Məhkəmə qərarları › İş №e-2-2(119)-825/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-825/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-825/2024 03.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və digər ödənişin tutulması” tələbi barədə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 13 aprel 2019-cu il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 01 fevral 2024-cü il tarixli müqaviləyə əsasən təbii qazdan istifadəyə görə yaranmış 1728,75 (min yeddi yüz iyirmi səkkiz manat, yetmiş beş qəpik) manat məbləğində borcun və 37,40 (otuz yeddi manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən, sonuncuya məxsus kommersiya obyekti iddiaçı tərəfindən təbii qazla təchiz edilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərini vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, öhdəliyini lazımınca icra etməyərək qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 01 fevral 2024-cü il tarixinə iddiaçıya 1728,75 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 03 iyun 2024-cü il tarixində keçirilmiş iclasında iştirak edən cavabdeh borcun bir hissəsini ödədiyini və 958 manat borcunun qaldığını bildirmiş, sonuncu məhkəmə iclasına isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 aprel 2019-cu il tarixli AMX-2458/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən, cavabdehin Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyriyaşayış obyektinə **********00000 nömrəli abonent kodu verilməklə qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, istehlakçı (Cavabdeh) tərəfindən istifadə edilmiş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının (İddiaçı İB-nin) hüququdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərəri ödəmək istehlakçının vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli ödəniş qəbzinə əsasən 125,75 manat, həmçinin eyni tarixli ödəniş qəbzinə əsasən 800 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. İş materiallarında olan 03 iyun 2024-cü il tarixdə çap olunmuş abonentin saldosu ilə müəyyən olunur ki, cavabdehə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektilərində istifadə olunan təbii qaza görə 958,25 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinin tələblərinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsinə müvafiq olaraq 13 aprel 2019cu il tarixli AMX-2458/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmış, quraşdırılmış sayğac vasitəsilə paylayıcı İddiaçı İB istehlakçı Cavabdeh məxsus Sumqayıt şəhərində yerləşən sahibkarlıq obyektini (abonent kodu: **********00000) həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq təbii qazla təchiz etmiş, istehlakçı Cavabdeh isə qaz sayğacının göstəricilərinə uyğun olaraq aldığı qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba tam ödəməli olsa da, bu öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə onun 958,25 manat məbləğində borcu yaranmışdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddia tələbinin təbii qazdan istifadəyə görə yaranmış 1728,75 (min yeddi yüz iyirmi səkkiz manat, yetmiş beş qəpik) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissəsi qismən təmin edilməli, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 958,25 manat məbləğinə borc iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin 37,40 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 26 mart 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, hazırkı iddia ərizəsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 37 manat məbləğində dövlət rüsumu ödənildiyindən iddia tələbinin 37,40 manat məbləğində məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, cavabdehdən 37 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 958,25 manat məbləğində borc və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 995,25 manat məbləğində pul vəsaiti iddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-ci maddələrinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 958,25 (doqquz yüz əlli səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində borc və 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 995,25 (doqquz yüz doxsan beş manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutularaq iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Sabunçu filialı Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** nömrəli bank hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar