Məhkəmə qərarları › İş №e-2-2(119)-704/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-704/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-704/2020 14.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu - İddiaçı Cavabdeh İB-nə qarşı “qərarın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh İB-nə qarşı “qərarın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. İddia ərizəsində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edilərək, məhkəmələrə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçıların dövlət rüsumundan azad olmaları qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunun qeyd edilən normasına istinad edilməklə hazırkı iddianın dövlət rüsumundan azad olunmasını müəyyən etmək üçün ilk növbədə iddiaçının “istehlakçı” statusuna malik olması və iddianın “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar” olması halları müəyyən olunmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı işdə iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş fiziki şəxsdir və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddia tələbi də onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə hesablanmış borcun silinməsi ilə bağlıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən isə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunvericilikdə “istehlakçı”ya “şəxsi tələbatını ödəmək məqsədi ilə” mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs kimi anlayış vermişdir. Həmin Qanunun 3-cü maddəsində isə istehlakçıların hüquqları sadalanmışdır. (malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə və s. dair hüquqlar). Qeyd edilən Qanunun “İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi” adlanan 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5.-ci maddəsində nəzərdə tutulmuş “istehlakçı” anlayışı məhz “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş “istehlakçı” anlayışını nəzərdə tutduğundan, hazırkı iş üzrə iddiaçının isə mal, iş və xidmətlərdən (konkret halda sudan) şəxsi tələbatını ödəmək məqsədi ilə deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etdiyindən, habelə iddia tələbinin istehlakçı hüquqlarının pozulması ilə deyil, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyriyaşayış sahəsinə (istixanaya) hesablanmış borcun silinməsi ilə bağlı olduğundan iddiaçı dövlət rüsumundan azad edilə bilməz. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əasaən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinə xəbərnamələr əlavə edilsə də, həmin xəbərnamələrdən onların hansı sənədin göndərilməsi ilə bağlı olduğu məlum olmadığı üçün bu, iddia ərizəsinin surətinin çatdırılmasının və mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinin sübutu kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddia ərizəsi “inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi” barədə tərtib edilməsinə baxmayaraq, Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Halbuki, “inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi”, yəni inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə Kommersiya Məhkəməsinə deyil, müvafiq İnzibati Məhkəməyə müraciət olunmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151-152, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh İB-nə qarşı “qərarın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsivə ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar