Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-714/2023 09.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsində 07 fevral 2023-cü il tarixdə tərtib edilmiş 151098 nömrəli üzləşmə aktına əsasən hesablanmış 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borcun silinməsi və ödənilmiş 63 manat mediasiya xərcinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə müqavilə bağlanmış və "xxxx" Mənzil Tikinti Kooperativi müqavilə üzrə vaxtlı-vaxtında öhdəliyini yerinə yetirmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin 2022-ci il üzrə qalıq borcu 0,92 manat olduğu halda, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, bilinməyən səbəbdən "xxxx" Mənzil Tikinti Kooperativinə 3628,08 manat əsassız olaraq borc hesablanmışdır. Belə ki, 2022-ci il üzrə müqavilədən yaranmış öhdəliyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə cavabdeh təşkilata ümumilikdə 3014 manat məbləğində pul ödənilmiş, 2023-cü ilə qalıq borc 0,92 qəpik təşkil etmişdir. Lakin 07 fevral 2023-cü il tarixdə Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsində tərtib edilmiş 151098 nömrəli üzləşmə aktına əsasən sudan istifadə və kanalizasiya (tullantı sularının axıdılması) xidmətlərinə görə tərəflər arasında qarşılıqlı hesablaşmalar araşdırılmış və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə qədər olan dövrdə "xxxx" Mənzil Tikinti Kooperativinə ümumilikdə 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borc hesablamışdır. Belə ki, həmin akt tək tərəfli şəkildə tərtib edilərək "xxxx" Mənzil Tikinti Kooperativinə xəbərdarlıq edilməmiş, nəticədə əsassız olaraq hesablanmış borcdan tutulmalar həyata keçirilərək hüquqi şəxsin istehlak hüquqları pozulmuşdur. ünvan 1 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə suölçən cihaz quraşdırılmış və əvvəlki dövrlər üçün hesablanmış qalıq borcu 0,92 qəpik məbləğində olmuş, aktda nəzərdə tutulmuş hesablaşmanın və məbləğin hansı qaydalara uyğun hesablandığı və hansı dövrü əks etdirdiyi isə göstərilməmişdir. Buna görə də 07 fevral 2023-cü il tarixdə Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsində tərtib edilmiş 151098 nömrəli üzləşmə aktına əsasən hesablanmış 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borc əsassızdır və həmin borc məbləği silinməlidir. Hazırkı mübahisə ilə bağlı iddiaçı tərəfindən mediatora müraciət olunmuş, cavabdeh təşkilat ilkin mediasiya sessiyasında iştirak etmədiyindən proses baş tutmamış və Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00512 saylı arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borcun silinməsi və ödənilmiş 63 manat mediasiya xərcinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, üzləşmə aktında borcun məbləği 3682,08 manat göstərilsə də, iddia ərizəsində texniki səhv nəticəsində 3628,08 manat məbləğində borcun silinməsinin xahiş olunduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus su sayğacı çıxarılaraq laboratoriyaya göndərilmiş, sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olduğu müəyyən edilmiş və müavfiq rəydə litr göstəricilərinin maqnit pəri yerindən çıxdığından nisbi xətasının yoxlanılmasının mümkün olmadığı, sayğacın təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. Bundan sonra karta qaytarılmalı su nəzərə alınmaqla abonentin sayğacının ölçmədiyi dövrə orta sərfinin həcmi 1843 m3 hesablanmışdır. O, yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 yanvar 2023-cü il tarixli inventarizasiya aktından görünür ki, obyektin su təchizatı və su sayğacı qovşağının istismar vəziyyəti yoxlanılaraq "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 50123610 nömrəli Alfasu markalı su sayğacı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən su xəttindən ayrılaraq digər sayğacla əvəz olunmuşdur. Həmin akta əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 50123610 nömrəli Alfasu markalı su sayğacı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X1 İdarəsinə təqdim edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X1 İdarəsi Suölçən cihazların kalibrləmə labaratoriyasının 13 yanvar 2023-cü il tarixli 23610/0232951 nömrəli rəyindən görünür ki, laborator yoxlama nəticəsində "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 50123610 nömrəli Alfasu markalı smart tipli su sayğacının elektron və mexaniki göstəriciləri arasında fərq olduğu müəyyən edilmiş, litr göstəricilərinin maqnit pəri yerindən çıxdığından nisbi xətasının yoxlanılması mümkün olmamış, sayğacın təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan göstərilir ki, laboratoriya rəyində litr göstəricilərinin maqnitli pəri yerindən çıxdığından nisbi xətanın yoxlanılmasının qeyri-mümkün olduğu qeyd edilmişdir. Yəni, pər yerindən çıxdığından sayğacdan keçən su qeydə alınmır. xx.xx.2021-ci il tarixində sayğac göstəricisi 11627 m3, sayğac xx.xx.2023-cü ildə sökülərkən 11639m3 olmuşdur, işləyən bir obyektdə 382 günə sayğac sadəcə 12 m3 nəzərə alımışdır. Sayğac normal işləsə idi, əvvəlki sərfiyyata uyğun olaraq sayğacdan keçən suyun miqdarı orta hesabla 2262 m3 olmalı idi. Lakin sayğacın ölçdüyü 12 m3 olmuşdur. 2262 (işləməyən dövr üçün hesablanan)-419 (karta yüklənməli)=1843 m3. Karta qaytarılmalı su nəzərə alınmaqla abonentin sayğacının ölçmədiyi dövrə hesablanan orta su sərfinin həcmi 1843 m3-dir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Sukanal İdarəsi tərəfindən tərtib olunaraq təsdiqlənmiş 07 fevral 2023-cü il tarixli 151098 nömrəli üzləşmə aktına görə "xxxx" Mənzil Tikinti Kooperativinin 01 fevral 2023-cü il tarixə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 3682,08 manat məbləğində qalıq borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 yanvar 2023-cü il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 50123610 nömrəli Alfasu markalı su sayğacı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən su xəttindən ayrılaraq digər sayğacla əvəz edilmiş, həmin sayğac Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X1 İdarəsinə təqdim edilmiş, həmin İdarənin Suölçən cihazların kalibrləmə laboratoriyasının 13 yanvar 2023-cü il tarixli 23610/0232951 nömrəli rəyinə əsasən laborator yoxlama nəticəsində sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olduğu müəyyən edilmiş, litr göstəricilərinin maqnit pəri yerindən çıxdığından nisbi xətasının yoxlanılması mümkün olmamış, sayğacın təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. Bundan sonra karta qaytarılmalı su nəzərə alınmaqla abonentin sayğacının ölçmədiyi dövrə orta su sərfinin həcmi 1843 m3 hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materialları əsasında müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə hesablanmış 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borc silinməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 63 (altmış üç) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhəməyə təqdim olunmuş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iddiaçının xeyrinə 60 (altmış) manat məbləğində mediasiya xərci tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə (VÖEN: **********) hesablanmış 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borc silinməli, eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 56,28 (əlli altı manat 28 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə (VÖEN: **********) hesablanmış 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 56,28 (əlli altı manat 28 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-714/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-714/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver