Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-721/2025 12.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən hesablanan 717,02 (yeddi yüz on yeddi manat, iki qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, Quliyev Ceyhun Dayandur oğluna məxsus olan və daha sonra "xxxx" MMC-nin icarəsinə verilən ticarət obyekti üzrə cavabdehin xidmətlərindən istifadə edilmiş və elektrik enerjisi istehlakına dair bütün ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmişdir. Lakin 21 may 2015-ci il tarixində "xxxx" MMC-nin hesabına 717,02 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, həmin məbləğ borcdan silinməmişdir. Belə ki, 21 may 2015-ci il tarixində elektrik enerjisi istehlakı üzrə borc öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehin hesabına 377,5 manat məbləğində əsas, 67,95 manat məbləğində ƏDV, 230,14 manat məbləğində əsas və 41,3 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 717,02 manat məbləğində ödəniş edilmişdir və bu ödənişlər müvafiq bank sənədləri ilə təsdiq olunur. 31 iyul 2015-ci il tarixli rəsmi məktubunda köhnə adı ilə "xxxx" ASC-nin "Şimal" RETSİ tərəfindən bildirilmişdir ki, 2015ci ilin mart və aprel aylarında istifadə olunmuş elektrik enerjisi üçün ödənilən məbləğlər (445,45 manat və 271,57 manat) "xxxx" ASC-nin hesabına daxil olmuşdur. Bu məbləğlərin "xxxx" ASC ilə "xxxx" ASC arasında təhvil-təslim başa çatandan sonra hesabdan azaldılacağı qeyd olunsa da, hazırkı vaxtadək bu icra edilməmişdir. Cavabdeh ödəniş sənədlərini nəzərə almadan, əsassız olaraq həmin məbləği borc kimi göstərmiş və bu borcun ödənilməsini tələb etmiş, əks təqdirdə elektrik enerjisinin təmin edilməsinin dayandırılacağını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, 2015-ci ilin iyun ayında iddiaçı tərəfindən ödəniş edilmiş, lakin həmin ilin iyul ayında inteqrasiya dövr borcu kimi bilinən 664,44 manat məbləğində borc cavabdehə hesablanmışdır. Bu borc "xxxx" ASC tərəfindən hesablanmış və cavabdehin ödənişi nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı "xxxx" MMC və Quliyev Ceyhun Dayandur oğlu arasında bağlanmış 27 iyul 2022-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin 1-ci bəndinə əsasən, Ceyhun Quliyev ünvan 1 ünvanında yerləşən 512 kv.m. olan qeyri-yaşayış binasını mağaza məqsədilə istifadə etmək üçün icarəyə verməyi, "xxxx" MMC isə icarəyə götürməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən, icarə müddəti 27 iyul 2022-ci ildən 27 iyul 2023-cü ilədək müəyyən edilir. İş materiallarında olan iddiaçı "xxxx" MMC və Quliyev Ceyhun Dayandur oğlu arasında bağlanmış 27 iyul 2023-cü il tarixli icarə müqaviləsinin 1.1-1.3-cü bəndlərinə əsasən, Ceyhun Quliyev ünvan 1 ünvanında yerləşən 512 kv.m. olan qeyri-yaşayış binasını mağaza məqsədilə istifadə etmək üçün icarəyə verməyi, "xxxx" MMC isə icarə haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 20 may 2015-ci il tarixli 10 nömrəli ödəniş tapşırığı üzrə 67,95 manat, 21 may 2015-ci il tarixli 9 nömrəli ödəniş tapşırığı üzrə 377,5 manat, 11 iyun 2015ci il tarixli 12 nömrəli ödəniş tapşırığı üzrə 41,43 manat, 11 iyun 2015-ci il tarixli 11 nömrəli ödəniş tapşırığı üzrə 230,14 manat olmaqla, cəmi 717,02 manat məbləğində pul vəsaiti Quliyev Ceyhun Dayandur oğlu tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Quliyev Ceyhun Dayandur oğluna ünvanlanmış 10 avqust 2015-ci il tarixli Q-275 nömrəli məktubun məzmununda 2015-ci ilin mart, aprel aylarında istifadə olunmuş elektrik enerjisi üçün 21 may 2015-ci il tarixində ödənilmiş 445,45 manat (67,95 manat ƏDV daxil olmaqla) və 11 iyun 2015-ci il tarixində ödənilmiş 271,57 manat (41,43 manat ƏDV daxil olmaqla) məbləğində pul vəsaitinin "xxxx" ASC-nin hesabına daxil olduğu və həmin məbləğin "xxxx" ASC ilə "xxxx" ASC arasında təhvil-təslim başa çatandan sonra hesabdan azaldılacağı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı "xxxx" MMC-nin Quliyev Ceyhun Dayandur oğlu ilə bağlanmış icarə müqaviləsi əsasında onun istifadəsində olan, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış obyektinə elektrik enerjisindən istifadəyə görə 2015-ci il üzrə 717,02 manat məbləğində borc hesablanmışdır. Həmin qeyri-yaşayış obyektinin mülkiyyətçisi Ceyhun Quliyev tərəfindən 20 may 2015-ci il tarixli 10 nömrəli ödəniş tapşırığı üzrə 67,95 manat, 21 may 2015-ci il tarixli 9 nömrəli ödəniş tapşırığı üzrə 377,5 manat, 11 iyun 2015-ci il tarixli 12 nömrəli ödəniş tapşırığı üzrə 41,43 manat, 11 iyun 2015-ci il tarixli 11 nömrəli ödəniş tapşırığı üzrə 230,14 manat olmaqla, cəmi 717,02 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-nin tərkibindəki "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Eyni zamanda, "xxxx" ASC-nin "Şimal" Regional enerji təchizatı və satışı idarəsi tərəfindən Ceyhun Quliyevə ünvanlanmış 10 avqust 2015-ci il tarixli Q-275 nömrəli məktubun məzmununda da 2015-ci ilin mart və aprel aylarında istifadə olunmuş elektrik enerjisi üçün 21 may 2015-ci il tarixində ödənilmiş 445,45 manat və 11 iyun 2015-ci il tarixində ödənilmiş 271,57 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin hesabına daxil olduğu və həmin məbləğin "xxxx" ASC ilə "xxxx" ASC arasında təhvil-təslim başa çatdıqdan sonra hesabdan azaldılacağı qeyd edilmiş, lakin bu, icra edilməmiş və hazırkı vaxtadək həmin məbləğ borc məbləği kimi qalmaqda davam etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, icarə müqaviləsi əsasında iddiaçının istifadəsində olmuş qeyri-yaşayış obyektinin **********90502 nömrəli abonent koduna hesablanmış 717,02 manat məbləğində borc silinməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçının icarəsində olmuş qeyri-yaşayış obyektinin **********90502 nömrəli abonent koduna hesablanmış 717,02 manat məbləğində borc silinməli və 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə müqaviləsi əsasında istifadəsində olmuş qeyri-yaşayış obyektinin **********90502 nömrəli abonent koduna hesablanmış 717,02 (yeddi yüz on yeddi manat, iki qəpik) manat məbləğində borc silinsin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-721/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-721/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver