Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-716/2021 13.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X2 Kamran Hüseyn oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən Giləzi qəsəbəsində iddiaçıya məxsus fərdi evdə yaradılmış gül-dibçək fərdi təsərrüfatına hesablanmış (abonent kodu-**********4) 4327 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, iddiaçı Giləzi qəsəbəsi ərazisində dulusçuluq ilə məşğul olmuş, emalatxanaya elektrik xətti çəkilməsi və sayğaç quraşdırılması üçün "xxxx" ASC-nə rəsmi ərizəylə müraciət etmiş, yaxınlıqda olan kəndin transformator məntəqəsindən xətt çəkilərək, sayğac quraşdırılmışdır. Bir müddət fəaliyyət göstərdikdən sonra 2011-ci il tarixdən səhhətində yaranan problemlə bağlı fəaliyyəti müvəqqəti dayandırmış, yenidən fəaliyyətə başlamaq məqsədilə emaltaxananı işə salmaq istədikdə emalatxananın elektrik xəttinin və sayğac uçot dəstinin yerində mövcud olmadığının şahidi olmuşdur. Yerli elektrik şəbəkəsinə müraciət etdikdə iddiaçıya bildirdilmişdir ki, emalatxananın elektrik enerjisinə görə 4327,89 manat borcu olub və bu səbəbdən o vaxtdan emalatxananın elektrik xətti və sayğac dəsti çıxarılaraq götürülüb. İddiaçı 2011-ci ildən fəaliyyətini dayandırdığını, "xxxx" ASC dövründə is\ heç bir fəaliyyətinin olmadığını, bunun abunə haqqında vərəqdə də öz əksini tapdlənə elektrikin dəyərini vaxtı-vaxtında ödədiyini, heç bir borcunun qalmadığnı göstərir. Qeyd olunan borc məbləğini isə izahı belə verilmişdir ki, 2008-ci ilin oktyabrında emalatxanada 94 gün ərzində 4500 manatlıq elektrikdən istifadə olunub və ödənişi təmin olunmayıb. Əsassız hesablanmış borcun silinməsi və elektrik enerjisinin bərpa olunması ilə əlaqədar olaraq müraciətlər edilmiş, cavabdeh tərəfindən 14.04.2021-ci il tarixində cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin hesab dövriyyəsində “ETAİS” borcu 4327 manat qeyd olunmasına baxmayaraq, tərəflərin inteqrasiya cədvəlində həmin borc 1439 manat qeyd olunmuşdur. 1439 manat borc 16.11.2020-ci il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmiş, 2977,20 manat borc isə 30.06.2015-ci il tarixdə elektrik hesabat sayğacının göstəricilərinə əsasən istehlak edilmiş elektrik enerjisinin dəyəridir. Ona görə də istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı əsassız hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən borc "xxxx" ASC-dən əvvəl yaranan borclar kateqoriyasına aiddir. İddia ərizəsində iddiaçı Mülki Məcəllənin 550 və 551-ci maddələrinə istinad edilərək tələb üzrə müddət keçdiyindən öhdəliyin icrasına xitam verilməli olduğunu göstərir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdaifə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, yaranmış borc üzrə öhdəlikdən 5 il müddət keçdiyindən həmin borc öhdəliyinə xitam verilməli olduğunu bildirərək borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Əhmədov iddia tələbini qəbul etməmiş və etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının X1yə görə 11.06.2021-ci il tarixə enerjitəchizatı müəssisəsinə 2788,89 manat məbləğində borcu vardır. İddiaçı isə heç bir əsas olmadan 4327,89 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırdığı məlum deyildir. Bundan əlavə iddiaçıdan tələb olunan 2788,89 manat borc məbləği obyektə quraşdırılmış elektrik hesabat sayğacının göstəricilərinə əsasən istehlak edilmiş elektrik enerjisinin dəyəridir ki, həmin borcun silinməsi üçün qanunla heç bir hal nəzərdə tutulmamışdır. Etirazda daha sonra Mülki Prosessual Məcəllənin 149-cu, Mülki Məcəllənin 430.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın 9.10-cu bəndinə istinad edilməklə, iddiaçının X1yə görə yaranmış borcun ödənilməsindən əsassız imtina etdiyini, onun məhkəməyə müraciət etməsi məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi, hüquqdan sui-istifadə hesab edilməli olduğu göstərilmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı vergi orqanında qeydiyyata alınmış (VÖEN №**********) fiziki şəxsdir. İddia ərizəsindən və iş materiallarında göründüyü kimi o, Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən fərdi təsərrüfat obyektində elektrik enerjisi ilə təchiz edilməklə və həmin ünvana **********4 nömrəli abonent kodu verilməklə dulusçuluq fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan abunə haqqında məlumatlardan görünür ki, həmin abonent kodu (gül dibçək fərdi təsərrüfat) üzrə sonuncu dəfə 26.06.2015-ci ildə 100 manat ödəniş edilmiş, 01.07.2015-ci il tarixdə “ETAİS-dən gələn borc” kimi 4327.89 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda həm iddiaçı, həm də cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş abonent haqqında məlumatlardan qeyd edilən təsərrüfatda 2015-2017-ci illər üzrə və həmin tarixdən sonra hal-hazıradək elektrik enerjisi sərfiyyatı olmadığı müəyyən olunur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14.04.2021-ci il tarixli, 0199/Ə-344/2867 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin hesab dövriyyəsində “ETAİS” borcu 4327 manat qeyd olunmasına baxmayaraq, tərəflərin inteqrasiya cədvəlində həmin borc 1439 manat qeyd olunmuşdur. 1439 manat borc 16.11.2020-ci il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. 2977,20 manat borc 30.06.2015-ci il tarixdə elektrik hesabat sayğacının göstəricilərinə əsasən istehlak edilmiş elektrik enerjisinin dəyəridir. İddiaçı qeyd edilən borcu yuxarıda göstərilən dəlillər gətirməklə mübahisələndirir və həmin hesablanmış borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi yazılı etirazında 4327,89 manat borcun silinməsinin əsassız olduğunu göstərməklə iddiaçının dəlillərini qəbul etmir və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 527-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin “tələblər üçün müddət” adlanan 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı (abonent kodu **********4) abuna haqqında məlumatda göstərilən hesablanmış 4327 manat məbləğində borc üzrə Mülki Məcəllənin 551.2.1-ci maddəsində nəzərdə tutulmuş 5 illik müddət keçdiyindən və bununla da həmin tələb qüvvəsini itirdiyindən iddia təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abonent kodu **********4) hesablanmış 4327 (dörd min üç yüz iyirmi yeddi) manat məbləğində borc silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-716/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-716/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver