Məhkəmə qərarları › İş №e-2-2(119)-941/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-941/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-941/2021 06.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq: MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış, lakin iddiaçı tərəfindən istehlak olunmamış 1228 manat qeyri-qanuni hesablanmış borcun silinməsi və ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nurlan” iaşə obyektinin mülkiyyətçisidir və 2020-ci ilin avqust ayı üçün qazdan istifadəyə görə 1228 manat borc hesablanmışdır. “Covid-19” pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından “Nurlan” iaşə obyekti fəaliyyət göstərmir. “Nurlan” iaşə obyektinə qazdan istifadəyə görə 1228 manat borc gəldikdən sonra obyektə gələn qaz borularına baxış keçirdilmiş və məlum olmuşdur ki, iddiaçıya məlumat verilmədən borularda qaynaq isləri aparılmış, nəticədə qaz sızmış və borc məbləği yaranmışdır. Cavabdeh İB-yə məxsus qaz borularına yalnız cavabdehin əməkdaşları müdaxilə edə bilər. Borularda qaynaq işlərinin aparılması ilə bağlı fotoşəkillər mövcuddur. Yaranmış borcun silinməsi ilə bağlı Azəriqaza müraciət etmişdir. Sumqayıt Qaz İstismar Sahəsinin 4 saylı sahəsinin nümayəndələri Y.Yusifov və Z.Məmmədov ona 333 nömrəli aktı təqdim etmişlər. Həmin aktda isə yalnız sayğacın məlumatları əks olunub. Qeyd edilənlərə əsasən, cavabdehin hesabladığı borc əsassızdır və məhkəmə tərəfindən silinməlidir. İş üzrə birinci məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçıya növbəti məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddiaçıya məxsus iaşə obyektinin qazlaşdırılması ilə bağlı işçi layihənin surətini təqdim edərək, iddia ərizəsində qeyd edilən məbləğin sayğacdan keçmiş istehlak edilən qazın dəyəri olduğunu, Cavabdeh İB-nin əməkdaşları tərəfindən cavabdehin balans mənsubiyyətində olan qaz borularında hər-hansl qaynaq işləri aparılmadığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin əvvəlki və hazırki məhkəmə iclaslarında izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Tərəflər arasında imzalanmış 29.09.2017-ci il tarixli, 2918-09-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə görə, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan 24.05.2021-ci il tarixli abonentin saldosundan və cavabdeh tərəfindən tərtib edilmiş “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” Aktından görünür ki, iddiaçı Kamran İlyasovun 1393,20 manat qalıq borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı halda, iddiaçı cavabdeh tərəfindən əsassız hesablanmış borcun silinməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd edilən borcun əsassız hesablandığını sübuta yetirmək iddiaçının vəzifəsidir. İddiaçı qaz borusunda qaynaq işlərinin cavabdehin əməkdaşları tərəfindən aparıldığını bildirsə də, bu halı təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar