Məhkəmə qərarları › İş №e-2-2(119)-900/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-900/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-900/2023 07.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ”borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 1288,25 (min iki yüz səksən səkkiz manat 25 qəpik) manat məbləğində borcun və 60 (altmış) manat məbləğində ödənilmiş mediasiya xərcinin məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ**********9955001212 bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 22 yanvar 2019-cu il tarixli müqavilə əsasında Cavabdeh **********00650 saylı abonent hesabı verilərək ona məxsus qeyri-yaşayış sahəsi təbii qazla təchiz edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməyərək istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 01 avqust 2022-ci il tarixə onun 1288,25 (min iki yüz səksən səkkiz manat 25 qəpik) manat borcu yaranmışdır. Qeyd olunan mübahisənin mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən Mediasiya şurasına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh 16 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sahibkarlıq subyektlərində hər hansı yoxlamalar aparmaq səlahiyyətinə malik olan icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan huquqi şəxslər yoxlamaları müəyyən edilmiş qaydada reyestrdə qeydiyyata alındıqdan sonra keçirə bilərlər. Faktiki olaraq hər hansı yoxlamanın aparılması üçün onun reyestrdə qeydiyyata alınması məcburidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə uyğun olaraq reyestr elektron formada aparılır və buraya yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər habelə yoxlamalar barədə məlumatlar daxil edilir. Bütün hallarda yoxlamaların qeydiyyata alınması üçün bu barədə məlumatlar ən azı 1 iş günü əvvəl Ədliyyə Nazirliyinə təqdim edilməli və ya onlayn rejimində göndərilməli, ona yoxlama kodu verilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 33.6-cı maddəsinə əsasən yoxlamanın nəticələri üzrə qərar qəbul olunduğu tarixdən 5 iş günü müddətində məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil etmək üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il, 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq dimiş "Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Göründüyü kimi iddiaçı tərəfindən keçirilmiş yoxlamanın nəticəsi reyestrə daxil edilməmiş, Qanunun və Əsasnamənin tələbləri pozulmaqla yoxlama aparılmışdır. İddiaçı iddia tələbində 1288,25 manat məbləğində borcun ödənilməsini tələb edir. Həmin məbləğin 720 manatı "Azariqaz" İstehsalat Birliyinin tərtib etdiyi ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021 ci il tarixli 03092001 nömrəli aktı əsasında hesablanmış məbləğdir. Qalan 568,25 manat məbləğ isə təbii qazdan istifadəyə görə yaranmış məbləğdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia ərizəsində tələb olunan 1288,25 manat məbləğində borcun borcun “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış 720 manat hissəsini qəbul etmədiyini bildirmiş, təbii qazdan istifadəyə görə yaranmış 568,25 manat hissəsini isə hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istehlakçı” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AKX-1/4611 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan 14 mart 2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə fiziki şəxs Cavabdeh məxsus istixananın cari ayda yaranmış 880,25 manat məbləğində borcu ödənilmədiyinə görə İddiaçı əməkdaşları tərəfindən qaynaq üsulu ilə kəsilərək qaz təchizatı dayandırılmışdır. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli abonentin saldosu ilə müəyyən olunur ki, Cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən sahibkarlıq obyektində (istixanada) istifadə olunan təbii qaza görə 1288,25 manat məbləğində borcu vardır və həmin məbləğin 720 manat hissəsi müvafiq akt əsasında hesablanmış borcdur. İş materiallarında olan “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”ndan görünür ki, Cavabdeh 01 yanvar 2022-ci il tarixə qalıq borcu 1007,50 manat, 31 mart 2022-ci il tarixə isə qalıq borcu 1288,25 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən istixanaya baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar həyətyanı istixanada istifadə etməsi aşkar olunmuşdur. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, qaz işlədicilərindən kvadrat şəkilli istilik sisteminin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 2880 m3 həcmində müəyyən edilmişdir. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı Cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən sahibkarlıq obyektində (istixanada) istifadə olunan təbii qaza görə yaranmış 1288,25 (min iki yüz səksən səkkiz manat 25 qəpik) manat borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin borcun 720 (yeddi yüz iyirmi) manatı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 dekabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında, 568,25 (beş yüz altmış səkkiz manat 25 qəpik) manatı isə istifadə olunmuş təbii qaza görə sərfiyyat əsasında hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus sahibkarlıq obyektinə baxış keçirilərək 23 dekabr 2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, həmin akta əsasən 720 (yeddi yüz iyirmi) manat məbləğində borc hesablanmış, lakin iddiaçı tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehdən İddiaçı xeyrinə yalnız istifadə olunan təbii qaza görə yaranmış 568,25 (beş yüz altmış səkkiz manat 25 qəpik) manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və Cavabdeh (VÖEN **********) Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00650) istifadə olunan təbii qaza görə yaranmış 568,25 (beş yüz altmış səkkiz manat 25 qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X1 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kim, qanunvericiliyin tələblərinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulur. Lakin Cavabdeh məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, o, ikinci dərəcəli əlildir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ondan dövlət rüsumu tutulmamalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00650) istifadə olunan təbii qaza görə yaranmış 568,25 (beş yüz altmış səkkiz manat 25 qəpik) manat borc və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ**********9955001212 bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar