Məhkəmə qərarları › İş №e-2-2(119)-83/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-83/2022

03.02.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-83/2022 03.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 05.10.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11980,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 18200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə keçirilən məhkəmə hazırlıq iclaslarının, yəni 14 yanvar 2022-ci il tarixinə və 03 fevral 2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin və Cavabdeh nümayəndələri məhkəmə hazırlıq iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud, iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə - məhkəmə ərizəni baxılmamış saxlayır. Eləcə də, iddiaçı hazırkı iddia ərizəsinin iddia tələbində “18200 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etməklə, iddia tələbində ümumi ifadə olan “əmlak” anlayışından istifadə etmiş və konkret olaraq mübahisə predmeti üzrə hansı əmlakın (əmlakların) satılmalı olması, yəni satışa çıxarılması üçün siyahıya alınmış əmlakın (əmlakların) adını, yerləşdiyi yeri və digər xarakterik əlamətlərini iddia tələbində göstərməyərək, iddia tələbini Mülki- Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun olaraq dəqiq və düzgün qeyd etməmişdir. Həmçinin, iddia ərizəsinin məzmununda da tələbin yönəldiyi “siyahıya alınmış əmlakın” adı, yerləşdiyi yer və digər xarakterik əlamətləri qeyd edilməmiş və iddia tələbinin əsaslandırılmasında da iddianın predmeti olan əmlakın (əmlakların) hansı əmlaklardan ibarət olması (əmlakların adı, yerləşdiyi yeri və digər xarakterik əlamətləri - markası, modeli və s.) göstərilməyərək, ümumi “əmlak” ifadəsindən istifadə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə görə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə vergi orqanının müraciətlərinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır. Ona görə də, 14 yanvar 2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına proses iştirakçıları gəlmədiklərinə görə 03 fevral 2022-ci il tarixə təxirə salınmış məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçıya göndərilən məhkəmə Bildirişində iddiaçı tərəfindən mübahisə predmeti üzrə hansı əmlakın (əmlakların) satılmalı olması, yəni satışa çıxarılması üçün siyahıya alınmış əmlakın (əmlakların) adı, yerləşdiyi yeri və digər xarakterik əlamətlərinin iddia tələbində (iddia ərizəsinin "tələb" hissəsində) və eləcə də, iddia ərizəsinin məzmununda göstərilməməklə, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilmədiyi və eyni zamanda, həmin nöqsanlar aradan qaldırılmadıqda, həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılacağı - iddiaçının diqqətinə çatdırılmışdır. Lakin, həmin nöqsanlar iş üzrə 03 fevral 2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclası keçirilənədək aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda - məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar