Məhkəmə qərarları › İş №e-2-2(119)-798/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-798/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-798/2021 01.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə ilkin iddia ərizəsi və Cavabdeh İddiaçınə qarşı debitor borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16286,46 (on altı min iki yüz səksən altı manat 46) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 16.01.2018-ci il tarixdə yaranmışdır. Müəssisə quru meyvələrin istehsalı ilə məşğuldur. Müəssisəyə Cavabdeh İBnın Quba qaz istismar sahəsi tərəfindən qaz çəkilmiş və sayğac quraşdırılmışdır. Müəssisə mövsümi olaraq məhsul istehsal etdiyi üçün mövsüm vaxtı aylıq qaz sərfiyyatı 300-500 manat arasında dövr edir. 2020-ci ilin noyabr ayının 5-də Quba Qaz istismar idarəsinin əməkdaşları müəssisəyə gələrək quraşdırılmış qaz sayğacının işləməməsini əsas göstərib, müəssisəyə quraşdırılmış “Rotos” tipli, G 40 markalı sayğacı ******* nömrəli 05 noyabr 2020-ci il tarixli akta əsasən açmış, Aktda "xxxx" qeydi aparılmışdır. Müəssisənin nümayəndəsi müəssisəyə müvəqqəti olaraq sayğac quraşdırılmasını bildirsə də, tezliklə bu sayğacı təmir edib quraşdıracaqlarını bildirmişlər. Bundan bir ay sonra yenidən Cavabdeh İB-nə gedərək sayğacın təmir olunub-olunmaması və nə zaman quraşdırılması barədə məlumat almış, ona sayğacın çatışmayan detallarının olduğunu, onlar gələn kimi sayğacı təmir edib yerinə quraşdırıcaqlarını bildirmişlər. Bundan sonra uzun müddət gözləsə də, yenə bir xəbər çıxmamış, 2021-ci ilin fevral ayında təkrarən Cavabdeh İB-nə gedərək sayğacın nə zaman quraşdılacağı barəsində məlumat almaq istəsə də, müəssisəyə məxsus qaz sayğacı kimi başqa qaz sayğaclarının olmadığını, qaz sayğacı düzələnə kimi gözləməyi məsləhət görmüşlər. On gün əvvəl Quba qaz istismar sahəsinin əməkdaşları müəssisəyə gələrək müəssisənin 16286,46 manat borcu olduğunu, həmin borcun isə sayğacın çıxarıldığı vaxtdan aylıq hesablama üzrə may ayına kimi hesablandığını bildirmişlər. Bundan sonra isə müəssiəyə gələn qazın verilişini dayandırmışlar. Müəssisə mövsümi olaraq işləyir. Müəssisəyə məxsus sayğacın çıxarıldığı dövrdən may ayına kimi müəssisə 16286,46 manat məbləğində qaz istifadə edə bilməzdi. Qazın sərfiyyatı həddən artıq çox hesablanmışdır. Hansı ki, həmin məbləği qaz idarəsi ümumi sərfiyyat kimi aylıq olaraq hesablamışdır. Hazırda müəsisənin fəaliyyət göstərdiyi dövrdür. Müəssisə külli miqdarda meyvə məhsulu almışdır ki, hazırda qazın verilməməsi nəticəsində həmin meyvələr müəssisənin anbarında qalmış, bir hissəsi xarab olmuş, digər hissəsi isə xarab olmaq üzrədir. Müəssisədə onlarla işçi işləyir, onlar ailələrinə qazanc aparırlar. Hər bir dövlət orqanının sahibkarlara orada işləyən işçilərə kömək göstərilməli olduğu bir vaxtda Cavabdeh İB-nin Quba qaz istismar sahəsinin əməkdaşları tərəfindən müəssisəyə məxsus qaz sayğacının çıxarılması, dəfələrlə yeni qaz sayğacının iddiaçının nümayəndəsi tərəfindən də quraşdırılmasına və ya təmir edilməsinə hazır olduğunu bildirməyinə baxmayaraq, qazı sayğacsız müəssisəyə verməklə müəssisənin əsassız borclanmasına şərait yaradılmış, bunun nəticəsində müəssisə hazırda qazın verilməməsi səbəbindən külli miqdarda ziyana düşmüş, işçilər iş yerlərinin itirilməsi təhlükəsi ilə üzləşmişlər. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə 01.05.2021-ci il tarixə yaranmış 16286,46 (on altı min iki yüz səksən altı manat 46 qəpik) manat məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC sayğacsız dövr üçün hesablanmış qaz sərfıyyatının məbləğini mübahisələndirmişdir. Belə ki, Cavabdeh İB İddiaçı MMC-ni təbii qazla təmin edir. Abonent üçün 13.12.2019-cu il tarixdə Elster G-40RVC EK-220 markalı, ********** saylı sənaye qaz qurğusundan istifadə edən abonent kimi qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı 2020-ci ilin 05 noyabr tarixində ******* saylı akta əsasən xətdən açılaraq növbədənkənar Dövlət yoxlamasına göndərilmişdir. Qeyri-əhali qaz sayğaclarının yoxlanması haqqında SS № 29/1640-02246 saylı, 10 mart 2021 -ci il tarixli aktda qeyd olunur ki, “Rotorlar balansdan çıxıb. Bu halda sayğacdan qaz keçir, hesabat aparmır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2ci bəndinə görə “Məişət qaz qurğularının istifadəçisi üçün qaz sayğacı qaz paylayıcının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəçisi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir”. Bu səbəbdən də İddiaçı MMC qaz sayğacını öz vəsaiti hesabına təmir etdirməli və ya yeni qaz sayğacı alıb quraşdırılmalıdır. İddiaçı MMC-nin təşəbbüsü ilə qaz paylayıcı ilə abonent arasında tərtib edilmiş protokola əsasən 2020-ci ilin oktyabr ayında İddiaçı MMC-yə 30.10.2020-ci il tarixli 150 saylı “Sayğacsız obyektə təbii qazın pribor hesabı müvəqqəti verilməsi barədə” akta əsasən 11258 m3, yəni 2251,60 manat məbləğində qaz verilmiş, 30.11.2020-ci il tarixli 189 saylı akta əsasən 32432 m3 və ya 6486,40 manat məbləğində, 30.12.2020-ci il tarixli 311 saylı akta əsasən 33513 m3 və ya 6702,60 manat məbləğində, 29.01.2021-ci il tarixli 12 saylı akta əsasən 7568 m3 və ya 1513,60 manat məbləğində təbii qaz verilmişdir. İddiaçı əvvəlki, aktları qəbul edərək imzalamış və möhürü ilə təsdiq etmişdir. Lakin, sonuncu aktı qəbul etməmişdir. Bu səbəbdən də ona verilən təbii qaz təchizatı dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi B.Seyfullayev iddia tələbini qəbul etməyərək, ilkin iddianın rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 2020-ci ildən Quba xidmət sahəsində mühəndis vəzifəsində işlədiyini, isthlakçı İddiaçı MMC-nin qaz sayğacı hesabatı aparmadığından 2020-ci ilin oktyabr ayında sərfiyyatın müvafiq cihazlara uyğun olaraq hesablandığını, həmin ilin oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar aylarında həmin müəssisənin fəaliyyətdə olaraq qazdan istifadə etdiyini, lakin müəssisənin gün ərzində neçə saat qazdan istifadə etdiyinin hesabatının aparılmadığını bildirmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçınn və cavabdehin nümayəndələrinin izahatlarını, şahid ifadəsini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən "'Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 13.12.2019-cu il tarixli, AMX-9241/19 saylı müqavilədən görünür ki, ilkin iddia üzrə Cavabdeh İB İddiaçı MMC-ni keyfiyyətli qazla təmin etməyi, İddiaçı MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. 05.11.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktdan görünür ki, iddiaçıya məxsus sayğac növbədən kənar dövlət yoxlaması məqsədi ilə götürülmüş, “sayğacın işlək vəziyyətdə olmadığı” qeyd olunmuşdur. Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 10.03.2021-ci il tarixli, SS № 29/1640-02246 nömrəli aktda yoxlamanın nəticəsi kimi “rotorların balansdan çıxması səbəbindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmadı” qeydi aparılmış, sayğacdan qaz keçdiyi, lakin hesabat aparmadığı, təzyiq borusunda sızma olmadığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu müəyyən edilmişdir. Tərəflərin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş və möhürləri ilə təsdiq edilmiş 30.10.2020-ci il tarixli, 150 saylı “Sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə” aktında göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus qaz sayğacı keçən sərfiyyatı qeydə almır və buna görə də müəssisədə 2020-ci ilin oktyabr ayı üçün qaz sərfi miqdarının hesablanması istifadə olunan qaz cihazlarına əsasən aparılacaqdır. Həmin aktla Qubaekoaqrar” MMC-nin 2020-ci ilin oktyabr ayında istifadə etdiyi qazın sərfiyyatı müvafiq cihazlar üzrə gündəlik sərfiyyat saatı 6 saat müəyyən edilməklə, oktyabr ayında olan 31 günə uyğun olaraq cəmi 11258 m3 miqdarında (3,76x*1)+(1,2*1)+(18,06*1)+37,5*1)=60,52*31*6=11258) hesablanmışdır. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş, lakin İddiaçı MMC tərəfindən təsdiq edilməmiş 30.11.2020-ci il tarixli 189 saylı aktda İddiaçı MMC 2020-ci ilin noyabr ayında istifadə etdiyi qazın sərfiyyatı 32432 m3 miqdarında hesablanmışdır. Təqdim edilmiş, 30.12.2020-ci il tarixli 311 saylı aktda isə İddiaçı MMC-nin 2020-ci ilin dekabr ayında istifadə etdiyi qazın sərfiyyatının 33513 m3 olması göstərilmiş, sonuncunun nümayəndəsi həmin akta “aktda göstərilən qaz sərfiyyatı ilə raılaşmıram” qeyd edərək imzalamış və İddiaçı MMC-nin möhürü vurulmuşdur. 29.01.2021-ci il tarixli 12 saylı aktda isə İddiaçı MMC-nin 2021-ci ilin yanvar ayında istifadə etdiyi qazın sərfiyyatının 7568 m3 olması göstərilmişdir. Həmin akt da İddiaçı MMC tərəfindən təsdiq edilməmişdir. Qeyd edilən aktlar tərəflərin nümayəndələrinin iştirakı ilə tədqiq edilərkən oktyabr ayından fərqli olaraq noyabr, dekabr və 2021-ci ilin yanvar aylarında müvafiq qaz ciahzlarının gündəlik sərfiyyat saatının 18 saat olmaqla hesablandığı müəyyən edilmişdir. Cavabdeh nümayəndəsi B.Seyfullayev bununla əlaqədar verilmiş suala cavab olaraq noyabr ayından bütün ölkə üzrə istehlakçıların qış rejimində işlədiklərini, həmçinin həmin ayların sərfiyyatının 2029-cu ilin müvafiq dövrləri ilə də uyğunluq təşkil etdiyini bildirmişdir. İddia ərizəsində və məhkəmə araşdırması zamanı verilmiş suallara cavab olaraq İddiaçı MMC-nin nümayəndəsi iddiaçının ümumiyyətlə 2020-ci ilin oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar aylarında qazdan istifadə etmədiyini göstərsə də də, iddiaçının 30.10.2020-ci il aktda göstərilən 11258 m3 miqdarında sərfiyyatla razılaşdığını və buna görə də aktı imzaladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı MMC-yə məxsus qaz sayğacı keçən sərfiyyatı qeydə almadığından çıxarılmış və tərəflər 30.10.2020-ci il aktla müəssisənin oktyabr ayı üçün 11258 m3 miqdarında qaz sərf etməsini öz aralarındakı aktla razılaşdırmışlar. Beləliklə, 2020-ci ilin oktyabr ayında İddiaçı MMC-nin cəmi 11258 m3 miqdarında qaz sərf etməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində cəmi 16286,46 (on altı min iki yüz səksən altı manat 46) manat məbləğində borcun silinməsini tələb etməsinə baxmayaraq bütövlükdə həmin məbləğin hansı əsaslarla silinməli olduğunu əsaslandırmamış və iddia tələbini tam şəkildə təsdiq edən mötəbər sübutlar, o cümlədən müəssisənin 2020-ci ilin oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar aylarında qaz istehlak etməməsinə dair hər-hansı sübut təqdim etməmişdir. Əksinə, 30.10.2020-ci il aktın imzalanaraq təsdiq edilməsi, 30.12.2020-ci il tarixli aktda isə qaz sərfiyyatı ilə razılaşılmaması barədə qeydin edilməsi, müvafiq sahəyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşı şahid K.Hüseynovun ifadəsi ilə İddiaçı MMC-nin müvafiq dövrlərdə qazdan istifadə etməsi öz təsdiqini tapır. Belə olan halda tərəflər arasında olan mübahisənin 2020-ci ilin noyabr, dekabr və 2021-ci ilin yanvar aylarında istehlak edilmiş qazın həcminin və dəyərinin hesablanması ilə bağlı olduğu müəyyən olunur. Qarşılıqlı iddia üzrə iddiaçı bu hesablamanın müvafiq aktlar əsasında aparıldığını göstərsə də, yuxarıda qeyd edilənlərdən aydın olur ki, yalnız 30.10.2020-ci il akt qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təsdiq edilmişdir. Belə olan halda 2020-ci ilin oktyabr ayından fərqli olaraq noyabr, dekabr və yanvar aylarında İddiaçı MMC-nin istifadəsində olan müvafiq qaz ciahzlarının gündəlik sərfiyyat saatının 6 saat deyil, 18 saat olmasını sübut etmək yükü Cavabdeh İB-nin üzərinə düşür ki, həmin tərəf də bunu təsdiq edən hər-hansı mötəbər sübut təqdim etməmiş, o cümlədən müvafiq sahəyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşı şahid K.Hüseynov ifadəsində müəssisənin gün ərzində neçə saat qazdan istifadə etdiyinin hesabatının aparılmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq dövrlər üzrə istehlak edilmiş qazın həcminin və dəyərinin hesablanması ilə bağlı mübahisə tərəflər arasında mövcud olan müqavilənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ‘'Qazdan istifadə Qaydaları” nın tələblərinı uyğun şəkildə həll edilməlidir. Belə ki, müvafiq müqavilənin 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının dəqiq uçotunu aparmaq, 2.1.15-ci bəndinə əsasən ‘'Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək paylayıcının vəzifəsidir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə görə, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İş yuxarıda qeyd edilən halarından aydın olur ki, iddiaçı sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktlardan 30.10.2020-ci il tarixli, 150 saylı akt ilə həmin ay üçün hesablanmış sərfiyyat miqdarı ilə razılaşmışdır. Buna görə də məhkəmə hesab edir ki, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinə uyğun olaraq 2020-ci ilin noyabr, dekabr və 2021-ci ilin yanvar ayları üçün istifadə edilmiş qazın həcmi və dəyəri 2020-ci ilin oktyabr ayı üçün iddiaçının sərf etdiyi qazın ümumi miqdarının 11258 m3, günlük qaz sərfiyyatının miqdarının 363,16 m3 olması (11258 m3 : 31 gün = 363,16 m3) nəzərə alınmaqla ona uyğun müəyyən edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş 09.08.2021-ci il tarixli, iddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2021-ci ilin yanvar ayı üçün borc həmin ayın 7 gününə hesablanmışdır. Beləliklə, 2020-ci ilin oktyabr ayı üçün hesablanan sərfiyyat miqdarına uyğun olaraq, həmin tarixdən 2021-ci ilin 7 yanvarınadək iddiaçı tərəfindən sərf edilmiş qazın miqdarı 35952,84 m3-dir (dekabr ayında 31 gün olduğundan həmin ayın sərfiyyatı oktyabr ayının sərfiyyatı həcmində 11258 m3 + noyabr ayında 30 gün olduğundan 11258 m3 - 363,16 m3 =10894,84 m3 və yanvar ayı üzrə sərfiyyat 7x363,16 m3=2542,12 m3; 11258 m3 + 10894,84 m3 + 11258 m3 + 2542,12 m3 =35952,84 m3). Tərəflər arasında olan 13.12.2019-cu il tarixli müqavilənin 3.1ci bəndində qazın qiymətinin hər 1 m3 üçün 0,20 manat müəyyən edildiyindən, qeyd edilən tarixlər aralığında sərf edilmiş qazın dəyəri 35952,84 m3 x 0,20 = 7190,6 manat olduğu müəyyən edilir. Bundan əlavə təqdim edilmiş 09.08.2021-ci il tarixli sonuncu abonent saldosundan və ona uyğun tərtib edilmiş hesab-fakturadan görünür ki, iddiaçıya 2021-ci ilin iyul ayı üçün cavabdeh tərəfindən 395,20 manat məbləğində borc hesablanmış, iddiaçı 494,42 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əlavə olaraq ödədiyi 99,22 manat məbləğ silinməli olan borc miqdarına əlavə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə hesablanmış borcdan 9195,08 manat (16286,46 - 7190,6 + 99,22 = 9195,08) borc silinməli, eyni zamanda qarşılıqlı iddia da qismən təmin edilərək, İddiaçı MMC-dən 7091,38 manat (16286,46 - 9195,08 = 7091,38) borc Cavabdeh İB xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Bundan əlavə, MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 16 manatı cavabdehdən, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı iddiaçıdan tutulmalıdır. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə hesablanmış 9195,08 (doqquz min yüz doxsan beş manat 08 qəpik) manat məbləğində borc silinsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 16 manatı Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən 7091,38 (yeddi min doxsan bir manat 38 qəpik) manat məbləğində borc və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı olmaqla cəmi 7105,38 (yeddi min yüz beş manat 38 qəpik) manat pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar