Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-770/2025 21.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçı “X1 Şirkəti” MMC-yə (abonent kodu: **********6) hesablanmış 63214,58 (altmış üç min iki yüz on dörd manat, əlli səkkiz qəpik) manat elektrik enerjisinin dəyəri və 11378,62 (on bir min üç yüz yetmiş səkkiz manat, altmış iki qəpik) manat ƏDV olmaqla, cəmi 74593,2 (yetmiş dörd min beş yüz doxsan üç manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən 11 mart 2025-ci il tarixində iddiaçıya ********* nömrəli hesab ödəniş vərəqi təqdim olunaraq 07 mart 2025-ci il tarixindən 10 mart 2025-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi üçün 63214,58 manat əsas və 11378,62 manat ƏDV olmaqla, cəmi 74593,2 manat sərfiyyata görə pul vəsaitini ödəməli olduğu, həmçinin məbləğ qısa müddət ərzində ödənilmədiyi təqdirdə elektrik enerjisinin verilişinin heç bir xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. Eyni zamanda 11 mart 2025-ci il tarixində “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 286817 nömrəli əsassız yazılmış akt təqdim edilmişdir. Həmin akta nəzər yetirdikdə texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyanın çıxarılaraq ləğv olunması, 200/5A-cərəyanın quraşdırılması, sayğacın yoxlanılması və yuva qapısı, sayğac qutusunun möhürləndiyi və bütün bu hərəkətlərin 19 may 2025-ci il tarixində edildiyi, aktın 2 nüsxədən ibarət olmaqla müştəri nümayəndəsinin iştirakı ilə tərtib edildiyi göstərilir. Lakin sözügedən 286817 saylı akta nəzər yetirdikdə, ümumilikdə həmin sənədin hansı tarixdə və şəraitdə real olaraq tərtib olunduğu müəyyən edilmir, aktı imzalayan yeganə şəxs cavabeh təşkilatın nümayəndəsidir və akt hər hansı möhürlə təsdiq edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 286817 nömrəli akt və sərfiyyata görə 10 mart 2025ci il tarixli hesab ödəniş vərəqəsi əsassız olaraq tərtib edilmiş və nəticədə iddiaçını 74593,2 manat borcla yüklü edilmişdir. Həmçinin iddiaçı bu günədək hər zaman elektrik enerjisindən istifadəyə görə yaranmış borcu vaxtlı-vaxtında ödəmişdir. Bundan əlavə, ********* nömrəli hesab ödəniş vərəqinə nəzər yetirdikdə nə sərfiyyatın, nə də fərqin nə qədər təşkil etdiyi göstərilməmiş, yaranmış borcun 07 mart 2025-ci il tarixindən 10 mart 2025-ci il tarixinədək əhatə olunduğu göstərilmiş, sayğacın göstəricisi isə, ümumilikdə əks olunmamışdır. Belə olan halda, əsassız yazılmış elektrik enerjisinə görə borc məbləği silinməlidir. Cavabdeh 05 iyun 2025-ci il tarixində iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı 01 iyul 2001-ci il tarixində abonent qeydiyyatına alınmışdır. 02 may 2012-ci il tarixində iddiaçı təşkilata elektrik hesabat sayğacı quraşdırılmışdır. Həmin tarixdən 15 may 2025-ci il tarixinədək elektrik hesabat sayğacı əsasında 27092245,82 manat hesablanmışdır. Abonent həmin dövrdə 2635957,59 manat ödəniş etmiş və hal-hazırda sayğaca görə 73288,23 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan görünür ki, 19 may 2024-cü il tarixli 286817 saylı akta əsasən texniki şərtin güc artımı və RMA-xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan çıxarılaraq ləğv olunmuş və 200/5 A cərəyanı quraşdırılmışdır. 19 may 2024-cü il tarixdən 12 fevral 2025ci il tarixinədək iddiaçıya məxsus sayğacın əmsalı 2400 olmalı olduğu halda, hesablaşma köhnə əmsalla, yəni 1800-lə aparılmışdır. İddiaçı faktiki olaraq sayğacın əmsalına görə 74593,2 manat məbləğində elektrik enerjisindən istifadə etsə də, istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmişdir. İddiaçının iddia tələbini nə ilə əsaslandırdığı məlum deyildir. Həmçinin iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə cavabdehlə faktiki olaraq elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun istifadə etməli idi. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İddiaçının akta əsasən hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan suiistifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi 21 may 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək iddia ərizəsi ilə mübahisələndirilən borc məbləğinin həqiqətən cavabdehə aid olub-olmamasının müəyyənləşdirilməsi üçün məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsini və ekspert qarşısında iddiaçıya məxsus abonent kodu üzrə uçot nöqtəsində quraşdırılmış sayğacın elektrik sərfiyyatının hesabat əmsalına uyğun olub-olmaması barədə sual qoyulmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli e-2-2(119)-770/2025 nömrəli qərardadı ilə həmin vəsatətin təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi 17 iyun 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, cavabdeh müəssisədə işləyən Şahverdiyev N.M adlı şəxs 19 may 2024-cü il tarixində 286817 saylı akt tərtib etmiş, həmin aktın müştərinin nümayəndəsinin iştirakı ilə tərtib olunduğunu qeyd etmiş, lakin aktı yalnız özü imzalamış və sənəd hər hansı formada təsdiq olunmamışdır. Ona görə də mövcud ziddiyyətlərə görə, eyni zamanda mübahisənin hərtərəfli və ədalətli həlli baxımından yuxarıda soyadı qeyd edilən şəxsin şahid qismində dindirilməsi zəruridir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən cavabdeh müəssisədə işləyən Şahverdiyev N.M adlı şəxsin hazırkı kommersiya işi üzrə şahid qismində didirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin vəsatət məhkəmənin 17 iyun 2025-ci il tarixli iclasında müzakirə edilmiş və təmin olunması qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, mübahisələndirilən borc 19 may 2024-cü il tarixli protokola istinad edilərək hesablanmışdır. Həmin aktda qeyd edilir ki, texniki şərtin güc artımı ilə xidmətlərin əmsal protokolu əsasında transformatorun güc artımı təmin edilərək 150 Voltdan 200 Volta qaldırılmışdır. Bununla bağlı yeni transformator quraşdırılaraq bu barədə akt tərtib edilmişdir. Hazırda, həmçinin həmin aktın mötəbərliliyi mübahisələndirilir. Çünki həmin aktın tərtib edilməsi şəraiti, əmsalın hesablanması qaydası qeyri-müəyyəndir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 10 mart 2025-ci il tarixli hesab ödəniş vərəqəsində müvafiq borcun 3 gün üçün hesablandığı, məhkəməyə sonradan təqdim ediımiş hesab ödəniş vərəqəsində isə borcun əmsala görə hesablandığı qeyd edilmişdir. Dəfələrlə bu barədə cavabdehə müraciət edilsə də, artıq elektrik enerjisinin bu formada hesablanmalı olduğu bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 01 mart 2024-cü il tarixli ərizədə güc artımı ilə bağlı müraciət edilmişdir. Lakin bu zaman əmsal artımı ilə bağlı iddiaçıda hər hansı formada məlumat olmamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndində müvafiq hesablamaların 1 ay ərzində həyata keçirilməli olması qeyd edilmişdir. Əgər cavabdehin işçisi müvafiq hesablamanın aparılmasında hər hansı səhvə yol vermişdirsə, cavabdeh bu hesablama nəticəsində ona dəymiş ziyanı həmin işçisindən tələb edə bilər. Həmçinin 2025-ci ilin aprel ayında cavabdeh tərəfindən daha əvvəlki tarixə - 2025-ci ilin fevral ayına tərtib edilmiş müqavilə təqdim edilmişdir. Lakin iddiaçı şirkət müvafiq müqaviləni imzalamamışdır. Çünki bu müqavilə tərəflər arasında mübahisə yarandıqdan sonra tərtib edilmişdir. Müvafiq müqavilənin imzalanmaması səbəblərindən biri də müqavilədə iddiaçının sabiq icraçı direktoru 2016-cı ildə dünyasını dəyişmiş Ağamirzə Əhədovun adının qeyd olunmasıdır. Hazırda tərəflər arasında faktiki münasibətlər davam etsə də, müqavilə münasibətləri mövcud deyildir, tərəflər arasında sonuncu müqavilə 2022-ci ildə bağlanmışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddiaçı təşkilat əvvəl 150 kvt-lıq transformatordan istifadə etdiyi halda müraciət əsasında 200 kvt-lıq transformatordan istifadəyə keçid etmişdir. Bu zaman tarifdə yox, əmsalda dəyişiklik baş verir, yəni 150 kvtlıq enerjidən istifadə zamanı sərfiyyat 1800 əmsalla hesablanırdısa, 200 kvt-lıq enerjidən istifadə zamanı sərfiyyat 2400 əmsalla hesablanır. Texniki şərtin gücünün artırılması 19 may 2024-cü il tarixindən həyata keçirilsə də, 2400 əmsalla hesablanmağa 12 fevral 2025ci il tarixindən başlanılmışdır. Çünki əmsalın 1800 deyil, 2400 olaraq hesablanmalı olduğu 12 fevral 2025-ci il tarixində müəyyən edilmiş və sistemə həmin tarixdə daxil edilmişdir. Hazırda silinməsi tələb edilən borc da 2400 əmsalla hesablanmalı olan, lakin 1800 əmsalla hesablanmış 9 ay üçün qalıq borcudur. Yəni 600 əmsallıq bir fərq mövcuddur. İddiaçının müraciəti əsasında 2024-cü ilin aprel ayından artıq transformatorun gücü texniki şərtlə artırıldığı üçün təqdim edilən 15 may 2024-cü il tarixli müqavilədə bu barədə qeydlər mövcud olmasa da, artırılmış güclə elektrik enerjisinin dəyəri hesablanmışdır. İddiaçı təşkilatın hazırkı borcdan əlavə hər hansı borcu mövcud deyildir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan “Elektrik enerjisindən istifadə qaydaları”na 2 nömrəli əlavə olan tərəflər arasında bağlanmış 25 yanvar 2022-ci il tarixli 111749 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 1-ci bəndinə əsasən, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Həmin müqavilənin 2-ci bəndinə əsasən, abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 300000 kVts və dəyəri 25000 manat təşkil edir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, istifadəsinə icazə verilmiş (qoşulmuş) transformatorların gücü 1000 kVA təşkil edir. Həmin müqavilənin 16-cı bəndinə əsasən, abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə 10 gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqısatqı müqaviləsində uyğun dəyişikliklər edilir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 01 mart 2024-cü il tarixli 74 nömrəli müraciətdə iddiaçı Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzində əlavə tələb olunan 200kVt güc artımı ilə əlaqədar mövcud 891,84 kVt tələbat gücünün 10891,84 kVt-a qədər artırılması və obyektdə istismarda olan 1000/6 kvA tranformatorun 1600/6 kVa ilə əvəz olunması üçün yeni texniki şərtin verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzinin güc artımı ilə əlaqədar elektrik təchizatı haqqında texniki şərtin məzmunda “tələb olunan güc-891,84 kVt, mövcud-440 kVt/630 kVA, güc artımı-451,84 kVt, icazə verilən güc-891,84 kVt” olaraq qeyd edilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 17 may 2024cü il tarixli arayışın məzmununda “X1 Şirkəti” MMC-yə məxsus Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən ticarət mərkəzinin elektrik təchizatına "xxxx" ASC tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli 13-13/2-5/04-236/2024 nömrəli Texniki Şərtin tələbləri yerinə yetirildiyi üçün obyektin şəbəkəyə qoşulmasına etiraz etmirik” qeyd edilmişdir. İş materiallarında olan yalnız "xxxx" ASC-nin sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşı (mühəndis) Şahid tərəfindən imzalanmış “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 19 may 2024-cü il tarixli 286817 nömrəli aktın məzmununda “texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan tr-ru çıxarılaraq ləğv olundu, 200/5A-cərəyan tr-ru quraşdırıldı. Sayğac yoxlanıldı və yuva qapısı, sayğac qutusu möhürləndi” qeyd edilmişdir. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli ********* nömrəli, 23 yanvar 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqlərində borcun hesablanma əmsalının 1800; 17 fevral 2025-ci il tarixli ********* nömrəli, 08 mart 2025-ci il tarixli ********* nömrəli, 16 aprel 2025-ci il tarixli ********* nömrəli, 16 may 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqlərində borcun hesablanma əmsalının 2400 olması qeyd edilmişdir. İş materiallarında olan 10 mart 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqində həmin sənədin tərtib edilmə əsası “xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün (**********6)” kimi göstərilmiş və cəmi 74593,2 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 10 mart 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqində həmin sənədin tərtib edilmə əsası “286817 sayğacın əmsalına görə tipli akta əsasən (**********6)” kimi göstərilmiş və cəmi 74593,2 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı “X1 Şirkəti” MMC-yə ünvanlanmış 10 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmununda iddiaçının 10 aprel 2025-ci il tarixinə 74593,23 manat məbləğində borcunun yarandığı qeyd edilərək 14 aprel 2025-ci il tarixinə qədər həmin borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə müəssisəyə elektrik enerjisinin verilməsinin 14 aprel 2025-ci il tarixində saat 11:00-dan etibarən dayandırılacağı qeyd edilmişdir. Məhkəmənin 07 iyul 2025-ci il tarixli iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 19 may 2025-ci il tarixində sayğaca baxış keçirilmişdir. Həmin gün baxışda iştirak etməsi üçün nümayəndə verilməsi ilə bağlı iddiaçı təşkilata getmişdir. Lakin ticarət mərkəzində hər hansı şəxs olmamışdır. O da enerji itkisinin qarşısını almaq məqsədilə ticarət mərkəzinin (iddiaçının) nümayəndəsinin iştirakı olmadan müvafiq dövriyyəni yoxlayaraq akt tərtib etmişdir. Cərəyan transformatorunun quraşdırılmasında iştirak etməmişdir. Transformator quraşdırıldıqdan sonra rəhbərlik tərəfindən sayğaca möhür vurulması barədə ona tapşırıq verilmişdir. Onun aktın tərtibi zamanı gördüyü iş nəticəsində iddiaçıya verilən elektrik enerjisi 1891 kVt-a dəyişdirilmişdir. İş materiallarına həmçinin yalnız cavabdehin möhürü ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na 2 nömrəli əlavə olan 15 may 2024-cü il tarixli 416572 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 2 nömrəli əlavəsi olan “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”nin 16-cı bəndinə əsasən, abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edilir. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı 01 mart 2024-cü il tarixli 74 nömrəli məktubla cavabdehə müraciət edərək Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən ona məxsus olan ticarət mərkəzində əlavə tələb olunan 200 kVt güc artımı ilə əlaqədar mövcud 891,84 kVt tələbat gücünün 10891,84 kVt-a qədər artırılması və istismarda olan 1000/6 kvA tranformatorun 1600/6 kVa ilə əvəz olunması üçün yeni texniki şərtin verilməsini xahiş etmiş, cavabdeh tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli arayışın məzmununa əsasən, iddiaçıya məxsus ticarət mərkəzinin elektrik təchizatına dair verilmiş 15 aprel 2024-cü il tarixli 13-13/2-5/04-236/2024 nömrəli texniki şərtin tələbləri yerinə yetirildiyi üçün obyektin şəbəkəyə qoşulmasına etiraz edilməmişdir. Bundan sonra, cavabdeh "xxxx" ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşı Şahid iddiaçıya məxsus elektrik təchizatı avadanlıqlarının quraşdırıldığı yerə gəlmiş, texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan transformatoru çıxarılaraq ləğv olunmuş, 200/5A-cərəyan transformatoru quraşdırılmış və bu barədə “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 19 may 2024-cü il tarixli 286817 nömrəli akt tərtib edilmişdir. Prosesdə iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmiş, akt yalnız cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. Həmin akt tərtib edildiyi tarixdən 17 fevral 2025-ci il tarixinə qədər olan dövr ərzində iddiaçıya təqdim edilən hesab ödəniş vərəqlərində borcun hesablanma əmsalı 1800 olaraq qeyd edilmiş və iddiaçı təqdim edilən hesab ödəniş vərəqlərində göstərilən elektrik sərfiyyatına görə borcunu tam ödəmişdir. Bundan sonra, iddiaçıya təqdim edilən 17 fevral 2025-ci il tarixli, 08 mart 2025-ci il tarixli, 16 aprel 2025-ci il tarixli və 16 may 2025-ci il tarixli hesab ödəniş vərəqlərində isə borcun hesablanma əmsalı 2400 olaraq qeyd edilmişdir. Başqa sözlə, iddiaçının güc artımı ilə əlaqədar müraciəti əsasında “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 19 may 2024-cü il tarixli aktın tərtibindən, yəni 150/5A cərəyan transformatorun əvəzinə 200/5A-cərəyan transformatoru quraşdırıldıqdan sonra elektrik sərfiyyatına görə borc 2400 əmsalla hesablanmalı olmasına baxmayaraq cavabdehin təqsiri ucbatından 1800 əmsalla hesablanmağa davam etmiş, yalnız cari ilin fevral ayında bu halın fərqinə varılmış, məhz bundan sonra 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayına qədər olan dövr ərzində əmsal fərqi (2400 - 1800 = 600) üzrə hesablanmış 74593,2 manat məbləğində pul vəsaitinin ödənilməsi 2025-ci ilin fevral ayından etibarən iddiaçıdan tələb edilmişdir. Hətta bununla əlaqədar cavabdeh sənədlərin tərtibində də ziddiyyətə yol vermiş, 74593,2 manat məbləğində borcun qeyd edildiyi 10 mart 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqində sənədin tərtib edilmə əsası “xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün (**********6)”, həmin məbləğdə borcun qeyd edildiyi eynitarixli ********* nömrəli hesab ödəniş vərəqində isə sənədin tərtib edilmə əsası “286817 sayğacın əmsalına görə tipli akta əsasən (**********6)” kimi göstərilmişdir. Məhkəmə 74593,2 manat məbləğində borcun iddiaçıdan tələb edilməsinin qanuni olmadığı və həmin borcun silinməli olması qənaətinə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndlərini, o cümlədən tərəflər arasında həmin Qaydaların 2 nömrəli Əlavəsinə uyğun bağlanılmış “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”nin müvafiq şərtlərini rəhbər tutur. Belə ki, həmin Qaydaların 8.2-ci bəndində göstərilir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin faktiki hallarından göründüyü kimi, 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayına qədər dövr ərzində iddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini tam ödəmişdir (bu hal məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir). Enerji təchizatı müəssisəsi qismində çıxış edən cavabdehin hazırda iddiaçıdan tələb etdiyi borc özü tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış borcdur, belə ki, əgər həqiqətən yeni transformatorun quraşdırılması ilə əlaqədar əmsalın artması baş vermişdisə, bu vaxtında qeydə alınmalı, elektrik sərfiyyatına görə borc hesablanarkən vaxtında nəzərə alınmalı və hesablaşma dövrü üzrə iddiaçıya aylıq olaraq təqdim edilən hesab ödəniş vərəqlərində öz əksini tapmalıydı. Lakin hazırkı halda, Qaydalarda qeyd edildiyi kimi, istehlakçı qismində çıxış edən iddiaçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi qismində çıxış edən cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyəri iddiaçıdan tələb edə bilməz Digər tərəfdən, tərəflər arasında “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2 nömrəli Əlavəsinə uyğun 25 yanvar 2022-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”si bağlanılmışdır. Həmin müqavilənin 16-cı bəndində göstərilir ki, abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə 10 gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edilir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı enerji göstəricilərinin artırılması məqsədilə enerjitəchizatı müəssisəsinə, yəni cavabdehə müraciət etmiş, cavabdeh müraciətə müsbət yanaşaraq təmin edilməsi istiqamətində müvafiq işlər görmüş və iş materiallarındakı Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 19 may 2024-cü il tarixli 286817 nömrəli akta əsasən, enerji göstəriciləri dəyişdirilmişdir. Lakin bağlanmış müqavilənin 16-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi abonentin enerji göstəricilərinin artırılması barədə müraciətinə razılıq verməsinə baxmayaraq elektrik enerjisinin alqı-satqı müqaviləsinə uyğun dəyişikliklər etməmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə 15 may 2024-cü il tarixli 416572 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi təqdim edilsə də, həmin müqavilənin enerji göstəricilərini nəzərdə tutan müvafiq qrafaları doldurulmamış, iddiaçı tərəfindən imzalanmamış, möhürlənməmişdir (məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin müqavilədən xəbərsiz olduqlarını bildirmişdir). Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh iddiaçı ilə aralarında “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2 nömrəli Əlavəsinə uyğun bağlanmış müqavilənin şərtlərinə də riayət etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin **********6 nömrəli abonent koduna hesablanmış 74593,2 borcun silinməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 313,78 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış obyektinin **********6 nömrəli abonent koduna hesablanmış 74593,2 manat məbləğində borc silinməli və 313,78 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış obyektinin **********6 nömrəli abonent koduna hesablanmış 74593,2 (yetmiş dörd min beş yüz doxsan üç manat, iyirmi qəpik) manat məbləğində borc silinsin və 313,78 (üç yüz on üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" X2 iddiaçı X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-770/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-770/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver