Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-89/2024 20.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 22 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında **********00000 nömrəli abonent koduna əsassız hesablanmış 2173,7 (iki min yüz yetmiş üç manat 70 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən “Uşaq baxçası” kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsində 13 iyun 2022-ci il tarixində keçirilmiş yoxlamanın nəticəsinə dair tərtib edilmiş ******* nömrəli akta əsasən 15 iyun 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə göndərilmişdir. Həmin Tələbnamədə qeyri-yaşayış sahəsində olan qaz sayğacında olan plombların rənginin plastmas qapağın rəngindən fərqli olması və elektron göstəricinin mexaniki göstəricidən geri qalması əsası ilə əsassız hesablanmış 2173,7 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur. İddiaçı isə sayğaca hər hansı bir müdaxilə edilmədiyini bildirərək, tələbnamədə göstərilənləri qəbul etməmiş və əsassız hesablanmış sərfiyyata uyğun borcun silinməsi barədə pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən pretenziyaya hər hansı bir cavab verilməmiş və tələb təmin olunmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həllinə dair təklif göndərilmiş olsa da, cavabdeh mediasiya sessiyasında iştirakdan yayınmışdır. Hesab olunur ki, cavabdeh tərəfindən tərtib olunmuş akt və həmin aktın əsasında təqdim olunmuş tələbnamənin heç bir hüquqi əsası yoxdur və həmin aktın yazılması onun sahibkarlıq fəaliyyətinə müdaxilə etməkdir. Yuxarıda göstərdiyi kimi, qanunun tələblərini pozmaqla keçirilən yoxlama nəticəsində hesablanmış borc məbləğinin silinməsi və mübahisənin barışıq yolu ilə həl edilməsi üçün cavabdeh tərəfə müraciət edilsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh tərəf yoxlamaların aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Çünki, cavabdeh tərəfindən aparılan həmin yoxlama “X1 Reyerstrində” qeydə alınmamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən akt əsasında hesablanmış borc məbləği silinməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, 13 iyun 2022- ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsanın olması və həmin nöqsana görə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-4 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər subutlar əsasında yazılmamışdır (iddia ərizəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi, “Sahibkarlıq sahəsində aparılan X1 reyestirinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndləri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 və 5.2-ci bəndləri ilə əsaslandırılmışdır). Həmin iddia ərizəsi üzrə başlanmış məhkəmə prosesi zamanı Cavabdeh tərəfindən məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında fərdi sahibkar İddiaçı məxsus ’’Uşaq bağçası“ kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və həmin baxış zamanı qaz sayğacının (1202AQ**********0) düzgün işləməməsi müəyyən olunmuş və sayğac çıxarılaraq yeni sayğacla əvəzlənmişdir. Çıxarılan sayğac yoxlanması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə Laboratoriyasına göndərilmişdir. Laboratoriyanın AKT MSK-29/1640-00743-30 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, sayğacda nöqsan kimi ’’Sayğacda plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Elektron göstərici mexaniki göstəricidən geri qalır” qeyd olunmuşdur. Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 13 iyun 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərək, dəymiş ziyan hesablanmışdır. Ziyanın hesablanması üçün Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və 13 iyun 2022-ci il tarixli ******* nömrəli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla, 4 x 24 x 90 = 8640 m3 x 0,25 qəpik= 2160 (iki min yüz altmış) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, ’zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib, iddia tələbinin təmin edilərək, Cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında **********00000 nömrəli abonent koduna əsassız hesablanmış 2173,7 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – iddiaçı tərəfin mübahisələndirdiyi 13 iyun 2022-ci il tarixli ******* nömrəli aktın əsassız və qanunsuz yazılması, sahibkarlıq obyektinə həmin aktın yazılması və borcun hesablanması ilə nəticələnmiş yoxlamanın “X1 Reyestri”ndə müvafiq qaydada qeydiyyata alınmaması, sahibkarlıq obyektində sayğac hesabatından kənar təbii qazdan istifadə hallarının olmaması və hər ay üzrə sayğac qeydiyyatına uyğun istifadə edilən təbii qazın dəyərinin ödənilməsi ilə əsaslandırdı. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən istehlakçı İddiaçı məxsus Sumqayıt şəhərinin 4-cü mikrorayonda yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyriyaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş 02 fevral 2022-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus “uşaq baxçasında” quraşdırılmış “SmK” (smart-kart) tipli 1202AQ**********0 nömrəli “G-4” markalı qaz sayğacı "sayğac kartı qeyd etmir" qüsuru qeyd olunmaqla, Dövlət yoxlamasına göndərilməsi üçün 02 fevral 2022-ci ildə çıxarılaraq aparılmış və bu zaman həmin qeyri-yaşayış sahəsinə müvəqqəti olaraq "Elster" tipli 10564118 nömrəli "G- 4" markalı sayğac quraşdırılmışdır (Aktda məlum yoxlamanın X1 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 03 iyun 2022-ci ildə təsdiq edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması” haqqında MSK-29/1640-00743-30 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 18 mart 2022-ci il tarixli SOCAR**********31791640X00743 saylı məktubuna əsasən 13 may 2022-ci ildə Sumqayıt Qaz İstismarı İdarəsindən Dövlət yoxlamasına gətirilmiş G4 markalı smart-kart tipli qaz sayğacına 22 may 2022-ci il tarixdə Cavabdeh Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Sayğac Alarm 3 rejimindədir. Kard Reader kartı çətinliklə oxuyur. Elektron göstərici mexaniki göstəricidən geri qalıb. Sayğacın LCD ekranında olan tarix (xx.xx.2022) real tarixdən geri qalıb (xx.xx.2022). plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Xətalar normaya uyğun deyil. Sayğacın yaddaşı arxiv proqramı ilə oxundu. “Alarm 1” rejimi aşkar edilmədi” (Aktda İstehlakçının nümayəndəsinin həmin yoxlamada iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 13 iyun 2022-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: Sumqayıt şəhəri, 4 mkr, ev 623”, “Fəaliyyət növü: baxça”, “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 13 iyun 2022-ci ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00000 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “ Dövlət yoxlamasına göndərilmiş G-4 markalı 1202AQ**********0 nömrəli qaz sayğacı rəyə görə “Alarm 3” rejimindədir. Elektron göstərici mexaniki göstəricidən geri qalır, ekrandakı tarix geri qalır, plombun rəngi fərqlidir, xəta normaya uyğun deyil”- qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunur ki, yoxlama zamanı obyektdə bir ədəd “PQ-4” tipli qaz plitəsinin və bir ədəd “Kombi-40” tipli avadanlıq olduğu müəyyən edilmişdir (Aktda məlum yoxlamanın (baxışın) - X1 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib və təsdiq edilmiş 15 iyun 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə “istehlakçı: “İddiaçı”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Sumqayıt şəhəri, 4 mikrayon ev 623”, “abonent kodu: **********00000”” qeyd edilməklə göstərilir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə” Laboratoriyasının “qaz sayğacının yoxlanılması” barədə 03 iyun 2022-ci il tarixli MSK-29/1640-00743-30 №-li Aktına əsasən G-4 markalı 1202AQ**********0 №-li sayğacda plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Elektron göstərici mexaniki göstəricidən geri qalır” qüsuruna görə - G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 8640 m3 həcmində müəyyən edilmişdir (əsas: - 13 iyun 2022-ci il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 13 iyun 2022-ci il tarixli ******* nömrəli Akta əsasən 2022-ci ilin iyun ayında istehlakçı İddiaçı məxsus Sumqayıt şəhərində yerləşən sahibkarlıq obyektinin hesabına iddia tələbində qeyd olunan “2173,7 (iki min yüz yetmiş üç manat 70 qəpik) manat məbləğində” deyil, birdəfəlik cəmi 2160 (iki min yüz altmış) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlarla və iş materialları ilə müəyyən olunur ki, məlum sahibkarlıq obyektində istifadə olunan təbii qazın hesabatı 2022-ci ilin fevral ayınadək “smart-kart” tipli qaz sayğacı (xx.xx.2022-ci ildə çıxarılmış sayğac) vasitəsi ilə aparılmış və 02 fevral 2022-ci ildə yuxarıda qeyd olunan 02 fevral 2022-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Akt tərtib edilməklə, mübahisəli “smart-kart” tipli qaz sayğacı qüsurlu hesab edilərək götürüldükdən sonra həmin obyektə əvvəlcə müvəqqəti olaraq mexaniki "Elster" tipli 10564118 nömrəli "G-4" markalı sayğac, 19 iyul 2022-ci ildə isə “Zenner G4 mexaniki” tipli qaz sayğacı quraşdırılmışdır. Bu səbəbdən də Abonent Saldosunda 2022-ci ilin fevral ayından etibarən istifadə edilən təbii qazın hesabatı əks olunmuşdur və həmin hesabat məlumatları ilə müəyyən olunur ki, 2022-ci ilin fevral ayından etibarən quraşdırılmış mexaniki tipli sayğac vasitəsi ilə məlum sahibkarlıq obyektində istifadə edilən qazın hesabatı qeyd olunaraq, “İstehlakçı” tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, sahibkarlıq obyektinə mexaniki sayğac quraşdırıldıqdan sonra qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. “Smart-kart” tipli qaz sayğacından istifadə olunduğu dövrün hesabatları isə Abonent Saldosunda qeyd olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00000) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış və 02 fevral 2022-ci ildə dövlət yoxlamasına aparılması üçün götürülmüş qaz sayğacının laboratoriyada yoxlanması ilə əlaqədar tərtib edilərək 03 iyun 2022-ci ildə təsdiq olunmuş MSK-29/1640-00743-30 nömrəli Aktdan görünür ki, 13 may 2022-ci il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına aparılmış G-4 markalı smartkart tipli qaz sayğacına 03 iyun 2022-ci il tarixdə Cavabdeh Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi olaraq “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Sayğac “Alarm 3” rejimindədir. Kard Reader kartı çətinliklə oxuyur. Elektron göstərici mexaniki göstəricidən geri qalıb. Sayğacın LCD ekranında olan tarix (xx.xx.2022) real tarixdən geri qalıb (xx.xx.2022). plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Xətalar normaya uyğun deyil. Sayğacın yaddaş arxiv proqramı oxundu. “Alarm 1” rejimi aşkar edilmədi” qeydi yazılmışdır. Bundan sonra isə 03 iyun 2022-ci ildə təsdiq olunmuş MSK-29/1640-00743-30 №-li Aktda qeyd olunan qüsur üzrə 13 iyun 2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında tərtib edilən 15 iyun 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə məlum qüsurlara görə G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 8640 m3 həcmində müəyyən edilərək, 2160 (iki min yüz altmış) manat məbləğində birdəfəlik borc hesablanaraq İstehlakçının hesabına (Abonent Saldosuna) daxil edilmişdir. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 13 iyun 2022-ci il tarixli ******* nömrəli Aktı əsasında hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, cəmi 2173,7 (iki min yüz yetmiş üç manat 70 qəpik) manat borcun silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, həmin mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora müraciət edilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X1 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X1 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X1 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X1 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00000) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 13 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı 8640 m3 həcmində müəyyən edilərək, iddia tələbində qeyd olunan 2173,7 (iki min yüz yetmiş üç manat 70 qəpik) manat məbləğində deyil, 2160 (iki min yüz altmış) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı qaz paylayıcısı (cavabdeh) Cavabdeh 13 iyun 2022-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq hesablanmış “2173,7 manat məbləğində borcun silinməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, 13 iyun 2022-ci il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 2160 (iki min yüz altmış) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 13 iyun 2022-ci ildə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində (abonent kodu: **********00000) quraşdırılmış qaz sayğacına və sayğacdan sonra sahibkarlıq obyektində quraşdırılmış və obyektin daxilində yerləşən qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri - X1 Reyestrində qeydə alınmadan, aparılaraq aktlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X1 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eləcə də, 03 iyun 2022-ci il tarixli MSK-29/1640-00743-30 №-li Aktın tərtib edilməsi ilə nəticələnən məlum qaz sayğacının 03 iyun 2022-ci ildə yoxlanılmasında istehlakçının (abonentin) nümayəndəsi də iştirak etməmiş və onun həmin baxışa dəvət edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, işin hallarına görə müəyyən olunur ki, məhkəmə araşdırması zamanı 02 fevral 2022-ci il tarixli ******* nömrəli Akt əsasında çıxarılmış “smart-kart” tipli sayğacın laboratoriyada yoxlanması zamanı müəyyən edilmiş qüsurlara görə həmin sayğac tərəfindən istifadə olunan qazın hesabatının düzgün aparılmaması və 13 iyun 2022-ci il tarixli ******* nömrəli Akt əsasında 2160 manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq olunmamışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X1 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, 13 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə 2160 manat məbləğində borcun hesablanmasının əsaslılığı işin konkret halları və hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Ona görə də, iddia tələbi Cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixli ******* nömrəli Akt əsasında dəymiş ziyan (əlavə sərfiyyat) olaraq “hesablanmış 2173,7 (iki min yüz yetmiş üç manat 70 qəpik) manat məbləğində borcun silinməsi” hissəsində qismən əsaslıdır və həmin hissədə iddia qismən təmin olunaraq, 2160 (iki min yüz altmış) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və 13 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 2160 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın tələb olunan hissəsinə mütənasib olaraq Cavabdehndən dövlət nəfinə 41,6 (qırx bir manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13 iyun 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 2160 (iki min yüz altmış) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 41,6 (qırx bir manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-89/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-89/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver