Məhkəmə qərarları › İş №e-2-2(119)-867/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-867/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-867/2022 19.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh nümayəndəsi Seyfullayev Bahadur Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* saylı Aktının etibarsız hesab edilməsi və həmin Akt əsasında 3024 manat məbləğində qaz borcunun iddiaçının üzərinə qoyulması hərəkətinin qanunsuz hesab edilərək, həmin borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qaraçay, 2-ci Nügədi kəndi ərazisində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasına Cavabdeh əməkdaşları tərəfindən naməlum səbəbdən əvvəlki qaz sayğacının düzgün işləməməsi əsas gətirilərək, ******* saylı akt tərtib edilmiş və yeni qaz sayğacı quraşdırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra iddiaçının cavabdehə hər hansı borcu qalmamışdır. Lakin iddiaçıya son ayların bildirişlərində 3024 manat qalıq borcunun olduğu göstərilmişdir. İlk öncə həmin qalıq borcun nəyə əsasən hesablanması iddiaçıya məlum olmamış, cavabdehə göndərdiyi sorğu isə cavabsız qalmışdır. İddiaçı sonradan cavabdeh qurumun əməkdaşlarından çıxarılmış qaz sayğacına guya müdaxilə edildiyinə görə akt tərtib edilərək ona müvafiq cərimə hesablandığını öyrənmişdir. Halbuki, obyektdən çöldə yerləşən qaz sayğacına cavabdeh qurumun əməkdaşlarından başqa heç kəs yaxınlaşmamış, ona müdaxilə olunub-olunmamasından isə iddiaçının məlumatı olmamışdır. Həmçinin, plombun üzərində kənar izlərin aşkar olunub-olunmamasının iddiaçı ilə hər hansı bir əlaqəsinin mövcudluğu ona aydın olmamışdır. Onun istifadəsində olan obyektdən kənarda, yəni küçədə quraşdırılmış qaz sayğacına gecə-gündüz nəzarət etmək və qorumaq iddiaçının vəzifəsi deyil. Aktla tanış olduqda iddiaçıya məlum olub ki, həmin qeyri-yaşayış binası onun özünə məxsus olmasına baxmayaraq, abonent kodu kənar bir fiziki şəxsin (N.Talıbov) adına qeyd olunmuş və akt həmin kod sahibinin adına yazılmışdır. Lakin cavabdeh təşkilatın hazırda iddiaçının təqsiri olmadığı halda istehlak etmədiyi təbii qaza görə 3024 manat ziyan tələb etməsi qanunsuz və əsassızdır. Eyni zamanda, təbii qaz təchizatı haqqında müqavilədə səhvən N.Xalıqov yazılmışdır. Lakin həmin müqavilədəki imza və möhür İddiaçı məxsusdur. Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, aşağıda göstərilən səbəblərdən Quba rayonu, Qaraçay, 2-ci Nügədi kəndində yerləşən qum-çınqıl karxanasının mülkiyyətçisi İddiaçı borcun silinməsinə dair iddia tələbi əsassızdır və buna görə də həmin iddia təmin edilməməlidir: - Birincisi, həmin obyektdə abonent İddiaçı deyil, N.Talıbovdur. Abonentliyin ad dəyişməsi və ya obyektin yeni mülkiyyətçisi ilə yeni Müqavilə bağlanması üçün Cavabdeh İB-yə müraciət olunmamışdır. Abonent N.Talıbov barədə tərtib olunmuş 28 fevral 2019-cu il tarixli ******* saylı “X8 qaydalarının pozulması haqqında” akt İddiaçı üçün hər hansı öhdəlik yaratmır. Əgər bu obyekt İddiaçı məxsusdursa, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq abonentliyin onun adına dəyişdirilməsi üçün yeni Müqavilə imzalanmalıdır. Bundan sonra o, itirilmiş qazın bərpası üçün hesablanmış ziyan məbləğini məhkəmədə mübahisələndirə bilər. Əks halda İddiaçı başqasının borcunun silinməsi üçün tərəf ola bilməz. Bu səbəblə əvvəllər də eyni iddia predmeti üzrə eyni iddiaçı tərəfindən verilən ərizə bir neçə dəfə baxılmamış saxlanılmışdır. İkincisi, İddiaçı iddia ərizəsində qeyd edir ki, guya onun üçün quraşdırılmış qaz sayğacı xətdən açılaraq aparılmış, həmin sayğaca müdaxilə edilməsi səbəbindən iddiaçı üçün akt tərtib edilərək müvafiq cərimə hesablanmışdır. Əslində, akt sayğaca müdaxilə olunduğu üçün deyil, qaz işlədici cihazların qaz sərfiyyatının sayğacın keçən qazı qeydə alma qabiliyyətindən artıq olmasına görə tərtib edilmişdir. Belə ki, 28 fevral 2019-cu il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və Təbii X5 riayət olunmasına baxış keçirilən zaman İddiaçının istifadəsində olan obyektdə quraşdırılmış G-6 markalı, 28256836 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 17,2 m3/saat olduğu müəyyən edilmişdir. Yəni, həmin qaz sayğacı hər saatda sayğacdan keçən 7,2 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2019-cu il tarixli ******* nömrəli “X8 Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 15120 m3 və ya 3024 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 2.2.7.4-cü bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə Müqavilənin 2.2.5-cü bəndinə əsasən İstehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçının obyektində qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Həmin Qərarın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır və iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikridir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib, iddia tələbinin təmin edilərək, Cavabdeh ******* saylı Aktının etibarsız hesab edilməsi və həmin Akt əsasında 3024 manat məbləğində qaz borcunun iddiaçının üzərinə qoyulması hərəkətinin qanunsuz hesab edilərək, həmin borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 suallara cavab olaraq bildirdi ki, İddiaçı 3024 manat əlavə borcun sayğaca müdaxilə olunması ilə əlaqədar yazılması barədə şifahi məlumat verilmiş olsa da, sonradan ******* saylı Aktı əldə etdikdə iddiaçıya məlum olmuşdur ki, guya sayğaca başqa cihazlar qoşulmuş və bunun nəticəsində də Cavabdehnə 3024 manat məbləğində ziyan vurulmuşdur. Lakin, Aktda yazılanlarla iddiaçı razı deyildir. Aktda qeyd edilən kombi və digər avadanlıqlarla iddiaçıya məxsus karxanada olan qaz avadanlıqları arasında ziddiyət var. Aktda adları qeyd olunan cihazların bəzilərinin İddiaçı məxsus sahibkarlıq obyektinə aidiyyəti yoxdur. Faktiki olaraq, karxanada da bu cihazlar yoxdur və qeyd olunan cihazların obyektdə mövcudluğunu təsdiq edən fotoşəkil və yaxud başqa bir sübut da yoxdur. Həmçinin, cavabdeh tərəfin yazılı Etirazında həmin obyektdə abonent olaraq İddiaçı deyil, “N.Talıbovun qeydə alındığı, abonentliyin İddiaçı adına dəyişdirilməsi üçün yeni müqavilə imzalanmadığı, buna görə də bu Aktın İddiaçı üçün hər hansı öhdəlik yaratmadığı” qeyd olunsa da, Aktdakı abonent kodu iddiaçıya məxsusdur və həmin obyektdə təbii qazın istifadəsi ilə əlaqədar tərəflər arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli 243 nömrəli müqavilədə də İddiaçı məxsus möhürlə təsdiq olunmuşdur. Təqdim edilən sübutlardan da konkret olaraq görünür ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı VÖEN-i müqavilədə, hətta qarşı tərəfin məlum abonent kodu ilə əlaqədar təqdim etdiyi sənədlərdə də öz əksini tapmışdır. Qazdan istifadə ilə əlaqədar Müqavilə Cavabdeh tərəfindən standart formada tərtib olunur. Çox güman ki, Aktda texniki səhv nəticəsində “İddiaçı” əvəzinə “N.Talıbov” yazılmışdır. Mübahisələndirilən aktın İddiaçı aid olduğu həm də onunla təsdiq olunur ki, Aktda ünvan olaraq “Qum-çınqıl karxanası Quba Qaraçay kəndi” göstərilmiş və həmin ünvan iddiaçının məhkəməyə təqdim etdiyi sərəncamlardakı ərazi ilə üst-üstə düşür. Sayğacın markasının fərqli olmasının səbəbi isə onun yenisi ilə əvəz olmasıdır. Eyni zamanda, iddiaçıya 3024 manat əlavə borcun hesablandığı 28 fevral 2019cu il tarixli aktın əsaslılığını təsdiq edən heç bir sübut yoxdur. Belə ki, həmin aktı orada adları qeyd olunan şəxslər özləri də tərtib edə bilərlər. Həmin Aktı guya istehlakçının, yəni iddiaçının nümayəndəsi kimi “Qasımov Nazir” adlı şəxs imzalamışdır. Lakin, İddiaçı belə bir nümayəndəsi yoxdur, karxanada da belə bir şəxs işləmir və iddiaçı Aktda qeyd olunan Qasımov Nazir adlı şəxsi tanımır. Həmin şəxsin şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd akta qoşma olaraq əlavə edilməmişdir. İddiaçıya cavabdeh təşkilat tərəfindən təqdim olunmuş 21 iyun 2021-ci il tarixli 589739 nömrəli elektron qaimə də həmin obyektdə qaz istifadəsi ilə əlaqədar iddiaçıdan pul tələb edilməsini təsdiq edir və həmin qaimənin “Əlavə qeydlər” hissəsində qeyd olunan KP400243 nömrəni sistemdə yoxladıqda - İddiaçı adı çıxır. İddiaçı həmin abonent kodu üzrə abonent kimi qəbul olunmasaydı, ona elektron qaimə də verilə bilməzdi. Eləcə də, məhkəməyə təqdim olunmuş 22 noyabr 2019-cu il tarixli məktubda və mübahisələndirilən aktda sayğac nömrəsinin eyni olması da, İddiaçı abonentliyini təsdiq edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – İddiaçı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli Aktın və həmin Akt üzrə əlavə sərfiyyat olaraq hər kubmetr qaza görə 0,20 manat olmaqla hesablanmış 3024 manat məbləğində borcun mübahisələndirilməsinə subyektiv hüququnun olmaması və məlum Akda qeyd olunmuş nöqsanların həqiqətən də mövcud olması, Aktın düzgün tərtib edilməsi və Akt əsasında borcun mövcud X5 uyğun olaraq hesablanması ilə əsaslandırdı. Eyni zamanda, məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 cavab olaraq, iddiaçı tərəfin mübahisələndirdiyi ******* nömrəli Aktda əlavə cihazların qoşulmasına görə sayğacın qeydə ala bilmədiyi istifadə olunmuş qazın miqdarının əlavə sərfiyyat kimi hər kubmetr qaza görə 0,20 manat olmaqla hesablandığını, Aktın tərtib edilməsində istehlakçının nümayəndəsi iştirak etmiş olsa da, Aktı imzalamaqdan imtina etmiş olduğunu, həmin Akt tərtib edilərkən Qum-çınqıl karxanasında aparılan yoxlamanının Dövlət Reyestrində qeydiyyatdan keçməsi barədə məlumatının olmadığını, **********00000 Abonent Kodunun N.Talıbovun adına olduğunu, lakin “N.Talıbov”un tam adı və ata adı barədə və onun şəxsiyyəti barədə onda heç bir məlumatın və sənədlərin olmadığını, eləcə də “Təbii qaz təchizatı” haqqında Müqavilədə qeyd olunan “N.Xalıqov”un da tam adı və ata adı barədə və onun şəxsiyyəti barədə onda heç bir məlumatın və sənədlərin olmadığını və İddiaçı isə X9 İstismarı İdarəsində qeyri-əhali üzrə abonent kimi mövcud olmadığını bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq, 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş və ““İstehlakçı: “Qum-çınqıl karxanası, N.Talıbov”, ünvan: “Quba, Qaraçay kəndi”, Fəaliyyət növü: “restoran”, “abonent kodu: **********00000”” qeydləri yazılmış “X8 qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 07 fevral 2019-cu ildə saat 1600-da abonent kodu **********00000 olan obyektdə təbii qazın uçotu və təbii X5 riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 17,2 m3, sərfiyyatı 7,2 m3 keçir” qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt - yoxlamanı keçirən Cavabdeh əməkdaşları olan mühəndislər və çilingər tərəfindən imzalanmış olsa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan Nazir Qasımov tərəfindən imzalanmamışdır (onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır). İş materiallarında olan Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş 28 fevral 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə “istehlakçı: “Qum-çınqıl karxanası, N.Talıbov”, fəaliyyət növü: “qeyri əhali”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Akta əsasən “G-6” markalı 28256836 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 17 m3/saat olduğu aşkar edilmişdir və mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil. 28 fevral 2019cu ildə təsdiq edilmiş ******* nömrəli Aktla müəyyən edilən “Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil” qüsuruna görə qaz işlədicilərinin saatlıq qaz sərfi 17 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə (17- 10=7 x 12 x 180 = 15120 m3) - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 15120 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan “İstehlakçı: “Qum-çınqıl karxanası, N.Talıbov” və “ünvan: “Quba, Qaraçay kəndi” qeydləri yazılmış **********00000 №-li abonent koduna aid Abonentin Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Akta əsasən **********00000 №-li abonent kodun hesabına 2019-cu ilin fevral ayında bir dəfəyə hesablanmış 3024 (üç min iyirmi dörd) manat məbləğində borcun daxil edilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan “paylayıcı” Cavabdeh ilə bağlanmış 01 noyabr 2007-ci il tarixli 243 nömrəli “Təbii qaz təchizatı” haqqında Müqavilədən görünür ki, həmin Müqavilənin birinci səhifəsində müqavilənin “İstehlakçı” qismində Qum-çınqıl karxanasının rəhbəri “N.Xalıqov”la bağlandığı qeyd olunsa da, Müqavilə “İstehlakçı” qismində fərdi sahibkar olaraq İddiaçı “VÖEN **********” möhürü ilə təsdiq olunaraq imzalanmışdır. İş materiallarında olan "2021-ci ilin may ayında istifadə olunmuş təbii qaz" qeydi aparılmış 21 iyun 2021-ci il tarixli EBBD seriyalı 589739 nömrəli Elektron Qaimədən görünür ki, “alıcı” İddiaçı “təqdim edən” X4 ƏDV daxil cəmi 81,80 (səksən bir manat 80 qəpik) manat (69,33 manat + 12,47 manat ƏDV) məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Quba rayonu İcra Hakimiyyətinin 10 fevral 2003-cü il tarixli 32 nömrəli Sərəncamından görünür ki, Bakı şəhər sakini İddiaçı Hümbət oğlunun qum-çınqıl karxanasının açılmasına icazə verilməsi barədəki ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin 07 fevral 2003-cü il tarixli 109 saylı rəyi, Rayon Torpaq Komissiyasının 01 fevral 2003-cü il tarixli akt-rəyi nəzərə alınaraq, Quba rayonu İİ Nügədi bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli 03 saylı qərarı ilə İddiaçı ayrılmış 1,0 hektar sahədə karxana üçün avadanlıqların quraşdılmasına icazə verilmiş və qum-çınqıl karxanasından ötrü Qara çayın yatağından 1,5 hektar sahə ayrılması qərara alınmışdır. İş materiallarında olan Quba rayonu İcra Hakimiyyətinin 30 dekabr 2012-ci il tarixli 341 nömrəli Sərəncamından görünür ki, İddiaçı Quba rayonunun İİ Nügədi kəndində yerləşən və mülkiyyətində olan 2,23 ha torpaq sahəsinin 300 kv.metr hissəsində qeyriyaşayış binasının tikintisinə razılıq verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “iddia tələbinə qarşı “Etiraz” və 10 oktyabr 2022-ci il tarixli 01-AA/05-HŞ-1024 nömrəli Arayışla Quba rayonunun Qaraçay-2ci Nügədi kəndində yerləşən qum-çınqıl karxanasının mülkiyyətçisi kimi məhkəmədə iddia qaldırmış İddiaçı X9 İstismarı İdarəsində qeyri-əhali üzrə abonent kimi mövcud olmadığı göstərilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayonunun Qaraçay (2-ci Nügədi) kəndi ərzisində yerləşən qum-çınqıl karxanası “Paylayıcı” Cavabdeh ilə bağlanmış 01 noyabr 2007-ci il tarixli 243 nömrəli “Təbii qaz təchizatı” haqqında Müqaviləyə (həmin Müqavilənin birinci səhifəsində müqavilənin “N.Xalıqov”la bağlandığı qeyd olunsa da, Müqavilə “İstehlakçı” qismində fərdi sahibkar olaraq İddiaçı “VÖEN **********” möhürü ilə təsdiq olunaraq imzalanmışdır) əsasən Quba rayonu ərazisində yerləşən həmin qum-çınqıl karxanası təbii qazla təchiz edilərək, həmin ünvana **********00000 nömrəli Abonent Kodu (həmin Abonent Kodunda “istehlakçı” qismində “Qum-çınqıl karxanası–N.Talıbov” qeyd olunmuşdur) verilməklə, müvafiq qaydada G-6 markalı “smart-kart” tipli sayğac quraşdırılmışdır. Cavabdeh isə təbii qazla təchiz olunan və 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Aktın tərtib edildiyi sahibkarlıq obyektinin İddiaçı aidiyyətinin olmadığını bildirsə də, məhkəməyə təqdim olunmuş sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, həmin sahibkarlıq obyektinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) istifadəsində və sahibliyində olmaqla, məlum Aktla yazılmış borc onun maraq və mənafeyinə toxunur. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdehin istinad etdiyi **********00000 nömrəli Abonent Kodu və Aktda “istehlakçı” (abonent) kimi qeyd olunan “N.Talıbov” adlı şəxsin şəxsiyyyətinin müəyyən edilməsi üçün hər hansı bir sənəd (şəxsiyyət vəsiqəsi və s.), eləcə də onun tam adı, ata adı və digər məlumatlar məhkəməyə təqdim olunmamış və həmin şəxsin “kim olmasının” (“kimliyi”) qaz təchizatçısı Cavabdeh özünə də məlum olmaması müəyyən edilməmişdir. Bu halda isə həmin qeyd olunan sənədlərdə “istehlakçının” (abonentin) adının texniki qüsur olaraq səhv göstərilməsi qənaətinə gəlmək olar ki, sahibkarlıq obyektini qazla təchiz edən müqavilə tərəfi olaraq Cavabdeh həmin qüsuru aradan qaldırmaq hüquq və səlahiyyətlərinə malik olmasına baxmayaraq, bu səhvin aradan qaldırılması üçün onun hər hansı bir təşəbbüs göstərməsi müəyyən olunmur. İş materiallarından görünür ki, hazırkı mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora müraciət edilmiş olsa da, mediasiya qaydasında bu mübahisənin həll edilməsi mümkün olmamışdır. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı istifadəsində olan Quba rayonunda yerləşən qum-çınqıl karxanasının (abonent kodu: **********00000) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış sayğacdan sonra istifadə olunan qaz cihazlarının “saatlıq sərfiyyatı - 17,2 m3, sərfiyyatı 7,2 m3 keçir” nöqsanına görə “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilərək, 28 fevral 2019-cu ildə təsdiq edilmiş 0197620 nömrəli “X8 qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı “15120 m3” həcmində müəyyən edilərək, 3024 (üç min iyirmi dörd) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı qaz paylayıcısı (cavabdeh) Cavabdeh 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 3024 (üç min iyirmi dörd) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 07 fevral 2019-cu ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00000) quraşdırılmış qaz sayğacına və sahibkarlıq obyektinə keçirilən baxış, yəni yoxlama tədbiri X7 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X7 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X7 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X7 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X7 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Beləliklə də, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Aktda qeyd olunan nöqsana görə 3024 manat məbləğində dəymiş ziyanın hesablanmasının əsaslılığı, yəni həmin Aktda qeyd olunan nöqsana görə “G-6” tipli sayğacın məlum sahibkarlıq obyektində istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər sübutlar əsasında müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli “X8 qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Quba rayonu ərazisində yerləşən qum-çınqıl karxanasına (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə 3024 manat məbləğində borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Ona görə də, iddia tələbi Cavabdeh tərəfindən 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Akt əsasında dəymiş ziyan (əlavə sərfiyyat) olaraq “hesablanmış 3024 (üç min iyirmi dörd) manat məbləğində borcun silinməsi” hissəsində əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Lakin, iddia tələbi “0197620 saylı aktın etibarsız hesab edilməsi” hissəsində əsaslı olmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli “X8 qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonunda yerləşən qumçınqıl karxanasına (abonent kodu: **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 3024 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin, Cavabdehndən dövlət nəfinə 50,24 (əlli manat 24 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli “X8 qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonunda yerləşən qum-çınqıl karxanasına (abonent kodu: **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 3024 (üç min iyirmi dörd) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 50,24 (əlli manat 24 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar