Məhkəmə qərarları › İş №e-2-2(119)-78/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-78/2025

23.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-78/2025 23.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi tərəfindən Cavabdeh qarşı verilmiş “giriş-çıxış qapılarının açılması və tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi Cavabdeh qarşı “giriş-çıxış qapılarının açılması və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus ticarət obyektindən cavabdehin isitfadəsində olan kolxoz bazarına girişçıxışı təmin edən qapıların açılmasını və iddiaçıya məxsus ticarət obyektinin yanğından mühafizə zonasında cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin onun vəsaiti hesabına sökülərək həmin ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış binasının texniki pasportuna əsasən Xaçmaz şəhəri, 18-ci məhəllədə yerləşən “Azəri qardaşları” ÖTM-nin balansında 800,6 kv.m. sahədən ibarət ticarət mərkəzi, 903,9 kv.m. sahədən ibarət ticarət mərkəzi, anbar, 721,5 kv.m. sahədən ibarət yarımçıq tikinti, 12 kv.m. sahədən ibarət hasar və 5975,1 kv.m. sahədən ibarət həyətyanı sahə olmaqla, ümumilikdə 0,8413 ha torpaq sahəsi 1998-ci ildə qeydə alınmışdır. Həmin ticarət mərkəzi və torpaq sahəsi əvvəllər Azərittifaqın balansında kolxoz bazarı kimi fəaliyyət göstərmişdir. Belə ki, X4 məktubuna əsasən Xaçmaz Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 15 avqust 1987-ci il tarixli 255 saylı qərarı ilə Xaçmaz şəhəri, 18-ci məhəllədə yerləşən kolxoz bazarının torpaq sahəsi 1.5 ha artırılaraq Azərittifaqa təhkim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 1992-ci il tarixli 332 saylı “Azərbaycan Respublikasında bazarların tabeliyinin dəyişdirilməsi haqqında” Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 1992-ci il tarixli 683 saylı Qərarına əsasən, Azərbaycan Respublikasında bazarların müəyyən edilmiş qaydada Azərittifaqın tabeliyindən çıxarılıb müvafiq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsi nəzərdə tutulsa da, Azəriittifaq tərəfindən həmin kolxoz bazarına çəkilən xərclər yerli icra hakimiyyəti tərəfindən qarşılanmadığı üçün X4 Xaçmaz rayon İcra Hakimiyyətinə ünvanladığı 25 mart 1998-ci il tarixli 495/2-23 nömrəli müraciətinə əsasən Azərittifaqın istifadəsində olan 1,5 ha torpaq sahəsinin təxminən 0,9 ha olan hissəsi Xaçmaz Rayon İcra Hakimiyyətinin, qalan 0,6 ha torpaq sahəsi isə kolxoz bazarının istifadəsində qalmaqla bu şəkildə bölünmüş və sənədləşdirilmişdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin 24 dekabr 1997-ci il tarixli 63 nömrəli sərəncamına əsasən tikintisi yarımçıq qalmış bazar 40 milyon manata Xaçmaz Rayon İcra Hakimiyyətinin payçısı X1. Həsən Həsənov isə 05 iyun 2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin əmlakı iddiaçının təsisçisi olan X9 bağışlamışdır. Xaçmaz Rayon İcra Hakimiyyətinin balansında olan kolxoz bazarının qalan hissəsi Cavabdeh adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçıya məxsus ticarət mərkəzinin kolxoz bazarına açılan qapıları Cavabdeh tərəfindən qanunsuz olaraq mişar daşları ilə hörülərək bağlanılmışdır. Qeyd edilməlidir ki, həmin qapılar alıcıların ticarət mərkəzindən kolxoz bazarına sərbəst giriş-çıxışını təmin edir və qapıların bağlanılması ilə bağlı yaranmış vəziyyət iddiaçıya məxsus ticarət obyektinin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, Cavabdeh sözü gedən qapıları mişar daşı ilə hördürüb bağlayarkən iddiaçının mülkiyyətinə bilavasitə müdaxilə etmişdir - həmin qapılar iddiaçının ticarət obyektində yerləşdiyi üçün qapılara müdaxilə mülkiyyətə müdaxilə sayılır. Eyni zamanda, cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının ticarət obyektinə bitişik pərakəndə satış obyektləri inşa edilmişdir. Halbuki, qanunsuz zəbt edilən və inşa edilən 3 metrlik həmin sahə ticarət obyektinin yanğından müdafiə zonası sayılır və həmin sahədə tikinti işi aparılması qadağandır. Kifayət qədər öz ərazisində pərakəndə satış obyekti inşa etməyə şəraəti olmasına baxmayaraq, cavabdeh həmin mühafizə zonasını da zəbt etmişdir. Cavabdehin nümayəndəsi 27 avqust 2024-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X3 arasında bağlanılmış ünvan 2 ünvanında yerləşən 18122,2 kv.m. torpaq sahəsinə dair 07 iyul 2017-ci il tarixli 336 nömrəli icarə müqaviləsinin iddiaçı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin daimi istifadəsində olan torpaq sahəsinə aid 4332 kv.m. hissədə etibarsız hesab edilməsinə dair iddia tələbi Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli e-2-2(113)-3569/2022 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 yanvar 2023-cü il tarixli 2-2(103)-118/2023 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 17 may 2023-cü il tarixli 2-2(102)-257/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. Göstərilən məhkəmə aktları ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış ünvan 2 ünvanında yerləşən 18122,2 kv.m. torpaq sahəsinə dair 07 iyul 2017-ci il tarixli 336 nömrəli icarə müqaviləsinin qanuni olduğu təsdiq edilmiş, həmin torpaq sahəsinə dair Cavabdeh qanuni sahiblik hüququ müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 14 noyabr 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək hazırkı iş üzrə iddianın əsasını təşkil edən iddiaçıya məxsus texniki pasportun Sumqayıt İnzibati Məhkəməsində cavabdeh tərəfindən mübahisələndirildiyi üçün həmin mübahisə üzrə məhkəmənin yekun qərarı qəbul olunanadək hazırkı kommersiya mübahisəsinə baxılması mümkün olmadığından, eləcə də hazırda həmin mübahisə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4334/2024 nömrəli qərarından apellyasiya şikayəti verildiyindən və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında həmin şikayətə baxıldığından, həmin mübahisə ilə bağlı məhkəmənin qəbul etdiyi qərar qanuni qüvvəsini alana qədər hazırkı kommersiya işinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-2-2(119)- 1425/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin vəsatəti təmin edilərək iş üzrə icraat dayandırılmışdır. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 fevral 2025-ci il tarixli 2-2(105)-23/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-2-2(119)- 1425/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X10 22 noyabr 2024-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, işdə istinad edilən Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 05 iyun 2002-ci il tarixli 71a saylı qeydiyyat vəsiqəsində və onun əsasında tərtib edilmiş texniki pasportda hüququ qeydiyyata alınmış şəxs kimi fiziki şəxs X10, mülkiyyətdə olan əmlakın adı kimi “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi göstərilmişdir. Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışdan görünür ki, X10 02 aprel 2003-cü il tarixdə "Azəri Qardaşları" Özəl Ticarət Mərkəzinin təsisçisi kimi qeydə alınmışdır. Yəni 2002-ci il tarixdə qeyri-yaşayış sahəsini əldə edərkən Mübariz Həsənov həmin hüquqi şəxsin təsisçisi olmamış, əmlakı fiziki şəxs olaraq əldə etmişdir. Hüquqi şəxsin təsisçisi olduqdan sonra Mübariz Həsənovun mülkiyyətində olan daşınmaz əmlakın hüquqi şəxsin mülkiyyətinə keçdiyini təsdiq edən sənəd işdə mövcud deyildir. Əslində bu hal tərəflər arasında olan daha əvvəlki məhkəmə çəkişmələrində təsdiq edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-118/2023 nömrəli iş üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsi, 24-27-ci bəndlər). Göstərilənlərin nəzərə alınaraq, Mübariz Həsənov işə iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı cari tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılaraq işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının nümayəndəsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsinin təmin edilməməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, həmçinin izahatında bildirdi ki, iddiaçının nümayəndəsinin iş üzrə icraatın dayandırılması barədə vəsatətinə əsasən istinad edilən inzibati mübahisə ilə əlaqədar çıxarılmış yekun məhkəmə qərarından məlum olur ki, iddiaçının sözügedən torpaq sahəsi ilə əlaqədar hansısa subyektiv hüququ yoxdur. Əksinə Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2-1(118)- 4334/2024 nömrəli qərarı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən icra edilmiş, “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən texniki pasport 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən, iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissədə ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin sözügedən qərarının icra edilməsi barədə sənəd məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respulikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən texniki pasportun ləğv edilməsi artıq hazırkı iş üzrə iddiaçının tələbinin əsassızlığını sübut edir. Eyni zamanda qeyd edilən mübahisəli torpaq sahəsində iddiaçıya məxsus ticarət obyektinin yanğından mühafizə zonasının yerləşməsi heç bir halla sübut edilməmişdir. Bu yalnız iddiaçının ehtimallı fikirlərinə əsaslanır. İddiaçının özünə məxsus ərazidə yanğından mühafizənin təmin edilə bilməsi üçün kifayət qədər şəraiti mövcuddur. Yanğından mühafizənin təmin edilə bilməsi üçün qonşuluqda yerləşən qanuni tikilmiş tikililərin sökülməsinə ehtiyac yoxdur. Bundan əlavə, müvafiq texniki pasport və qeydiyyat vəsiqəsi iddiaçının adına qeydə alınmışdır. Mübariz Həsənov iddiaçının təsisçisi olaraq yalnız onun adından qanuni təmsilçi kimi çıxış edə bilər. Yəni öz adından fiziki şəxs olaraq hazırki mübahisə üzrə tərəf qismində iştirak edə bilməz. Cavabehin nümayəndəsi 1.81222 ha torpaq sahəsi Gülnarə Həbibovanın qanuni istifadəsində olduğunun, həmin torpaq sahəsindən istifadənin iddiaçının hansısa hüququnu və qanuni mənafeyini məhdudlaşdımadığının nəzərə alınaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmənin 19 dekabr 2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, hazırkı işin nəticəsi Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(118)-4334/2024 nömrəli işdən asılı olduğuna görə, hazırkı iş üzrə icraat dayandırılmalıdır. Əgər texniki pasport etibarsız hesab edilərsə və torpaq sahəsinin təmsil etdiyi təşkilata məxsus olmadığı ilə bağlı qərar qanuni qüvvəyə minərsə, hazırkı işə baxılmasının əhəmiyyəti qalmayacaqdır və iddianı geri götürəcəkdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddiaya etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış binasının inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportunun “Ünvan” qrafasının qarşısında Xaçmaz şəhəri, 18-ci məhəllə, “Sahibkar” qrafasının qarşısında isə “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi, X10 qeyd edilmişdir. Həmin texniki pasportun spesifikasiyasının məzmununda Xaçmaz şəhəri 18-ci məhəllədə yerləşən sahəsi 800,6 kv.m olan ticarət mərkəzi, sahəsi 903,9 kv.m olan ticarət mərkəzi, anbar, sahəsi 721,5 kv.m olan yarımçıq tikili, sahəsi 12, kv.m olan hasar və sahəsi 5975,1 kv.m olan həyət, ümumilikdə 8413,1 kv.m olan torpaq sahəsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 71a nömrəli qeydiyyat vəsiqəsinin məzmunundan görünür ki, Xaçmaz şəhəri 18-ci məhəllədə yerləşən qeyri-yaşayış binası “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi və X7 adına bütövlükdə Xaçmaz rayon birinci dövlət notariat kontorunun 05 iyun 2002-ci il tarixli bağışlama müqaviləsi əsasında 05 iyun 2002ci il tarixdə 71a reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 584,1 kv.m. olan əmlak kompleksi kimi müəssisə Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 9711 inventar nömrəli, **********53-12301 reyestr nömrəli texniki pasportda ünvan 3 ünvanında yerləşən ticarət yarmarkası üzrə hüquq subyekti kimi Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 03 yanvar 2020-ci il tarixli məktubun məzmununda “ünvan 4 ünvanda Sizə məxsus "Azəri qardaşları" özəl ticarət mərkəzi binasının ikinci mərtəbəsində divarın əyilərək deformasiyaya uğraması barədə vətəndaş X6 Hallar Nazirliyinə ünvanladığı 03 dekabr 2019-cu il tarixli müraciətlə bağlı mütəxəssislərimiz tərəfindən araşdırma aparılmışdır. Qeyd edilən binaya keçirilmiş baxış zamanı tikintisi yarımçıq saxlanılmış binanın divarlarının atmosfer sularının təsirindən deformasiyaya uğraması faktı təsdiqini tapmışdır. Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, yaxınlıqdan keçən və ticarət mərkəzində çalışan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddət ərzində tikintisi yarımçıq saxlanılmış binanın sökülməsi Sizə tapşırılır. Nəzərinizə çatdırırıq ki, baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə Siz birbaşa məsuliyyət daşıyırsınız” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 5 ünvanlanmış 07 noyabr 2024-cü il tarixli 3-21-3/2-18759/2024 nömrəli məktubun məzmununda “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (Xidmət) vəzifəli şəxsləri tərəfindən ünvan 2 ünvanında vətəndaş Cavabdeh məxsus əmlak kompleksinin istifadəsində olan torpaq sahəsinə keçirilmiş baxışın nəticəsinə dair aktın, həmçinin araşdırmanın nəticələri ilə bağlı ərizəçiyə verilmiş cavabın sizə təqdim edilməsi barədə Xidmətə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, məsələ ilə bağlı vətəndaş X7 Xidmətə daxil olmuş şikayət ərizəsində göstərilən faktların araşdırılması üçün Xidmətin Xaçmaz ərazi şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə qonşu torpaq istifadəçisi Cavabdeh mülkiyyətində olan Əmlak kompleksinin (kolxoz bazarı) yerləşdiyi dövlət mülkiyyətinə aid icarəsindəki 1,8122 hektar torpaq sahəsinə baxış keçirilərkən həmin torpaq sahəsinin daxilində torpaq qanunvericiliyinin pozulması halı aşkar edilməmiş və şikayətçinin müraciətində qeyd edilən faktlar öz təsdiqini tapmamışdır. Həmin məktuba əlavə edilmiş 04 oktyabr 2024-cü il tarixli aktın məzmununda “... 27 sentyabr 2024-cü il tarixli ********** nömrəli məktuba əsasən bildiririk ki, ərizəçi X10 tərəfindən ünvanlanan müraciətdə iddia olunan faktların araşdırılması məqsədilə tərəfimizdən ərizəçi ilə əlaqə saxlanılmış, lakin vətəndaş səhhətində yaranan narahatlığı əsas gətirdiyindən Mustafayev Əfqan adlı şəxsin iştirakı təmin olunmaqla, ünvan 6 ünvanında yerləşən (X-316456, Y-4591695) sözü gedən əraziyə (kolxoz bazarı) baxış keçirilmiş və keçirilmiş baxışın nəticəsinə əsasən müraciətdə iddia olunan mişar daşından hörülmüş ərazinin xx.xx.2017-ci il tarixli,336 nömrəli icarə müqaviləsi və **********53-12301 (1.81 ha) reyestr nömrəli çıxarış əsasında Cavabdeh icarəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olması məlum olmuşdur. Məlumat olaraq bildiririk ki, Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2-2(119)-15/2020 nömrəli icra vərəqəsinə əsasən 04 sentyabr 2024-cü il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin, Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının və Cavabdeh iştirakı ilə həyata keçirilən icra tədbirində Cavabdeh icarəsinə ayrılmış torpaq sahəsinin sərhədləri ölçülmüş və koordinatları müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əlavə olaraq bildiririk ki, Cavabdeh icarəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində torpaq qanunvericiliyinin pozulması hallarına rast gəlinməmiş və müraciətdə iddia olunan faktlar həqiqətdə öz əksini tapmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrinin Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdehin nümayəndəsinə ünvanlanmış 18 dekabr 2025-ci il tarixli məktubun məzmununda “... Xaçmaz şəhəri, 18-ci məhəllədə yerləşən ümumi sahəsi 858.8 kv.m olan qeyri-yaşayış binası üzərində 71a nömrəli qeydiyyat vəsiqəsi ilə “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin hüquqları qeydə alınmış, lakin qeydiyyat kitabında təsisçisi olaraq X7 adı qeyd olunmuşdur. X7 adına qeyri-yaşayış binasına ayrıca texniki pasport tərtib olunmamışdır” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrinin Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış 18 dekabr 2025-ci il tarixli məktubun məzmununda “... Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2025-ci il tarixli 2-1(118)- 4334/2024 nömrəli qərarı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən icra edilmiş, “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasport - iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən, iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissədə ləğv edilmişdir” qeyd edilmişdir. İş materiallarından görünür ki: - Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli e-2-2(119)- 15/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə qarşı mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması tələbi barədə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması vəzifəsinin cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə həvalə edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27 aprel 2021-ci il tarixli 2-2(105)-46/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli e-2-2(119)-15/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-25/2021 nömrəli qərarı ilə İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın qismən təmin edilməsi, iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsi prosesinə iddiaçının iştirakı olmadan başlamaqdan çəkinmə vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli e-2-2(113)-3569/2022 nömrəli qətnaməsi ilə iddiaçı "Azəri Qardaşları" Özəl Ticarət Mərkəzinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X3 arasında bağlanılmış ünvan 2 ünvanında yerləşən 18122,2 kv.m. torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli 336 nömrəli icarə müqaviləsinin iddiaçı “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin daimi istifadəsində olan torpaq sahəsinə aid 4332 kv.m. hissədə etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 yanvar 2023-cü il tarixli 2-2(103)-118/2023 nömrəli qətnaməsi ilə iddiaçı "Azəri Qardaşları" Özəl Ticarət Mərkəzinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli e-2-2(113)-3569/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 17 may 2023-cü il tarixli 2-2(102)-257/2023 nömrəli qərarı ilə iddiaçı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 yanvar 2023-cü il tarixli 2-2(103)-118/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2-1(118)-4334/2024 nömrəli qərarı iddianın təmin edilməsi, “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasport - iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən, iddiaçının adına tərtib edilmiş 02 noyabr 2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli 2-1(105)-126/2025 nömrəli qərarı ilə üçüncü şəxs “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2-1(118)-4334/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2025-ci il tarixli 2-1(102)-2687/2025 nömrəli qərarı ilə üçüncü şəxslər “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi və X10 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli 2- 1(105)-126/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı cavabdehə qarşı “giriş-çıxış qapılarının açılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ticarət obyektindən cavabdehin istifadəsində olan kolxoz bazarına giriş-çıxışı təmin edən qapıların açılmasını və iddiaçıya məxsus ticarət obyektinin yanğından mühafizə zonasında cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülərək həmin ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçıya məxsus ticarət mərkəzinin kolxoz bazarına açılan qapıları cavabdeh tərəfindən qanunsuz olaraq mişar daşları ilə hörülərək bağlanıldığı, eyni zamanda ticarət obyektinin yanğından mühafizə zonası sayılan ərazidə cavabdeh tərəfindən pərakəndə satış obyektləri tikildiyi qeyd edilmişdir. Hazırkı iddianın faktiki əsasını təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçıya verilmiş “Qeyri-yaşayış binasının texniki pasportu” təşkil etsə də, Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarı ilə həmin texniki pasportun - iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən, iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Həmin qərar apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrinin Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış 18 dekabr 2025-ci il tarixli məktubun məzmununu ilə müəyyən edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2-1(118)-4334/2024 nömrəli qərarı icra edilərək “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasport - iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən, iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissədə ləğv edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, o cümlədən Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş və icra edilmiş 22 avqust 2024-cü il tarixli 2-1(118)-4334/2024 nömrəli qərarının preyudisial qüvvəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan əlavə, X7 işə üçüncü şəxs qismində cəlb olunması barədə 22 noyabr 2024cü il tarixli vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, Mübariz Həsənov vəsatətin əsası kimi 05 iyun 2002-ci il tarixli 71a saylı qeydiyyat vəsiqəsində və onun əsasında tərtib edilmiş texniki pasportda hüququ qeydiyyata alınmış şəxs kimi fiziki şəxs kimi X10, mülkiyyətdə olan əmlakın adı kimi “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin göstərilməsinə istinad etmişdir. Lakin qeyd edilməlidir ki, həmin sənəd hüquqi şəxs olaraq “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına verilmiş, hazırkı cavabdehin və daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən dövlət orqanının iştirakçısı olduğu çoxsaylı məhkəmə proseslərində də proses iştirakçısı olaraq bilavasitə “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi çıxış etmişdir. Eyni zamanda 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdehin nümayəndəsinə ünvanlanmış 18 dekabr 2025-ci il tarixli məktubun məzmununda da Xaçmaz şəhəri, 18-ci məhəllədə yerləşən ümumi sahəsi 858.8 kv.m olan qeyri-yaşayış binası üzərində 71a nömrəli qeydiyyat vəsiqəsi ilə “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin hüquqlarının qeydə alındığı, lakin qeydiyyat kitabında təsisçisi olaraq X7 adının qeyd olunduğu, X7 adına qeyri-yaşayış binasına ayrıca texniki pasport tərtib olunmadığı qeyd edilmişdir. Göstərilənlərə əsasən həmin vəsatət cari tarixdə keçirilmiş məhkəmə iclasında əsassız hesab edilərək təmin edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi tərəfindən Cavabdeh qarşı verilmiş “giriş-çıxış qapılarının açılması və tikililərin sökülməsi” barədə tələb təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi tərəfindən Cavabdeh qarşı verilmiş “giriş-çıxış qapılarının açılması və tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar