, yəni kafe-restoran kimi fəaliyyət göstərən ictimai-iaişə obyekti (abonent kodu: **********5) elektrik enerjisi ilə təchiz edilir və obyektdə istifadə olunan elektrik enerjisinin hesabatı müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılır (həmin qeyri-yaşayış sahəsində elektrik sayğacı sonuncu dəfə 31 iyul 2019-cu ildə dəyişdirilmişdir). İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli Aktda göstərilmişdir ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********5) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına 17 noyabr 2022-ci ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, “obyektə məxsus elektrik sayğacına gərginlik daxil olmur. “B" fazasından axan cərəyanı qeyd etmir, Pfak=39 kvt, Psay=238 kvt” (Həmin Aktda məlum yoxlamanın X1 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli Aktda göstərilmişdir ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********5) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına 17 noyabr 2022-ci ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, “obyektə məxsus elektrik sayğacın "C” fazasını qidalandıran C/transformatoru ərimişdir, Pfak=60,1 kvt, Psay=41,5 kvt” (Həmin Aktda məlum yoxlamanın X1 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan 25 may 2023-cü il tarixli “Qeyri-əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərə dair” Cədvəldən görünür ki, "xxxx" MMC-yə məxsus olan "restoranda" (abonent kodu: **********5) "Sayğacın "C" fazasını qidalandıran C/T-u ərimişdir" qüsuruna görə Wei = 16610 kVts – s/g-15910 s/g x 60 əmsal x 30,95 : 69,1 = 18812 kvts, 18812 kvts x 0,11 = 2069,3 manat hesablanmaqla, ümumilikdə cəmi 2069,3 manat məbləğində birdəfəlik əlavə elektrik enerjisi sərfiyyatı hesablanmışdır (17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli Aktla əlaqədar belə bir hesabat sənədi məhkəməyə təqdim olunmamışdır). İş materiallarında olan istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahibkarlıq obyektinə aid Abunə haqqında Hesabatla (abonent kodu **********5) müəyyən olunur ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahibkarlıq obyektinin 26 yanvar 2023-cü ildə 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq 1962,07 (min doqquz yüz altmış iki manat 07 qəpik) manat məbləğində borc, 28 iyul 2023-cü ildə isə 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq 2069,32 (iki min altmış doqquz manat 32 qəpik) manat məbləğində olmaqla, ümumilikdə hər iki Akt əsasında cəmi 4031,39 (dörd min otuz bir manat 39 qəpik) manat məbləğində borc hesablanaraq, ödənilməli borc kimi istehlakçı "xxxx" MMC-nin abonentin hesabına daxil edilmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, istehlakçı "xxxx" MMC-yə məxsus olan "restoranın” (abonent kodu: **********5) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacının göstəriciləri mütəmadi olaraq hər ay "xxxx" ASCnin müvafiq səlahiyyətli əməkdaşı tərəfindən oxunaraq aylıq sərfiyyat borcları (hər ay üçün) müəyyən edilməklə, İstehlakçıya müvafiq qaydada tərtib edilmiş Hesab ödəniş Vərəqləri təqdim olunmuş və sonuncu tərəfindən də həmin Hesab ödəniş Vərəqləri əsasında müvafiq qaydada ödənişlər aparılmışdır. İş materiallarında olan abonentə aid hesabat sənədlərindən görünür ki, 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli Akt tərtib edilməmişdən əvvəl məlum elektrik sayğacının göstəriciləri sonuncu dəfə 14 noyabr 2022-ci il tarixində (33 gün üçün cəmi 1993,2 manat) və 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli Akt tərtib edilməmişdən əvvəl məlum elektrik sayğacının göstəriciləri isə sonuncu dəfə 12 may 2023-cü il tarixində (30 gün üçün cəmi 1933,8 manat) oxunmuşdur. Eyni zamanda, həmin sənədlərdən görünür ki, 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli Akt tərtib edildikdən sonra isə məlum elektrik sayğacının göstəriciləri 19 dekabr 2022-ci il tarixində (35 gün üçün cəmi 1762,2 manat) və 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli Akt tərtib edildikdən sonra da məlum elektrik sayğacının göstəriciləri 10 iyun 2023-cü il tarixində (29 gün üçün cəmi 1735,8 manat) oxunmuşdur. Yəni, "restoranın” elektrik sərfiyyatı aylar üzrə müvafiq qaydada elektrik hesabat sayğacı tərəfindən hesablanmış və həmin hesabatlar əsasında da mütəmadi olaraq aylar üzrə elektrik sərfiyyatına görə ödənişlər aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, istehlakçı "xxxx" MMC-yə məxsus olan restorana (abonent kodu: **********5) aid Abunə haqqında Hesabatlarda olan göstəricilər əsasında 2019-cu ildən etibarən İstehlakçı tərəfindən enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mütəmadi olaraq hər ay sayğacın oxunması nəticəsində təqdim edilən hesabatlar üzrə istifadə edilən elektrik enerjisi üzrə müvafiq ödənişlər edilmiş və mübahisəli dövrü əhatə edən aylar üzrə də istehlak olunan elektrik enerjisinin hesabatları və həmin istahlak üzrə müvafiq ödənişlərin aparılması da mövcuddur. Yəni, Abunə haqqında Hesabatlarda olan məlumatlarla müəyyən olunur ki, 2019-2024-cü illərdə “İstehlakçı” tərəfindən istifadə edilən elektrik enerjisinin hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Eyni zamanda, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********5) aid Abunə haqqında Məlumatlarda olan göstəricilərə, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli və 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli Aktların tərtib edilməsi və həmin Aktlar əsasında ümumilikdə cəmi 4031,39 (dörd min otuz bir manat 39 qəpik) manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxışlar, yəni yoxlama tədbirləri - X1 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X1 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X1 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X1 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X1 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X1 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********5) quraşdırılmış elektrik hesabat sayğacına 17 noyabr 2022-ci ildə baxış keçirilən zaman tərtib edilmiş 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli Aktda qeyd olunan qüsura görə 1962,07 (min doqquz yüz altmış iki manat 07 qəpik) manat məbləğində, 25 may 2023-cü ildə baxış keçirilən zaman tərtib edilmiş 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli Aktda qeyd olunan qüsura görə 2069,32 (iki min altmış doqquz manat 32 qəpik) manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı və qanuniliyi məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq olunmamışdır. Lakin, iş materialları ilə müəyyən edilir ki, iddia ərizəsində mübahisələndirilən hər iki akt üzrə “1962,07 manat məbləğində və 2137,93 manat məbləğində olmaqla, ümumilikdə cəmi 4100 manat məbləğində” deyil, 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli Akt üzrə 1962,07 manat məbləğində və 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli Akt əsasında isə 2069,32 manat məbləğində olmaqla, cəmi 4031,39 manat məbləğində borc hesablanaraq istehlakçı "xxxx" MMC-nin hesabına daxil edilmişdir. İş materiallarından görünür ki, hazırkı mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə 61 (altmış bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********5) 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq hesablanmış 1962,07 manat borc və 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq hesablanmış 2069,32 manat borc olmaqla, ümumilikdə cəmi 4031,39 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, cavabdeh "xxxx" ASC-dən iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 60,31 (altmış manat 31 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********5) 17 noyabr 2022-ci il tarixli NDQ 013785 nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq hesablanmış 1962,07 (min doqquz yüz altmış iki manat 07 qəpik) manat borc və 25 may 2023-cü il tarixli RQ 053626 nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq hesablanmış 2069,32 (iki min altmış doqquz manat 32 qəpik) manat borc olmaqla, ümumilikdə cəmi 4031,39 (dörd min otuz bir manat 39 qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun 60,31 (altmış manat 31 qəpik) manat hissəsi tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-700/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-700/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver