Məhkəmə qərarları › İş №e-2-2(119)-933/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-933/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-933/2025 01.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 aprel 2025-ci il tarixə olan təbii qazdan istifadəyə görə yaranmış 22197,56 (iyirmi iki min yüz doxsan yeddi manat, əlli altı qəpik) manat məbləğində əsas borcun və 156,59 (yüz əlli altı manat, əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh istifadə edilən təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, müqavilə öhdəliklərinə əməl etməyərək istifadə edilən qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 11 aprel 2025-ci il tarixinə iddiaçıya 22197,56 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi üçün cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iş materiallarına əlavə edilmiş cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Səbuhi Mirzəyev tərəfindən imzalanmış 23 oktyabr 2024-cü il tarixli razılaşma protokolunda borc məbləği 20510,06 manat qeyd edilmişdir. Həmin tarixdən sonra da borc hesablanmağa davam etmişdir, nəticədə cavabdehin hazırkı borcu 22197,56 manat məbləğində təşkil edir. Cavabdehin borcu olduğuna görə ona məxsus olan obyektə təbii qazın verilməsi dayandırılmışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh 29 iyun 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, təhsili ilə əlaqədar iyul ayının sonunadək prosesdə iştirak etmək imkanının olmadığını, məhkəmə iclaslarında iştirak edərək öz etirazını və izahatlarını iclasda təqdim etmək istədiyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli AMX-8075/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə müəyyən edilir ki, cavabdehin Xaçmaz rayonunda yerləşən sahibkarlıq obyektində (abonent kodu: **********00031) müvafiq qaydada G-65 markalı 77076386 nömrəli qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz edilmişdir. Həmin müqavilənin “Müqavilənin predmeti” adlanan 1-ci bəndində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan 30 iyun 2025-ci ildə çap olunmuş abonentin saldosu ilə müəyyən olunur ki, cavabdehə məxsus Xaçmaz rayonu Armud-Padar kəndi ərazisində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 22197,56 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, cavabdeh təbii qazdan istifadəyə görə iddiaçıya 01 oktyabr 2024-cü il tarixinə 20510,06 manat məbləğində debitor borcunun olmasını qəbul etmiş (1.1), həmin borcdan 12500 manat və 30 oktyabr 2024-cü il tarixində 1000 manat ödədikdən sonra qalan 8012,06 manatdan 23 noyabr 2024-cü il tarixinə 8006,03 manat, 22 dekabr 2024-cü il tarixinə 8006,03 manat Xaçmaz RQİİ-yə ödəməyi öhdəsinə götürmüş (1.2), əlavə olaraq hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borcu “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüş (1.3), hər ay hesab faktura təqdim edildikdən sonra bu Razılaşma Protokolunun 1.2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul etmiş və təbii qazın verilməsinin dayandırılmasından yaranan bütün risklər, zərər və ziyan üçün məsuliyyəti öz üzərinə götürürək bununla bağlı İddiaçınə qarşı heç bir iddia və tələb irəli sürməyəcəyini bildirmişdir (1.4). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən, iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinin tələblərinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsinə uyğun olaraq 18 noyabr 2019cu il tarixli AMX-8075/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmış, quraşdırılmış sayğac vasitəsilə iddiaçı (İddiaçı İB) cavabdehə (Cavabdeh) məxsus Xaçmaz rayonunda yerləşən sahibkarlıq obyektini (abonent kodu: **********00031) həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq təbii qazla təchiz etmiş, cavabdeh isə qaz sayğacının göstəricilərinə uyğun olaraq istifadə etdiyi qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməli olsa da, həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun 22197,56 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, istifadə olunmuş təbii qaza görə 22197,56 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələb əsaslıdır və təmin edilməlidir. Cavabdeh 29 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını, təhsili ilə əlaqədar iyul ayının sonunadək iclasda iştirak edə bilməyəcəyini, məhkəmə iclasında iştirak edib etiraz və izahatını təqdim etmək istədiyini bildirmişdir. Ərizəyə münasibətdə məhkəmə, ilk növbədə qeyd qeyd edir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci və 154.3-cü maddələrinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. “Elektron məhkəmə” informasiya sistemində hazırkı işlə bağlı yaradılmış kabinetə əlavə edilmiş sıra nömrəsi “5” olan “İddia ərizəsi” başlıqlı sənəddən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə 05 may 2025-ci il tarixdə iddia ərizəsini cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 sistemindəki kabinetinə göndərmişdir. Başqa sözlə, cavabdehin 05 may 2025-ci il tarixdən etibarən iddiaya etirazını təqdim etmək imkanı olmuşdur. Digər tərəfdən, hazırkı iş məhkəmənin icraatına 19 may 2025-ci il tarixində qəbul edilmiş, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara əsasən, cavabdeh sözügedən sistemdə 11 iyun 2025-ci il tarixindən elektron kabinetə malikdir. İş üzrə 12 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat poçt vasitəsilə cavabdehə göndərilmiş, 01 iyul 2025-ci il tarixli məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat isə cavabdehin adıçəkilən elektron sistemdə olan elektron kabinetinə 13 iyun 2025-ci il tarixdə yerləşdirilmişdir. Göründüyü kimi, cavabdehin hazırkı ərizə ilə eyni vaxtda və ya daha sonra iddia ərizəsinə etirazını və ya mülahizələrini, o cümlədən izahatlarını həm elektron kabinet, həm digər üsulla təqdim etmək üçün real imkanı olduğu halda bu imkandan istifadə etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh 29 iyun 2025-ci il tarixli iclasın təxirə salınması, təhsili ilə əlaqədar iyul ayının sonunadək iclasda iştirak edə bilməyəcəyini, məhkəmə iclasında iştirak edib etiraz və izahatını təqdim etmək istəməsi barədə müraciəti mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi güdür və nəzərə alınmamalıdır. Bundan başqa, iddia tələbinin 156,59 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə, iş materiallarında olan 22 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 156,59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia təmin edildiyindən, 156,59 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 22197,56 manat məbləğində borc və 156,59 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22354,15 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 22197,56 (iyirmi iki min yüz doxsan yeddi manat, əlli altı qəpik) manat məbləğində borc və 156,59 (yüz əlli altı manat, əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22354,15 (iyirmi iki min üç yüz əlli dörd manat, on beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar